Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Türkiyə 2023-cü il strateji hədəflərinə doğru...

Türkiyə 2023-cü il strateji hədəflərinə doğru...

07.12.2021 [10:06]

Bəzi neqativ ssenarilərə baxmayaraq, qardaş ölkə milli məqsədlərini addım-addım gerçəkləşdirir

Mübariz ABDULLAYEV

Son vaxtlarda qardaş Türkiyənin siyasətində bir sıra korrektələrin edildiyi müşahidə olunmaqdadır. Analitiklər bildirirlər ki, Türkiyə “yumşaq güc”dən istifadə etməklə ona qarşı yönələn təzyiqləri önləməyə və inkişaf strategiyasının davamlılığını təmin etməyə çalışaraq böyük ölçüdə buna nail olur. Prezident Rəcəb Tayyib Ərdoğanın Qətərə baş tutan son səfəri də məhz bu səpkidə dəyərləndirilir. Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, qardaş ölkənin dövlət başçısı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Komitəsinin 7-ci iclasında iştirak edəcək. Tərəflər Dohada ikitərəfli münasibətləri müzakirə edəcək, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Türkiyənin dövlət başçısının  Qətərə baş tutan səfəri  qardaş ölkənin regional əməkdaşlığa diqqəti artırmasının növbəti təzahürüdür. Türkiyənin siyasətində müşahidə edilən korrektələrin mahiyyətində indiki məqamda onun inkişafını hansısa yollarla əngəlləməyə çalışan ənənəvi partnyorların, necə deyərlər, xəyanətlərini, arxadan zərbə vurmaq cəhdlərini strateji diplomatiya vasitəsilə effektiv şəkildə önləmək niyyəti dayanır. Son vaxtlarda Türkiyə ətrafında bir sıra məqsədli ssenarilərin işə salındığı ortadadır. Nə qədər qəribə görünsə də, qardaş ölkəyə müxtəlif məzmunlu təzyiqlər yalnız qərəzli dairələrdən deyil, həm də uzun illər ərzində sıx təmaslarda olduğu Avropa İttifaqından, NATO-dan və ABŞ-dan gəlir. Məlumdur ki, 761.4 milyard dollar həcmində nominal ÜDM-ə malik Türkiyə uzun illər ərzində Avropa İttifaqına üzvlüyə namizəd olub. Eyni zamanda, qardaş ölkə ABŞ-la sıx partnyorluq münasibətləri qurub. Türkiyə NATO-da ən güclü ordulardan birinə malik olmaqla önəmli mövqe sahibidir. Bütün bunlara rəğmən, Türkiyə son vaxtlarda bəhs olunan güclərin fürsət düşdükcə ona zərbə vurmaq cəhdləri ilə üzləşir. Xüsusilə, ABŞ və NATO-dakı müttəfiqlər Türkiyənin çoxşaxəli xarici siyasət kursundan, Yaxın Şərqdə cəsarətli addımlar atmasından, terrorizmə qarşı inamlı mübarizə aparmasından və digər bir sıra məsələlərdən narazılıq notlarını gücləndiriblər. Bu məsələlərlə əlaqədar Türkiyəyə qarşı təzyiq cəhdlərini aydın şəkildə izləmək mümkündür.

Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, bəhs olunan güclər Türkiyəyə yalnız siyasi-hərbi müstəvidə deyil, həm də iqtisadi sahədə neqativ təsir göstərmək istəyirlər. Bunu təsdiqləmək üçün qardaş ölkənin milli valyutasının dəyər itirməsini xatırlamaq kifayətdir. Bu ölkənin milli valyutası lirə son bir ayda ABŞ dollarına nisbətdə 22 faiz dəyərsizləşib. Öz növbəsində lirənin ucuzlaşması Türkiyə iqtisadiyyatında zəncirvari mənfi proseslərə rəvac verir. Türkiyənin idxalı ixracı üstələyir. Zəif milli valyuta isə bahalı idxal anlamına gəlir. Türkiyə iqtisadiyyatında müəyyən təbəddülatlara yol açan bu kimi prosesləri yalnız obyektiv iqtisadi amillərlə izah etmək mümkün deyil. Burada məqsədli siyasi təzyiqlərin ayaq səsləri də aydın şəkildə eşidilir.

Ancaq Türkiyə bu kimi iqtisadi təzyiq cəhdlərini önləmək qüdrətində olan bir dövlətdir. Biz ayrı-ayrı dövrlərdə Türkiyənin iqtisadiyyatına belə təzyiq cəhdlərinin, hətta konkret sank­siya tətbiq edilməsinin şahidi olmuşuq. Bundan, ilk növbədə həmin sanksiyalara rəvac verənlərin özləri ziyan çəkiblər. Artıq Türkiyə mallarının keyfiyyət göstəriciləri bütün dünyada məşhurdur. Son dövrlərdə Türkiyədə buraxılan yüksək göstəricilərə, texniki parametrlərə malik məhsulların siyahısına müxtəlif silahlar da əlavə olunub. Ayrı-ayrı ölkələrin Türkiyə mallarına tələbat və ehtiyaclarını ifadə etmələri reallıqdır. Beləliklə, Türkiyəyə “diş qıcayan” dövlətlərin özlərinin bu ölkəyə ehtiyaclarının daha yüksək olması reallığı ortadadır. Onu da xatırladaq ki, qardaş ölkənin iqtisadi inkişaf hədəfləri kifayət qədər böyükdür. Bu ölkənin perspektiv hədəflərini açıqlayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyəni dünyada ən böyük 10 iqtisadiyyata malik ölkələrdən birinə çevirmək əsas hədəfdir. Türkiyənin yeni islahatlar paketi şəffaflıq və maliyyə intizamı kimi iki vacib sütundan ibarətdir. “Bütün dünya ilə bərabər, ölkəmizi də öz təsiri altına alan pandemiya həm 18 il ərzində ölkəmizdə qurduğumuz güclü təməllər, həm də yeni idarəetmə sistemi üçün bir sınaq oldu. Türkiyə bütün fərqli ssenarilərə hazır olduğunu göstərdi. Pandemiyaya baxmayaraq, 2020-ci ildə ölkə iqtisadiyyatında 1,8 faiz artım oldu. G20 ölkələri arasında Çindən sonra iqtisadiyyatını böyütməyi bacaran ikinci ölkə olduq”, - deyə Türkiyənin dövlət başçısı vurğulayıb.

Türkiyənin bəlli güclərin ona qarşı yönələn siyasi, hərbi və iqtisadi təzyiq cəhdlərini önləmək üçün imkanları kifayət qədər genişdir. Bunu, ilk növbədə, qardaş ölkənin milli maraqlara və ədalətə söykənən ardıcıl siyasətinə regional və qlobal miqyasda inamın artması şərtləndirir. Qardaş ölkənin geniş Avrasiya coğrafiyasında, bütövlükdə dünyada siyasi və iqtisadi əlaqələrini möhkəmləndirib daha yüksək səviyyəyə qaldıra biləcəyi ölkələrin sayı çoxdur. Bu sırada, həmçinin Azərbaycan və digər türkdilli ölkələr də yer alır. Prezident Rəcəb Tayyib Ərdoğanın səfər etdiyi Qətərə gəldikdə isə, bu ölkənin də Türkiyə ilə siyasi və iqtisadi əlaqələri yüksək səviyyədədir. Qətərin şirkətləri Türkiyədə böyük həcmlərdə maliyyə tutumuna malik layihələrə investisiyalar yönəldiblər. İndiki dövrdə də Türkiyənin belə sərmayələrə böyük ehtiyacı var. Analitiklər o qənaəti bölüşürlər ki, Rəcəb Tayib Ərdoğanın Dohaya növbəti səfəri qardaş ölkənin iqtisadiyyatının təqdimatı, həmçinin dost Qətərdən yeni investisiyaların cəlb edilməsi baxımından da önəmli olacaq. Bir sözlə, Türkiyə 2023-cü il strateji hədəflərinə addım-addım irəliləyir.

Paylaş
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Müsahibə

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31