Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Analitik / “Beşinci kolon” növbəti anti-Azərbaycan kampaniyası üçün zəmin hazırlayır

“Beşinci kolon” növbəti anti-Azərbaycan kampaniyası üçün zəmin hazırlayır

12.05.2022 [10:59]

Məlik MƏMMƏDOV

Formula 1 yarışları ərəfəsində

Ölkə rəhbərliyinin səriştəli və uzaqgörən siyasəti sayəsində Azərbaycan son illər dünya siyasi arenasında tədricən mühüm rol oynamağa başlayıb. İndiki geosiyasi reallıqlarda isə bu rol daha da güclənib. Bu gün Qərb dərk edir ki, özünü etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycan faktiki olaraq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas oyunçulardan birinə çevrilir. Bu baxımdan, hətta kollektiv Qərbin ölkəmizə münasibətində müəyyən dəyişikliklər, Azərbaycanın regionda qurduğu yeni reallıqların tədricən qəbulu baş verir.

Məntiq baxımından, Qərb bu istiqamətdə irəliləməkdə davam etməli, ölkəmizlə qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin qurulması üçün çalışmalıdır. Bununla belə, Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın rəhbərliyi hələ də öyrəşdikləri “metropoliya-müstəmləkə” münasibətləri sxemindən uzaqlaşa bilmir, bərabərhüquqlu və hörmətli münasibətlər əvəzinə, müxtəlif təzyiq vasitələri (bir qayda olaraq, “demokratik dəyərlər” uğrun mübarizə bəhanəsi ilə) ilə təmin edilən total nəzarət strategiyasına üstünlük verir. Və bu baxımdan, özünü təmin edən, gündən-günə güclənən və müstəqil siyasət yürüdən Azərbaycan Cənubi Qafqazda maraqlarını və mövcudluğunu gücləndirmək üçün Qərbdə bəslənən strategiya ilə ziddiyyət təşkil edir. Ona görə də Qərb Azərbaycan rəhbərliyinə təzyiq göstərmək və siyasi kursunu özünə uyğun düzəltmək üçün vaxtaşırı “beşinci kolon”- bu illər ərzində Qərb QHT-lərinin maliyyəsi hesabına formalaşmış, satın alınmış radikal müxalifət və şüurları təbliğatın təsiri altına düşmüş gənclərin bir hissəsi simasında ölkədəki sabitliyi pozmaq cəhdlərinə əl atır.

“Demokratiyaya Milli Dəstək Fondu”(National Endowment for Democracy - NED) tərəfindən Azərbaycan hakimiyyətinə qarşı təxribat strategiyasının maliyyələşdirilməsi üçün hazırlanmış proqram haqqında əvvəllər ətraflı yazmışdıq. NED tərəfindən Azərbaycan üçün 2022- ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970 235  dollar təşkil edir. Bu məbləğin 398 837 min dolları  Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib.

NED-in saytında bu proqramın dərcindən təxminən bir həftə sonra Bakının mərkəzində yük maşını sürücülərinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bəzi vəzifəli şəxsləri ilə mübahisəsinə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə qanunsuz aksiyası keçirilib. Bu vəziyyətdən dərhal radikal müxalifət və özlərini “hüquq müdafiəçisi” adlandıran bəzi şəxslər istifadə etdilər. Bəzi məmurlar ilə yük maşını sürücüləri arasında yaranan adi narazılığı az qala “daxili siyasi böhran” həddinə çatdırmağa, bu hadisəyə siyasi rəng verməklə ölkədə sosial narazılıqla bağlı müzakirələrə cəhd edildi. Lakin əvvəllər olduğu kimi “beşinci kolon”un planları iflasa uğradı. Sonradan ölkədə sabitliyi pozmaq üçün səylər davam etdi, xüsusən də Ukrayna böhranı mövzusunda spekulyasiya cəhdlərini də unutmuruq.

Son günlər “5-ci kolon”dan olan “xadimlər” yenidən aktivləşib və Azərbaycanda insan hüquqlarının pozulması, guya ictimai fəallara basqıların təşkil olunması, onlara qarşı zorakılıq həyata keçirilməsi görüntüsü yaratmaq istəyirlər. Bu məqsədlə özünü Qərb qrantlarına satan fəallar jurnalist Aytən Məmmədova ilə bağlı baş verən məişət insidenti ilə yanaşı, bir neçə bu kimi hadisələri qabartmağa, onlara siyasi rəng verməyə çalışırlar. Xatırladaq ki, mayın 8-də jurnalistə silahlı basqın edilib, ona və qızına qarşı təhdidlər səsləndirilib. Hadisə ilə bağlı dərhal Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət işi başlanıb. Medianın İnkişafı Agentliyi bəyanat yayıb və bildirib ki, agentliyin nümayəndələri Məmmədovanın vəziyyəti ətraflı məlumat almaq üçün dərhal onunla telefonla əlaqə saxlayıblar. Agentliyin rəhbəri Əhməd İsmayılov bildirib ki, jurnalistə hücumla bağlı iş qurumun nəzarətindədir.

Buna baxmayaraq, “vətəndaş cəmiyyəti fəalları” adlanan şəxslər ictimai-siyasi xadimlərin təqib olunduğunu bəyan etməyə, hakimiyyəti iyrənc cinayətlərdə ittiham etməyə başladılar.  

Adətən, Azərbaycan daxilində sabitliyi pozmaq cəhdləri Qərb mətbuatının, müxtəlif beynəlxalq təşkilatların, Qərb dövlətlərinin nümayəndələrinin rəsmi Bakıya hücumları ilə müşayiət olunur. Bu insident də istisna olmadı. Bir qrup jurnalist və “vətəndaş cəmiyyəti”nin nümayəndələri insidentlə bağlı bəyanat yaydıqdan sonra ABŞ səfirliyi, “Sərhədsiz Reportyorlar” təşkilatı, ATƏT-in media azadlığı üzrə nümayəndəsi və AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi jurnalistə silahlı hücumu pisləyib. Bu epizod ABŞ Dövlət Departamentinin diqqətindən belə kənarda qalmadı.

Maraqlıdır ki, qeyd edilən NED-in proqramında may ayında təcili qrantların maliyyələşdirilməsi ilə bağlı bənd var. NED və bu tip institutların təcrübəsində  “təcili qrantların ayrılması” hansısa prosesi təcili maliyyələşdirmək üçün nəzərdə tutulur. NED-in verdiyi elandan da bəlli olur ki, təcili qrantların ayrılması mayın 25-nə qədər olan dövrü əhatə edir.

Xatırladaq ki, iyunun 10-12-də Bakıda növbəti dəfə Formula 1 yarışları keçirilməlidir. Bir qayda olaraq, ölkədə sabitliyi pozmaq, hakimiyyəti ləkələmək üçün ən irimiqyaslı kampaniyalara başlamaq cəhdləri Azərbaycanda keçirilən kütləvi hadisələr ərəfəsində baş verir. Bu, artıq “Eurovision”, Birinci Avropa Oyunları, Bakıda keçirilmiş əvvəlki Formula 1 mərhələləri, digər kütləvi idman və digər tədbirlər ərəfəsində baş verib.

Hazırkı fəallıq, Aytən Məmmədova ilə bağlı baş verən hadisə, birdən-birə bir qrup şəxsin meydana çıxması və bəyanat yayması, ABŞ-ın Azərbaycandakı səfirliyinin buna dərhal reaksiyası, sonda isə hadisənin, hətta ABŞ Dövlət Departamentinin diqqət mərkəzinə gəlməsi, bunların nəticəsi olaraq həmin “fəalların” aksiya təyin etməsi beynəlxalq yarışmanın keçiriləcəyi günlərdə təşkil olunacaq anti-Azərbaycan kampaniyaya əsaslar formalaşdırmaq, bunun üçün zəmin hazırlamaqdan başqa bir şey deyil.

Maraqlıdır ki, Ermənistanda uzun müddətdir ki, etiraz aksiyaları səngimir, insanların, ictimai fəalların həbsi, döyülməsi, aksiyaların qəddarcasına dağıdılmasına dair onlarla faktlar var. Hətta Ermənistanda söz azadlığının pozulmasına və jurnalistlərin təqibinə uzun müddət göz yuman “Sərhədsiz Reportyorlar” kimi qərəzli təşkilat da mayın əvvəlində açıqladığı 2022-ci il üçün KİV Azadlığı haqqında Hesabatında qeyd edib ki, Ermənistanda media qütbləşmiş olaraq qalır, ölkə, xüsusilə Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə bağlı, görünməmiş səviyyədə dezinformasiya və nifrət nitqi ilə üzləşir. Lakin nə ABŞ-ın ölkədəki səfirliyi, o da ki qala Dövlət Departamenti bu məsələyə heç bir reaksiya göstərməyib. Sanki Ermənistanda heç nə baş vermir. Mayın 9-da keçirilən brifinq zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Ermənistandakı etirazlarla bağlı sualı cavablandırarkən kifayət qədər mülayim şərhlə kifayətlənib və deyib ki, “Birləşmiş Ştatlar Ermənistan hakimiyyətini təmkinli olmağa, etirazçılardan isə zorakılıqdan çəkinməyə, qanunun aliliyinə və demokratiyaya hörmətlə yanaşmağa çağırır”. O qeyd edib ki, “dinc etirazlar açıq siyasi sistemin elementidir”. Lakin söhbət Azərbaycana yönələndə o, dərhal “ABŞ-ın hər yerdə və hər yerdə azadlığı - mətbuat və ifadə azadlığını müdafiə etməyə sadiq olduğu” haqqında danışmağa başladı. Belə bir ikiüzlü mövqe.

Hazırda Azərbaycana qarşı iddiaların əsasında duran səbəblərdən biri də, Ermənistanda Sorosun “uşaqlarının” törətdiyi özbaşınalıqlardan diqqəti yayındırmaqdır. Ermənistanda baş verən biabırçılıqlara göz yuman ABŞ-ın Azərbaycanda adi bir məişət hadisəsinə Dövlət Departamenti səviyyəsində reaksiyasına başqa ad vermək mümkün deyil. ABŞ-ın özündə il ərzində ictimai fəallar, jurnalistlər də daxil olmaqla minlərlə cinayət hadisəsi, hüquq pozuntuları baş verir. Amma bu barədə danışan yoxdur.

Qərbdəki ermənipərəstlər 44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərini, ölkəmizin inkişafını, beynəlxalq nüfuzunu, fəallığını həzm edə bilmirlər. Görünür, ABŞ Dövlət Departamentində Azərbaycanın artan nüfuzu ilə barışa bilməyən insanlar var. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və onun kimilərinin xoşladıqları eyni kobud metodlarla, eyni bəsit və heç bir tənqidə dözməyən səbəblərlə Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası təşkil edilir.

Lakin Azərbaycan ictimaiyyəti belə çirkin oyunları çox görüb və onların ölkənin ictimai rəyinə təsir edəcəyini, bununla hansısa məqsədlərə nail olunacağını düşünənlər növbəti dəfə yanılacaqlar. Onların bütün acınacaqlı cəhdləri, əvvəlki kimi, uğursuzluğa məhkumdur.

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Analitik

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

27 May 10:15

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31