Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisdə nələr oldu?

Milli Məclisdə nələr oldu?

24.11.2021 [10:46]

“2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib

Noyabrın 23-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. Hökumət üzvlərinin də iştirakı ilə baş tutan toplantı cari məsələlərin müzakirəsi ilə başlayıb. 

Fransanın növbəti qərəzi pisləndi

Milli Məclisin üzvləri Fransa-Azərbaycan münasibətləri və Fransa səfirinin Ağdam səfəri ilə bağlı çıxış ediblər.

Deputat Soltan Məmmədov bildirib ki, Fransa hökumət nümayəndələrinin xarici siyasət sahəsində atdığı addımlar Fransa qanunvericiliyinə ziddir: “Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Fransanın müxtəlif şəhər və bölgələri işğalda olan ərazilərlə  bağlı  28 qeyri-qanuni “sənəd” imzalayıb. Səfirliyimizin fəaliyyəti nəticəsində bunlardan 11-i məhkəmə qərarları ilə ləğv edilib, 2-si barədə isə məhkəmədə iddia qaldırılıb. Azərbaycan 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünü bərpa edib. İndiki mərhələdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti yalnız Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına xidmət edə bilər. Hesab edirəm ki, Fransanın bəzi dövlət qurumları bu cür qərəzli addımlar atmaqdansa Fransa səfirinin işğaldan azad olunmuş Ağdama dünənki səfəri zamanı gördüyü dağıntılarla əlaqədar təəssüratlarını öyrənsəydilər daha düzgün olardı. Noyabr ayının 23-də Fransa Senatında senatın prezidentinin himayəsi və Ermənistan parlament nümayəndə heyətinin iştirakı ilə “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qərəzli qətnamənin qəbul edilməsinin ildönümünə həsr olunan tədbirin keçirilməsi bir daha Fransanın münasibətinin nə qədər qərəzli olduğunu və Minsk Qrupunun həmsədri kimi öz öhdəliklərini yerinə yetirə bilmədiyini göstərir”.

Deputat Tural Gəncəliyev Fransanın Cənubi Qafqaz siyasətində ciddi səhvlər olduğunu qeyd edib: “Fransanın bu cür davranışı həm liderlik böhranının, həm də xarici siyasət kursunun formalaşdırılmasında ciddi səhvlərin olduğunu göstərir. Fransanın hələ də regionda yaranan yeni reallıqları qəbul etmədiyini görürük. Regiona dəxli olmayan bir ölkənin əsassız iddialarını qəbul etmirik. Bundan sonra Fransa Cənubi Qafqaz siyasətində ehtiyatlı olmalıdır, əks halda onların Cənubi Qafqazda batmaqda olan nüfuzu daha da dərinliyə çökəcək”.

Tahir Kərimli üzr istədi

Deputat Tahir Kərimli cari məsələlər barədə fikir bildirərkən Milli Məclisin noyabrın 17-də keçirilən iclasında parlament əməkdaşlarına ev və maşın verilməsi ilə bağlı mübahisəli çıxışına da aydınlıq gətirib. Qeyd edib ki, Milli Məclisdə müvafiq sənədlərlə bağlı topladığı məlumatlarda müəyyən qədər yanlışlıq var: “Burada işləyən sürücülərin nəinki əməkhaqqı kəsilməyib, onlar üçün dövlət hesabına kurs təşkil olunub ki, dərəcələrini artırsınlar və daha yüksək maaş alsınlar. Gördüm ki, uzun müddət Milli Məclisdə işləyən xeyli təcrübəli insan vəzifələrə irəli çəkilib. Məsələn, ekspertlər müşavir vəzifəsinə təyin olunublar. Məlum çıxışıma görə deputatlar da, sosial şəbəkələrin fəalları da haqlı olaraq məni qınadılar. Mən, doğrudan da yanlışlığa yol vermişəm. Elə bilmişəm, indiki vəziyyətdə Milli Məclisdə ehtiyacı olanlara da mənzil vermək olar. Sahibə xanım, sizdən və xalqımdan da üzr istəyirəm”.

Çıxışdan sonra Sahibə Qafarova Tahir Kərimliyə yanlış məlumatları cəmiyyətə ötürməməyini tövsiyə edib.

Həmçinin deputatlar Hikmət Məmmədov, Aydın Mirzəzadə, Razi Nurullayev, Zahid Oruc, Siyavuş Novruzov da məsələ ilə bağlı fikirlərini bildiriblər.

Gələn ilin dövlət büdcəsi müzakirə edildi

Sonra “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Gələn ilin büdcə göstəricilərini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Daha sonra qanun layihəsinin müzakirəsinə başlanılıb.

Deputat Vüqar Bayramov büdcəyə münasibət bildirərkən qeyd edib ki, gələn il dövlət büdcəsində yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulur: “Bu baxımdan gələn ilin büdcəsində mühüm məqamlardan biri də Azərbaycanda sosial xərclərin ÜDM-də payının artmasıdır. Ölkəmizdə gələn il sosial xərclərin ÜDM-də payı 16 faizdən çox olacaq. Bu isə, hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir. Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlandda 16.0 %, İrlandiyada 13.4 %, Koreyada 12.6 %, Çilidə 12.2 %, Türkiyədə12.0 %, Meksikada 7.5 fazidir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir. Azərbaycan bu göstərici üzrə OECD ortalamasına yaxınlaşmaqdadır. Adambaşına düşən büdcə xərci gələn il cari məzənnə ilə 1757 dollar olacaq və göstəriciyə görə Azərbaycan əksər MDB ölkələrini geridə qoyacaq”.

Deputatlar problemlərdən danışdılar

Deputat Tahir Kərimli bahalaşma problemindən danışıb: “Hökumət elə düşünür ki, biz onların işlərində ancaq nöqsan axtarırıq. Ancaq nöqsan axtaranın elə özü də nöqsanlıdır. Hökumət bilməlidir ki, biz ölkəmizin inkişafında maraqlıyıq. Ona görə də xahiş edirəm ki, bəzi məsələləri süngü ilə qarşılamasınlar. Sabitlik çox vacibdir. Azərbaycanda da daxili sabitlik yüksək səviyyədədir. Ancaq bu gün Azərbaycanda bahalaşma var. Hökumətdən xahiş edirəm ki, bunu əsaslandırın. Bəlkə insanları inandıracaqsınız. Bahalaşma belimizi qırır”.

Deputat Naqif Həmzəyev “Bakı-Gəncə sürət elektrik qatarının yenidən işə salınması ilə bağlı məsələyə fikir bildirib: “Bununla bağlı Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) müraciət etmişəm. Bakıya qatarın işləməməsi Gəncə sakinlərini narahat edir. Təklif edirəm ki, bu qatarın işinin bərpası üçün ADY-yə vəsait ayrılsın”.

Deputat Səttar Möhbalıyevin sözlərinə görə, Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yeri var: “Bununla bağlı monitorinq keçirilib. Bizim AHİK olaraq 3 il əvvəl apardığımız monitorinqə əsasən, Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yerləri var”.

S.Möhbalıyev işçilərin iş saatından artıq işlədilməsi məsələsinə də toxunub: Qanunvericiliyə əsasən, Azərbaycanda iş saatı 8 saatdır. İqtisadi qurumlar həmin yerlərdən tələb etməlidir ki, 2 növbəli iş sisteminə keçid etsinlər. Bu işsizliyin aradan qaldırılmasına, daxili miqrasiyanın azalmasına səbəb olacaq. Bəzi sahələrdə insanlar 16-17-18 saat işlədilir. Buna nəzarət artırılmalıdır”.

Deputat Sadiq Qurbanov paytaxtda bərk məişət tullantılarının daşınması ilə bağlı yaranan problemə münasibət bildirib: “Regionlarda bu sahədə vəziyyət daha acınacaqlıdır. 2020-ci ilin dövlət büdcəsində “Təmiz Şəhər” Səhmdar Cəmiyyətinə 33 milyon manat vəsait ayrılıb. Bu çox böyük rəqəm görünsə də, Azərbaycanda bərk məişət tullantılarının daşınması ilə bağlı görülən işlər tam əksini söyləyir. Bərk məişət tullantılarının vaxtında daşınmaması torpaqlara ciddi ziyan vurur. Düşünürəm ki, indi “Təmiz Şəhər” konsepsiyasından “Təmiz Ölkə” konsepsiyasına keçmək vaxtıdır. Ölkədə bərk məişət tullantılarının daşınması və utilizasiyasının özəl sektora verilməsi çox vacibdir”.

Deputatlar Elşad Mirbəşiroğlu, Hicran Hüseynova, Bəxtiyar Əliyev, Tahir Rzayev, Aydın Hüseynov, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Fazil Mustafa, Tural Gəncəliyev, İsa Həbibbəyli, Etibar Əliyev, Aqil Məmmədov, Azər Kərimov da büdcəyə münasibət bildiriblər, eləcə də seçicilərinin problemlərini diqqətə çatdırıblar.

Məmurlar da müzakirəyə qoşuldular

Sonra çıxış üçün söz iqtisadiyyat nazirinin müavini Sevinc Həsənovaya verilib. Onun sözlərinə görə, cari məzənnə və makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər həm monetar, həm də iqtisadi siyasət çərçivəsində görüləcək: “Artım nəticəsində adambaşına düşən ümumdaxili məhsulumuz 10 min manatı keçəcək. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2022-2026-cı ildə dünyada iqtisadi orta illik artım tempinin 3,7 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 4,6 faiz olması proqnozlaşdırılır. Bizim strategiyamızın icrası nəticəsində qeyri-neft sektorunun (5 faizdən çox) və ÜDM-in (4 faiz ətrafında) artımı BVF-in proqnozlarından yüksəkdir. Təkanverici sahələrimiz qeyri-neft sənayesi olacaq. Burada 8 faizdən çox artım proqnozlaşdırılır”.

Maliyyə naziri Samir Şərifov bildirib ki, səhiyyə xərcləri ildən-ilə artır: “Biz öz imkanlarımızı kifayət qədər düzgün qiymətləndirməliyik. İcbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində aparılan mühüm islahatlardan biridir”. Maliyyə naziri qeyd edib ki, təhsil sahəsinə maliyyə təminatının ayrılması aktual məsələ kimi mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramına əsasən, biz prioritetlər üzərində işləməli və işimizi bu istiqamətdə qurmalıyıq. Hədəflərin təmin edilməsi üçün maliyyə resursları kimi, intellektual və texniki resurslara da ehtiyac var”.

Nazirin sözlərinə görə, Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı kimi göstəricilər var: “Əsas məqsəd odur ki, ehtiyac meyarı yaşayış minimumuna bərabər olsun. Belə olan təqdirdə, ehtiyac meyarı kimi göstəriciyə gərək qalmayacaq. Bu istiqamətdə iş aparılır. Yəqin ki, biz məqsədə nail olarkən bir çox ölkələrdə olduğu kimi, ehtiyac meyarı ləğv edilə bilər”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov böyrək transplantasiyası məsələsinin cəmiyyətdə müzakirə olunmasına münasibət bildirib: “Böyrək transplantasiyası ilə bağlı məsələ cəmiyyətdə müzakirə edilən problem olsa da, əhəmiyyətlilik dərəcəsi ilə bağlı inkişaf etmiş ölkələrdə xəstəliklər sırasında 9-12-ci yerlərdədir. Dayanıqlı inkişaf məqsədimizdə də məhz böyrək çatışmazlığı ilə bağlı hər hansı bir indikator nəzərdə tutulmur. Lakin bizim ölkədə son 8-10 ildə xüsusi dövlət proqramı qəbul edilib. Sonuncu “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramı 2016-2020-ci illəri əhatə edir. 2022-ci ildə də bu sahəyə 39 milyon manata yaxın vəsaitin verilməsi nəzərdə tutulur”.

Sədr qeyd edib ki, növbəti il üzrə Hesablama Palatasının iş planına bu dövlət proqramı ilə bağlı məsələ də daxil edilib: “Son illər proqramın hədəflərinin nə dərəcədə yerinə yetirilməsi məsələlərini, transplantasiya və ya hemodializ metodlarından hansının maliyyə cəhətdən daha sərfəli olması və orta yaş müddətinə nə dərəcədə təsir etməsi ilə bağlı nəzarət tədbirinin aparılmasını planlaşdırırıq”.

Qanun layihəsi ikinci oxunuşda qəbul edildi

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsini təqdim edib. Qanun layihəsi səsvermədən sonra ikinci oxunuşda qəbul edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxışı zamanı bildirib ki, Bakı, Sumqayıt, Abşeron, Samux rayonlarından olan şəhid ailələri cari il ərzində mənzillərlə təmin ediləcəklər. Onu da qeyd edib ki, ölkə miqyasında post-müharibə və “Məşğulluq marafonu” tədbirləri başladılıb, 8200-dən çox şəhid ailəsi, qazi və müharibə iştirakçısının məşğulluğu təmin edilib.

Sonra Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsini təqdim edib. Qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Deputat Əli Məsimli qanun layihəsinin birbaşa səsə qoyulmasına etirazını bildirib: “Şəhid ailələrinin üzvləri və qazilər işsizlikdən əziyyət çəkirlər. İnsanların yerlərdə şikayəti ən çox bu məsələdəndir. Azərbaycan kimi ölkələrdə işsizlik göstəricisi 7%-dən artıqdırsa, bu, iqtisadi və sosial fəsadlar yaradır. İndi 180 milyon manatla bu qədər yığılıb qalan problemləri həll etmək mümkün deyil”.

Müzakirədən sonra qanun layihəsi səsvermə əsasında ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisinin iclası başa çatıb.

Günel Abbas

 

 

 

Paylaş
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30