Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / 44 günlük müharibə 46 kilometrlik dəhlizin taleyini həll etdi

44 günlük müharibə 46 kilometrlik dəhlizin taleyini həll etdi

16.12.2021 [10:18]

Nurlan QƏLƏNDƏRLİ

30 illik işğala 44 gün ərzində son qoyan Müzəffər Ali Baş Komandan 46 kilometrlik Mehri dəhlizinin açılmasına da nail olacaq - 3 gün gec  və ya  5 gün tez.  Artıq bizim yeganə rəqibimiz zamandır!

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanmasından sonra yaranmış yeni reallıqlar özündə mühüm strateji hədəfləri və prosesləri ehtiva edir. Prezident İlham Əliyev milli məzmunlu, regional və qlobal əhəmiyyətli bu hədəflərə dair prinsipial mövqeyini qətiyyətlə ifadə edib.

Hədəf tarixi Zəfəri daimi prosesə çevirməkdir

Əsas məqsəd hərbi-siyasi qələbəni diplomatik müstəvidə möhkəmləndirmək, tarixi Zəfəri daimi prosesə çevirməkdir. Böyük Qayıdışın təmin olunması, regionun yeni geostrateji dizaynının aparılması (kommunikasiyaların bərpası, sərhədlərin müəyyənləşdirilməsi, yeni çoxtərəfli əməkdaşlıq platformasının yaradılması və s.) bu səpkidə mühüm prioritetlərdir. Xüsusilə də, Zəngəzur dəhlizinin yaradılması. Bu, təkcə Azərbaycanın deyil, eyni zamanda, regionda bütün xalqlar və dövlətlərin mənafeyinə xidmət edən, həmçinin Avrasiyada bir çox ölkəyə iqtisadi və siyasi mənfəət vəd edən təşəbbüsdür. Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi Azərbaycan Prezidentinin siyasi iradəsinin, milli məzmunlu qlobal düşüncəsinin və gələcəyə aydın strateji baxışının ifadəsidir. Digər tərəfdən, bu, təkcə kommunikasiyaların bərpası, nəqliyyat-tranzit xəttinin yaradılması təşəbbüsü deyil, özündə siyasi, iqtisadi, mənəvi və tarixi məqamları ehtiva edən məsələdir. Prezident İlham Əliyev qeyd edib: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də...”

Doğrudur, məğlub Ermənistanda həm hakimiyyət, həm də müxalif qüvvələr tərəfindən dəhlizin açılması ilə əlaqədar birmənalı mövqe ifadə olunmur. İlk növbədə, müxalifət düşərgəsində yer alanlar iki səbəbdən bu məsələ ilə əlaqədar neqativ yanaşma ortaya qoyurlar: birincisi, rəqibləri məğlubiyyətin imzasını daşıyan Paşinyanın ictimai rəydə imicini daha da korlamaqla siyasi xal qazanmağa çalışırlar. İkincisi isə, erməni cəmiyyətində “siyasətçi” adını daşıyanların bir qismi hələ də XX əsrin işğalçılıq eyforiyası, həmçinin XXI əsrin məğlubiyyət acısı ilə yaşayaraq revanşist mövqe ortaya qoyur.  Onlar bilirlər ki, Azərbaycan addım-addım hədəfə doğru irəliləyir, reallıqları dəyişdirə-dəyişdirə ədalətsizlikləri aradan qaldırır. Elə Zəngəzur dəhlizinin açılması, həmçinin tarixi torpaqlarımıza qayıdış məsələsi də bu baxımdan böyük önəm daşıyır. Bu istiqamətdə müzakirə olunan əsas məsələlərdən biri Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək təqribən 46 kilometrlik Mehri dəhlizinin açılmasıdır.

Ya Zəngəzur dəhlizi, ya Zəngəzur!

Mehri dəhlizinin açılması erməni millətçiləri və revanşist qüvvələr tərəfindən həm etirazla, həm də təşvişlə qarşılanır. Çünki o zaman Bakı-Naxçıvan yolunun çəkilişini əngəlləyənlər indi bu prosesin qarşısını almaq iqtidarında olmadıqlarını yaxşı bilirlər. Hətta vaxtilə Mehrini “Azərbaycan dövlətçiliyinin kürəyinə sancılmış xəncər” adlandıran Zori Balayanın ruhunun da onların siyasi-ideoloji köməyinə çatmayacağını anlayırlar. Paşinyanın bu məsələdə dəyişkən mövqe nümayiş etdirməsi isə dəhliz məsələsini ermənilərə siyasi cəhətdən həzm etdirmək çabası ilə bağlıdır. Hələ məğlubiyyət sindromunun simptomlarını üzərindən ata bilməyən ermənilərə Mehri dəhlizinin açılması məsələsini qəbul etdirmək üçün Paşinyan birdən-birə radikal addım ata bilməz. O, sadəcə, bu məsələlərin ictimai rəydə qəbul olunması üçün siyasi-psixoloji terapiya ilə məşğuldur. Zaman isə Azərbaycanın lehinə, Ermənistanın əleyhinə işləyir. Həm Paşinyan, həm rəqibləri (revanşistlər də daxil olmaqla), həm sadə ermənilər İlham Əliyevin sözü ilə imzasının eyni çəkiyə malik olduğunu, tarixi ədaləti sonuna qədər bərpa edəcəyini yaxşı bilirlər: yəni dəhliz də açılacaq, tarixi torpaqlarımıza qayıdış da baş tutacaq. 

Prezident İlham Əliyevin bu səpkidə strateji təşəbbüsləri həm də siyasi varislik və millilik prinsipinə əsaslanmaqla mənəvi-siyasi  əhəmiyyət daşıyır. O, sözün hər bir mənasında, Heydər Əliyevin təməlini atdığı yolun inşasını başa çatdırır. Azərbaycanı Heydər Əliyev yolu ilə inkişaf etdirir, Heydər Əliyevin əsasını qoyduğu yolu tamamlayır. Belə ki, bu gün ermənilərin müzakirə etdikləri, həmçinin təşvişə düşdükləri yol - Bakı-Naxçıvan şose yolu Heydər Əliyevin proyekti idi. Bütün xərclərini SSRİ Müdafiə Nazirliyinin maliyyələşdirdiyi yol, əslində, hərbi-strateji deyil, siyasi marşrut xarakteri daşıyırdı. 1979-cu ilin sonlarından müzakirəsinə başlanan yol Müdafiə Nazirliyinin layihəsi kimi Siyasi Büroda təsdiq edilmişdi. Doğrudur, sonradan ədalətsiz qərarlar, süni müdaxilələr, erməniləşmiş sovet amili bu yolu başa çatdırmağa imkan vermədi. O zaman yol başa çatmasa da, məsələ bitmədi, Heydər Əliyev irsi ədalətin bərpası üçün zaman və məkanın fövqünə yüksəlməyi bacardı. Bu gün 44 günlük müharibənin qalib Sərkərdəsi İlham Əliyevin sarsılmaz iradəsi, qətiyyətli mövqeyi və məqsədyönlü fəaliyyəti 46 kilometrlik Mehri dəhlizinin açılmasını mümkün edir. Şübhəsiz ki, 30 illik işğala 44 gün ərzində son qoyan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 46 kilometrlik Mehri dəhlizinin açılmasına da 3 gün gec - 5 gün tez  nail olacaq - artıq bizim yeganə rəqibimiz zamandır. Və 44 günlük müharibədən 46 kilometrlik Mehri dəhlizinə gedən böyük yol tarixin yaddaşına əbədi həkk olunacaq.  Mümkün olacaq daha bir məsələ isə, qeyd etdiyimiz kimi, milli yaddaşımızın yenilənməsi, qələbə və qayıdış vasitəsilə tarixi irsimizin bərpasıdır. Şübhəsiz ki, bu gün Şərqi Zəngəzurun öncə azad, sonra isə abad edilməsi ilə proses başa çatmayacaq, bu yol soydaşlarımızı Qərbi Zəngəzura da aparacaq. Azərbaycan Prezidenti “Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində, əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”,-deyə vurğulayıb. Ermənilər isə yaxşı fikirləşsinlər: ya Zəngəzur, ya da Zəngəzur dəhlizi!

Paylaş
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Müsahibə

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31