Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Almaniyadan başlayan Avropa böhranı...

Almaniyadan başlayan Avropa böhranı...

22.08.2024 [10:15]

Almaniyada maliyyə-büdcə sistemində yaranan çətinliklər və hökumətin üzləşdiyi problemlər parlament fraksiyalarında mübahisələrin də gərginləşməsinə səbəb olub. Hakim “Svetofor” koalisiyasında təmsil olunan siyasi qüvvələr (Almaniya Sosial Demokrat Partiyası, “Yaşıllar”, Azad Demokratik Partiya) mübahisə predmetinə çevrilən büdcə məsələsi ilə bağlı təcili tədbirlər görülməsinə çağırış edib. İqtisadiyyat və maliyyə naziri Kristian Lindner isə kansler Olaf Şoltsla məsləhətləşərək növbəti ilin büdcə planlaşdırılması barədə danışıqlar apararaq xərclərin artım mənbələrinin təmin edilməsi yollarını tapmağa çalışıb. 2025-ci ilin büdcə layihəsinin ilkin variantının hazırlanmasında kompromis əldə olunsa da, əlavə fiskal mənbələrin taleyi hələ sual altındadır. Çünki büdcə layihəsində nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi üçün milyardlarla avro dəyərində boşluqlar var və maliyyə öhdəliklərini icra etməkdə hökuməti çətin vəziyyət salır.

Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek bildirib ki, hazırkı maliyyə sıxıntıları ölkənin iqtisadi dirçəlişindəki problemlərdən qaynaqlanır və  hazırda Almaniya iqtisadiyyatı zəif iqtisadi artım dövrü yaşayır. Bu baxımdan “Svetofor” iqtisadiyyatın stimullaşdırılması üçün tədbirlər paketi qəbul etməyi təklif edib.

Enerji amili iqtisadi tənəzzülə yol açır...

Almaniya hazırda dünyanın ən böyük iqtisadiyyatları reytinqində yüksəlsə də, ümumi artım templəri getdikcə zəifləyir. 2023-cü ildə ölkə iqtisadiyyatının məhsuldarlığı 1,2 faiz azalıb ki, bu da son illərdəki dinamikanın pozulmasına səbəb olub. Ekspertlərin proqnozlarına əsasən, 2024-cü ildə ölkədə artım tempi 1 faizdən də az olacaq. Maliyyə sektorundakı yüksək faiz dərəcələri maliyyə-biznes üçün əlavə investisiyalara mane olur, fiskal yığımların artmadığı halda hökumətin real əməkhaqqını artırması isə iqtisadiyyatı gərginləşdirir. 

Maliyyə yığımları və iqtisadi aktivliyin azalmasının əsas səbəblərindən biri Rusiya amilidir. Belə ki, Almaniya iqtisadiyyatı artan enerji qiymətləri səbəbindən əziyyət çəkir. Avropa Birliyinin Rusiya qazının alınmasına qoyduğu sanksiyalardan sonra ölkənin enerji təhlükəsizliyində çətinliklər meydan çıxıb, çünki sənayenin əsas inkişaf etdiyi bu ölkədə sənaye sektorunun enerji təminatı Rusiya qazından daha çox asılı idi, digər ölkələrlə müqayisədə enerji idxalının həcmi xeyli yüksək idi. Regionda yaranmış enerji böhranı Almaniyanı digər ölkələrlə müqayisədə daha çox zərərə uğradıb, sənayedəki azalmalar müxtəlif sektorlara da təsir göstərib, özəl müəssisələrin xərcləri artıb, yüksək inflyasiya isə istehlaka təsir edərək ev təsərrüfatlarının alıcılıq qabiliyyətini aşağı salıb. 

 “Fitch Ratings” beynəlxalq reytinq agentliyi hesab edir ki, regionda baş verən müharibə və toqquşmalar karbohidrogen (neft-qaz) tədarükündə pozulmalara yol açır və Avropa, o cümlədən Almaniya iqtisadiyyatı üçün sənaye bölmələrinin yanacaq təchizatı komponentlərində tarazlığın bərpasında problemlər artır. Sənaye üçün tələb olunan xammalların yüksək idxal qiymətləri xarici ticarət balanslarındakı qeyri-müəyyənlikləri artırmaqla tədiyə balanslarında azalmalara yol açır və ümumi artımın irəliləməsinə mane olur.

Ukrayna müharibəsi ixracı zəiflədib...

Almaniyada gözlənilən tənəzzülün əsas səbəblərindən biri iqtisadi amillərlə yanaşı, geosiyasi proseslərlə də əlaqədardır. Belə ki, Rusiya və Ukraynada müharibə, xarici mühitin yüksək həssaslığı, dünyada  geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi,  beynəlxalq  logistika zəncirlərinin pozulması və digər mənfi xarici şoklar qlobal bazarlar üçün risklərin siyasi motivini təşkil edir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı qlobal iqtisadi zəncirin pozulması, nəqliyyat-enerji-logistika təchizatlarındakı qırılmalar iqtisadi dayanıqlılığı ləngidir. Bunu kansler Olaf Şolts da etiraf edərək bildirib ki, Ukraynadakı müharibə fonunda bölgənin logistika və ticarət ahəngdarlığı pozulub, əsas ixrac bazarı olan Çinə göndərilən malların həcmində nəzərəçarpacaq azalma müşahidə olunur. Son aylarda ölkənin ixracı təqribən 130 milyard avro geriləyib. Rusiya ilə müharibədən sonra Ukraynaya silah və maddi yardımların artması da maliyyə-iqtisadi dayanıqlığı pozub. Almaniya hökuməti ölkə iqtisadiyyatındakı geriləməni sanaye sahələrində hərbi məhsulların həcminin artırılması ilə də əlaqələndirir. 

Ümumilikdə, ölkə son 2 ildə tədarük zəncirlərindəki fasilələrdən əziyyət çəkir və ixrac gəlirlərindəki azalmalar maliyyə gəlirlərinin toplanmasını ləngidir və büdcə kəsirinin artmasına səbəb olur. Ən narahatedici məqamlardan biri real artımın ləngliyi vaxtda sosial xərclərdə böyük büdcə pulları ayıran hökumətin əlavə mənbələri haradan əldə edəcəyidir. Bu, maliyyə naziri Kristian Lindnerin büdcə tərtibatı proqramı ilə bağlı narahatedici çıxışı zamanı da səslənib. Çox güman ki, Almaniya büdcə kəsiri və xarici borcu rekorda həddə çatan ABŞ kimi borclanmaya gedəcək. 

Almaniyanın zəifləməsi Avrozonanın bütün ölkələrinə təsir edir...

Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqı Komissiyasının “Avropa İqtisadi Proqnozları 2024” hesabatında Avrozona iqtisadiyyatının 2024-ci ildə 0,4 faiz, 2025-ci ildə isə 0,8 faiz artacağına dair proqnozlar yer alıb. Əvəzində inflyasiya iqtisadi artımı bir neçə dəfə üstələyəcək. Hesabata əsasən, Aİ-də inflyasiyanın 2,5 faiz, avrozonada isə 2,2 faiz olacağı proqnozlaşdırılır. Aİ-də işsizlik səviyyəsi isə 6 faiz civarında gözlənilir. “Bloomberg” nəşri də bir müddət əvvəl AB ölkələrində resessiyanın gözlənilməsinə dair ehtimallar irəli sürüb. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Ticarət və İnkişaf Hesabatında da sərt pul siyasəti fonunda Avropaya tənəzzül meyillərinin əlamətlərinin olmasına işarə edilib.

Avropa iqtisadiyyatında ümumi azalmaya təsir göstərən başlıca amil Almaniyanın üzləşdiyi maliyyə sıxıntılarıdır. Xüsusilə də, Avrozonanın birinci iqtisadiyyatı olan Almaniyadakı zəifləmə birbaşa bütün region ölkələrinə təsir edir. Proqnozlara əsasən, Aİ zonasında alıcılıq qabiliyyətinin zəifləməsi və yüksək faiz dərəcələri fonunda kreditlərin azalması, eləcə də investisiya təşviqinin zəifləməsi səbəbindən Avrozonada iqtisadi artım gözləntiləri azalacaq.

ELBRUS

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Dünya

Dünya

YAP xəbərləri

Separatizmə son qoyuldu

12 Sentyabr 14:09

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30