Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ərzaq təminatımız təhlükə qarşısında...

Ərzaq təminatımız təhlükə qarşısında...

08.10.2021 [10:31]

Tərəvəz məhsullarının idxalının artması ciddi narahatlıq doğurur

Azərbaycanın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, respublikamızda əsas kənd təsərrüfatı məhsullarına olan daxili tələbatı bütünlüklə yerli istehsal hesabına qarşılamaq mümkündür. Ölkəmiz son illərdə bu hədəfə yaxınlaşıb - ayrı-ayrı pozisiyalar üzrə daxili tələbatın yerli istehsal hesabına ödənilməsi yüz faizə çatıb, hətta müəyyən məhsullar üzrə ixrac imkanları da yaranıb.

Lakin cari ilin əvvəlindən bəri Azərbaycana kartof və bir sıra digər tərəvəz məhsullarının idxalının artması ciddi narahatlıq doğurur. Sual yaranır: Nə üçün Azərbaycanın ayrı-ayrı bölgələrində tərəvəz yetişdirilməsi üçün hərtərəfli imkanlar olduğu halda, ölkəmiz bir qism ərzaq məhsullarını yaxın, uzaq xarici ölkələrdən almalıdır? Aydın məsələdir ki, əhalinin müxtəlif məhsullara istehlakının ixrac hesabına ödənilməsi qiymətlərin bahalaşmasında özünü göstərir.

Yeri gəlmişkən, ekspertlər də son aylarda respublikamıza tərəvəz idxalının artmasından narahatlıqlarını bildirir və bunu Azərbaycanın ərzaq təminatına təhlükə kimi dəyərləndirirlər. Qeyd olunan məsələ ilə bağlı fikirlərini qəzetimizlə bölüşən Milli Məclisin deputatı Vüqar Bayramov 2021-ci ilin 7 ayında ölkəmizə idxalın strukturunda müşahidə edilən dəyişikliklərə diqqət çəkərək bildirib: “Aydındır ki, idxal ölkədən valyuta aparır, ixrac valyuta gətirir. Təbii ki, hər bir ölkənin bəlli həcmdə idxalı var. Bununla yanaşı, sözügedən dövrdə minik avtomobillərinin, o cümlədən digər texnoloji sənaye məhsullarının idxalının artması anlaşılan olsa da, kartof, tərəvəz, çay idxalındakı artımların xüsusi təhlil olunması məqsədəuyğundur. Belə ki, bu ilin 7 ayında təzə tərəvəz idxalı 43,3 faiz, o cümlədən kartof idxalı 14,1 faiz, çay idxalı 3,9 faiz artıb”. Cari ilin əvvəlindən bəri ölkəmizə qeyd olunan məhsulların idxalının artmasından narahatlığını bildirən V.Bayramov əlavə edib ki, ərzaq təminatı və ərzaq təhlükəsizliyi baxımdan kənd təsərrüfatı məhsullarının idxalının minimumlaşdırılması olduqca vacibdir.

Yaranmış vəziyyətə aydınlıq gətirilməsi üçün suallarımızı  Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarına ünvanladıq. “Yeni Azərbaycan”ın suallarını cavablandıran nazirliyin Aqrar Tədqiqatlar Mərkəzi İctimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq bölməsinin Baş mütəxəssisi Valeh İsmayılov bildirib: “2021-ci ilin yanvar-avqust aylarında Azərbaycana 100.8 min ton, ötən ilin eyni dövründə isə 75.1 min ton ərzaqlıq kartof idxal olunub. Ümumilikdə, hər il ölkəyə 130 min tona yaxın kartof idxalı həyata keçirilir. Bununla yanaşı, ilbəil istehsal artır, hər il ölkədə 1 milyon tona yaxın kartof istehsal olunur. Lakin məhsulu saxlamaq üçün yetərincə infrastruktur olmadığından kartof idxalına ehtiyac yaranır. Belə ki, kartof idxalı əsasən, mövsümdən sonrakı dövrdə baş verir. Bunun səbəbi isə kartofu saxlamaq üçün lazımi həcmdə soyuducu anbarın olmamasıdır. Hesablamalara görə, ölkədə hazırda kartof üçün 300 min ton tutumu olan soyuducu anbara ehtiyac var. Gələcəkdə bu məsələ həll olunduqdan sonra kartof idxalına da ehtiyac qalmayacaq”.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisinin bildirdiyinə görə, Azərbaycana 2021-ci ilin 8 ayı ərzində 12,8 min ton soğan və sarımsaq idxal edilib. 2021-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana, həmçinin 2,3 min ton xiyar idxalı həyata keçirilib, halbuki ötən ilin müvafiq dövründə bu göstərici cəmi min ton səviyyəsində olub.

Təəccüb doğuran haldır ki, bəhs olunan dövrdə respublikamıza göstərilən tərəvəz məhsullarının idxalının artması fonunda həmin məhsulların müəyyən həcmlərdə ixracı da həyata keçirilib. “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, 2021-ci ildə ölkədən rekord həcmdə - 91,8 min ton kartof ixrac edilib. Həmçinin ilin əvvəlindən bəri respublikamızdan 13.2 min ton soğan və sarımsaq ixracı həyata keçirilib, ölkəmizdən xiyar ixracının həcmi də böyük rəqəmlərlə ölçülür.

Anlaşılmaz vəziyyət göz önündədir. İnsanlar ticarət şəbəkələrində kartofu və digər tərəvəz məhsullarını mövsümə adekvat olmayan baha qiymətlərlə aldıqları halda, bu məhsulların ixrac edilməsi hansı məntiqə sığır? Və yaxud belə vəziyyətin yaranmasına səbəb olan amillər niyə aradan qaldırılmır?

Prezident İlham Əliyev ölkənin ayrı-ayrı bölgələrində logistik infrastrukturun yaradılmasının zəruriliyi məsələsini hələ bir neçə il bundan əvvəl gündəmə gətirmişdi. Vaxt ötsə də, cavabdeh qurumlar ölkə üzrə lazım olan qədər saxlama kameralarının yaradılmasına nail olmayıblar. Bunun əks-təsiri isə daxili bazarda kəskin şəkildə hiss olunur.

Daha bir vacib məsələ barədə. Əsas qida məhsullarından olan kartofa və digər tərəvəz məhsullarına tələbat artdıqca, daxili bazarda keyfiyyətsiz məhsullar da özünə yer edir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından “Afshin Ghoje Biglo Agha Mohammad Biglo” və “Saleh Ehsas Gojeh Bagloo” adlı təsərrüfat subyektləri tərəfindən ölkəmizə ixrac edilən kartof məhsulunda karantin tətbiq edilən kartof güvəsi (Phthorimaea operculella) aşkar edilib. Bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana kartof ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib. Agentliyin yaydığı məlumatda vurğulanır: “Bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması, xəstəliklərin aradan qaldırılması, məhsul itkisinə yol verilməməsi, ətraf mühitin və əhalinin sağlamlığının qorunması istiqamətində bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məqsədilə faktla bağlı respublikanın baş dövlət fitosanitar müfəttişi tərəfindən “Karantin tətbiq edilən zərərli orqanizm aşkar edilmiş məhsul idxalının qadağan edilməsi haqqında” 2021-ci il 21 sentyabr tarixli qərar qəbul edilib”.

Bütün bunlar həyəcan təbili çalmaq üçün əsas verir. İstehlakçıların haqlı narahatlıqları nəzərə alınmalıdır. Ölkəmizin ərzaq təminatına yaranan təhlükənin aradan qaldırılması, daxili bazarın qorunması üçün əlaqədar qurumlar səylərini artırmalı və koordinasiyalı fəaliyyətlərini genişləndirməlidirlər.

Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31