Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ortaq tarixi kökdən qlobal iqtisadi sinerjiyə ucalan qardaşlıq

Ortaq tarixi kökdən qlobal iqtisadi sinerjiyə ucalan qardaşlıq

24.08.2026 [14:32]

​Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı mətbuata verdiyi rəsmi bəyanat iki qardaş ölkə arasında formalaşan münasibətlərin yeni inkişaf səhifəsini və gələcək baxışını aydın şəkildə nümayiş etdirdi. Bu bəyanatda vurğulandığı kimi, köklü tarihi bağlara, ortaq dil, din və mədəni dəyərlərə söykənən ikitərəfli əlaqələr son illərdə keyfiyyətcə tamamilə yeni, strateji yüksəliş mərhələsinə qədəm qoymuşdur. İki dövlət başçısının sarsılmaz siyasi iradəsi, qarşılıqlı etimada əsaslanan şəxsi dostluğu və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Cənubi Qafqaz ilə Mərkəzi Asiya regionu vahid geosiyasi və geoitisadi məkanda birləşir. Xüsusilə Özbəkistanda Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən hərtərəfli dövlət reformaları, iqtisadiyyatın şaxələndirilməsi, sənaye potensialının gücləndirilməsi, kənd təsərrüfatının modernləşdirilməsi və xarici sərmayələr üçün əlverişli mühitin yaradılması ölkəni qlobal arenada nüfuzlu bir aktora çevirmişdir. Bu sürətli inkişaf dinamikası və bərqərar olan sabitlik Azərbaycan-Özbəkistan ikitərəfli tərəfdaşlığının daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.
​ ​ Mətbuata verilən bəyanatda xüsusi qeyd olunduğu kimi, iki qardaş dövlət arasında iqtisadi əməkdaşlığın miqyası günü-gündən genişlənir və qarşıya qoyulan 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi artıq uzaq bir arzu deyil, yaxın gələcəkdə reallaşacaq dəqiq hesablanmış nəticə kimi dəyərləndirilir. Tərəflərin həyata keçirdiyi parallel inkişaf kursu energetika, nəqliyyat-loqistika, sənaye, kənd təsərrüfatı, avtomobil istehsalı, dağ-mədən və turizm kimi aparıcı sahələrdə böyük investisiya layihələrinin icrasına imkan verir. Bu istiqamətdə təsis edilən Azərbaycan-Özbəkistan Birgə İnvestisiya Fondu, iki ölkənin bank-maliyyə sektorunda atılan qarşılıqlı addımlar, SOCAR-ın Özbəkistanda pərakəndə satış bazarına daxil olması və karbohidrogen resurslarının kəşfiyyatı üzrə başladılan birgə layihələr iqtisadi inteqrasiyanın praktiki bəhrələridir. Ən mühüm məqamlardan biri də odur ki, bu əməkdaşlıq yalnız paytaxtlar — Bakı və Daşkənd səviyyəsində qalmır, regionlararası forumlar və sıx işgüzar təmaslar sayəsində hər iki ölkənin digər şəhər və vilayətlərini də əhatə edərək real sinerji yaradır.
​ Dövlət başçısının bəyanatında da öz əksini tapdığı kimi, bu sarsılmaz tərəfdaşlıq yalnız maddi göstəricilərlə və rəqəmlərlə deyil, həm də yüksək mənəvi dəyərlərlə möhkəmləndirilmişdir. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpası və yenidən qurulması prosesində Özbəkistanın göstərdiyi qardaşlıq dəstəyi bunun parlaq nümunəsidir. Füzulidə inşası başa çatan Mirzə Uluqbəy adına müasir məktəb binası və Xankəndidə fəaliyyətə başlayan birgə sənaye müəssisələri ölkələrimiz arasındakı həmrəyliyin əbədi rəmzinə çevrilmişdir. Ali Dövlətlərarası Şuranın iclaslarında qəbul edilən mühüm qərarlar, imzalanan çoxsaylı ikitərəfli sazişlər və ölkə liderlərinə təqdim olunan ən ali dövlət təltifləri — "Heydər Əliyev" və "Dostluq" ordenləri Bakı ilə Daşkəndin vahid gələcəyə doğru inamla addımladığını, bu tərəfdaşlığın isə bütün Avrasiya regionunda sülhə, sabitliyə və inkişafa xidmət etdiyini sübut edir.

YAP Tərtər rayon təşkilatının məsləhətçisi Səltənət Möhsünlü

 Hörmətlə, YAP Tərtər Rayon Təşkilatı

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31