Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şuşanın və Azərbaycanın fəxri - Hacıbəyovlar nəsli

Şuşanın və Azərbaycanın fəxri - Hacıbəyovlar nəsli

28.01.2022 [10:34]

İlhamə

“XIX- XX əsr Azərbaycanın mədəni həyatında mühüm rol oynamış və inqilabi yeniliklər etmiş dahi şəxsiyyət kimdir?” sualı verilsə, cavabı mütləq şəkildə Üzeyir Hacıbəyov olmalıdır - Azərbaycan mədəniyyətinə çoxlu sayda virtuoz sənətkarlar bəxş etmiş Şuşanın məşhur Hacıbəyovlar nəslinin ən görkəmli nümayəndəsi...

Hacıbəyovlar

Hacıbəyovların ulu babası Molla Hacı bəy Qarabağidir. O, Şuşa şəhərində sayılıb-seçilən, dövrünün savadlı insanlarından idi. Məhəllələrin dini işləri ilə məşğul olurdu. Molla Hacı bəyin Məhəmməd bəy adlı oğlu, Bəşirət xanım adlı qızı var idi. Burada bir qeyd etmək yerinə düşər ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri seçilən Nəsib bəy Yusifbəyli Bəsirət xanımın nəvəsi idi. Nəsib bəy tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti dövründə 2 hökumət təşkil olunmuşdu.

 Molla Hacı bəyin oğlu Məhəmməd bəy Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin hərəmi Bikə ağanın sarayında mirzə işləmişdi. Məhəmməd bəy göstərdiyi xidmətlərinə görə xan Vərəndə mahalının İsfəhançıq kəndinin bir hissəsini ona bağışlamışdı. Molla Məhəmməd bəyin Qəhrəman bəy, Əbdüləziz bəy, Əbdülhüseyn bəy və Hacı bəy adlı oğulları vardı. Molla Hacı bəyin törəmələri Hacıbəyov soyadını daşıyırlar. Bu soyun ən tanınmış nümayəndələrinin siyahısını təqdim edəsi olsaq, böyük siyahı ilə qarşılaşarıq. Bu nəslin ən parlaq, Azərbaycan üçün ən böyük xidmətləri olan nümayəndəsi sözsüz ki, Üzeyir Hacıbəyovdur. Hətta Hacıbəyovlar adının yaşamasının səbəbkarı da məhz Üzeyir bəy sayıla bilər. Onun barəsində bir qədər sonra daha ətraflı danışacağıq.

Azərbaycan və sovet bəstəkarı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri, Maestro Niyazi Tağızadənin atası Zülfüqar bəy Hacıbəyov bu nəslin adına şərəf gətirənlərdəndir. Zülfüqar bəy Üzeyir bəyin böyük qardaşı idi.

Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor Soltan Hacıbəyov da adını tarixə yazdıran şəxsiyyətlərdəndir. Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Qarabağın musiqi beşiyi sayılan Şuşada anadan olmuşdu. O, 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirdikdən sonra Bakıya köçərək, əmisi Üzeyir Hacıbəylinin evində yaşamağa başlamışdı. Azərbaycan simfonizminin təməlini qoymuş bu adam milli musiqi mədəniyyəti sahəsindəki uğurlarına görə Stalin mükafatına, Azərbaycanın Xalq artisti fəxri adına, Üzeyir Hacıbəyli adına Dövlət mükafatına, SSRİ Xalq artisti fəxri adına layiq görülmüşdü.

Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti Osman Hacıbəyov (Üzeyir bəyin əmisi nəvəsidir), məşhur azərbaycanlı dirijor və bəstəkar,  Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru SSRİ xalq artisti, 2 dəfə “Stalin mükafatı” və 2 dəfə “Lenin” ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi bu soyun yetirmələrindəndir.

Dirijor, Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi Çingiz Hacıbəyov, yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor, etnoqraf Ceyhun Hacıbəyli, Azərbaycan bəstəkarı, dosent İsmayıl Hacıbəyov Hacıbəyovlar soyadını fəxrlə daşımış və ucaltmışdılar.

Ən məşhur Hacıbəyov

Bir ömrə dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi kimi statusları sığışdıra bilmiş dahi insan Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə anadan olmuşdu.

“Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar. Bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər”.

Bu fikirləri bir zamanlar Üzeyir Hacıbəyov səsləndirmişdi, görəsən böyük insan özünün də belə bir şəxsiyyət olmasının fərqindəydimi?

Uşaqlıq, ilk gənclik illəri Şuşada keçmiş, ilk təhsilini də burada almışdı. Şuşanın balaca Üzeyirin xatirəsində buraxdığı izlər sonradan qiymətli sənət əsərlərinin yaranmasında rol oynamışdı. Məsələn, xan qızı Natəvanla qonşu olmaları, İsa bulağının başında böyük muğam ustalarının dilindən eşitdiyi xalq mahnıları və təsniflər onun körpə qəlbi üçün ilham mənbəyi olmuşdu. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdi.

1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alması onun həyatında xüsusi rol oynayır, seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub. Burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyir, skripka və baritonda çalmağı öyrənir, xalq mahnı nümunələrini nota köçürür. Seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilən gənc Üzeyir rus dili, hesab, tarix və musiqidən dərs deyir. 1905-1907-ci illərdə Bakıya gəlişi onun həyatında dönüş rolunu oynayır.

Bakıda ədəbi-publisistik fəaliyyətə başlayaraq, “Həyat”, “İrşad” qəzetlərində müxtəlif məqalə və felyetonlar yazmağa başlayır. Ü.Hacıbəyov 1908-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyur və  böyük şöhrət qazanır. Dahi bəstəkarın kiçik qardaşı Ceyhun Hacıbəyli Üzeyir bəyə kömək edir, hətta “Leyli və Məcnun” operasının ilk tamaşasında İbn Səlam və Nofəl obrazlarını özü oynayır. 1920-ci ildə bolşeviklərin aprel çevrilişindən sonra Fransada olan Ceyhun Hacıbəyli Vətənə qayıda bilməmiş, ömrünü mühacirətdə başa vurmuşdu. Sağkən qardaşlar bir-biri ilə əlaqəni bacıları və digər qohumları vasitəsilə saxlayırdılar.

İlk nəhəng əsərinin uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca milli operalar yazır və 1937-ci ildə tamaşaya qoyulan “Koroğlu” dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən birinə çevrilir.

Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi bəstəkara məxsusdur. Maraqlıdır ki, yaşadığı keşməkeşli dövrlərdə musiqi əsərləri ilə yanaşı, dövri qəzetlərdə tənqidi məqalələri, felyetonları ilə  müntəzəm çıxışlar edən Üzeyir Hacıbəyov həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Sovet Hökumətinin rəğbətini qazanmışdı. Bu da hər sənətkara qismət olmurdu. Doğrudur, “Koroğlu” operasını səhnələşdirməzdən öncə bəstəkarın həbs olunması və mümkün repressiyalar altına düşmək kimi təhlükə yaranmışdı. Lakin “Koroğlu” 1938-ci ildə Moskvada təntənəli şəkildə səhnələşdirildikdən sonra təhlükə aradan qalxdı, müəllif SSRİ Xalq artisti adına və “Lenin” ordeninə layiq görüldü və SSRİ Ali Sovetinin deputatı seçildi.

Üzeyir bəyin xanımı Məleykə Terequlova-Hacıbəyova  tatar qızıydı, o,  opera müğənnisi Hənəfi Terequlovun bacısı idi. Məleykə xanımın bacısı Badigülcamal Terequlova bəstəkar  Müslüm Maqomayevin həyat yoldaşı idi. Məleykə xanımla Üzeyir bəyin övladı olmamış,  Məleykə xanım Üzeyir bəyə ikinci dəfə evlənib, övlad sahibi olmağı təklif eləsə də, dahi bəstəkar bu təklifi qəbul etməmişdi.

 Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” indi də tamaşaçıların zövqünü oxşayır.

Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, ən müxtəlif janrlarda əsərlər yaradıb.

Üzeyir Hacıbəyov sağlığında layiq olduğu sevgini də, fəxri adları da qazanmışdı. Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ xalq artisti, Stalin Mükafatı laureatı, “Lenin Ordeni”, “Qırmızı Əmək Bayrağı” ordeni laureatı olmuş,  Azərbaycan Elmlər Akademiyasının akademiki, professor adını qazanmış, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan EA İncəsənət İnstitutunun direktoru vəzifələrində çalışmışdı. Dünya şöhrətli bəstəkar, 22 noyabr 1948-ci ildə Bakı şəhərində vəfat etmişdi.

Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə hər il onun doğum günü, yəni 18 sentyabr Üzeyir musiqi günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev isə dahi bəstəkar barəsində söz açarkən: “Üzeyir Hacıbəyov Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir”, - deyə vurğulayıb.

Paylaş:
Baxılıb: 243 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31