Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Məkrli keşiş planı -Türkiyəni türklərin əli ilə vurmaq

Məkrli keşiş planı -Türkiyəni türklərin əli ilə vurmaq

07.12.2021 [11:09]

Kilikiya katolikosunun Türkiyənin başını daxili siyasətə qatma oyunu

İlhamə Rəsulova

Kilikiya katolikosu I Aramın  aramsız bəyanatlarının ardı-arası kəsilmir. O, növbəti dəfə kilsənin Türkiyəyə qarşı torpaq iddialarını qaldırıb. I Aram iddia ilə də qalmayıb, Türkiyəni Avropa Məhkəməsinə vermək yolunda müxtəlif addımlar atmaqdadır. Əslində, bu bəyanat yeni sayılmaz, katolikos hər il aprel ayında Türkiyədə sabitliyin pozulmasına hesablanmış məkrli bəyanatlarla çıxış edir. Onun son dəfə yaydığı bəyanatda deyilir: “Kilikiyanın Sis şəhərindəki Erməni Apostol Kilsəsinin ləğv edilməsindən yüz il keçir. Bu, Osmanlı İmperiyasının hakimiyyət orqanları tərəfindən həyata keçirilən soyqırımın nəticəsi idi”. Bir əsr sonra Böyük Kilikiya Evinin Erməni Katolikosluğu Türkiyə hökumətindən qanunsuz olaraq müsadirə edilmiş bütün mülkiyyət hüquqlarının bərpasını almaq əzmində olduğunu açıq şəkildə bildirir. “Mən bir dini lider olaraq soruşuram: Niyə minlərlə kilsə, monastr və məktəb Türkiyə hakimiyyətinin qanunsuz mülkiyyətinə daxildir? Niyə Türkiyənin Kons­titusiya Məhkəməsi, hətta Kilikiya erməni katolikosluğunun Sisdəki (hazırda Adana vilayətinin Kozan şəhəri) erməni kilsəsinin tarixi qərargahının əmlakını özünə qaytarmaq barədə şikayətinə baxmır”.

1921-ci il noyabrın 25-də Patriarx II Saak türk hərbçilərinin ona təqdim etdiyi ultimatumun şərtlərini yerinə yetirmək məcburiyyətində qalıb və bütün kilsə üzvləri ilə birlikdə Kilikiya Ermənistanını (diqqət - katolikos  Kilikiyanı Ermənistan  adlandırır.- red.) tərk etdi.  Əlimizdə hərbçilərin öz təşəbbüsü ilə hərəkət etmədiyini, Osmanlı İmperiyasının ali siyasi rəhbərliyinin əmrini yerinə yetirdiyinə dair təkzibedilməz sübutlar var. Məşhur türk tarixçisi və hüquqşünası Taner Akçam arxivdən Daxili İşlər Naziri Təlat Paşanın o vaxt 4-cü Sahə Ordusunun komandanı olan Cemal Paşaya göndərdiyi teleqramı tapıb. Mesajda Patriarxlığın əmlakının müsadirə edilməsi, katolikos və bütün keşişlərin sürgün edilməsi haqqında sərəncam var. Bununla bağlı Taner Akçam Rəcəb Tayyib Ərdoğana açıq məktub ünvanlayıb. Alim qeyd edib: “1948-ci ildən bu cür hərəkətlərə “soyqırım” deyirlər. Ola bilsin, xəbəriniz yoxdur, amma biz bilirik. Siz türk millətinin soyqırım törətmədiyini deyirsiniz. Onda bunu öyrənmək lazımdır: bunu kim etdi?”

“Sis taxtının dağıdılmasının ildönümü ilə əlaqədar, Böyük Kilikiya Evinin Katolikosluğu Katolikos Saakın müqəddəs irsinə sadiq qalaraq, katolikosluğun əmlakının qanuni sahibinə qaytarılmasını tələb edərək, Türkiyə məhkəməsində iddia qaldırdıq. Məhkəmə davam edir”, - deyə  I Aram bildirib.

 

Xatırladaq ki, 8 il əvvəl  Kilikiya katolikosu bu ərazinin Ermənistan elan edilməsinə, o cümlədən  kilsə torpaqlarının mülkiyyət  hüququnun  Türkiyədən alınmasına dair sənədlər paketinin tərtib edilməsi üzrə işlərə başlanıldığını rəsmən elan etmişdi. İşə beynəlxalq hüquq üzrə ixtisaslaşmış ekspertlər cəlb olundu. Təqsirləndirilən şəxs qismində Osmanlı İmperiyasının hüquqi varisi olan Türkiyə hökuməti çıxış edir. Bu işə baxılması üçün onlar BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi, Avropa İnsan Haqları Məhkəməsi, Türkiyə Konstitusiya Məhkəməsi, Qərb Məhkəmələrinə müraciəti nəzərdə tuturdular.

Erməni din adamları, ilk növbədə, Türkiyə məhkəmələrinə müraciət etməyi uyğun biliblər. Çünki Avropa məhkəmələrinə çıxmaq üçün, ilk növbədə, yerli məhkəmələrdə iddialarının rədd edilməsi  lazımdır. AİHM-in nizamnaməsinə görə, şikayətə o halda baxıla bilər ki, iddia milli məhkəmə sisteminin bütün instansiyalarından keçsin. Bu haqsız iddialara türk məhkəmələrinin nə cavab verəcəyini öncədən yaxşı bilirdilər. Başqa sözlə, katolikosun Türkiyəni Avropa məhkəmələrinə vermək istəyi düşünülmüş böyük planın parçası idi.

İstanbulun türk əsilli  bir qrup  ziyalısı bu işdə ermənilərə kömək etməyi öz öhdələrinə götürüb. Onların arasında Türkiyədə tanınmış hüquqşünas Əli Elbəyoğlu, Bendal Cəlil Ezman da var. Əli Elbəyoğlu ermənilərə kömək etmək üçün, hətta kitab nəşr etdirib. İddianın hazırlanmasında “erməni soyqırımının tanınması və bu soyqırımı təşkil edənlərin-Tələt Paşa və onun tərəfdarlarının mühakimə olunması” tələbi ilə Türkiyə Sülh Cəza Məhkəməsinə etdiyi müraciətlə məşhurlaşan Bendal Celil Ezman da iştirak edib. 100 səhifəlik sənədlər paketinin əlavə olunduğu ərizə Türkiyə Konstitusiya Məhkəməsinə təqdim edilib. Məhkəmədən alınan 20 səhifədən ibarət cavabda bildirilib ki, Türkiyə Konstitusiya Məhkəməsi iddianı baxılmaq üçün qəbul edə bilməz.

Ermənilər dərhal rədd cavabını Avropa İnsan Haqları Məhkəməsinə göndərmək qərarı veriblər. Çünki Strasburq məhkəməsi indiyə qədər Türkiyə hökumətini ermənilərə qanunsuz olaraq əllərindən alınmış əmlaklarına görə kompensasiya verməyə məcbur edən yeganə instansiyadır.

Türkiyədə birinci instansiya məhkəməsində iddiaya baxılması 2021-ci il aprelin 21-nə təyin edilsə də, iclas baş tutmayıb. İddiaçının vəkillərinə prosesin payızın əvvəlinə təxirə salındığı bildirilib. İndi  erməni katolikosunu narahat edən budur ki, qış gəlsə də, məhkəmə hələ başlamayıb.

2 il öncə Kilikiya katolikosu  bildirib ki, erməni xalqının qanuni tələbi təkcə qondarma genosidin tanınması deyil, həm də təzminatın ödənilməsidir.

O bəyan edib ki, sözügedən kilsə və monastrların ermənilərə qaytarılması təzminat yolunda ilk addımlar olmalıdır.

Maraqlı bir məqama da diqqət çəkməkdə fayda var. Katolikosun bəyanatlarında, ərəb dünyasını öz tərəfinə çəkmək, ərəblərlə türklərin arasını vurmaq  cəhdləri  aydın sezilir. O,  “erməni qaçqınlarını, yetimləri bütün dünyaya nümunə olacaq ləyaqət və hörmətlə qəbul etdiyi üçün” “ərəb bacı və qardaşlarına, müsəlmanlara” sonsuz təşəkkürünü bildirib. I Aram iddia edib ki, ərəb ölkələri tez-tez Osmanlı İmperiyası tərəfindən onların xalqlarına qarşı edilən zülmləri xatırlayır. Erməni katolikos bir az da irəli gedərək iddia edib ki, livanlılar və ermənilər heç vaxt Osmanlı İmperiyasının hərbi naziri Ənvər Paşanın bu sözlərini unutmayacaq: “Osmanlı İmperiyasını ermənilərdən və livanlılardan təmizləmək lazımdır. Birinci onları qılıncla məhv etməliyik, ikinci aclıqla”.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin  (KAFKASSAM) rəhbəri, politoloq, professor Hasan Oktaya ilk sualımız türk ziyalılarının katolikosun dəyirmanına su tökən hərəkətlərinin nə ilə əlaqədar olması barədə idi. Professor Kilikiya katolikosunun əslində dini fəaliyyətdən çox, casusluq və siyasi məqsədlərlə fəaliyyət göstərdiyini qeyd etdi: “Aydın məsələdir ki, təqdim olunan iddianın təmin edilməsi istər-istəməz ermənilərin öz əmlaklarını itirməsinə səbəb olan hadisələr barədə suala cavab tələb edəcək. Ermənilərin ən mühüm stereotiplərindən biri olan və hazırda Beyrutda məskunlaşan Kilikiya erməni katolikosu Ermənistan siyasətində çox təsirli bir  faktordur. Hətta soyuq müharibə dövründə Sovet İttifaqı ilə ABŞ arasında rəqabət zamanı çox mühüm rol oynamışdı. Amerika Sovet İttifaqına din xadimləri göndərmək adı altında  Kilikiyada agentlər yetişdirmiş və onları bölgəyə göndərərək kəşfiyyat işləri aparmışdı. Buna görə də Kilikiya kilsəsi Ermənistan və dünya siyasətində nüfuz sahibi ola bildi. İndi Ermənistan 44 günlük Qarabağ müharibəsindən sonra Rusiya ilə Qərb arasında  seçim etməkdə çətinlik çəkir, ağır günlər yaşayır. Kilikiya kilsəsi Ermənistanın  üzünü Rusiyadan Qərbə çevirmək üçün hərəkətə keçib. Türkiyənin bölgədəki prosesləri idarə etmək və idarə etmək üçün təşəbbüs göstərdiyi bir məqamda da əsrin ən böyük yalanı olan soyqırım sözünə diqqət çəkərək, Türkiyənin əlini zəiflətmək istəyir. Son 20 ildə Türkiyədə fəaliyyət  göstərən və qərbdən dəstək alan bir çox qurum “erməni soyqırımı” məsələsində öz ciddi tərəfdarlarını tapıb. Bu yolla psixoloji təzyiq yaratmaq, Türkiyənin Ermənistanla bağlı siyasətində rol oynamaq istəyirlər. Türkiyənin keçmişi ilə bağlı heç bir problem yoxdur. Hesabını verə bilməyəcəyimiz   heç bir qaranlıq məqamdan söhbət gedə bilməz.

Rusiyanın maraqlarını nəzərə alaraq, Cənubi Qafqazda mümkün olan ən yaxşı mühiti hazırlamaq üçün apardığı mübarizədən narahat olanların Türkiyəni oyundan çıxarmaq üçün yenidən bu soyqırım sözü ətrafında müzakirələri ortaya atdıqları açıq görünməkdədir. 

Zəngəzur dəhlizi və ya enerji ötürücü xətləri ilə bağlı müzakirələr Türkiyəni fəal şəkildə Cənubi Qafqaz geosiyasətinə cəlb edib. Türkiyənin bu mövzuda atacağı addım maraqla gözlənilsə də, kilsənin işə qarışması məsələnin nə qədər ciddi olduğunu göstərir.

Dediyim kimi, 20 ildir ki, erməni məsələsi kontekstində Qərb fondları ilə fəaliyyət göstərən yüzlərlə mütəxəssis, professor, ekspert professorlar yetişdirilib ki, onlardan biri də Taner Akçamdır.

Təəssüf ki, Türkiyədə erməni problemini bilən ekspertlər çox deyil. Mövzunu bilənlər arxa plana keçir, adıçəkilən ekspertlər isə mövzunu bilmir və ya saxtalaşdırırlar.

Türkiyədə Qərblə işləyən, Qərbin tələbləri istiqamətində fəaliyyət göstərən çoxlu ekspert professorlar və analitiklər var. Onlar heç bir iqtisadi problemi olmayan savadlı, cəmiyyətin sanballı adamları kimi daim gündəmə gətirilir. Gün və vaxtı gələndə Qərbin istədiyi kimi danışır, hərəkət edir. Beləliklə, Türkiyənin özündə türk elm adamlarının əliylə ictimai rəy formalaşdırmaqla, Türkiyənin təsir dairəsini daraldırlar. Erməni problemi bu mənada ən çox istifadə olunan beynəlxalq problemdir. 44 günlük Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan ittifaqı Cənubi Qafqazda yeni qüvvələr balansı yaratdı və hesab edirəm ki, Türkiyənin Ermənistanla bağlı atacağı addımlar tarazlığı pozacaq. Bunu anlayan və narahat olan qüvvələr hərəkətə keçiblər. Bu səbəblə Türkiyənin başını öz  daxili problemlərinə qataraq, yeni bir yol xəritəsi çəkmək  həvəsinə düşüblər”.

Hər il dünya erməniləri 24 apreldə qondarma erməni soyqırımını qeyd edirlər. Onlar artıq dünyanın 25 ölkəsinə bu saxta iddianı qəbul etdirməyi bacarıblar. Türkiyə isə 1915-ci ildə Osmanlı İmperiyasında baş verənlərin “erməni soyqırımı” adlandırılmasına qarşıdır və həmin vaxt ermənilərə qarşı hər hansı soyqırımın həyata keçirildiyi arxiv sənədləri ilə təsdiqini tapmadığını bəyan edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə çıxışlarında arxivlərin açılmasında maraqlı olduğunu bəyan edib və bu işə elm adamlarının cəlb edilməsi təklifini irəli sürüb. Türkiyənin bu qədər açıq təklifinin qarşısında Ermənistan lobbisi, bu vəziyyətdən Türkiyəyə qarşı istifadə etməyə çalışan güclər də hələlik susur.

Bu məhkəmə dünya ermənilərinə nə verəcək? Aydındır ki, qarşıda duran vəzifə qeyri-qanuni zəbt edilmiş kilsələr, torpaq və tikililərlə bağlı Kilikiya Katolikosluğunun mülkiyyət hüquqlarının bərpası məsələsinin həlli ilə məhdudlaşmır.

“Biz tələbimizin nəticələrinin siyasi mahiyyətindən xəbərdarıq. Biz bilirik ki, məhkəmə ədalətli tələblərin məhkəmələr vasitəsilə təqdim edilməsi üzrə qlobal proses üçün, bizim üçün yeni perspektivlər açacaq”, - deyə Katolikos I Aram müsahibələrindən birində  qeyd edib.

Qarşıya qoyulan vəzifələr nələrdir, hansı qlobal proseslərdən söhbət gedir, bu böyük oyunda ermənilərdən alət kimi istifadə etməkdə məqsəd nədir ? Bax bu suallar qarşısında keşiş susur. O deməsə də, biz artıq bilirik. Ermənilər bu böyük oyunda istifadə edilən tərəf olaraq, özlərinin mənafelərini də düşünmüş, buna Böyük Ermənistan xülyasını reallaşdırmaq üçün fürsət kimi baxmışdılar. Ermənistan “dəmir yumruq”la bu arzuya aparan yolda ilk sarsıdıcı zərbəni aldı. Amma hələlik ağıllanmış və niyyətindən geri dönmüş kimi görünmür.

Bu sondurmu? Analitik düşüncə deyir ki, yox! Amma dünya erməniləri bu qədər inad və məkrlə öz yollarına davam edərlərsə, sonun başlanğıcı ola bilər...

 

 

 

 

 

Paylaş
Baxılıb: 234 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31