Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / “Yalançının atasına lənət!”

“Yalançının atasına lənət!”

30.10.2021 [09:53]

74 dəqiqədə 56 yalan

“Yalançının atasına lənət!”. Bu, özünü “siyasətçi” adlandıran, amma sosial şəbəkələrdə yalan tirajlamaqla məşğul olan, siyasi dünyagörüşü və biliyi qərəzli “ekspert” səviyyəsindən də aşağı birinin hələlik ən yaddaqalan və “müdrik” ifadəsidir. Bu barədə daha sonra...

Öncə isə qeyd edək ki, Azərbaycanda ictimai-siyasi institutların və siyasi sistemin inkişafı mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə faydalı təşəbbüslər irəli sürülür, vacib addımlar atılır. Elə siyasi sistemin iştirakçısı olan - parlamentdə təmsil olunan və olunmayan siyasi partiyalarla dialoq prosesinin aparılması da bu baxımdan xüsusi qeyd edilməlidir. Ekspertlərin də vurğuladıqları kimi, iqtidar tərəfindən siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi siyasi sistemdə plüralizmin güclənməsini, yeni siyasi konfiqurasiyanın formalaşmasını və milli həmrəyliyin möhkəmlənməsini şərtləndirib. Yəni bu, hakimiyyətin siyasi ehtiyacından və maraqlarından deyil, dövlətçilik mənafeyindən irəli gələn bir prosesdir.

Təbii ki, milli maraqları - dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələr islahatlar strategiyasının tərkib hissəsi olan dialoq təşəbbüsünü  təqdir edirlər. Amma demaqogiya vasitəsilə ucuz populizm qazanmağa çalışan və sağlam siyasətçi obrazı formalaşdıra bilməyən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev kimilər bu prosesləri həvəskar və qərəzli formada “şərh etməklə” gündəmə gəlməyə çalışırlar.

Məsələn, Əli Əliyev bu günlərdə sosial şəbəkədə, konkret olaraq “youtube” platformasında xaricdən idarə olunan “Osmanqızı TV” kanalına müsahibəsində nəinki siyasi dialoq prosesi, hətta Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Zəngəzur dəhlizinin açılması, sülh sazişinin imzalanması və digər məsələlərlə əlaqədar 1 saat 14 dəqiqə 39 saniyə ərzində, yəni 74 dəqiqədə düz 56 yalan danışıb. Bunlar sadə - bəsit yalanlar deyil, həm birbaşa Azərbaycanın milli maraqlarına zidd olan, ictimai rəyi yanıltmağa - xalqı aldatmağa hesablanmış təhlükəli, qərəzli “fikir”lərdir, həm də məntiqsiz mülahizələrdir. Bəzi məqamlara diqqət yetirək.

Əli Əliyev Ermənistan mətbuatının “siyasi ulduz”una çevrilməyə çalışır?!

Əli Əliyev Azərbaycan hakimiyyətini “Qarabağ məsələsi ilə əlaqədar xalq ilə birlikdə hərəkət etməmək”də ittiham edir. Absurd və paradoksaldır! Məgər Azərbaycan siyasi, iqtisadi və hərbi gücü, xalq-Lider birliyi və milli həmrəylik sayəsində münaqişənin həllinə nail olmadı?! Məgər bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış prosesinə start verilməsi xalqın maraqlarına uyğun və xalq ilə birlikdə hərəkət etmək deyil?! Və yaxud Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərindən, ictimaiyyətlə görüşlərindən, bu görüşlər çərçivəsində müxtəlif məsələlərlə əlaqədar mühüm fikirlər söylənilməsindən Ə.Əliyevin xəbəri yoxdur?! Yoxsa o, özünün dediyi kimi, ancaq Ermənistan mətbuatını izləməklə məşğuldur?!

Yeri gəlmişkən, Ə.Əliyev postmünaqişə dövründə regionda cərəyan edən proseslərlə əlaqədar məlumatları Azərbaycan mediasından deyil, Ermənistan mətbuatından aldığını ifadə edir. Görünür, erməni ictimai rəyinin təsirinə o qədər məruz qalıb, elə hipnoz olunub ki, Ermənistanda siyasi mühitin azad və demokratik olduğunu israrla vurğulayır, hətta işğalçı ölkənin avtoritar hakimiyyətini nümunə kimi göstərir. Digər tərəfdən, Ə.Əliyevin revanşistlərin ağzı - üslubu ilə danışaraq tez-tez “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməsi onun erməni ictimai rəyinin zərərli və zəhərli informasiya artıqları ilə qidalandığını göstərir. Burada haqlı sual və şübhə yaranır: “fikir”ləri sosial şəbəkələrin erməni seqmentini xatırladan, onların dezinformasiyalarını tirajlayan Əli Əliyev yoxsa Ermənistan mətbuatının “siyasi ulduz”una çevrilməyə çalışır?!

Yarımçıqlıq sindromu

Bu populist “siyasətçi”nin cəmiyyətdə ikrah doğuran digər “yanaşma”sı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə əlaqədardır. O, burada da həm revanşizm xəstəliyinə düçar olmuş, həm də məğlubiyyətə məhkum edilmişlərin danışan dilinə çevrilərək qondarma “status” məsələsinin ortada olduğunu - Azərbaycanın ərazi bütövlüyünün bərpasının “yarımçıq” qaldığını söyləyir. Bu mövqe, əslində, Ə.Əliyevin siyasi-psixoloji portretinin əcaib və eybəcər cizgilərini bəlli edir: bəlli olan budur ki, o həm şəxsiyyət, həm də “siyasətçi” kimi yarımçıqlıq - natamamlıq kompleksindən əziyyət çəkir. Belə olmasaydı, reallıqları, yəni Azərbaycanın öz milli gücü, hərbi-siyasi resursları ilə münaqişənin həllinə nail olduğunu, ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini qürurla və qətiyyətlə ifadə edərdi. Eyni zamanda, bilərdi ki, qondarma status məsələsi onun bəzi arzuları və xəyalları kimi cəhənnəmə gedib!

Onun 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı “Azərbaycan üçün kapitulyasiya aktı” adlandırması isə məntiqsiz və gülüncdür. Hər halda, o, dünyada bu iddianı ortaya atan yeganə - ilk və sonuncu canlıdır. Amma həm də görünən odur ki, Ə.Əliyev Ermənistan mediasını yaxşı izləmir. Əgər izləsəydi, bu ölkədə belə bütün siyasi qüvvələrin, hətta Nikol Paşinyanın Ermənistanın ağır məğlubiyyətə uğradığı, kapitulyasiya aktına imza atdığı barədə fikirlərini görərdi...

Gülünc və məntiqsiz demaqoq

Özünü “siyasətçi” adlandırsa da, siyasəti virtual platformada “söz davası - monitor arxasında qladiator döyüşü” kimi dərk edən Əli Əliyevin ucuz populizmlə məşğul olduğunu göstərən daha bir fakta nəzər salaq. O, desibel (səs ölçü vahidi) rekordu qıracaq qədər qışqıra-qışqıra “niyə Azərbaycan tərəfi ərazi bütövlüyümüzün Ermənistan tərəfindən tanınması, Ermənistanın ölkəmizə vurduğu ziyanın ödənilməsi, üçtərəfli Bəyanatın icra olunmaması barədə danışmır” sualını verəndə adi bir demaqoq qədər aciz və zavallı, həm də gülünc görünür. Ə.Əliyev “unudur” ki, Azərbaycan Prezidenti dəfələrlə sülh sazişinin imzalanması üçün Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanımasının vacib şərt olduğunu qətiyyətli ifadə edib. Eyni zamanda, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev dəfələrlə Ermənistanın üçtərəfli Bəyanatın müddəlarına əməl etmədiyini, bu ölkənin öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli olduğunu vurğulayıb. Ermənistanın ölkəmizə vurduğu ziyanın ödənilməsi, bu ölkənin beynəlxalq hüquq qarşısında cavab verməli olması barədə də nəinki danışılır, hətta Azərbaycan tərəfindən real addımlar atılır.

Ə.Əliyevin “Zəngəzur dəhlizinin Azərbaycan üçün böyük üstünlüyü yoxdur” fikrini isə xüsusi şərh etməyə ehtiyac yoxdur. Sadəcə xatırlatmaq lazımdır ki, bu layihənin reallaşması qədim Azərbaycan torpağı olan Zəngəzurun Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyada kommunikasiya və inteqrasiya mərkəzinə çevrilməsini şərtləndirəcək. Yaradılacaq infrastruktur nəticəsində Zəngəzur nəqliyyat dəhlizi Azərbaycan ilə yanaşı, işbirliyində, sülh və təhlükəsizlikdə maraqlı olan dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını təmin edəcək. Özünü “siyasətçi” adlandıran bir şəxs bu reallığı bilmir, yoxsa qəbul etmək istəmir?! Axı onun istinad mənbəyinə çevirdiyi Ermənistan mətbuatında da bu barədə kifayət qədər məlumat tapmaq olar...

Başqalarına “master-klass” keçməyə çalışan savadsız “siyasətçi”

Əli Əliyevin virtual teatr tamaşasını xatırladan müsahibəsində diqqət çəkən əsas məqamlardan biri də onun intellektual səviyyəsizlikdən əziyyət çəkməsi və sözləri Azərbaycan dilində normal tələffüz edə bilməməsindən ibarətdir. Məsələn, indiyə qədər müxtəlif dillərdə nəşr olunan politologiya dərsliklərinə nəzər salsaq, Ə.Əliyevin “sistemdənkənar müxalifət” ifadəsini tapa bilmərik. Yaxud onun “delimitasiya” sözünü “demilitasiya” kimi tələffüz etməsi hər halda “siyasi dahilik”dən - “intellekt səviyyəsinin yüksək olması”ndan irəli gəlmir. Bu barədə çox nümunə göstərmək olar. Amma təkcə sadalananlar əsasında deyə bilərik ki, başqalarına “master-klass” keçməyə çalışan Ə.Əliyev öz üzərində işləyərək savadsızlığını aradan qaldırsa, sözləri düzgün tələffüz etməyi öyrənsə, daha yaxşı olar. Axı o, “monitorarxası siyasətçi” kimi “milyonlara xitab etdiyini” düşünür (!). Amma necə deyərlər, ac toyuq yuxusunda darı görər...

Ermənistan mətbuatına istinadla dezinformasiya yaymaq həqiqəti söyləməkdirmi?

Ə.Əliyev  yalan rüzgarı əsdirdiyi müsahibəsində dövlətə, xalqa “mesaj” ünvanlamağı da unutmur: “gəlin bir olaq, eyni mövqedən çıxış edək, həqiqəti deyək”.

Görəsən, o, “həqiqət” deyəndə nəyi nəzərdə tutur, yuxarıda sadaladığımız yalanları, məntiqsiz mülahizələri, qərəzli “fikir”ləri, yoxsa Ermənistan mətbuatına istinadla yaydığı dezinformasiyaları?! Sual olunur: Ə.Əliyev yalançı, qərəzli olduğu təqdirdə, “Azərbaycanın məğlubiyyətə uğradığını” iddia etdiyi halda, xalq və dövlət onunla  necə bir olsun?! Məgər həqiqət onun “üçtərəfli Bəyanat ölkəmiz üçün kapitulyasiya aktıdır” fikrindən ibarətdir? Məgər o, bununla həqiqəti söyləyir? Elə Əli Əliyevin özünün dediyi kimi, “yalançının atasına lənət!”.

Nurlan QƏLƏNDƏRLİ

 

 

Paylaş
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31