Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Azərbaycan diplomatiyası 2021-ci ildə...

Azərbaycan diplomatiyası 2021-ci ildə...

06.01.2022 [10:06]

Nurlan QƏLƏNDƏRLİ

Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kursun və dərin strateji diplomatiya siyasətinin nəticəsi kimi, 2021-ci il də ölkəmiz üçün xarici siyasət sahəsində uğurlu oldu. Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri inkişaf etdi, ənənəvi tərəfdaşlarla əlaqələri möhkəmləndi. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində qeyd etdi ki, biz beynəlxalq arenada öz mövqelərimizi möhkəmləndirdik: “Bizim beynəlxalq nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat çərçivəsində uğurla fəaliyyət aparmışıq”.

Hərbi-siyasi qələbə diplomatik müstəvidə möhkəmləndirildi

Prezident İlham Əliyevin Vətən müharibəsində qazandığımız hərbi-siyasi qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi və strateji prosesə çevrilməsi istiqamətində yürütdüyü kurs postmüharibə dövründə mühüm nailiyyətlərin qazanılmasını - əhəmiyyətli irəliləyişlərə nail olunmasını şərtləndirib. Dövlət başçısı müxtəlif formatlarda görüşlərdə, beynəlxalq tədbirlərdə qalib Azərbaycanın haqlı və qətiyyətli mövqeyini, prinsipial yanaşmasını inamla diqqətə çatdırıb.

Ümumiyyətlə, ölkəmiz yeni şəraitdə - yeni reallıqlar fonunda regionda proseslərin tənzimlənməsi üçün həm vacib çağırışlarla, həm də müvafiq təklif və təşəbbüslərlə çıxış edib. Xüsusilə də, Azərbaycan regionda yeni nəqliyyat dəhlizinin yaranması - kommunikasiya xətlərinin bərpası ilə əlaqədar həm səmərəli, faydalı ideya və təkliflər irəli sürüb, həm də əməli addımlar atıb. Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində görülən işlər bunun bariz nümunəsi - əyani təsdiqidir. Ümumiyyətlə, Azərbaycanın mövqeyi regional təhlükəsizlik və əməkdaşlıq müstəvisində tam adekvat yanaşma kimi xarakterizə olunur.

Bütün bu məsələləri nəzərə alaraq bir sıra məqamlara nəzər yetirmək yerinə düşər. İlk növbədə, bu istiqamətdə ötən il yanvarın 11-də Prezident İlham Əliyevin Moskvaya işgüzar səfərini xüsusi vurğulamaq gərəkdir. Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi, Birgə Bəyanatın imzalanması regionda proseslərin qalib Azərbaycanın şərtləri və üstün strateji mövqeyi fonunda tənzimləndiyini bir daha təsdiqlədi. Bununla yanaşı, 2021-ci ilin noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə regionda sabitlik və təhlükəsizliyə dair məsələlər, Azərbaycan ilə Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması, iki tərəf arasında sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin postmüharibə dövrünün reallıqları ilə bağlı digər bir sıra məsələlər haqqında mühüm fikirlər səsləndirildi. Üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış etdilər. Gözlənildiyi kimi, qalib Azərbaycanın Lideri - Prezident İlham Əliyev dəmir məntiq və yüksək diplomatik məharət nümayiş etdirdi, Azərbaycanın bəhs olunan məsələlərlə əlaqədar prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi. Dövlət başçısı Azərbaycanın bölgədə dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxşaxəli əməkdaşlığın təmin edilməsində maraqlı olduğunu, qarşıda duran vacib məsələlərin həllini tapmasının zəruriliyini nəzərə çatdırdı. Görüşün əks etdirdiyi reallıqlardan biri də budur ki, Azərbaycan milli maraqlara əsaslanan, regional təhlükəsizliyə və əməkdaşlığa xidmət edən strateji məqsədlərini reallaşdırmağa davam edir. Üçtərəfli görüşdə Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan baş nazirinin mətbuata bəyanatlarında əksini tapan məqamlar Soçi görüşünün nəticələrini müsbət qiymətləndirməyə əsas verir. Əminliklə söyləmək olar ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu.

Bunlarla yanaşı, Prezident İlham Əliyevin ötən il dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığının VI Sammitində iştirakı və çıxışı xüsusi diqqət mərkəzində oldu - böyük maraqla qarşılandı. Zirvə toplantısı çərçivəsində səsləndirilən fikirlər dünyada böyük etimada malik olan Azərbaycanın Avropa İttifaqı ölkələri üçün vacib və cəlbedici tərəfdaş olduğunu bir daha təsdiqlədi. Növbəti dəfə bəyan olundu ki, Aİ ölkəmiz ilə müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Yeri gəlmişkən, keçən il dekabrın 14-də Brüsseldə Prezident İlham Əliyevin, Aİ Şurasının Prezidenti Şarl Mişelin və Nikol Paşinyanın görüşü  postmünaqişə dövründə regionda proseslərin tənzimlənməsinin diqqət mərkəzində olduğunu bir daha nümayiş etdirdi.

Beləliklə, bəhs olunan görüşlər zamanı səsləndirilən fikirlər postmünaqişə dövründə prosesləri tənzimləyən əsas qüvvənin - söz və nüfuz sahibinin Azərbaycan olduğunu təsdiqlədi. Növbəti dəfə aydın oldu ki, Azərbaycanın geostrateji iradəsi əsasında regionda yeni təhlükəsizlik mühiti yaranır, çoxtərəfli əməkdaşlıq platforması formalaşır və bu işbirliyi çətiri altında birləşmək yalnız iqtisadi mənfəət, siyasi dividend vəd edir. Bu prosesə isə süni müdaxilə etmək, reallıqları dəyişdirmək mümkün deyil!

Şuşa Bəyannaməsi: regionun geostrateji arxitekturası yenidən dizayn olunur

2021-ci ilin hərbi-siyasi və strateji nöqteyi-nəzərdən ən mühüm hadisələrindən biri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması oldu. Şübhəsiz ki, Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsidir.

Ümumiyyətlə, dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Heç şübhəsiz, postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, strateji inteqrasiyanın daha intensiv xarakter almasında vacib rola malikdir. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Qars müqaviləsindən yüz il sonra iki ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsində bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə əlaqədar aydın strateji niyyət ifadə olunub. Digər tərəfdən, Türkiyə və Azərbaycanın qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik, qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqədar qətiyyətli mövqe ortaya qoyulması mühüm əhəmiyyət daşıyır.

Beləliklə, 2021-ci ilin ən mühüm hadisələrindən olan Şuşa Bəyannaməsinin imzalanması ilə regionun geostrateji arxitekturası yenidən dizayn olunur.

Diqqət Azərbaycana və regiona...

Bunlarla yanaşı, ötən il Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı çox mühüm məqamlarla yadda qaldı. Zirvə Toplantısı, həmçinin beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanın səmərəli ideya, təklif və təşəbbüslərinin regionda çoxtərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu, perspektiv əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinə dayanıqlı zəmin yaratdığını göstərdi. Yeri gəlmişkən, Aşqabad sənədində əks olunan məsələlər Azərbaycanın milli-strateji maraqlarına tam adekvat oldu və yeni mərhələdə ölkəmizin mühüm rolunu, yüksək statusunu əks etdirdi. Sənəddə Azərbaycan xalqı və hökumətinin ərazilərin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilməsi isə xüsusi vurğulanmalıdır. Bu, bir daha onu göstərir ki, 44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region dövlətləri və güc mərkəzləri, o cümlədən İƏT üzvü olan dövlətlər üçün önəmlidir, həmçinin mühüm dividendlər vəd edir. Digər tərəfdən, sənəddə üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırıldı. Bu isə Azərbaycanın iqtisadi əməkdaşlıq dairəsinin genişlənməsinə xidmət etməklə yanaşı, ölkəmizin funksional iqtisadiyyatının inkişaf pers­pektivləri ilə də bağlı müstəsna önəm daşıyır. Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz”  ifadəsinin öz əksini tapması Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edildiyini göstərir. Bu da təsadüfi deyil, çünki Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək Zəngəzur dəhlizi Avrasiyada kommunikasiya və inteqrasiyanı gücləndirəcək.

Eyni zamanda, 12 noyabr 2021-ci ildə İstanbulda Türk Dövlətləri Təşkilatının Səkkizinci Zirvə Görüşündə üzv dövlətlər torpaqlarımızın hərbi işğaldan azad edilməsi ilə bağlı Azərbaycanın haqq işini dəstəklədilər, münaqişədən sonra bərpa, yenidənqurma və reinteqrasiya səylərinə dəstəkləməyə hazır olduqlarını ifadə etdilər. Xüsusi vurğulamaq gərəkdir ki, Zirvə Görüşündə dövlətimizin başçısı Azərbaycan Respublikasının torpaqlarının azad edilməsini və ərazi bütövlüyünün bərpa olunmasını təmin edən, Türk birliyinə önəmli töhfə verən, regionda davamlı sülh və sabitliyə nail olunmasına yol açan tarixi Qələbə münasibətilə Türk Dünyasının Ali Ordeni ilə təltif olundu.

Beləliklə, ötən ilin siyasi-diplomatik mənzərəsini əks etdirən bu reallıqlar onu göstərir ki, dünyanın nəzəri Azərbaycanda və regiondadır. Çünki Azərbaycanın yaratdığı geostrateji reallıqlar beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir.

Yüksələn xətt üzrə...

Sadalananlardan əlavə, Azərbaycan 2021-ci ildə həm region ölkələri, həm də regiondan kənar dövlətlərlə ikitərəfli münasibətləri uğurla inkişaf etdirdi, müxtəlif səfərlər baş tutdu, ayrı-ayrı sahələri əhatə edən önəmli müqavilələr imzalandı. Eyni zamanda, regional və beynəlxalq təşkilatlarda faydalı təmaslar, Aİ və NATO ilə, eləcə də ölkəmizin üzvü olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM təşkilatları çərçivəsində milli maraqlarımız əsasında əməkdaşlıq davam etdirildi. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatında Sədrliyini uğurla davam etdirərək üzv dövlətlərin potensialının Hərəkatın qarşısında duran məqsədlərin reallaşdırılmasına yönəlməsində aktiv rol oynadı, qlobal məsələlərlə əlaqədar vacib təşəbbüslərlə çıxış etdi. Ölkəmizin təşəbbüsləri BMT, Qoşulmama Hərəkatı çərçivəsində və beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirildi. Bununla yanaşı, Azərbaycan Türk Şurasına sədrliyi uğurla başa vurdu.

Nəticə etibarilə, Azərbaycan diplomatiyasının 2021-ci il səhifəsi ciddi uğurlarla və əlamətdar hadisələrlə yadda qalıb.

 

 

Paylaş
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31