Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / ABŞ-da seçki marafonu: Hansı namizəd irəlidədir?

ABŞ-da seçki marafonu: Hansı namizəd irəlidədir?

17.08.2024 [10:25]

Amerika Birləşmiş Ştatlarında (ABŞ) cari ilin noyabrında keçiriləcək növbəti prezident seçkilərinin kəskin rəqabət şəraitində baş tutacağı ilə bağlı ehtimallar özünü doğruldur. Seçki marafonu irəlilədikcə namizədlərini irəli sürmüş Respublikaçılar və Demokratlar partiyaları arasında mübarizə də qızışaraq bir sıra hallarda adi etik və siyasi mədəniyyət çərçivələrini aşır. Respublikaçılar seçkilərə sabiq prezident Donald Trampın namizədliyi ilə gedir. Demokratlar isə marafona hazırkı prezident Co Baydenin namizədliyi ilə başlasalar da, hazırda onların mümkün namizədi qismində vitse-prezident Kamala Harris çıxış edir. Müşahidə edilən odur ki, həm Donald Tramp, həm də Kamala Harris rəqibini üstələməkdən ötrü qarşılıqlı ittihamları getdikcə daha da sərtləşdirirlər.

Müxtəlif rəy sorğuları və fərqli nəticələr

Seçki marafonunun əvvəlində demokratlar məlum teledebatdan sonra Co Baydenin namizədliyini Kamala Harrislə əvəzləyəndən sonra ilk vaxtlarda Donald Tramp mütləq favorit kimi görünürdü. Ancaq günlər ötdükcə aradakı fərq azalıb. Bu günlərdə ayrı-ayrı mərkəzlər və vətəndaş cəmiyyəti təsisatları cəmiyyətdəki seçki əhval-ruhiyyəsini müəyyənləşdirmək üçün davamlı olaraq rəy sorğuları keçirirlər. Nəticələr də fərqlidir.

ABŞ-ın sabiq dövlət başçısı və qarşıdakı prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp potensial seçicilər arasında vitse-prezident və Demokratların mümkün namizədi Kamala Harrisi dörd faiz üstələyir. Bunu “Rasmussen Reports” sosiologiya kompaniyasının rəy sorğusu göstərib. Sorğunun nəticələrinə əsasən, amerikalı seçicilərin 49 faizi Trampa, 45 faizi isə Harrisə dəstəyini ifadə edib.

Həmçinin respondentlərin 3 faizi səsini başqa namizədə verəcəyini, daha 2 faizi isə seçimində hələ qərarsız olduğunu bildirib. Sorğu avqustun 8-14-də 1885 nəfər potensial seçici arasında aparılıb.

ABŞ-ın sabiq prezidenti Donald Tramp seçki yarışında amerikalı seçicilər arasında dəstək baxımından vitse-prezident Kamala Harrisi cəmi bir faiz qabaqlayır. Belə fərqli nəticəni isə “Fox News” telekanalının keçirdiyi rəy sorğusu göstərib.

Sorğunun nəticələrinə görə, seçicilərin 50 faizi Trampa, 49 faizi isə Harrisə səs verəcəyini bildirib. Eyni zamanda, respondentlərin əksəriyyəti hər iki namizədi bəyənmir: respondentlərin 53 faizi Tramp, 51 faizi Harris haqqında mənfi fikirdədir. Seçicilərin əksəriyyəti iqtisadiyyatı (38 faiz), miqrasiyanı (14 faiz) və abortları (14 faiz) namizədlərin qarşısında duran əsas problemlər kimi görür. Respondentlərin yalnız 4 faizi xarici siyasət məsələlərini prioritet hesab edir.

Sorğu qeydiyyatdan keçmiş 1000-dən çox amerikalı seçicinin iştirakı ilə keçirilib. 

“Nyu-York Tayms” qəzetinin son sorğusu isə artıq üç ştatda - Pensilvaniya, Miçiqan və Viskonsində Harrisin Trampın qarşısında üstünlük qazandığını göstərir. “Siena” kollecinin avqustun 5-dən avqustun 9-dək apardığı araşdırmaya görə, oradakı seçicilərin 50 faizi Harrisə səs verməyə hazırdır. Əvvəllər bu ştatlarda Cozef Bayden Trampa uduzurdu. İndi isə üç ştatda yalnız 46 faiz seçici Trampı dəstəkləməyə hazırdır. Ştatlar üzrə götürsək, Tramp Miçiqanda 5 faiz, Viskonsin ştatında isə 6 faizə qədər səs itirib. Pensilvaniya seçicisi, yəqin ki, qubernator Coşua Şapironun Harrisin vitse-prezidenti seçilməməsindən inciyib, ona görə də Trampla Harrisin arasında səs fərqi qadın namizədin xeyrinə cəmi 2 faiz təşkil edir.

Sorğuya əsasən, “üçüncü namizəd” faktoru Harrisə qarşı işləmir. Müstəqil namizəd kiçik Robert Kennedinin reytinqi aşağıdır və daha da düşməkdədir. Onun populyarlığı ciddiyə alınmayacaq səviyyədədir. Kennedilər klanının son nümayəndəsi gəncliyində sürdüyü həyat tərzi ilə ABŞ seçicisi üçün “oddan törəmiş kül” statusundadır.

Harrisin vədləri

Sorğuların nəticəlrini təhlil edən analitiklər bildirirlər ki,  Bayden namizədlikdən çəkilənə qədər Harris də ölkənin sevimli siyasətçilərindən biri deyildi. İndi bütün partiya onun ətrafında birləşdiyindən və o, demokratların rəsmi namizədi olduğundan, vitse-prezident getdikcə populyarlaşır. O, artıq kölgədən çıxıb və ön plandadır. 

Harrisin reytinqinin artmasına onun mitinqlərdə verdiyi vədlər də öz təsirini göstərib. Məsələn, Harrisin Nevada mitinqində verdiyi vədlərdən biri bəxşiş (“çaypulu”) vergisini ləğv etməyə çalışacağı barədə olub. Bu, ABŞ-da çox vacibdir. Ölkədə bəxşişlər iaşə işçilərinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir. ABŞ-da onları vermək əxlaq norması hesab olunur və bir çox yerlərdə bu, məcburidir. Xidmət üçün ödənilən “çaypulu” bəzən hesaba avtomatik daxil edilir. Onlardan verginin ləğvi vədi orta təbəqənin daha çox qazanmasına imkan verərdi. 

Qeyd edək ki, son bir neçə gün ərzində Harris və onun vitse-prezidentliyə namizədi, Minnesota qubernatoru Tim Valz beş dəfə mitinq keçirib. Arizonada onların mitinqinə 15 mindən çox insan toplaşıb. Əhəmiyyətli olan odur ki, Harrisin komandası vitse-prezidentin çıxışları üzərində çox yaxşı işləyir və müəyyən vəziyyətlərə çevik reaksiya verir.

Harris Detroytda Fələstin tərəfdarları ilə şifahi mübahisə edib. Artıq Arizonada o, atəşkəsə və girovların İsrailə təhvil verilməsinə çağırıb. İspan seçicilər Harris haqqında getdikcə daha çox müsbət qənaətə gəlirlər.

“Nyu-York Tayms” qəzetinin yazdığına görə, Harris sonrakı sorğularda Trampı 10 faiz qabaqlaya biləcək. Hələlik onun tərcümeyi-halında heç bir kompromat, prinsipcə, seçicilərin ona səs verməkdən imtinasına səbəb yarada biləcək faktlar yoxdur. Bu kimi amillər isə seçki marafonunda Harrisin xeyrinə işləyir.

Trampın ittihamları artır

Donald Tramp Kamala Harrisin seçki marafonunda reyinqini əhəmiyyətli dərəcədə artırmasının fərqindədir. Buna görə də o qarşı tərəfə yönəlik  daha sərt ittihamlar səsləndirir. Tramp rəqibinin platforma təşəbbüslərini, xüsusən də xidmət sahəsində çalışan işçilər üçün bəxşiş vergisini ləğv etmək ideyasını oğurlamaqda günahlandırıb.Bununla bağlı Tramp öz “Truth” sosial şəbəkəsindəki hesabında yazıb. “Bal ayı dövrünün sonuna yaxınlaşan və anketlərdə ciddi şəkildə mənə uduzmağa başlayan Kamala Harris mənim bəxşiş vergisinin ləğvi siyasətimi indicə kopyaladı. Siyasi məqsədi Trampın ideyası idi. Onun öz ideyaları yoxdur. O, onları yalnız məndən oğurlaya bilər”, - deyə Tramp bildirib. 

Son olaraq isə Tramp Harrisi ABŞ-a 20 milyon qanunsuz miqrant gətirməkdə ittiham edib. “Ən yüksək dövlət postuna can atan ABŞ-ın vitse-prezidenti Kamala Harrisin uğursuz miqrasiya siyasəti 20 milyon qeyri-qanuni miqrantın ABŞ-a daxil olmasına şərait yaradıb”, - deyə Tramp vurğulayıb. O fikirlərinin davamı kimi bildirib: “Ən azı 20 milyon insanın ölkəmizə qanunsuz daxil olmasına imkan verdi. O, miqrantlara vətəndaşlıq verməklə, onların ictimai səhiyyə və sosial təminatdan pulsuz istifadə etməsinə nail olmaq istəyir”.

Qeyd edək ki, miqrasiya böhranı ABŞ-da hazırkı seçki kampaniyasının əsas məsələlərindən birinə çevrilib. Respublikaçılar faktiki olaraq onun kəskin artmasına görə demokratları günahlandırırlar. Tramp dəfələrlə söz verib ki, seçkidə qalib gəlsə, ABŞ tarixində ən böyük qanunsuz miqrant deportasiyasını təşkil edəcək.

MÜBARİZ

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Dünya

YAP xəbərləri

Separatizmə son qoyuldu

12 Sentyabr 14:09

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Dünya

ABŞ-da debat gecəsi...

12 Sentyabr 09:14

Dünya

Fransa şokda...

12 Sentyabr 09:10  

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30