Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / AQEM-in 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin zəfərə söykənən qlobal sülh strategiyası

AQEM-in 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin zəfərə söykənən qlobal sülh strategiyası

16.10.2026 [15:56]

Asiya və Avropanın kəsişməsində geosiyasi baxımdan mühüm mövqeyə malik olan Azərbaycan, Avrasiya məkanında birləşdirici və həlledici rolunu günbəgün daha da möhkəmləndirir. Ölkəmiz istər ikitərəfli, istərsə də çoxitərəfli platformalar çərçivəsində müstəqil xarici siyasət kursu yürüdərək regionda sabitliyin, təhlükəsizliyin, nəqliyyat, energetika və humanitar əməkdaşlığın inkişafına misilsiz töhfələr verir. Bu dinamik xarici siyasət strategiyasında dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərə qarışmama ilkələrinə sadiqlik əsas prinsip kimi ön plana çıxır. Məhz bu barışmaz və qətiyyətli mövqeyin bariz nümunəsi Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki proqram xarakterli çıxışında öz əksini tapmışdır.

Müstəqilliyini bərpa etdikdən bəri beynəlxalq aləmdə ikili standartlarla uzlaşmalı olan Azərbaycan, 30 il ərzində torpaqlarının 20 faizinin işğalı, bir milyondan çox soydaşımızın doğma ocaqlarından didərgin düşməsi və etnik təmizləmə faciələri ilə üz-üzə qalmışdı. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, ATƏT-in Minsk qrupu kimi vasitəçilik institutları yalnız prosesi imitasiya etməklə və münaqişəni dondurmaqla məşğul olmuşdu. Qərb təsisatları, o cümlədən Avropa Parlamenti və Avropa Şurası isə təcavüzkara təzyiq göstərmək əvəzinə, daim ədalətsiz şəkildə Azərbaycanı hədəf almış, təcavüzkar Ermənistanı cəzasızlıq mühiti ilə daha da həvəsləndirmişdir. Hətta 2018-ci ildən sonra Ermənistanın indiki rəhbərliyi də sələflərinin cinayətkar xəttini davam etdirərək, "Qarabağ Ermənistandır" kimi təhrikçi bəyanatlarla və yeni torpaqlar uğrunda yeni müharibə hədələri ilə sülh prosesini tamamilə iflic etmişdi.

Bütün bu ədalətsizliklərə, beynəlxalq laqeydliyə və Ermənistanın 2020-ci ilin yayındakı ardıcıl hərbi təxribatlarına cavab olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandı. Döyüş meydanında erməni faşizminin belini qıran xalqımız 300-dən çox şəhər və kəndi azad edərək düşməni kapitulasiya aktına imzaatmağa məcbur etdi. Müharibədən sonra da Ermənistanın sülh imkanlarından yayınması və revanşist cəhdlər etməsi fonunda, 2023-cü ilin sentyabrında həyata keçirilən bir sutkadan da az çəkən lokal antiterror tədbirləri ilə şanlı Azərbaycan əsgərinin "Dəmir yumruq" gücü yenidən sözünü dedi. Separatizmin kökü kəsildi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Tankları ilə Bakını fəth edəcəklərini deyib bizi hədələyən separatçı rəhbərlər və hərbi cinayətkarlar bu gün Azərbaycan məhkəmələri qarşısında cavab verir, onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Azərbaycanın seçimi heç vaxt müharibə olmamışdır. Beynəlxalq təşkilatlar vaxtında təcavüzkara qarşı sanksiyalar tətbiq etsəydi, müharibəyə ehtiyac qalmazdı. Lakin xalqımızın dözümü tükəndikdə, dövlətimiz beynəlxalq hüququ öz gücü ilə bərpa etdi. Qalib gəldikdən sonra belə böyüklük nümayiş etdirən ölkəmiz düşməndən qisas almamış, barbarların səviyyəsinə enməmiş, əksinə, regionda dayanıqlı sülhün bərqərar olması üçün ilk addımları atmışdır. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin nəticəsidir ki, Azərbaycan son iki illik sədrlik dövründə AQEM-in güclənməsinə, onun institusional və hüquqi bazasının möhkəmlənməsinə xüsusi töhfələr vermişdir. Ölkəmizin təşəbbüsləri ilə nəqliyyat, rəqəmsallaşma, ətraf mühit, eləcə də iqtisadi və təhlükəsizlik sahələrində dialoq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Müzəffər Lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında adını tarixə yazmış, həm də diplomatik masada regional və qlobal təhlükəsizliyin əsas söz sahibinə çevrilmişdir

Səltənət Möhsünlü

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31