Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Gözəgörünməz dost və düşmən

Gözəgörünməz dost və düşmən

12.10.2021 [10:24]

Səsin sirləri: Öldürən və yaşadan, insana və şeytana xidmət edən dalğalar

 

Səs gələcəyin silahıdır və artıq o gələcəyin astanasındayıq.

İnsan həmişə müxtəlif səslər aləmində yaşayıb. Səs-küy səviyyəsi səs təzyiqinin dərəcəsini ifadə edən vahid olan desibellərlə (db) ölçülür. 20-30 db səs-küy səviyyəsi insanlar üçün zərərsizdir, yüksək səslər üçün yuxarı hədd 80 db hesab olunur. 130 db və daha yüksək səs titrəmələri insanda ağrı yaradır, 150 db hətta ölümə səbəb ola bilər. İstehsal müəssisələrində insanlar adətən 90-100 db səsə məruz qalırlar.

Hər bir insan səs-küyü fərqli qəbul edir. Çox şey yaşdan, sağlamlıq vəziyyətindən, ətraf mühit şəraitindən, orqanizmin xüsusiyyətlərindən asılıdır. Səs-küy ürək-damar sisteminin müxtəlif funksional pozğunluqlarına səbəb olur, vestibulyar analizatorlara zərərli və geridönməz təsir göstərir, refleks fəaliyyətini azaldır ki, bu da çox vaxt iş yerində bədbəxt hadisələr və yaralanmalara səbəb olur.

Tezliyi 16Hs-dən aşağı olan səslər infrasəs, 20 kHs-dən yuxarı olan səs isə ultrasəs adlanır. Nə qədər paradoksal görünsə də, insan səs-küyün mənfi təsirindən praktiki olaraq müdafiəsizdir.

 

Ultrasəsdən istifadənin bu günü və sabahı

 

Ultrasəslərdən tibb, geologiya, polad sənayesi, hərbi sənaye və s. sahələrdə geniş istifadə olunur. Ultrasəsin köməyi ilə geofiziklər qiymətli mineralların yataqlarını tapır və yerləşmə dərinliyini təyin edirlər. Metaləritmə sənayesində bir metalın kristal qəfəsinin vəziyyətini təyin etmək üçün ultrasəsdən istifadə olunur. Boruları ultrasəs vasitəsilə “dinləyərkən” yüksək keyfiyyətli məhsullardan müəyyən siqnal alınır, məhsulun normadan fərqli xüsusiyyəti varsa (sıxlıq, struktur qüsuru), siqnal mühəndisə fərqli şəkildə çatır.

20 ildən çoxdur müasir tibbdə ultrasəslər geniş tətbiq edilir. İnsanın daxilini göstərən USM aparatlarından başqa, ultrasəslərdən fizioterapiya, yara izlərinin, toxumaların, sümük birləşməsinin bərpasını sürətləndirmək üçün də istifadə olunur. Gənc, gözəl və sağlam olmaq insanın dəyişməz arzusudur. Bu mənada da ultrasəslər köməyə çatır. Dərini təmizləmək, təravətləndirmək və cavanlaşdırmaq üçün ultrasəs peeling aparatları artıq istifadə olunur. Yəqin ki, dərialtı piy toxumalarını parçalamaqla arıqlamaq barədə də eşitmisiniz. Və bu cihazlar daha da inkişaf edib, kim bilir insanı hansı nailiyyətlərə çatdıracaq. Bəlkə 20 il sonra insan 80 yaşında da 30 yaşındakı qədər gənc və təravətli görünəcək.

 

Ultrasəs silah kimi

 

Düşmən gəmiləri ilə əhatə olunmuş sualtı qayığın baza ilə əlaqə qurmaq üçün yalnız bir təhlükəsiz yolu var - su mühitində siqnal ötürmək. Bunun üçün müəyyən bir tezliyin xüsusi bir şərti ultrasəs siqnalı istifadə olunur, belə mesajı tutmaq demək olar ki, mümkün deyil. Bunun üçün onun tezliyini, ötürülmə dəqiq vaxtını və “marşrutu” bilmək lazımdır.

Yüksək güclü ultrasəs şüası hətta süni peykin işini poza bilər. “Apollon” hava gəmisinin uğursuzluğuna məhz səs dalğaları silahının səbəb olması barədə fikirlər indi də dolaşmaqdadır.

ABŞ-ın “Scot’s Men” qəzetinin yazdığına görə, Amerika Texnologiya Korporasiyası maneə ilə qarşılaşdıqda 140 db-ə çatan ultrasəs dalğalarından istifadə etməklə silah hazırlayır. Silahın necə işləməsi barədə ətraflı məlumat verilməsə də, bildirilir ki, uşaq ağlaması səsi şəklində “yayılan” silah” müəyyən tezliyə salındıqdan sonra düşmən əsgərlərini vahiməyə salacaq və qaçmağa məcbur edəcək.

Silahın özü ultrasəs yayan bir boru formasına malikdir və silahın operatoru heç bir narahatlıq hiss etməyəcək. Belə bir cihaz təkcə hərbi məqsədlər üçün deyil, həm də terrorçuları zərərsizləşdirmək üçün istifadə edilə bilər. Amma bu hələ son deyil.

Bir müddət öncə dünya mediasında Rusiya casuslarının amerikalı diplomatlar üzərində tətbiq etdiyi səs dalğaları və bu dalğaların insan beynini iflic etməsi, “Havana sindromu” xəstəliyinə səbəb olması barədə məlumat yayılmışdı. Çox keçmədi ki, Amerika tərəfi də “cavab atəşi açdı”, başqa bir yeniliklə diqqət çəkdi. Bu dəfə insanları susmağa məcbur edən qurğu barədə məlumat yayıldı.

Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazır ki, ABŞ ordusunun yeni kəşfi insanları susmağa vadar edəcək. İndiana ştatında yaşayan və Naval Surface “Varfare Center”lə əməkdaşlıq edən Kristofer Braunun kəşfi olan qurğu ölümcül silah hesab edilməsə də, yeni bir silah növü sayılır və o artıq patent alıb. Acoustic Hailing And Disruption (AHAD) adlanan bu sistem portativ peyk antenası şəklindədir.

 

Əməliyyatın texniki prinsipi müasir qulaqcıqlarda səs-küyün ləğvinə bənzəyir: qulaqcıqlar ətrafdakı səs-küyü qeydə alır və tərs amplituda olan səsləri qarışdırır. Süni əks-səda və xarici mənbənin səsi bir-birini sıxışdırır. Yeni cihaz, parabolik anten və istiqamətləndirici mikrofondan istifadə edərək insan səs dalğalarını tutur, onları iki şəkildə gücləndirir və təkrarlayır. Bu qəribə əks-sədanın insan nitqinə, düşüncəsinə təsir gücü var, tam aydın olmayan mexanizmlə insanları susmağa məcbur edir. Susduran, müvəqqəti lal edən bu qurğunun hansı məqsədlə istifadə ediləcəyi barədə hələlik məlumat verilmir. Amma hər bir alət kimi, onun da həm fayda verəcəyi, həm də silah məqsədi daşıyacağı istisna deyil.

 

Görünməyən, beyni işğal edən düşmən-İnfrasəs

 

İnfrasəslər insan psixikasına güclü təsir göstərir, onun təsiri altında əhval pisləşir, qarışıqlıq, narahatlıq, qorxu hissi, zehni gərginlik duyğusu yaradır. Müxtəlif ölkələrdə gizli laboratoriyaların səs dalğalarıyla insana təsirinə əsaslanan silah növləri hazırlamaları barədə məlumatlar boş yerə yaranmır və bu şəhər əfsanələri deyil.

 

Fransız fizioloqları 42 gənc üzərində təcrübə aparıblar. Onlar 50 dəqiqə ərzində 7.5 Hz tezliyi və 130 db səviyyəsi ilə infrasəs təsirinə məruz qoyulub. Bütün subyektlərdə qan təzyiqinin aşağı həddində nəzərəçarpacaq artım müşahidə olunub. İnfrasəslərin təsiri altında ürək daralması və tənəffüs ritmində dəyişikliklər, görmə və eşitmə funksiyalarının zəifləməsi, yorğunluğun artması və digər pozuntular qeydə alınıb. 7 Hz tezliyində isə hətta psixotrop təsirlər qeydə alınıb.

İnfrasəs heç də bu yaxınlarda kəşf edilmiş fenomen deyil. Kilsə onu 250 ildən çoxdur tanıyır. Bir çox kafedral və kilsələrdə orqan boruları o qədər uzun olur ki, 20 Hz-dən az tezlikdə insan qulağı tərəfindən qəbul edilmir. Britaniyalı tədqiqatçıların apardıqları araşdırma nəticəsində məlum olub ki, bu cür infrasəslər tamaşaçılara çox xoş olmayan duyğular aşılaya bilər - melanxoliya, soyuqluq hissi, narahatlıq, onurğada titrəmə. İnfrasəsə məruz qalan insanlar, hətta hallünasiyalar görür. Bir çox dini mərkəzlərdə müxtəlif kabuslar gördüklərini deyirlər. Əslində isə hər şey infrasəsin təsiri altında beynin fantaziyasının məhsuludur.

Bu yaxınlarda İngiltərə Milli Fizika Laboratoriyasında çalışan professor Riçard Lord və Hertfordşir Universitetinin professoru, psixoloq Riçard Veysman 750 nəfərlik auditoriya üzərində olduqca qəribə bir təcrübə apardılar. Onlar klassik musiqi konsertində yeddi metrlik bir borunun köməyi ilə, ultraaşağı tezlikləri adi akustik alətlərin səsinə qarışdırmağı bacardılar. Konsertdən sonra tamaşaçılardan nə hiss etdikləri soruşuldu. “Test subyektləri” əhval-ruhiyyənin birdən-birə səbəbsiz yerə düşdüyünü, kədər, ümidsizlik, şiddətli qorxu hissinin yarandığını bildirdilər. Özünütəlqin və hipnoz bunu qismən izah edə bilər. Konsertdə səslənən dörd parçadan yalnız ikisində infrasəslərdən istifadə edildi, dinləyicilərə bu barədə məlumat verilmədi. “Kabus, hallünasiya kimi anlayışların infrasəs dalğalarının təsiri altında yaranmasına inanıram, araşdırmamız bu fikirləri dəstəkləyir”, - deyə təcrübəni aparan alimlər qeyd ediblər.

 

Alimlər Bermud üçbucağının sirrinin ultrasəs dalğalarıyla əlaqədar olduğunu da düşünürlər. Sualtı vulkanlar və zəlzələlər infrasəs vibrasiya mənbəyidir.

Kəşflərinin bir çoxunun sirrini özüylə aparan böyük alim Nikola Tesla, müəyyən səs dalğaları vasitəsilə beyin ritmlərinin başqa reallıqlara bağlana və oradan məlumat ala biləcəyinə inanırdı. Alim təcrübələrindən birində başına xüsusi aparat bağlayaraq, beynindən dalğalar keçirməklə özünü trans vəziyyətinə salmışdı. O, “New York Times”a açıqlamasında “Huşumu itirmədim, amma özümün idarə etdiyim yuxuya getdim” demişdi. Təcrübələr nəticəsində o, ionosferin Yerdəki bütün həyatın qlobal sinxronizatoru olması qənaətinə gəlmişdi. Tesla, Yerin ionosferində xüsusi bir şəkildə hərəkət edərək və rezonans xüsusiyyətlərini dəyişdirərək insanların məlumat qəbuletmə qabiliyyətini artıra biləcəyini, daha böyük təkamül keçirə biləcəyini iddia edirdi.

 

Müharibədən əvvəlki illərdə Tesla ABŞ Donanması üçün gizli layihələr üzərində işləməyə başladı. Bura düşməni məğlub etmək üçün simsiz enerjinin ötürülməsi, səs rezonanslı silahların yaradılması və vaxtı idarə etmək cəhdləri daxil idi. O, 1936-1942-ci illərdə aparılmış məxfi Filadelfiya Təcrübəsini idarə edirdi. Sonralar bu layihənin uğursuz nəticələndiyi deyilsə də, içərisində insanlar olan hərbi gəminin bir anda yoxa çıxaraq, sonra yenidən olduğu yerə qayıtmasını təsdiqləyən faktlar var. Yəni Tesla səs dalğaları vasitəsilə zamanda hərəkətin sirrini tapmışdı. Lakin o, insan tələfatı ehtimalını qabaqcadan görərək, avadanlıqları yenidən işləməkdə israr edərək təcrübəni təxirə saldı. Bəlkə də bu, bir bəhanəydi. Böyük alim II Dünya Müharibəsi illərində bu təcrübənin faşizmin əlində necə istifadə ediləcəyini yaxşı dərk edirdi. Hələ 70 il əvvəl Tesla Nyu-Yorkda media qarşısında çıxış edərkən demişdi: “Mən müasir dövrümüz üçün deyil, gələcək üçün çalışıram”. O gələcək görünür ki, artıq gəlib.

 

Şəfa və Şeytan intervalı

 

Harvard Universiteti məzunu, Nobel mükafatçısı doktor Horovitzə görə, sevginin özünəməxsus səsləri və rəngləri var. Əgər doğru səs dalğasında yayın edilərsə, insan orqanizmi müvafiq səs dalğalarından şəfa məqsədilə istifadə edə bilər. 528 Hz dalğasının sevgi duyğuları yaradan dalğa olması artıq isbatlanıb. 528 Hz dalğası musiqi notlarından Mi səsinə uyğun gəlir. Alim bildirib ki, genetika mühəndisləri DNT-nin reabilitasiyası, üzərində çalışarkən bu səs dalğasından istifadə edirlər.

Modern tibbə vücuddakı elektromaqnit sahələrin (Aura) müəyyən bioloji müddət ərzində yeniləndiyi məlumdur. Antik dövrlərdə Tibet şamanlarının, Monqolların şəfa məqsədi ilə istifadə etdikləri musiqi alətləri və musiqilərin məhz bu dalğada səs çıxardığı məlum olub. Elə islam aləmindəki təsəvvüv musiqisini də bura aid etmək olar. Titrəşimlərin şəfaverici gücü barədə hələ uzun illər öncə Nikola Tesla da bəyan eləmişdi. O müəyyən titrəşimli dalğalar göndərməklə uzaqdakı xəstəni müalicə etməyin mümkünlüyü iddiasını irəli sürmüşdü. Bu dalğalar vasitəsilə hətta onkoloji xəstəliklərin sağalması, insan orqanizminin özünü bərpa etməsi mümkündür. Ezoteriklərin iddialara görə kosmosdakı astronavtların bu yolla müalicəsi aparılır. Lakin dərman istehsalçısı olan böyük firmalar səs dalğaları ilə auranın bərpası və orqanizmin müalicəsi barədə deyilənləri sadəcə nağıl adlandırmaqla özlərinin götürəcəkləri faydalara xidmət edirlər. Hətta 528 Hz dalğasındakı səsə, titrəşimə gündə bir neçə dəfə qulaq asmağın insanı gəncləşdirdiyi, beyni daha çox inkişaf etdirməklə müəyyən güclərə sahiblənməyə yardımçı olduğu deyilir.

Mütəxəssislərin fikrinə görə, 528 Hz titrəşimləri var olan hər şeyə toxuna bilir, çünki maddi olaraq mövcud olan hər bir şey əslində titrəşimlərdən ibarətdir, enerjidir. Hətta insan bədənindəki hər orqanın özünün ayrı-ayrı titrəşimlərə uyğun gəldiyi bildirilir.

 

Məsələn: 337 Hz: Qan dövranına, 537 Hz: Endokrin sistemə, 625 Hz: Böyrək funksiyalarına, 635 Hz. Hipoviz vəzinə, 654 Hz: Pankreas vəzinə, 662 Hz: Epiviz vəzinə, 696 Hz: Ürəyə, 751 Hz: Qara ciyərə, 763 Hz: Tiroid vəzinə, 764 Hz: Sinir sisteminə, 835 Hz: İmmunitetə, 1335 Hz: Adrenalin və stresslə mübarizəyə, 1565 Hz: Ruh halna müalicəvi təsir edir.

 

A=440 Hz - Hər gün qəbul etdiyimiz zəhərli dalğa

 

Hər gün dinləyib zövq aldığımız bütün musiqilər A=440 Hz-də səslənir. Və bu zəhərli dalğa hesab olunur. Bəs 528 HZ-də sevgi və hüzn tapırıqsa, 440 hz-də bizləri zəhərləməyə kimlər qərar verib?

Hər şey “Standard Tuning” dediyimiz musiqinin A=440 Hz-də müəyyənləşməsi ilə başlayıb. Bunu da illər öncə ilk dəfə Rokfeller qrupu həyata keçirib. Ona alternativ olan A=444 Hz (C=528 Hz) isə gizlədilib, unutdurulub. Kütlələrə təqdim olunan hər şeyin altında kütlə psixologiyasını idarə etmək istəyi dayanıb.

Birinci və İkinci dünya müharibələri arasındakı dövrdə musiqi dalğaları və onların insan beyninə təsiri üzərində böyük araşdırmalar aparıldı. Məqsəd kütlələri duyğusal çöküş və eyforiyaya sala bilmək, buna nəzarət etmək idi. II Dünya müharibəsi zamanı ABŞ Müdafiə Nazirliyi ilə birlikdə aparılan əməliyyatlarda müharibədə səs dalğalarının təsiri öyrənildi və ABŞ radiodalğaların A=440Hz dalğasında sabitlənməsini təklif etdi. Bütün dünya da bilmədən buna uydu. Aparılan bütün araşdırmalar A=440Hz səs dalğasının insan aurası ilə uyğunsuzluğunu üzə çıxarıb. Bu dalğa bütün dünyada şeytanın intervalı olaraq bilinir. İnsanların eqolarını şişirir, zehni təzyiq altında saxlayır, yaradıcılığı kor edir, əksinə, cinsəlliyi, aqressiyanı gücləndirir. Ezoteriklər iddia edirdilər ki, Elvisin, “Beatles” qrupunun “şeytani səs dalğalarında” təqim etdiyi əsərlər insanlarda şəhvət və cinayətkar duyğuların oyanmasına xidmət edib.

Hətta “Beatles” qrupunun bir konserti İsraildə ləğv edilmişdi. Çünki “Mossad” İngiltərə Kral ailəsini yaxından təqib etmiş, aparılan səs dalğaları təcrübələri barədə məlumat toplaya bilmişdi. Məşhur Elvisin meneceri ABŞ ordusunda xidmət etmiş polkovnik idi. Ona bu təcrübələrin mahiyyəti gün kimi aydın idi.

Xülasə olaraq nə demək olar? - Səs dalğası enerji yüklü maddə olub, tətbiq şərtlərinə görə orqanizmin böyümə və inkişafını həm artıra, həm də azalda bilər. Səs dalğası orqanizmlərdə fizioloji, biokimyasal və molekulyar səviyyədə dəyişikliklərə səbəb ola bilər. Yüksək güc dalğalarda tətbiq edildikdə hüceyrə membranlarında incəlməyə, genomlarda dəyişimlərə səbəb ola bilir. Bu, artıq elmi sübutunu tapıb.

Suya gözəl sözlər deyildiyində onun molekullarının çox səliqəli, yaradıcı şəkildə, pis sözlər deyildikdə isə xaotik və qorxunc düzülməsi barədə yəqin ki, eşitmisiniz. Bu təcrübəni Yaponiya alimləri aparmışdılar. İnsan orqanizminin 80 faizini su təşkil edir. Suyun böyük yaddaşı və enerji keçiriciliyi var. Özünüzə, sevdiklərinizə gözəl səslənin, gözəl sözlər deyin. Suyu içərkən də siz onu gözəlləşdirin ki, o da sizi gözəlləşdirsin. İnanmaya bilərsiniz. Amma inanmaqla nə itirirsiniz? Dünya Allahın bir dəfə “Ol” deyə səslənməsilə yaranmadımı?

 

İlhamə Rəsulova

 

Paylaş:
Baxılıb: 778 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30