Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Okeanın o tayında “demokratiya oyunu”

Okeanın o tayında “demokratiya oyunu”

08.12.2021 [10:55]

Və ya “demokrat”ın antidemokratik mahiyyəti

Nurlan QƏLƏNDƏRLİ

Son günlər dünya mediasında müzakirə predmetinə çevrilən məsələlərdən biri ABŞ-ın “demokratiya sammiti” keçirməsidir. Təbii ki, bu məsələ birmənalı qarşılanmır, müstəqil ekspertlər - siyasi analitiklər okeanın o tayındakı “demokratiya oyunu”nu ciddi tənqid obyektinə çevirirlər (xüsusilə də, sammitə dəvət edilənlərin siyahısına nəzər salaraq). Digər tərəfdən, haqlı olaraq belə bir sual səsləndirilir: “demokratiya sammiti” təşkil edən ABŞ-ın özü demokratik ölkədir? Təbii ki, siyasi və hüquqi reallıqlara, bir sıra faktlara nəzər yetirdikdə bu sualın cavabını asanlıqla tapmaq olur...

“Demokratiya sammiti” təşkil edən ABŞ-ın özü demokratik ölkədir? 

Faktlar göstərir ki, öz sərhədlərindən kənarda demokratiya tələb və diktə edən ABŞ-da siyasi sistemin çoxsaylı qüsurları mövcuddur, xüsusilə də seçki sistemi qeyri-təkmil və antidemokratikdir. Xüsusilə də, hər prezident seçkiləri zamanı seçki prosesinin bütün mərhələlərində müşahidə olunan ciddi çatışmazlıqlar və qüsurlar siyasi ekspertlər, hüquqşünaslar tərəfindən xüsusi müzakirə predmetinə çevrilir. Bu ölkədə mövcud seçki qanunvericiliyi, seçkilərin keçirilmə üsul və formaları, eləcə də bir sıra prosedurlar ciddi tənqid obyektinə çevrilməkdədir. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bir neçə il öncə ABŞ-da keçirilmiş prezident seçkilərinin yekunlarına dair hesabatında seçkilərdə çoxsaylı nöqsanların və çatışmazlıqların olduğunu bəyan etməsi, əslində, seçki sisteminin qüsurlarını ortaya qoymuşdu. “Səsvermə hüququnun reallaşdırılması, səslərin sayılmasında dəqiqlik, seçki qərargahlarının maliyyələşdirilməsinin şəffaflığı, səslərin sayılması proseduru və buraya beynəlxalq müşahidəçilərin buraxılması kimi məsələlərdə yol verilən kobud nöqsanlar böyük narahatlıq yaradır”, - deyə Büronun hesabatında bildirilmişdi. Həmin seçkiləri müşahidə edən avropalı parlamentarilərdən ibarət müşahidə missiyası belə bir qənaət ifadə etmişdi ki, Birləşmiş Ştatların seçki sistemində özünü göstərən ciddi qüsurlar bütövlükdə demokratik prosedurları, şəffaflığı şübhə altına alır: “Biz bütün ölkə boyu tətbiq oluna biləcək ümumi seçki qaydalarının mövcud olmadığını aşkarladıq. Bu, ölkənin seçki sistemini zəiflədir, prosesin şəffaflıq və bütövlüyünə təsir göstərir. Mənfi təsir özünü seçicilərin qeydiyyatı və elektron səsvermədə xüsusilə büruzə verir”. Nümayəndə heyətinin rəhbəri Co Suares diqqətə çatdırmışdı ki, ATƏT müşahidə missiyası ABŞ-a bu yanaşmanı nəzərə alaraq ölkənin bütün seçki sisteminə tətbiq olunacaq standartlar hazırlamağı tövsiyə edir.

Beləliklə, ortaya çıxan nəticə budur ki, demokratik dəyərlərə məhəl qoymayan ABŞ öz sərhədlərindən kənarda “demokratiya” tələbi ilə çıxış etməklə özünün “geopolitik demokratiya” məfhumunun mahiyyətini aşkar edir, başqa sözlə, “demokratiya” silahından geopolitik oyunlar vasitəsi kimi istifadə etdiyini nümayiş etdirir.

Xalqın iradəsi və suverenliyi necə məhdudlaşdırılır?

Bütövlükdə, ABŞ-da seçki reallıqlarını daha dəqiq bilmək üçün bir sıra məqamlara nəzər salmaq məqsədəmüvafiqdir. Əvvəla qeyd edək ki, ABŞ-da prezident xalqın deyil, seçici kollegiyalarının səsi ilə seçilir. Seçicilər kollegiyaları, onlar isə ümumi səsvermə vasitəsilə prezidenti seçirlər. Seçici kollegiyaları əsasən Nümayəndələr Palatasında və Senatda ayrı-ayrı ştatları təmsil edirlər. Bundan başqa, səsvermə prosesi zamanı müəyyən paradokslar da müşahidə edilir. Məsələn, səs verənlər bəzi hallarda öz seçimlərini rəqib partiyanın namizədinin lehinə edirlər ki, bu da kollegiyaların fəaliyyətində müşahidə olunan ziddiyyətlər sırasında yer alır. Digər arxaik metod isə bundan ibarətdir ki, prezidentliyə namizədlərdən heç biri yetərli sayda (270-dən çox) səs toplamasa, o zaman Nümayəndələr Palatası daha çox səs toplamış namizədi prezident elan edir ki, bu da bütövlükdə demokratiyanın mahiyyətini əks etdirən xalqın iradəsi və suverenliyinin məhdudlaşdırılmasıdır.

Bunlarla yanaşı, seçki qanunvericiliyi təkmil və demokratik olmadığından seçki prosesinə böyük məbləğdə maliyyə vəsaitləri xərclənir və güclü maliyyə dəstəyinə malik olmayan - müəyyən lobbi təşkilatlarından və iri korporasiyalardan dəstək ala bilməyən namizədlər seçki prosesindən kənarda qalırlar. Təsadüfi deyil ki, bir neçə il əvvəl keçirilmiş prezident seçkilərini müşahidə edən avropalı parlamentarilərdən ibarət müşahidə missiyasının rəhbəri Co Suares Birləşmiş Ştatlardakı seçkilərin maliyyə tərəfinin də ciddi problemlər və çatışmazlıqlara yol açdığını diqqətə çatdırıb: “Seçkilərdə hər bir namizəd üçün fantastik məbləğdə maliyyə vəsaiti ayrılıb. Bizim ümumi rəyimiz belə idi ki, bu seçkilərdə hər şeyi pul həll edib. Məhz bunu biz neqativ təbliğat və çirkli kampaniya adlandırırıq”.

Mövcud sistem siyasi plüralizmi istisna edir

Beynəlxalq miqyasda ABŞ siyasi sisteminin ən çox tənqid edilən neqativ cəhətlərindən biri məhz siyasi plüralizmin olmamasıdır. Belə ki, ölkədə federal səviyyədə 38 partiyanın fəaliyyət göstərməsinə, hər siyasi partiyanın namizəd irəli sürmək hüququnun mövcud olmasına baxmayaraq, seçki marafonunda yalnız iki partiyadan olan namizədlərin yer almasına icazə verilir. Məsələn, bir neçə il öncə keçirilmiş prezident seçkilərində müxtəlif ştatlarda 32 namizəd irəli sürülmüş, hər hansı bir maneə və ya hüquq pozuntusu olmamasına rəğmən, bunlardan yalnız 4 nəfərin adı seçki bülleteninə salınmışdı, hətta nəticədə iki partiya nümayəndəsi prezidentlik postu uğrunda mübarizəyə buraxılmışdı.

Bu ölkədə fəaliyyət göstərən hüquqşünaslar və siyasi ekspertlər seçicilərin qeydə alınması zamanı müşahidə olunan çatışmazlıqların və qanun pozuntularının artıq ənənə halını aldığını diqqətə çatdırırlar. Konkret fakta diqqət yetirək: bir neçə il əvvəl keçirilmiş prezident seçkilərində səsvermə hüququna malik 26 milyon vətəndaş seçici kimi qeydə alınmayıb, 5,9 milyon vətəndaş cinayət törətməkdə ittiham olunduğundan səsvermə hüququndan məhrum edilib, 6 milyon vətəndaşın isə seçici siyahılarında adına rast gəlinməyib.

Seçki prosesini tənzimləyən müstəqil mərkəzi orqanın olmaması nəyin göstəricisidir?

Bundan başqa, prezident seçkiləri zamanı ABŞ seçki sisteminin qüsurlarını ortaya çıxaran və ciddi iradların meydana çıxmasını şərtləndirən hallardan biri isə seçkilərin keçirilməsi üzrə fəaliyyət göstərən orqanların tənzimləyici mexanizm rolunda çıxış etməməsidir. Məlumdur ki, bu ölkədə prezident seçkilərinin keçirilməsi üzrə müstəqil mərkəzi orqan yoxdur, buna görə də seçkiləri tənzimləmək üçün 2 federal seçki komissiyası fəaliyyət göstərir. Bu orqanlar isə daha çox maliyyə məsələlərini tənzimləyir və həmin strukturların tərkibi ikipartiyalı sistem əsasında formalaşıb ki, bu da qurumların sağlam, ədalətli və obyektiv fəaliyyətinə mane olur, daha çox ziddiyyət və qarşıdurmalar müşayiət olunur. Beləliklə, seçkilər daha çox korporativ rəqabət platformasında “tənzimlənir”, bir növ, “idarəedilən xaos” ortaya çıxır.

“Demokratiyanın beşiyi”ndə beynəlxalq təşkilatların nümayəndələrinə təhdid və təzyiq...

Nəhayət, bu ölkədə seçkilərin beynəlxalq təşkilatlar tərəfindən müşahidə edilməsinə, bir növ, embarqo qoyulub. Belə ki, təkcə Missuri, Nyu-Meksika və Cənubi Dakota ştatlarında, o cümlədən Kolumbiya federal dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini müşahidə etmələrinə icazə verən qanunlar qəbul edilib. Texas ştatının prokuroru Qreq Ebbotun ATƏT DTİHB-nin tərkibində olan müşahidəçilərin seçki məntəqələrinə 30 metrdən artıq yaxınlaşacağı təqdirdə onların cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlığı isə “demokrat”ın antidemokratik reallığını növbəti dəfə aşkar etmişdi. O, hətta “ATƏT-in öz mövqeyi ola bilər, lakin bu mövqe ABŞ ərazisində heç bir hüquqi qüvvəyə malik deyildir” deməklə Birləşmiş Ştatların hansı mövqedə durduğunu bəyan etmişdi. Bundan başqa, ABŞ administrasiyası DTİHB-nin müşahidəçi missiyasının fəaliyyətinə qadağalar qoymuş və onların heç bir iradını qəbul etməmişdi. ABŞ-da ştatların birinin qubernatoru isə müşahidəçiləri həbs olunmaqla təhdid etmişdi.

Göründüyü kimi, “demokratiyanın beşiyi”ndə seçkiləri müşahidə etmək istəyən beynəlxalq təşkilatların nümayəndələri təhdid edilir və ya ciddi təzyiqlərə məruz qalırlar.

“Demokratiya mifi”nin sonu...

Nəticə etibarilə, ABŞ dünya ictimaiyyətinə “demokratik dəyərlər” aşılamağa çalışsa da, bu ölkənin öz daxilində müşahidə edilən antidemokratik proseslər reallıqların nədən ibarət olduğunu göstərir. Bu, isə Birləşmiş Ştatların “demokratiya mifi”ni darmadağın edir.

Bütövlükdə, sadalananlar ABŞ-ın “demokratiya sammiti”nin geopolitik proyekt olduğunu, insan hüquqları və azadlıqları, demokratik dəyərlər və ənənələrlə heç bir əlaqəsinin olmadığını göstərir. Əgər belə olsaydı, o zaman ABŞ, ilk növbədə, özünü bu sammitə dəvət etməməliydi, yaxud belə bir tədbiri təşkil etməyə özündə mənəvi haqq tapmamalıydı...

 

 

 

Paylaş:
Baxılıb: 459 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

03 Oktyabr 12:33

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31