Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan–Özbəkistan: Tarixdən gələcəyə uzanan qardaşlıq körpüsü

Azərbaycan–Özbəkistan: Tarixdən gələcəyə uzanan qardaşlıq körpüsü

24.08.2026 [13:48]

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Ölkə Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya
Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə - Azərbaycan və Özbəkistan
arasında münasibətlərin mahiyyətini, gələcək inkişaf istiqamətlərini aydın
şəkildə ortaya qoyan mühüm siyasi mesajlarla zəngindir. Müsahibə təkcə
Azərbaycan–Özbəkistan əlaqələrinin bugünkü mənzərəsini əks etdirmir, eyni
zamanda türk dünyasında getdikcə güclənən həmrəyliyin, Mərkəzi Asiya ilə
Cənubi Qafqaz arasında formalaşan yeni əməkdaşlıq imkanlarının və
Azərbaycanın bu proseslərdə artan rolunun göstəricisidir. Prezident İlham
Əliyevin müsahibədə vurğuladığı kimi, Azərbaycan və Özbəkistan münasibətləri
yalnız dövlətlərarası siyasi əlaqələr üzərində qurulmayıb. Bu münasibətlərin
təməlində ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, qardaşlıq və xalqlar
arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dayanır. Məhz bu möhkəm
təməl siyasi iradə ilə birləşərək münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik
səviyyəsinə yüksəldib.
Xüsusi ilə son illərdə Azərbaycan–Özbəkistan münasibətlərinin sürətli
inkişafı təsadüfi deyil. Dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev
arasında formalaşmış səmimi dostluq, qarşılıqlı etimad və siyasi dialoq bu
əlaqələrin inkişafında xüsusi rol oynayır.
Ölkə Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya
Agentliyinə verdiyi müsahibə qeyd edilən 15 qarşılıqlı yüksək səviyyəli səfər və
sıx təmaslar da münasibətlərin intensivliyini göstərən mühüm faktordur. 2024-
cü ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə
Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış
sənədlər, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”
və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin siyasi
münasibətlərinə yeni məzmun gətirib. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası
Şura isə bu münasibətlərin institusional dayaqlarını daha da möhkəmləndirib. Bu
mexanizm Azərbaycan və Özbəkistan arasında uzunmüddətli əməkdaşlıq
prioritetlərinin müəyyənləşdirilməsi və birgə təşəbbüslərin əlaqələndirilməsi
baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin müsahibə zamanı açıqladığı rəqəmlər iki ölkə
arasında iqtisadi əlaqələrin sürətli inkişafını aydın göstərir. 2025-ci ildə
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç
dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında
isə ticarət dövriyyəsi daha 33 faiz artaraq 144 milyon dollar təşkil edib. Bu
göstəricilər iqtisadi münasibətlərin potensialının hələ tam reallaşmadığını və
qarşıda daha böyük imkanların olduğunu göstərir. Azərbaycan–Özbəkistan
İnvestisiya Şirkətinin 500 milyon dollar ümumi kapitalla yaradılması da iki

ölkənin iqtisadi münasibətlərə strateji yanaşmasının göstəricisidir. Qarşılıqlı
investisiyaların artırılması, sənaye kooperasiyasının genişləndirilməsi və birgə
istehsal müəssisələrinin yaradılması artıq münasibətlərin mühüm istiqamətinə
çevrilib. Avtomobil sənayesində əməkdaşlıq xüsusilə diqqət çəkir. Füzuli
rayonunda salınan 100 hektarlıq “Dostluq bağı”, “Chevrolet” və “Isuzu” markalı
avtomobillərin istehsalı kimi layihələr Azərbaycan–Özbəkistan tərəfdaşlığının
real iqtisadi nəticələridir. 2026-cı il iyulun 13-nə olan məlumata görə,
Azərbaycanda 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal
edilib. Bu əməkdaşlığın başqa mühüm tərəfi qarşılıqlı investisiyaların
coğrafiyasının genişlənməsidir. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan
çox kommersiya təşkilatının fəaliyyət göstərməsi, Azərbaycanın özəl sektorunun
isə Özbəkistanda iri layihələr həyata keçirməsi qarşılıqlı etimadın artıq real
iqtisadi münasibətlərə çevrildiyini göstərir.
Müsahibənin diqqət çəkən məqamlarından biri də nəqliyyat və logistika
məsələləridir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi
Asiyada yerləşməsi bu iki ölkəni Şərqlə Qərbi birləşdirən marşrutlarda təbii
tərəfdaşlara çevirir. Azərbaycanın tranzit imkanları ilə Mərkəzi Asiyanın artan
iqtisadi potensialının bir-birini tamamlaması Orta Dəhlizin əhəmiyyətini daha da
artırır. Prezident İlham Əliyevin Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu
layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasına diqqət çəkməsi də məhz bu
baxımdan mühüm siyasi və iqtisadi mesajdır. Bu, sadəcə nəqliyyat məsələsi
deyil. Yeni dəhlizlər həm ticarətin genişlənməsi, həm investisiyaların artması,
həm də regionların iqtisadi inteqrasiyası üçün yeni imkanlar yaradır. Azərbaycan
burada yalnız tranzit ölkə deyil, Şərqlə Qərb arasında mühüm logistika mərkəzi
kimi çıxış edir.
Azərbaycan–Özbəkistan münasibətlərinin yeni istiqamətlərindən biri də
enerji sahəsidir. Ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, yaşıl enerji sahəsində
də birgə layihələr həyata keçirilir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və
Özbəkistanın energetika qurumlarının iştirakı ilə “Yaşıl Dəhliz Birliyi”nin
yaradılması bu baxımdan mühüm addımdır. Məqsəd Mərkəzi Asiya ilə
Azərbaycan arasında bərpaolunan enerjinin ötürülməsi və gələcəkdə Xəzər
dənizinin dibi ilə yaşıl enerjinin nəqli imkanlarının reallaşdırılmasıdır. Bu layihə
Azərbaycan–Özbəkistan əməkdaşlığının yalnız ikitərəfli deyil, daha geniş
regional və qlobal enerji gündəliyinin tərkib hissəsinə çevrildiyini göstərir.
Azərbaycan–Özbəkistan münasibətlərinin gücü həm də xalqlar arasındakı
mənəvi yaxınlıqdan qaynaqlanır. Prezident İlham Əliyevin müsahibəsində
mədəni-humanitar əlaqələrə xüsusi yer ayırması təsadüfi deyil. Mədəniyyət
günləri, incəsənət festivalları, elmi konfranslar, təhsil proqramları, media və
QHT forumları xalqların bir-birini daha yaxından tanımasına xidmət edir. Şuşa
ilə Xivə, Bakı ilə Daşkənd və digər şəhərlər arasında qurulan qardaşlaşma
münasibətləri bu əlaqələrin yalnız dövlət səviyyəsində deyil, cəmiyyətlər
səviyyəsində də möhkəmləndiyini göstərir. Füzuli şəhərində Özbəkistanın
təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb isə xüsusi rəmzi məna

daşıyır. İşğaldan azad edilmiş ərazilərin bərpasına Özbəkistanın verdiyi dəstək
iki xalq arasındakı qardaşlığın sözlə deyil, əməli addımlarla təsdiqidir. Eyni
zamanda Bakıda yaradılacaq “Özbəkistan” parkı da bu dostluğun gələcək
nəsillərə ötürülən simvollarından biri olacaq.
Müsahibənin ən mühüm siyasi məqamlarından biri Azərbaycanın Mərkəzi
Asiya ölkələri ilə münasibətləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində
əməkdaşlıqla bağlı fikirlərdir. Azərbaycan və Özbəkistanın TDT daxilində fəal
əməkdaşlığı türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə mühüm töhfə
verir. Burada söhbət yalnız ortaq tarix və mədəniyyətdən deyil, iqtisadi, siyasi,
nəqliyyat, enerji, təhsil və humanitar əlaqələrin vahid əməkdaşlıq məkanında
birləşdirilməsindən gedir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində
tamhüquqlu iştirakının təmin edilməsi isə regional əməkdaşlığın yeni
mərhələsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əvvəllər “C5”
adlandırılan formatın Azərbaycanın iştirakı ilə faktiki olaraq “C6” formatına
çevrilməsi regionlararası əməkdaşlığın miqyasını əhəmiyyətli dərəcədə
genişləndirir. Bu proses Azərbaycanın Mərkəzi Asiyaya yalnız coğrafi
baxımdan deyil, siyasi, iqtisadi və strateji baxımdan da yaxınlaşdığını göstərir.
Eyni zamanda Mərkəzi Asiya ölkələri üçün Azərbaycan Avropaya, dünya
bazarlarına və beynəlxalq nəqliyyat-kommunikasiya şəbəkələrinə çıxış
baxımından mühüm tərəfdaşdır.
Ölkə Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya
Agentliyinə verdiyi müsahibə bir daha göstərir ki, Azərbaycan–Özbəkistan
münasibətləri artıq ənənəvi diplomatik əlaqələr çərçivəsini geridə qoyub. Bu gün
Bakı ilə Daşkənd arasında siyasi etimad, iqtisadi maraqlar, nəqliyyat imkanları,
enerji layihələri, humanitar bağlar və ortaq türk kimliyi vahid strateji xəttdə
birləşir. Ən mühüm məqam isə budur ki, bu münasibətlər yalnız keçmişin ortaq
dəyərlərinə söykənmir, həm də gələcəyin ortaq layihələri üzərində qurulur.
Birgə investisiyalar, yeni istehsal sahələri, nəqliyyat dəhlizləri, yaşıl enerji
layihələri, təhsil və mədəniyyət proqramları bu qardaşlığın praktiki məzmununu
formalaşdırır.
Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlərdən aydın
görünür ki, Azərbaycan və Özbəkistan öz milli maraqlarını qorumaqla yanaşı,
daha böyük regional əməkdaşlıq məkanının formalaşmasına da mühüm töhfə
verirlər. Bu baxımdan Bakı–Daşkənd münasibətləri türk dünyasının siyasi və
iqtisadi həmrəyliyinin güclənməsi üçün nümunəvi modelə çevrilməkdədir.

Paylaş:
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31