Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yüksək ödəniş, aşağı keyfiyyət...

Yüksək ödəniş, aşağı keyfiyyət...

07.06.2022 [10:22]

Pullu, yoxsa pulsuz təhsil?

Yeganə BAYRAMOVA

Ali təhsil müəssisələri ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri təhsilin ödənişli olmasıdır. Ölkəmizdə təhsilini davam etdirən gənclər, o cümlədən valideynlər təhsil haqqının yüksək olmasından gileylənirlər. Düzdür, dövlət universitetlərində təhsilin pullu olması haradasa başa düşüləndir, ancaq özəl universitetlərdə təhsil haqlarının şişirdilmiş olduğunu desək, yerinə düşər. Təəssüf ki, ölkəmizdə təhsil haqqının bahalı, təhsilin isə keyfiyyətsiz olduğunu görənlər əksər hallarda xaricdə oxumağa üstünlük verirlər. Bu isə ölkəmizdə “beyin axını”na yol açır...

Müqayisə üçün həm Azərbaycanda, həm Avropada, həm də Amerika Birləşmiş Ştatlarında təhsil haqlarının nə qədər olduğuna diqqət yetirək.

Bakı Dövlət Universitetində bakalavr səviyyəsi üzrə birillik əyani təhsil 1400 manatdan, qiyabi təhsil isə 1700 manatdan başlayır. Təhsil haqqı ixtisasdan asılı olaraq 3000 manata qədər artır. Digər əhəmiyyətli təhsil ocaqlarından sayılan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə bakalavr səviyyəsi üzrə birillik təhsil 2000 manatdan başlayır. Magistr pilləsi üzrə birillik təhsil haqqı 2500, MBA təhsili üzrə isə 2800 manatdır. Əcnəbi tələbələr üçün bakalavr təhsili 2000-2500 dollar, magistr təhsili isə 3000 dollardır. Universitetdə qiyabi təhsil 1800 manatdan başlayır.

Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində birillik təhsil haqqı 1800 manatdan başlayır. Dövlət İqtisad Universitetində əyani təhsil 1700 manat, qiyabi təhsil isə 1500 manatdan başlayır və təhsil haqları 2600 manata qədər artır. Azərbaycan Tibb Universitetində təhsil haqqı 4000-4500 manat, Xəzər Universitetində 4000-5000 manat, ADA Universitetində 6000-6500 manatdır. Azərbaycan Dillər Universitetində təhsil haqqı 1000 manatdan başlayır, 2500 manata qədər artır.

Eləcə də Bakı Slavyan Universitetində birillik təhsil haqları 1700 manatdan başlayır, 2000 manata qədər, Azərbaycan Memarlıq və İnşaat Universitetində qiyabi təhsil 1700, əyani təhsil 2000 manatdan başlayır və 2500 manata qədər artır. Azərbaycan Turizm və Menecment Universitetində təhsil haqları 2200-2400 manat, Bakı Mühəndislik Universitetində 2200-2500 manat civarındadır. Azərbaycan Universitetində isə bakalavr üzrə əyani təhsil 2000 manatdan başlayır, 3000 manata qədər artır. Qiyabi təhsil üzrə qiymət 1800 manat təşkil edir.

Bölgələr üzrə təhsil haqları nisbətən aşağıdır - 1000 manatdan başlayır, 1800 manata qədər dəyişir.

ABŞ-da təhsil haqqı

Amerika Birləşmiş Ştatlarında son bir il ərzində təhsil haqları 1-2 faiz civarında artıb. Hazırda ABŞ-da ikiillik təhsil üzrə bir il üçün təhsil haqqı 13 130 dollardan, dördillik təhsil üzrə bir il üçün 22 690 dollardan başlayır.

Bəs, Avropada?

Avropa İttifaqı və Avropa İqtisadi Bölgəsinə daxil olmayan ölkələrin tələbələri üçün təhsil haqları bir qədər yüksəkdir. Avropada təhsil haqları Şimali Amerika ölkələrinə nisbətən aşağıdır, lakin təhsilin keyfiyyəti heç də aşağı deyil. Bu region üzrə bakalavr təhsilinin qiyməti 42 000 avroya qədər, magistr təhsili üzrə isə 56 000 avroya qədər artır.

Özəl universitetlərdə xarici tələbələr üçün təhsil haqları bakalavr pilləsi üzrə adətən 6000-15000 avro, magistr dərəcəsi üzrə 3000-23000 avro arasındadır. Xüsusilə qeyri Aİ və AİB ölkələrindən olan vətəndaşlar üçün bakalavr dərəcəsi üzrə təhsil haqqı 5000-13000 avro, magistr dərəcəsi üzrə 8000-18000 avro arasındadır.

Bir neçə ölkədə bakalavr və magistr pilləsi üzrə birillik təhsil haqlarına nəzər salaq:

Fransa: bakalavr pilləsi üzrə təhsil haqqı 5000-30000 avro, magistr pilləsi üzrə 1500-35000 avrodur.

Almaniya: bakalavr pilləsi üzrə təhsil haqqı 6500-26000 avro, magistr pilləsi üzrə 1000-40000 avrodur.

İtaliya: bakalavr pilləsi üzrə təhsil haqqı 3000-20000 avro, magistr pilləsi üzrə 3000-35000 avrodur.

Niderland: bakalavr pilləsi üzrə təhsil haqqı 7500-19000, magistr pilləsi üzrə 5000-30000 avrodur.

İsveçrə: bakalavr pilləsi üzrə təhsil haqqı 8000-42000 avro, magistr pilləsi üzrə 7500-43000 avrodur.

Böyük Britaniya: həm dövlət, həm də özəl universitetlərində bakalavr dərəcəsi üzrə təhsil haqqı 7000-40000 avro, milliyyətindən asılı olmayaraq bütün tələbələr üçün ümumi təhsil haqqı 8000-45000 avro arasında dəyişir.

“Özəl universitetlərin təhsil haqqına daha çox ehtiyacı var”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ödənişli təhsil dünyanın hər yerində var. Deputatın sözlərinə görə, son illər dövlətimiz təhsilə olan diqqət və qayğısını daha da artırıb və universitetlərdə dövlət hesabına olan yerlərin sayı çoxalıb: “Bu da Azərbaycanda təhsilə olan diqqət və qayğını göstərir. Bəs, pullu təhsil bizə nə verir? Bu vəsaitlər universitetlərin maliyyələşdirilməsinə yönəldilir və universitetlər həmin vəsaitlər hesabına öz xərclərini ödəyir.

Dövlətimiz son zamanlar təhsilə ayrılan vəsaiti artırıb və bu istiqamətdə davamlı addımlar atılır. Bu vəsait kifayət qədər çoxdur, söhbət milyardlardan gedir. Pullu təhsilin qalıb-qalmamasına gəlincə, fikrimcə, bu suala daha çox Təhsil Nazirliyi baxmalı və öz rəylərini bildirməlidir. Hesab edirəm ki, ölkəmizdə təhsil daha çox dövlət hesabına olmalıdır”.

C.Məmmədov qeyd edib ki, özəl təhsil müəssisələri məhz təhsil haqqından əldə etdikləri vəsait hesabına maliyyələşir: “Bu baxımdan, özəl təhsil ocaqlarının təhsil haqqına daha çox ehtiyacı var. Bəzən təhsil haqqı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Fikrimcə, daha vacib və önəmli məsələ təhsilin keyfiyyətinin artırılmasıdır. Bu, bizə daha geniş imkan verəcək ki, Azərbaycan təhsili gələcəkdə dünya ölkələri ilə rəqabət apara bilsin”.

“Gənclərin xaricə getməsinə şərait yaradırıq”

Təhsil eksperti Kamran Əsədovun fikrincə, Azərbaycanda təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəliri ilə müqayisədə çox yüksəkdir: “Nəinki ölkə əhalisinin gəliri, qonşu dövlətlərin ali təhsil müəssisələrində qüvvədə olan təhsil haqqı ilə müqayisədə də Azərbaycan universitetləri daha bahalıdır. Ona görə də ali məktəblərdə oxumaq şansı əldə edən, ancaq ödənişsiz təhsil üçün cəmi bir neçə balı çatmayan xeyli gənc maddi çətinlik ucbatından bu imkandan yararlana bilmir.

Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır. Müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır. Amma xalq çalğı alətləri, solo oxuma, dirijorluq və s. kimi ixtisaslar var ki, onların plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu, əlbəttə ki, təklif olunan qiymətlərdir. Ali məktəblərin plan yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki, bu zaman öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr yaranır. Ona görə də ali təhsil müəssisələri də təhlükəsizlik marjiyasını müəyyən etmək üçün təhsil haqlarını daha da qaldırırlar”.

Ekspertin qənaətincə, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz böyük sayda insanın xaricə üz tutmasına şərait yaratmış oluruq: “Təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də universitetlər təkcə sərf olunan xərcləri düşünməməlidirlər. Onlar o qədər yüksək məbləğdə vəsait ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapması, alacağı əmək haqqını da nəzərə almalıdırlar. Təəssüf ki, tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əmək haqqı məbləği ilə 10 ilə qədər vaxt lazımdır.

Dünyada bahalı universitetlər çoxdur. Məsələn, Harvard Universiteti. “Round University Ranking” Beynəlxalq reytinqinin (RUR-2018) 2018-ci il üzrə nəticələrinə əsasən, dünyanın birinci ən reytinqli bu universiteti dünyanın ən bahalı universitetlərindəndir. Azərbaycanda da bahalı universitetlər var. Amma bahalı ixtisaslar daha çoxdur. Üstəlik, qiymətlər heç də ali məktəbin dövlət, ya da özəl universitet olması ilə də əlaqəli deyil. Adı dünya universitetləri siyahısına düşməyən Azərbaycan ali təhsil müəssisələrində əhalinin imkanları ilə tərs mütənasib - yüksək dəyərləndirilən təhsil haqqı özlüyündə bir çox problemə yol açır. Məsələn, yüksək təhsil haqqı ixtisas seçiminə təsirsiz ötüşmür. Gənclərin qonşu ölkələrdə fəaliyyət göstərən daha ucuz ali məktəblərə üz tutmasına səbəb olur”.

Paylaş:
Baxılıb: 199 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31