Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

24.08.2026 [14:03]

YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev

Azərbaycan və Özbəkistan xalqları arasında əsrlər boyu formalaşmış qardaşlıq
münasibətləri bu gün dövlətlərarası əlaqələrin möhkəm təməlini təşkil edir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi
müsahibə də iki qardaş ölkə arasında münasibətlərin mahiyyətini, inkişaf
dinamikasını və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur.
Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan və
Özbəkistan arasındakı münasibətlər yalnız siyasi və iqtisadi maraqlara söykənmir.
Bu münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, birlik
və həmrəylik, ən başlıcası isə xalqlarımızın nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı
rəğbət dayanır. Məhz bu mənəvi-siyasi təməl iki ölkə arasındakı münasibətlərin
son illərdə misli görünməmiş səviyyədə inkişaf etməsinə imkan yaradıb.
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək – müttəfiqlik səviyyəsinə
yüksəlib. Bu, sadəcə diplomatik münasibətlərin ifadəsi deyil, qarşılıqlı etimadın,
siyasi iradənin və strateji baxışların nəticəsidir. Prezident İlham Əliyevin və
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi dostluq və qarşılıqlı hörmət
münasibətləri də dövlətlərarası əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.
Son illərdə dövlət başçıları arasında intensiv təmaslar və qarşılıqlı səfərlər
münasibətlərin dinamik inkişafının əsas göstəricilərindəndir. Prezident İlham
Əliyevin müsahibəsində bildirildiyi kimi, son beş ildə ən yüksək səviyyədə 15
qarşılıqlı səfərin və çoxsaylı görüşlərin keçirilməsi iki ölkə arasında siyasi
dialoqun yüksək səviyyəsindən xəbər verir.
Azərbaycan-Özbəkistan əlaqələrinin mühüm istiqamətlərindən biri də işğaldan
azad edilmiş ərazilərimizin bərpası prosesində Özbəkistanın göstərdiyi qardaşlıq
dəstəyidir. Özbəkistan Qarabağın bərpasına yardım göstərmək təşəbbüsünü irəli
sürən ilk ölkələrdən biri, Prezident Şavkat Mirziyoyev isə bu istiqamətdə ilk lider
olmuşdur. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi Özbəkistanın
Azərbaycana münasibətinin və qardaşlıq həmrəyliyinin parlaq nümunəsidir.
Bu gün Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq siyasi əlaqələrlə
məhdudlaşmır. İqtisadiyyat, investisiya, nəqliyyat, logistika, mədəniyyət,

humanitar sahə, media, vətəndaş cəmiyyəti və digər istiqamətlərdə geniş
əməkdaşlıq imkanları mövcuddur. İki ölkənin şəhərləri arasında qardaşlaşma
münasibətlərinin genişlənməsi də xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran
mühüm amildir. Bakı-Daşkənd, Şuşa-Xivə, Füzuli-Gülüstan, Mingəçevir-
Namanqan və digər şəhərlər arasında qurulan tərəfdaşlıq əlaqələri bu baxımdan
xüsusi əhəmiyyət daşıyır.
Mədəni-humanitar əlaqələr Azərbaycan-Özbəkistan qardaşlığının ən mühüm
dayaqlarından biridir. Daşkənddə Heydər Əliyev meydanının, Bakıda isə
“Özbəkistan” parkının yaradılması xalqlarımızın bir-birinə olan dərin hörmətinin
rəmzi ifadəsidir. Bu cür layihələr yalnız iki ölkənin paytaxtlarını deyil, Azərbaycan
və Özbəkistan xalqlarının mənəvi dünyasını da daha sıx bağlayır.
Media sahəsində əməkdaşlığın inkişafı da xüsusi diqqət çəkir. 2024-cü ildə
Daşkənddə Birinci Özbəkistan-Azərbaycan Media Forumunun, 2025-ci ildə isə
Bakıda İkinci Azərbaycan-Özbəkistan Media Forumunun keçirilməsi informasiya
mübadiləsinin və qarşılıqlı media əlaqələrinin genişləndirilməsi baxımından
mühüm addımlardır. 2026-cı ildə iki ölkənin QHT-ləri üçün ilk dəfə birgə qrant
müsabiqəsinin elan edilməsi isə əməkdaşlığın artıq yeni mərhələyə keçdiyini
göstərir.
Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də
beynəlxalq və regional platformalarda qarşılıqlı dəstəyin yüksək səviyyədə
olmasıdır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatında fəal rol oynayır və türk
dünyasının birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verir. Eyni zamanda,
BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər
beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıq davam etdirilir.
Azərbaycan ilə Özbəkistanın yaxınlaşması bütövlükdə Mərkəzi Asiya ilə
Azərbaycan arasında əlaqələrin inkişafına da mühüm təsir göstərir. Xəzər dənizi iki
regionu ayıran deyil, birləşdirən mühüm coğrafi və strateji amilə çevrilib. Bu
baxımdan Azərbaycan-Özbəkistan əməkdaşlığı təkcə ikitərəfli münasibətlər
çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq və nəqliyyat-kommunikasiya
imkanları baxımından da mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki,
Azərbaycan-Özbəkistan münasibətləri keçmişin ortaq dəyərləri üzərində
qurulmaqla yanaşı, gələcəyə hesablanmış strateji tərəfdaşlıq məzmunu daşıyır.
Qarşılıqlı səfərlər, dövlətlərarası mexanizmlər, iqtisadi layihələr, humanitar
əlaqələr və beynəlxalq platformalarda həmrəylik bu münasibətlərin davamlı
inkişafını təmin edən əsas amillərdir.

Ən əsası isə Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin yalnız
dövlətlərarası əlaqə deyil, xalqlarımızın ürəyindən gələn qardaşlıq münasibəti
olmasıdır. Prezident İlham Əliyevin ifadə etdiyi “dərin qarşılıqlı rəğbət” anlayışı
məhz bu reallığı əks etdirir.
Bu gün Azərbaycan və Özbəkistan arasında formalaşmış müttəfiqlik münasibətləri
türk dünyasının birliyi və həmrəyliyi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Əminliklə demək olar ki, ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan
Azərbaycan-Özbəkistan qardaşlığı bundan sonra da yeni layihələr və yeni
təşəbbüslərlə daha da möhkəmlənəcək, iki ölkənin və bütövlükdə türk dünyasının
inkişafına mühüm töhfələr verəcəkdir.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31