Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / “Yeni Hizbullah”: gənclərə “yeni ünvan” göstərənlər kimlərdir?

“Yeni Hizbullah”: gənclərə “yeni ünvan” göstərənlər kimlərdir?

29.10.2021 [10:02]

DTX rəisi Əli Nağıyevin söylədiyi 4 təhlükəli məqam

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzində “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, dövlət orqanlarının rəhbər əməkdaşları və Türkiyənin Milli Təhlükəsizlik Şurası Baş katibinin nümayəndəsi iştirak ediblər.

Tədbirdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinin nümayəndəsinin iştirakı bir qədər qəribə gəlsə də,  DTX rəisinin çıxışında vurğuladığı məqamlar nəyə görə bu şəxslərin bir araya gəldiklərinə aydınlıq gətirdi. DTX rəisi Əli Nağıyevin səsləndirdiyi 4 məqamı önə çəkmək istəyirəm.

1. Vətən müharibəsindən sonra bölgədəki real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri.

2. Xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti.

3. Bəzi Azərbaycan vətəndaşlarının ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsi.

4. İnformasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlər.

DTX rəisinin çıxışındakı bu tezislərin hər birinin arxasında böyük bir təhlükə mənbəyi dayanır. Bunların bəziləri indiyə qədər qarşılaşdığımız təhlükə metodları olsa da, bəziləri Azərbaycan vətəndaşları üçün yeni sayıla bilər.

Revanşistlər və casuslar

1. Vətən müharibəsindən sonra bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri.

2. Xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti.

Azərbaycanın Vətən müharibəsindən sonra üzləşdiyi real təhlükə mənbəyi revanşist erməni təxribatçıları və bölgədəki vəziyyətlə barışmayan ölkələrin casus şəbəkəsidir.

Müharibədən dərhal sonra Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilən erməni diversiya dəstələrini dediyimiz revanşist qüvvələrin ilk qaranquşları hesab etmək olar. Rusiya sülhməramlılarının nəzarəti altında olan bu diversiya dəstələrinin həbsi göstərdi ki, erməni revanşistlərinin atdığı addımlar Azərbaycanın güc strukturları tərəfindən ciddi nəzarət altındadır. Yadınızdadırsa, həmin hadisədən sonra DTX rəisi Əli Nağıyev dərhal Şuşaya gedərək, sülhməramlıların komandanı general Rüstəm Muradovla görüş keçirdi. Düzdür, görüşün detalları mətbuata sızdırılmadı. Amma sonrakı və bugünkü proseslər göstərir ki, rus sülhməramlıların komandanı qarşısında konkret tələblər qoyulub ki, erməni separatçılarının və revanşistlərin atacağı hər bir addıma dərhal sərt reaksiya veriləcək.

Və verildi də.

Buna keçən ay Şuşada Azərbaycan əsgərinin snayperlə vurulması müqabilində Xankəndi xəstəxanasına yerləşdirilən erməni leşlərini misal göstərmək olar. Ardınca hələlik Xankəndidə oturan erməni separatçılarının lideri Araik Arutunyanın “bütün erməni silahlı dəstələri buraxılacaq” bəyanatı göstərir ki, Qarabağda və ümumiyyətlə, Ermənistanda revanşist əhval-ruhiyyədə olan qüvvələr zərərsizləşdirilir. Bu addımı atmağa isə təbii ki, Prezident İlham Əliyevin ardıcıl, sərt addımları və Azərbaycanın güc strukturları məcbur etdi.

Bölgədə fəaliyyət göstərən casus şəbəkəsinə gəldikdə, bu məsələdə də qarşı tərəfin fəaliyyətinə DTX kifayət qədər adekvat addımlarla cavab verir. Yadınızdadırsa, müharibədən sonra ABŞ, Fransa, Rusiya və Yaxın Şərqdən gələn erməni muzdlularının ifşa edilməsi, Azərbaycan məhkəməsi qarşısına çıxarılaraq mühakimə edilməsi Azərbaycan xüsusi-xidmət orqanlarının gərgin əməyi nəticəsində baş verdi. Amma son günlər baş verənlər göstərir ki, bölgədə təkcə ermənilərə məxsus casus şəbəkəsi fəaliyyət göstərmir. Həmçinin öz maraqlarını Ermənistanın maraqları ilə uzlaşdıran İran c?sus şəbəkəsi də ciddi təhlükə mənbəyidir. Bölgədə yeni reallığı qəbul etməyən İran əvvəlcə Azərbaycandan kənar, birbaşa Xankəndiyə yardımlar etməklə öz mövqeyini ortaya qoydu. Prezident İlham Əliyevin sərt təpkisi ilə, qanuni yolla bu addımın qarşısı alındı. Ardınca İran Azərbaycanla sərhəddə hərbi təlimlərə start verərək, rəsmi Bakını hərbi güclə qorxutmağa çalışdı. Amma bu addımı da keçərli olmadı. Təpki tək rəsmi Bakıdan yox, Ankara, Moskva və İslamabaddan da gəldi. Bölgədə təkləndiyini anlayan İran hərbə-zorba taktikasından da əl çəkməyə məcbur oldu. Növbə ölkə daxilində yetişdirdiyi casus şəbəkəsi vasitəsi ilə dini və etnik qarşıdurma yaratmaq cəhdinə gəldi. Azərbaycan tərəfinin dəfələrlə diplomatik vasitələrlə xəbərdarlıq etməsinə baxmayaraq, İran Azərbaycanda illərlə yaratdığı hücrələrini deaktiv etmədi. Əksinə, təxribatları yeni müstəviyə keçirtdi. Növbə yenə DTX-ya çatdı. Son bir ildə aparılan profilaktik tədbirlərə rəğmən ölkədə dini fəaliyyətlə məşğul olduqlarını iddia edən qüvvələri islah etmək mümkün olmadı. Və məcburi addımlar atıldı. Çünki ortada dövlətin milli təhlükəsizlik məsələsi durdu. İran xüsusi-xidmət orqanları da bir şeyi nəzərə alma??dır ki, bu ölkənin casus şəbəkəsi ilə mübarizədə Azərbaycan tərəfinin təcrübəsi var. 90-cı illərin sonlarına yaxın Azərbaycanda onlarla İran casusu həbs edildi, yaxud ölkədən çıxardıldı. Və tarix təkrar olunur. Bu gün DTX mübarizəni davam etdirir. Təhlükə qalsa da, nəticə göz önündədir. 

Qanunsuz silahlı birləşmələrin “əsgər”ləri

3. Bəzi Azərbaycan vətəndaşlarının ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında  iştirak etməsi DTX rəisi Əli Nağıyevin  bu fikrinə də münasibət bildirmək istəyirəm. İndiyə qədər Azərbaycan vətəndaşlarının hansısa ölkənin qanunsuz silahlı birləşmələrinə qoşulması, silahlı münaqişə ocaqlarında iştirak etməsi faktlarına rast gəlmişik.

İndiyə qədər İraq, Əfqanıstan və Suriyada İŞİD-ə bağlı qüvvələrin tərkibində döyüşmüş radikal vəhhabi dini təriqətində olan azərbaycanlılar geri dönərkən həbs olunublar. Bildiyiniz kimi, bu məsələ Azərbaycan Cinayət Məcəlləsində təsbit olunub. Başqa ölkədə olsa belə, terror, qanunsuz hərbi birləşmələrin tərkibində döyüşən şəxslər cinayət məsuliyyətinə cəlb edilirlər.

O ki qaldı İrana bağlı “Hizbullah” təşkilatının tərkibində hərbi hazırlıq keçən azərbaycanlılara, bu fakta Gəncə hadisələrində rast gəlindi. İlk dəfə olaraq “Hizbullah” təşkilatının hərbi düşərgələrində təlim keçən şəxs Azərbaycanın yüksək rütbəli məmurlarına qarşı terror aktı törətdi, polis əməkdaşları qətlə yetirildi. Bu, İrana bağlı “Hizbullah” təşkilatının Azərbaycanda ilk əməliyyatı idi.

Müharibədən sonra İranla münasibətlərdə yaranan gərginlik bu təşkilatın adını yenidən gündəmə gətirdi. Hətta bəzi mətbu orqanlarda Azərbaycanda “Hizbullah” təşkilatının hücrələrinin olduğu və bu hücrələrdə kifayət qədər hazırlıqlı döyüş?ülərin yetişdirildiyi bildirildi. İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livanda “Hizbullah” qüvvələrinə təlim keçdiyi artıq heç kimə sirr deyil. Mətbuatda gedən məlumatlara görə, İran düşərgələrində ekstremist ideyalara meyilli olan gənc azərbaycanlılardan yeni bir “Hizbullah” yaratmaq üçün ciddi iş aparılır. Bu məlumatların ardınca iranlı generalın Azərbaycanın adını çəkməsə də, 6 xarici ölkədə qanunsuz hərbi birləşmələr yaratdıqlarını rəsmən təsdiq etməsi çox ciddi mətləblərdən xəbər verdi. Təbii ki, bu siqnallar ciddi təhdid xarakterlidir və Azərbaycan xüsusi-xidmət orqanlarının diqqətindən yayına bilməzdi. Çox guman ki, “Milli təhlükəsizlik” mövzusunda keçirilən tədbirdə DTX rəisi Əli Nağıyev, bəzi vətəndaşlarımızın ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsi fikrini məhz əldə edilən əməliyyat məlumatlarının ciddilik əmsalının yuxarı olması ilə bağlı səsləndirdi.

İnformasiya savaşı

4. İnformasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlər.

Ölkənin informasiya təhlükəsizliyi sahəsində ən böyük problemi sosial şəbəkələrdir. Tək bizim yox, istənilən ölkənin baş ağrısı sosial media dediyimiz şəbəkələrin ilk baxışdan xaotik fəaliyyətidir. Əslində isə, sosial media hörümçək toru prinsipi ilə işləyir. Kimin toru cəlbedici və daha şirəlidirsə, vətəndaş ora daha tez düşür və idarə olunan obyektə çevrilir. Bu baxımdan sosial mediada vətəndaşların fəaliyyətinə nəzarət etmək çətinlik törədir. Vətən müharibəsində və sonralar aparılan informasiya savaşı buna sübutdur. Son bir ayda sosial mediada İranın Azərbaycandakı qüvvələri ilə aparılan mübarizə göstərdi ki, bu sahədə ciddi boşluqlar var. Onların təsiri altına düşən cahil təbəqə din adı altında sözün həqiqi mənasında mənəvi təzyiqə məruz qalır. Əslində, Azərbaycanın ideoloji sahədə də mübarizə aparmaq təcrübəsi var. FETO qruplaşması ilə aparılan mübarizəni misal çəkmək olar. Türkiyənin dəstəyi ilə “fetoçu”larla aparılan mübarizədə ciddi nailiyyət əldə olunsa da, hələ tam qələbə çalındığını söyləmək də tezdir. Çünki bu qüvvələr tək mediaya yox, təhsilə, iqtisadi və siyasi sferaya da ciddi nüfuz ediblər. Və hələ də onların tör-töküntüləri var. Amma ideoloji propaqandanın bir qolu olan sosial mediada mübarizə aparmaq təcrübəmiz təəsüf ki, zəifdir. Uzun illər media sahəsində buraxılmış nöqsanlar informasiya savaşımızı hədəfindən yayındırmış, dövlətin maraqlarını müdafiə etmək əvəzinə xarici qüvvələrə qucaq açmışdır.

İllərdir Əli Həsənov kimi məmurlar bu sahədə düşmənlərə qarşı yox, öz şəxsi maraqları naminə dövlətin resurslarını xərcləyiblər. Ona görə də bu gün Sosial Mediada xarici qüvvələrin təsir gücünü neytrallaşdırmaq çox çətin olub. Yeni yaradılmış MEDİA agentliyi, eləcə də, Türkiyə-Azərbaycan birgə media platforması isə bu sahədə irəliləyişlərin olacağına ümidi artırır. Həmçinin hüquq-mühafizə orqanlarının, o cümlədən, DTX-nın bu sahədə apardığı işlərin effektivliyi hiss olunacaq dərəcədə görünməkdədir. Bütün hallarda informasiya savaşında Sosial medianı görməzdən gəlmək yanlışlıq olardı. Əksinə, bu sahədə mübarizəni daha peşəkar formada aparmaq lazımdır. Bunun üçün təkcə sərt inzibati tədbirlərin effekt verəcəyini söyləmək düzgün olmazdı. Bu mübarizəni paralel olaraq daha çox media üstündən, peşəkar jurnalistlərin ardıcıl fəaliyyəti nəticəsində aparmaq lazımdır.

Şöhrət El-Dəniz

 

Paylaş
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31