Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beyin Mərkəzlərinin I Forumu

Beyin Mərkəzlərinin I Forumu

29.09.2022 [10:15]

Günel ABBAS

Dövlət siyasətinin formalaşmasında beyin mərkəzləri önəmli rol oynayır. Bu təcrübə artıq dünya ölkələrində çox məşhurdur, hətta Qərb dövlətləri öz siyasətlərini əsasən beyin mərkəzlərinin araşdırmaları əsasında qurur. Mərkəzlər siyasi məsələlərdə dövlətin inkişafına dəstək olan xüsusi sifarişlər əsasında hesabatlar hazırlayır. Dövlət isə bu hesabatlara müvafiq olaraq, müəyyən məsələlər üzrə atacağı addımları müəyyənləşdirir. ABŞ-ın Pensilvaniya Universitetinin keçirdiyi “Beyin Mərkəzləri” reytinqinə Azərbaycan da daxil edilib. Belə ki, 16-sı Azərbaycanda qeydə alınan beyin mərkəzləri həmin siyahıda yer alıb. Bundan əlavə, beyin mərkəzlərinin sayına görə Azərbaycan Asiya regionu üzrə 15-ci pillədə qərarlaşır. Dünya üzrə siyahıya ABŞ başçılıq edir. Birləşmiş Ştatlarda 2 minə yaxın beyin mərkəzi fəaliyyət göstərir.

Bu mənada son illər Azərbaycanda Beyin Mərkəzlərinin inkişafına xüsusi diqqət göstərilir. Sentyabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutan Azərbaycan Beyin Mərkəzlərinin I Forumu bu sahədə əldə olunan inkişaf nümunələrindən biridir. Forumun keçirilməsində əsas məqsəd beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması və onların fəaliyyətinin dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın və əməkdaşlığın qurulmasının təmin edilməsidir. Forum, eyni zamanda, beyin mərkəzlərinin cəmiyyətdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Forumda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusif­ova bu məsələyə diqqət çəkib. Bildirib ki, beyin mərkəzləri dövlətin gələcək?? idarə edilməsi strategiyasının tərkib hissəsidir. O qeyd edib ki, beyin mərkəzləri proqnozlar verir, gələcəyin mümkün ssenarisini hazırlayır: “Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır. Bu, beyin mərkəzləri üçün yeni çağırışdır. Analitik mərkəzlər qeyri-müəyyən gələcəyə hazır olmalıdır”.

S.Yusifovanın sözlərinə görə, siyasi qütbləşmə dünyadakı analitik mərkəzləri narahat edən məsələlərdəndir: “Hazırda beyin mərkəzlərinin qarşısında duran daha bir çağırış informasiyanın hazırkı sürətinə uyğunlaşmaqdır. İnformasiya texnologiyalarının inkişafı məlumat bolluğu yaradır və məlumatın toplanmasını asanlaşdırır. Lakin eyni zamanda, dezinformasiyalar artır”.

O bildirib ki, digər postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da beyin mərkəzləri Sovet İttifaqının dağılmasından sonra formalaşmağa başlayıb: “Əslində, son bir neçə ildə Azərbaycanda beyin mərkəzləri artır. Bu, obyekiv araşdırmaya tələbatın artmasından xəbər verir. Onları daxili və xarici siyasətlə məşğul olmaqla iki yerə bölmək olar. Amma bu, şərtidir. Çünki müasir dünyada xarici və daxili siyasət bir-biri ilə bağlıdır”.

“Ukraynadakı müharibə fonunda dünya liderləri BMT-də islahatlardan danışmağa başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu məsələyə toxunub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qərarlarını özü icra etdi. Bu, ilk belə hal idi”, - S.Yusifova əlavə edib.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bildirib ki, Azərbaycan öz müstəqilliyini Vətən müharibəsində hərb meydanında yenidən qazandı: “Vətən müharibəsi dünyadakı bütün savaşların ədalətlə başa çatmasını göstərən unikal nümunədir. Ölkənin beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır. Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun Vətən müharibəsinin ikinci ildönümündə keçirilməsi mühüm hadisədir”.

Deputatın fikrincə, Azərbaycanda analitik mərkəzlərin yaranması 2000-ci illərdən formalaşmağa başlayıb: “Bu forum mühüm platformadır. Azərbaycanda beyin mərkəzlərinin kəmiyyət artımını keyfiyyət müstəvisinə çıxarmaq lazımdır. Ona görə də beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, beyin mərkəzləri cəmiyyət və dövlətin səviyyəsinə uyğundur: “Əlbəttə, hər şey ideal deyil. Beyin mərkəzləri cəmiyyət və dövlətin səviyyəsinə uyğundur. Nə çox yuxarı səviyyədə ola bilər, nə da aşağı. Sosial Tədqiqatlar Mərkəzinin sorğuları ictimai rəyi öyrənmək baxımından çox əhəmiyyətlidir”, - deyə o bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrin fəaliyyəti ciddi təhlil edilir: “Əlbəttə, başqa cür ola bilməz. Çünki sosial şəbəkə cəmiyyətin barometridir”.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazovun sözlərinə görə, Azərbaycanda hərbi-siyasi təhlil sahəsində müəyyən boşluqlar var: “Ona görə də güclü beyin mərkəzlərinə ehtiyac var. Ermənistan-Azərbaycan danışıqları “girovdadır”. Buna təsir edən isə geopolitik mübarizədir. Bu mübarizə Ermənistana mane olur”. Politoloqun fikrincə, geosiyasi durum region üçün çox vacibdir: “Bizdə İranla, Türkiyə ilə bağlı yaxşı mütəxəssis həmişə olub. Amma Mərkəzi Asiya ilə bağlı ciddi araşdırmalar, demək olar ki, olmayıb. Halbuki bu, çox vacibdir. Mərkəzi Asiya ilə bağlı tədqiqatlara ehtiyac var”.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin direktoru Araz Aslanlı bildirib ki, bu gün Qafqaz evi bölgədə sülh üçün vacib olan modeldir. Onun sözlərinə görə, Qafqazın gələcəyi üçün siyasətçilərin, hərbçilərin və beyin mərkəzlərinin görəcəyi işlər fərqlidir: “Qafqazdakı sülh üçün ən azı buradakı üç ölkə birgə işləməlidir. Hətta yaxşı olar ki, ən azı üç qonşu ölkə də prosesə qoşulsun”. A.Aslanlı bildirib ki, Qərbdəki beyin mərkəzlərini da prosesə daxil etmək olar: “Müharibədən sonra Qafqazda sülh quruculuğu prosesində bu dövlətlərin birgə platformasını yaratmaq olar. Azərbaycan dövləti daxildəki beyin mərkəzlərinə belə bir model hazırlamaq üçün sifarişlər verə bilər. Sonra bu prosesi genişləndirmək mümkündür”.

Belçikanın “New direction” Beyin Mərkəzinin icraçı direktoru Vitold de Şevilli rəhbərlik etdiyi mərkəzin Azərbaycanda bir sıra beyin mərkəzləri ilə əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, “New direction” enerji təhlükəsizliyi və Avropa İttifaqının Rusiya qazının asılılığından necə qurtula biləcəyi ilə bağlı araşdırmalar aparır. O eləcə də Zəngəzur dəhlizi məsələsinə toxunub: “Zəngəzur dəhlizi regionda nəqliyyat-logistika kommunikasiyalarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu dəhliz Şərq ilə Qərbi birləşdirən qovşaq olacaq”.

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30