Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Nə qədər ki, sərhədlər müəyyənləşməyib, sülh sazişi imzalanmayıb...

Nə qədər ki, sərhədlər müəyyənləşməyib, sülh sazişi imzalanmayıb...

13.01.2022 [10:47]

Ermənistanın təxribatları qaçılmaz olacaq

Mübariz ABDULLAYEV

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribat törətməsi bir çox məqamları növbəti dəfə aktuallaşdırır. Reallıq budur ki, üç onillik ərzində işğalçılıq siyasəti aparan və bundan heç bir fayda görməyən, əksinə, dalan ölkəyə çevrilən Ermənistan yenə də aqressiv əməllərindən geri dönmək istəmir, zaman-zaman öz varlığını təxribatlarla gündəmə gətirir.

“Sülh göyərçinləri”nin gerçək

Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatlar, əslində bu ölkənin siyasi rəhbərliyinin, hərbi elitasının və cəmiyyətinin utopik düşüncələrdən xilas olmadığını təsdiqləyir. Baş nazir Nikol Paşinyan, bu ölkənin digər rəsmiləri vasitəçi ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən görüşlərdə özlərini “sülh göyərçinləri” kimi qələmə verməyə çalışırlar, geri dönəndə isə sərhəddə təxribat düymələrini basırlar.

Ekspertlər Ermənistanın müharibədəki məğlubiyyətdən sonra da sərhədlər boyunca təxribatlara əl atmasını müxtəlif rakursdan dəyərləndirirlər. İki ölkə arasında sülh sazişinin imzalanmaması, sərhədlərin demarkasiya və delimitasiya proseslərinin aparılmaması isə belə təxribatların baş verməsinə yol açan əsas amillər kimi göstərilir. Bu xüsusda fikirlərini ifadə edən siyasi şərhçi, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Azərbaycan”a açıqlamasında bildirib: “Azərbaycan və Ermənistan liderləri Soçi görüşündən təxminən iki həftə sonra Brüsseldə görüşdülər. Bu dəfə vasitəçi kimi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel çıxış edirdi. Brüsseldəki görüşdə də sərhədlərin müəyyənləşməsinin vacibliyi vurğulandı. Ancaq sərhəddə baş verən son insident göstərdi ki, Soçi və Brüsseldəki razılaşmalar Ermənistan tərəfindən yerinə yetirilmir. Nə qədər ki, tərəflər arasında sülh sazişi imzalanmayıb, nə qədər ki, sərhəd müəyyənləşməyib və razılaşmalara uyğun olaraq kommunikasiya xətləri açılmayıb, sərhəddə gərginlik azalmayacaq”.

Məğlub Ermənistandan fərqli olaraq, respublikamız Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli bəyanatlara, həmçinin digər razılaşmalara sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyev postmüharibə dövründə dəfələrlə  sülh və əməkdaşlıq çağırışları səsləndirib. Bu mövqe birmənalı şəkildə regionda təhlükəsizliyə və inkişafa yeni imkanların yaradılması kimi dəyərləndirlir.

KTMT-dən umulan kömək vəyaxud ac it ulduza hürər

Artıq bir növ ənənə halını alıb: Ermənistan mühüm görüşlər və yaxud hadisələr ərəfəsində sərhəddə təxribatlara əl atır. Bu dəfə Kəlbəcər və Tovuz istiqamətində təxribatların təkrarlanması da istisna təşkil etmir. Növbəti təxribatlar Qazaxıstandakı məlum hadisələr ərəfəsində baş verdi. Burada paralellər aparmaq tam yerinə düşür. Diqqət yetirək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) silahlı qüvvələri Qazaxıstanın dövlət başçısının dəvəti ilə bu ölkədə daxili sabitliyin təmin olunmasına cəlb edilib. İş elə gətirib ki, bununla bağlı sənədi Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb. Ermənistan Qazaxıstana daxil olan KTMT sülhməramlı kontingentinin tərkibində 70 nəfərlə təmsil olunur. Məğlub Ermənistanın rəhbərliyinin Qazaxıstan hadisələrinin fonunda fəallıq göstərməsi istehza və ikrah doğurur. Axı özünə umac ova bilməyən bir ölkə başqalarına necə əriştə kəsmək həvəsinə düşə bilər?

Sərhəddəki son təxribatların Qazaxıstandakı hadisələrlə, necə deyərlər, sinxronluq təşkil etməsi təsadüfi sayıla bilməz. Ermənistan rəhbərliyinin bu dəfə də bulanıq suda balıq tutmaq istəyi aydın şəkildə görünür. Qazaxıstanda sabitliyin yaradılmasına KTMT qüvvələrinin cəlb olunmasından dərhal özü üçün nəticə çıxaran Ermənistan rəsmiləri bu qüvvələrin onların da işlərinə yarayacağını düşünüblər. Onların əvvəllər də səsləndirdikləri iddialara görə, KTMT Ermənistanın ərazi iddialarının təmin olunmasında bu ölkənin yanında olmalıdır. Ermənistanda dərk etmirlər ki, Qazaxıstandakı vəziyyətlə Ermənistanın ərazi iddiaları arasında yerlə göy qədər fərq var. Vətən müharibəsi zamanı döyüşlər ölkəmizin ərazisində gedirdi. Belə olan halda, Ermənistan KTMT qüvvələrinin köməyinə hansı məntiqlə ümid bağlaya bilər? Ermənistanın KTMT-dən kömək umması ac itin ulduza hürməsinə bənzəyir.

Yeri gəlmişkən, ekspertlər də Ermənistanın Qazaxıstan hadisələri ərəfəsində sərhədlərimiz boyunca vəziyyəti gərginləşdirməyə cəhdlər göstərməsinin digər bir məqsədinin KTMT qüvvələrinin köməyinə ümid bağlaması ilə əlaqədar olduğunu xüsusi vurğulayırlar. Bu xüsusda qəzetimizə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib: “Ermənistanın Qazaxıstan hadisələri ərəfəsində sərhəddə təxribatlar törətməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək ummaq cəhdi istisna deyil. Halbuki Azərbaycanın Ermənistan ərazisində hansısa tədbirlər keçirmək niyyəti yoxdur. Respublikamız öz ərazisini işğaldan azad edib və öz ərazisində suverenliyini təmin etmək istəyir.  KTMT-nin Azərbaycanın davranışlarına hansısa bir formada münasibət bildirməsinə hüquqi əsaslar yoxdur. İkinci bir tərəfdən, Azərbaycan bölgədə sülhü bərqərar etmək istəyir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası məsələsində qətiyyətli mövqe sərgiləyir. Bu məsələ ilə bağlı Ermənistan rəhbərliyinin də açıqlaması var. Qarşı tərəf də sərhədlərin müəyyənləşdirilməsinə razı olduğunu bildirib, konkret sənədlər də imzalanıb. Sərhəddə təxribatların artması illüziyalardan qaynaqlanır. Belə hərəkətlərlə qarşı tərəf ağır vəziyyətə düşdüyünə və dəstəyə ehtiyac duyduğuna diqqət çəkmək istəyir”.

Regionda erməni faşizminə heç vaxt aman verilməyəcək

Baş verən bu və digər insidentlərin fonunda Qarabağdakı sülhməramlı kontingentin, həmçinin Ağdamda yaradılan Rusiya-Türkiyə Monitorinq Mərkəzinin susqunluğu təəccüb doğurur. Nə üçün bölgədə gərginliyin artmasına rəvac verən qüvvələr birdəfəlik ram edilmir? Axı cəzasızlıq mühiti təxribatçıların daha geniş miqyasda əl-qol açmalarına gətirib çıxarır.

Azərbaycana gəldikdə isə, ölkəmiz regionda təhlükəsizliyə hər hansı bir təhdid halına qarşı birmənalı mövqe sərgiləyir.  Prezident İlham Əliyev dəfələrlə ifadə edib ki, regionda erməni faşizminin yenidən baş qaldırmasına imkan verilməyəcək. Ermənistanın revanşizm mövqeyindən çıxış etməyə nə gücü, nə də mənəvi haqqı var. Son təxribatların qarşısının da qətiyyətlə alınması bunu göstərdi.  Baş verən son hadisələrin bütün məsuliyyəti qarşı tərəfin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Paylaş
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31