Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / "Bakı Enerji Həftəsi": Azərbaycanın qlobal enerji siyasətinə dair uzunmüddətli strateji baxışı

"Bakı Enerji Həftəsi": Azərbaycanın qlobal enerji siyasətinə dair uzunmüddətli strateji baxışı

04.06.2026 [12:35]

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji siyasəti uğurlu dövlət idarəçiliyi nəticəsində Azərbaycanı regional əhəmiyyətə malik ölkədən qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan respublikalardan birinə çevirib. Bu gün ölkəmizin enerji strategiyası yalnız təbii sərvətlərin hasilatı və ixracı ilə məhdudlaşmır, eyni zamanda davamlı iqtisadi inkişafın təmin olunmasına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və yaşıl enerjiyə keçid prosesinin sürətləndirilməsinə xidmət edir. Hər il keçirilən "Bakı Enerji Həftəsi" də məhz bu reallıqların nümayiş etdirildiyi və gələcək hədəflərin müəyyənləşdirildiyi mühüm beynəlxalq platformadır. İyunun 1-də işə başlayan 31-ci "Bakı Enerji Həftəsi"nin açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətinin hazırkı mərhələsini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının diqqətə çatdırdığı məqamlar bir daha göstərdi ki, Azərbaycan enerji sahəsində regional çərçivələri aşaraq qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkələrdən birinə çevrilib. "Bakı Enerji Həftəsi" isə bu uğurların nümayiş etdirildiyi, yeni əməkdaşlıq imkanlarının müzakirə olunduğu və gələcək hədəflərin müəyyənləşdirildiyi nüfuzlu beynəlxalq platforma kimi öz əhəmiyyətini qoruyur.

Enerji siyasətində dayanıqlılıq və inkişaf prioritetləri

Təbii sərvətlərin mövcudluğu hər zaman inkişaf və rifah demək deyil. Əsas məsələ həmin resurslardan səmərəli istifadə olunması və əldə edilən gəlirlərin ölkənin uzunmüddətli inkişafına yönəldilməsidir. Azərbaycanın təcrübəsi bu baxımdan uğurlu nümunələrdən biridir. Müstəqilliyin ilk illərində iqtisadi böhran, siyasi qeyri-sabitlik və hərbi təcavüzlə üzləşən ölkə sonrakı dövrdə həyata keçirilən uzaqgörən enerji strategiyası sayəsində ciddi inkişaf yolu keçib. Xəzərin enerji ehtiyatlarının beynəlxalq sərmayələr üçün açılması və iri enerji layihələrinin reallaşdırılması iqtisadi dirçəlişin əsasını təşkil edib. Bütün bunların timsalında bu gün "Bakı Enerji Həftəsi" dünyanın nüfuzlu enerji tədbirləri sırasında yer alır. Vaxtilə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu platforma hazırda enerji sektorunda fəaliyyət göstərən aparıcı şirkətləri, dövlət rəsmilərini və ekspertləri bir araya gətirən qlobal dialoq məkanına çevrilib. Builki forumda 46 ölkədən 270-dən çox şirkət iştirak edir ki, bu da Azərbaycanın enerji sektoruna artan beynəlxalq marağı və ölkənin uzunmüddətli strateji potensialına inamı aydın şəkildə əks etdirir.

Müasir dövrdə enerji məsələləri ətrafında müxtəlif yanaşmalar formalaşsa da, dünya iqtisadiyyatının hələ də neft və qaz resurslarından asılı olduğu danılmaz faktdır. Sənaye istehsalı, nəqliyyat sistemi və enerji təhlükəsizliyi bu resurslarla sıx bağlıdır. Buna görə də enerji istehsal edən ölkələrin yalnız sahib olduqları ehtiyatlara görə deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və gələcəyin enerji mənbələrinə hansı səviyyədə sərmayə yatırdıqlarına görə qiymətləndirilməsi daha obyektiv yanaşmadır.

Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nəticələr də bunu təsdiqləyir. Enerji gəlirləri hesabına ölkədə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilib, əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Xarici borcun aşağı səviyyədə saxlanılması və strateji valyuta ehtiyatlarının artırılması da həyata keçirilən iqtisadi siyasətin səmərəliliyini göstərən mühüm göstəricilərdir. Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin açılış mərasimində çıxışı zamanı bütün bu məqamlara toxunaraq Azərbaycanın enerji siyasətinin yalnız təbii sərvətlərin hasilatı ilə məhdudlaşmadığını, əldə olunan gəlirlərin ölkənin davamlı inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və insan kapitalının gücləndirilməsinə yönəldildiyini vurğuladı. Dövlət başçısı Azərbaycanın xarici borcunun dünyanın ən aşağı göstəricilərindən biri olduğunu, maliyyə dayanıqlığının təmin edildiyini və enerji gəlirlərinin səmərəli idarə olunmasının ölkəyə yeni inkişaf imkanları qazandırdığını diqqətə çatdırdı. Eyni zamanda, Azərbaycanın ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji sahəsinə də böyük investisiyalar yatırdığını qeyd edərək, ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olmaqla yanaşı, enerji keçidi prosesində də fəal rol oynadığını bildirdi. Bu yanaşma Azərbaycanın həm bugünkü enerji tələbatının qarşılanmasına, həm də gələcəyin dayanıqlı enerji sisteminin formalaşdırılmasına töhfə vermək əzmini nümayiş etdirir.

Enerji ixracından enerji təhlükəsizliyinə uzanan yol

Ötən dövrün geosiyasi və geoiqtisadi mənzərəsi göstərir ki, enerji resursları eyni zamanda ölkəmizin milli təhlükəsizliyinin möhkəmləndirilməsində də mühüm rol oynayıb. Güclü iqtisadi potensialın formalaşdırılması müdafiə qabiliyyətinin artırılmasına, müasir ordunun qurulmasına və dövlətin strateji maraqlarının təmin edilməsinə geniş imkanlar yaradıb. Bu reallıq bir daha göstərir ki, iqtisadi müstəqillik və enerji təhlükəsizliyi dövlət müstəqilliyinin əsas dayaqlarındandır.

Azərbaycanın enerji strategiyasının ən mühüm xüsusiyyətlərindən biri beynəlxalq əməkdaşlığa əsaslanmasıdır. Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələri regionun enerji xəritəsini dəyişdirən, ölkələri və bazarları birləşdirən mühüm təşəbbüslərdir. Bu layihələr sayəsində Azərbaycan qazı bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və ölkəmizi etibarlı enerji tərəfdaşı kimi ön plana çıxarır. Təkcə sonuncu "Bakı Enerji Həftəsi"ndən ötən bir ildə 4 yeni ölkə respublikamızın yeni qaz alıcısına çevrilib. Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin açılış mərasimində çıxışı zamanı bu məsələni xüsusi diqqətə çəkərək enerji təchizatı coğrafiyasının daha da genişlənəcəyini vurğuladı: "Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq".

Azərbaycan neft-qazla yanaşı yaşıl enerji sahəsində də iddialı hədəflər müəyyənləşdirib. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurda yaradılan yaşıl enerji zonaları, hidroenerji potensialından səmərəli istifadə istiqamətində həyata keçirilən layihələr enerji sektorunun şaxələndirilməsinə xidmət edir. Bu yanaşma bir tərəfdən daxili tələbatın daha ekoloji mənbələr hesabına ödənilməsinə, digər tərəfdən isə əlavə ixrac imkanlarının yaranmasına şərait yaradır.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən yeni enerji və kommunikasiya layihələri də ölkəmizin strateji əhəmiyyətini artırır. Qara dəniz vasitəsilə Avropaya yaşıl enerji ixracını nəzərdə tutan layihələr, regional elektrik bağlantılarının genişləndirilməsi və Mərkəzi Asiya ilə əməkdaşlıq perspektivləri gələcəyin enerji xəritəsində Azərbaycanın mövqeyini daha da gücləndirir.

"Bakı Enerji Həftəsi" bir daha göstərir ki, Azərbaycanın enerji modeli təkcə təbii resursların səmərəli idarə olunmasına deyil, həm də uzunmüddətli strateji baxışa əsaslanır. Bu gün ölkəmiz enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən, yeni enerji marşrutları yaradan, "yaşıl enerji" keçidini dəstəkləyən və beynəlxalq əməkdaşlığın genişlənməsində mühüm rol oynayan nüfuzlu dövlətlərdən biridir. Azərbaycanın qlobal enerji xəritəsində mövqeyi ildən-ilə möhkəmlənir və bu proses ölkənin gələcək inkişafı üçün yeni imkanlar açır.

Bəhruz Məmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

YAP Universitet şəhərciyi ərazi partiya təşkilatının sədri

Paylaş:
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30