Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan-Özbəkistan qardaşlığı yeni inkişaf mərhələsində

Azərbaycan-Özbəkistan qardaşlığı yeni inkişaf mərhələsində

24.08.2026 [13:49]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli
İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə iki qardaş ölkə arasında
münasibətlərin müasir inkişaf dinamikasını, strateji tərəfdaşlığın mahiyyətini və
gələcək əməkdaşlıq perspektivlərini əks etdirən mühüm siyasi mesajlarla
zəngindir. Müsahibə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri
ərəfəsində verilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və Azərbaycan-
Özbəkistan münasibətlərinin hansı istiqamətdə inkişaf etdiyini aydın şəkildə
nümayiş etdirir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Özbəkistanı
birləşdirən əsas amillər sırasında ortaq tarixi, mədəniyyəti, dili, mənəvi dəyərləri,
milli adət-ənənələri və xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbəti
xüsusi qeyd edib. Dövlət başçısının vurğuladığı kimi, məhz bu möhkəm mənəvi və
tarixi təməl üzərində Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətləri son
illərdə misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub və ən yüksək
səviyyəyə – müttəfiqlik münasibətlərinə yüksəlib. Azərbaycan və Özbəkistan
münasibətlərinin yüksək səviyyəyə çatmasında hər iki ölkənin dövlət başçılarının
siyasi iradəsi və qarşılıqlı etimadı mühüm rol oynayır. Prezident İlham Əliyev
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərini səmimi dostluq,
qarşılıqlı hörmət və etimad üzərində qurulan əlaqələr kimi xarakterizə edib. Bu
münasibətlər iki dövlət arasında siyasi dialoqun daha da möhkəmlənməsinə və
konkret layihələrlə zənginləşməsinə şərait yaradıb. Son beş ildə ən yüksək
səviyyədə 15 qarşılıqlı səfərin və çoxsaylı təmasların həyata keçirilməsi də
əlaqələrin dinamik inkişafının göstəricisidir. Azərbaycan və Özbəkistan arasında
münasibətlərin hüquqi-siyasi bazası da son illərdə əhəmiyyətli dərəcədə
gücləndirilib. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri,
2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri

çərçivəsində imzalanmış mühüm sənədlər, o cümlədən “Strateji tərəfdaşlığın
dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında
Müqavilə” iki ölkə arasındakı əlaqələri yeni mərhələyə yüksəldib. Bu sənədlər
Azərbaycan və Özbəkistanın qarşılıqlı münasibətlərinin siyasi və hüquqi əsaslarını
daha da möhkəmləndirib. Müsahibədə diqqət çəkən mühüm məqamlardan biri də
Azərbaycan və Özbəkistan arasında yaradılmış Ali Dövlətlərarası Şuranın roludur.
2023-cü ildə təsis edilən bu platforma iki ölkə arasında strateji tərəfdaşlığın və
müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi baxımından mühüm institusional
mexanizmə çevrilib. Şuranın fəaliyyəti müxtəlif istiqamətlər üzrə əməkdaşlığın
əlaqələndirilməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə və uzunmüddətli
prioritetlərin müəyyənləşdirilməsinə imkan yaradır. Azərbaycan-Özbəkistan
əməkdaşlığı yalnız siyasi münasibətlərlə məhdudlaşmır. İki ölkə arasında
iqtisadiyyat, investisiya, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı, təhsil, elm,
mədəniyyət və digər sahələrdə əməkdaşlıq genişlənir. Bu baxımdan qarşılıqlı
investisiyaların artırılması və birgə layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət
daşıyır. Tərəflərin qarşılıqlı iqtisadi əlaqələri sadəcə ticarət dövriyyəsinin
artırılmasına deyil, birgə istehsal və investisiya layihələrinin reallaşdırılmasına da
istiqamətlənir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan-
Özbəkistan münasibətlərinin regional əhəmiyyətini daha da artırır. Azərbaycan və
Mərkəzi Asiya arasında əlaqələrin genişlənməsi, Xəzər üzərindən nəqliyyat
imkanlarının artırılması və Orta Dəhlizin inkişafı hər iki ölkə üçün yeni iqtisadi
perspektivlər yaradır. Azərbaycan öz coğrafi mövqeyi, müasir nəqliyyat
infrastrukturu və həyata keçirdiyi layihələrlə Mərkəzi Asiya ölkələrinin dünya
bazarlarına çıxışında mühüm tranzit tərəfdaş kimi çıxış edir. Müsahibədə
Özbəkistanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlər də yüksək
qiymətləndirilib. Prezident İlham Əliyev ölkədə müasir şəhərlərin salınmasını,
iqtisadiyyatın şaxələndirilməsini, genişmiqyaslı infrastruktur layihələrinin həyata

keçirilməsini, elmə, təhsilə, mədəniyyətə və idmana göstərilən diqqəti ölkənin
sürətli inkişafının mühüm göstəriciləri kimi qeyd edib. Bu yanaşma iki ölkənin
inkişaf təcrübələrinin öyrənilməsi və qarşılıqlı faydalı əməkdaşlığın
genişləndirilməsi üçün də əlverişli imkanlar yaradır. Azərbaycan-Özbəkistan
münasibətlərində humanitar və mədəni əlaqələr də xüsusi yer tutur. Azərbaycan və
özbək xalqları arasında əsrlərdən gələn ədəbi-mədəni bağlar bu gün yeni
layihələrlə daha da möhkəmlənir. Nizami Gəncəvi, Əlişir Nəvai və digər böyük
ədəbi şəxsiyyətlərin yaradıcılığı iki xalqın ortaq mədəni irsinin zənginliyini
nümayiş etdirir. Təhsil və elm sahəsində əlaqələrin genişlənməsi isə bu dostluğun
gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Prezident İlham Əliyevin UzA-
ya müsahibəsində səsləndirdiyi fikirlər həmçinin Azərbaycan və Özbəkistanın daha
geniş regional əməkdaşlıq perspektivlərinə malik olduğunu göstərir. Azərbaycan
ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və humanitar əlaqələrin
dərinləşməsi Türk dünyasında əməkdaşlıq imkanlarının genişlənməsinə də mühüm
töhfə verir. Müsahibədən cəmi iki gün sonra – 23 avqust 2026-cı ildə Prezident
İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində keçirilən görüşlər və
tədbirlər müsahibədə səsləndirilən fikirlərin praktik müstəvidə davamı oldu.
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasının
keçirilməsi, müxtəlif sənədlərin imzalanması, birgə layihələrin açılış və
təməlqoyma mərasimlərinin təşkil olunması iki ölkə arasındakı əməkdaşlığın
konkret nəticələrlə müşayiət olunduğunu nümayiş etdirdi. Eyni zamanda, Yeni
Daşkənd şəhərində “Azərbaycan” parkının təməlinin qoyulması, Nizami Gəncəvi
adına Milli Pedaqoji Universitetin açılışında iştirak edilməsi kimi hadisələr
Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız siyasi və iqtisadi deyil, həm də
mədəni, təhsil və şəhərsalma sahələrində yeni layihələrlə zənginləşdiyini göstərir.
Beləliklə, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə
müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü vəziyyətini və

gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi mənbə kimi
qiymətləndirilə bilər. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, iki ölkə arasında
münasibətlər tarixi və mənəvi yaxınlıqdan güc alan, siyasi etimad və qarşılıqlı
maraqlar əsasında inkişaf edən hərtərəfli müttəfiqlik modelinə çevrilib.
Bu gün Azərbaycan və Özbəkistanın münasibətləri iki qardaş xalqın tarixi
dostluğunun müasir dövlətlərarası əməkdaşlıq formatında uğurlu davamıdır.
Qarşılıqlı səfərlər, siyasi dialoq, iqtisadi layihələr, nəqliyyat əlaqələri, humanitar
əməkdaşlıq və birgə təşəbbüslər bu münasibətlərin uzunmüddətli və strateji
xarakter daşıdığını təsdiqləyir. Şübhəsiz ki, Azərbaycan və Özbəkistan arasında
möhkəmlənən müttəfiqlik münasibətləri gələcəkdə də həm iki ölkənin inkişafına,
həm də regionda sülh, sabitlik və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr
verəcək.
YAP Samux rayon təşkilatının əməkdaşı Lalə Məmmədova

Paylaş:
Baxılıb: 28 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31