Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 26 Avqust – Laçın Şəhəri Günü: Zəfərdən quruculuğa uzanan yol

26 Avqust – Laçın Şəhəri Günü: Zəfərdən quruculuğa uzanan yol

25.08.2026 [16:37]

26 avqust Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyan günlərdən
biridir. Bu tarix 2022-ci ildə Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın
nəzarətinə qaytarılması ilə əlamətdar olmuşdur. Prezident İlham Əliyevin 31 iyul
2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun Laçın Şəhəri Günü kimi qeyd edilməsi isə
bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin göstəricisidir.
Laçının zəngin və qədim tarixi vardır. 1923-cü ildə Abdallar kənd yaşayış
məntəqəsi Laçın adlandırılaraq şəhər statusu almış, 1930-cu ildə isə Laçın rayonu
inzibati ərazi vahidi kimi təşkil edilmişdir. Ümumi sahəsi 1835 kvadrat kilometr olan
rayon zəngin təbiəti, geniş yaylaqları, meşələri, dağları və su ehtiyatları ilə seçilir.
Rayonun əlverişli coğrafi mövqeyi onun hər zaman mühüm strateji əhəmiyyət
daşımasına səbəb olmuşdur.
Lakin Azərbaycanın digər əraziləri kimi Laçın da Ermənistanın işğalçılıq
siyasətinin ağır nəticələri ilə üzləşmişdir. 1992-ci il mayın 18-də Laçın rayonunun
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması Azərbaycan üçün böyük faciəyə
çevrildi. İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarından didərgin salındı,
yüzlərlə insan həlak oldu və itkin düşdü. Rayonun sosial, mədəni və iqtisadi
infrastrukturu dağıdıldı, tarixi-mədəni irsə qarşı vandalizm törədildi.
İşğal illərində Ermənistan tərəfindən Laçında qanunsuz məskunlaşdırma
siyasəti həyata keçirildi, coğrafi adlar dəyişdirildi, təbii sərvətlər talan edildi, rayonun
demoqrafik və tarixi simasının dəyişdirilməsinə cəhd göstərildi. Bütün bunlar
beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməllər idi.
Azərbaycan xalqı isə bütün bu illər ərzində öz doğma torpaqlarının azad
ediləcəyinə inamını qorudu. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi
Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi. Müharibədən sonra imzalanmış üçtərəfli
bəyanata uyğun olaraq 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı.
2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Beləliklə, Laçının tarixində yeni mərhələ – azadlıq və dirçəliş dövrü başladı.
Laçının azad olunması uğrunda döyüşlərdə iştirak edən Azərbaycan
hərbçilərinin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçının azadlığı uğrunda
döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş 8418 hərbi qulluqçu “Laçının azad
olunmasına görə” medalı ilə təltif olunub.
Bu gün Laçın yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın Böyük
Qayıdış siyasətinin və Qarabağda aparılan genişmiqyaslı quruculuğun rəmzlərindən
biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə
çevriləcək. Bu gün Laçında həyata keçirilən işlər həmin məqsədin ardıcıl və sistemli
şəkildə reallaşdırıldığını göstərir.
Hazırda Laçında nəqliyyat infrastrukturu da sürətlə yenilənir. Kəlbəcər-Laçın
avtomobil yolunun inşası rayonun digər bölgələrlə əlaqəsini daha da asanlaşdıracaq.
Yol üzərində tunellərin və körpülərin tikintisi mürəkkəb relyef şəraitində həyata
keçirilən böyük mühəndislik layihəsidir.
Laçının beynəlxalq əhəmiyyətini artıran ən mühüm layihələrdən biri də Laçın
Beynəlxalq Hava Limanıdır. 2021-ci ildə təməli qoyulan hava limanı 28 may 2025-ci
ildə istifadəyə verilib. Qorçu kəndində, dəniz səviyyəsindən təxminən 1700 metr

yüksəklikdə yerləşən hava limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur.
Bu mühüm nəqliyyat infrastrukturu Laçının və bütövlükdə Qarabağın turizm, iqtisadi
və beynəlxalq əlaqələrinin inkişafına yeni imkanlar yaradır.
Laçın şəhərinin gələcək inkişafı 2040-cı ilədək təsdiq edilmiş Baş Plan əsasında
həyata keçirilir. Şəhərdə yaşayış binaları, məktəblər, xəstəxana, peşə təhsili
müəssisələri, mədəniyyət və turizm obyektləri yaradılır. “15 dəqiqəlik şəhər” prinsipi
əsasında hazırlanan plan sakinlərin gündəlik ehtiyac duyduğu xidmətlərə rahat
çıxışını təmin etməyi nəzərdə tutur.
Böyük Qayıdış proqramı çərçivəsində laçınlıların doğma yurda qayıdışı da
davam edir. 2023-cü il mayın 28-dən başlayan qayıdış prosesi nəticəsində Laçın
şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə yüzlərlə ailə köçürülüb. İnsanların öz
doğma evlərinə qayıtması Laçının dirçəlişinin ən mühüm göstəricisidir. Yeni yaşayış
məhəllələri, məktəblər, uşaq bağçaları, tibb və inzibati obyektlər sakinlərin rahat və
təhlükəsiz yaşayışı üçün bütün şəraitin yaradılmasına xidmət edir.
2026-cı il iyulun 11-də “Həkəriçay” su anbarının təməlinin qoyulması Laçının və
bütövlükdə Qarabağın gələcək inkişafı baxımından mühüm hadisədir. Layihənin
həyata keçirilməsi geniş ərazidə içməli su təminatının yaxşılaşdırılmasına, kənd
təsərrüfatının və digər sahələrin inkişafına, eyni zamanda yeni enerji imkanlarının
yaradılmasına şərait yaradacaq.
Bu gün Laçın işğalın ağır izlərini öz üzərindən silərək sürətlə inkişaf edən,
müasir şəhər siması qazanan bir məkana çevrilir. Burada tikilən hər bir ev, açılan hər
bir məktəb, qurulan hər bir müəssisə və həyata keçirilən hər bir infrastruktur layihəsi
Azərbaycanın öz torpaqlarına qayıdışının real ifadəsidir.
Laçın Şəhəri Günü həm qəhrəmanlıq tariximizin, həm də gələcəyə inamımızın
rəmzidir. Bu gün Laçında Azərbaycan bayrağının dalğalanması, sakinlərin öz doğma
yurdlarında yaşaması və şəhərin yeni görkəmdə inkişaf etməsi tarixi ədalətin bərpa
olunmasının ən parlaq nümunəsidir.
26 Avqust – Laçın Şəhəri Günü münasibətilə hər bir Laçın sakini və bütün
Azərbaycan xalqı üçün əlamətdar olan bu tarixi gün bir daha göstərir ki, milli birlik,
güclü dövlət və Müzəffər Ordunun yaratdığı Zəfər Azərbaycanın ərazi bütövlüyünün
bərpasını və işğaldan azad edilmiş torpaqlarımızın yeni inkişaf dövrünə qədəm
qoymasını təmin edib. Laçın artıq keçmişin ağrılarından gələcəyin böyük uğurlarına
doğru inamla addımlayan Azərbaycanın Zəfər və quruculuq şəhəridir.
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri: Anar Alışov

Paylaş:
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31