Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / İranın “inkvizisiya dövrü”

İranın “inkvizisiya dövrü”

23.11.2022 [10:52]

Üsyanın önündə qadınlardır

Murad KÖHNƏQALA

Rejim XXI əsrdə quldarlıq quruluşunun qaydaları ilə yaşamaq istəməyən vətəndaşlarının səsini hər vasitə ilə boğmağa çalışır.

Bir neçə gün bundan əvvəl İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhəri yaxınlığında hökumət qüvvələri tərəfindən qətlə yetirilmiş Tibb Elmləri Universitetinin tələbəsi, 23 yaşlı soydaşımız Aylar Həqqinin dəfn mərasimi keçirilib. Dəfndə iştirak edən tələbələr və yerli sakinlər mərasimi etiraz mitinqinə çevirərək İranda hökm sürən qəddar rejimin ünvanına “Rədd olsun mollalar!”, “Biz hamımız Aylarıq!”, “Azadlıq, ədalət, milli hökumət!” kimi şüarlar səsləndiriblər.

“İran İnternational” kanalının verdiyi məlumata görə, dəfndən bir gün əvvəl keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı güc tətbiq etməyə başlayanda tələbə xanım Aylar Həqqi qaçaraq bir binaya sığınmağa çalışır. Qızı binanın üst mərtəbələrinə qədər təqib edən rejim tərəfdarları onu öldürərək binanın damından yerə atırlar. Yüksəklikdən düşən tələbə qızın bədəni aşağıdakı hasarın dəmir barmaqlıqlarına ilişərək çarmıxa keçirilmiş kimi qalır. Lakin etirazçılara hücum edən təhlükəsizlik qüvvələrinin nümayəndələri meyiti dəmir barmaqlıqlardan çıxarmağa imkan vermir, buna cəhd edən etirazçıları güllələməklə hədələyirlər. “Bəsic” nümayəndələri qızın cəsədini dəmir barmaqlıqdan qopararaq onu qeyri-müəyyən istiqamətə aparırlar. Sonradan tələbənin meyitini valideynlərinə təhvil verən rejim nümayəndələri onun atasına müxtəlif təzyiqlər göstərərək qızının yüksəklikdən təsadüfən yıxılması versiyasını söyləməsini tələb edirlər. Lakin Ayların valideynləri “Azadlıq” radiosuna danışarkən onun bədənində dəmir deşiklərdən başqa güllə yaralarının da olması haqda məlumat verirlər. Meyitə ciddi baxış keçirən valideynlər bu qənaətə gəliblər ki, “Bəsic”çilər qızı binanın damında güllələyəndən sonra yerə atıblar.

Rejim qulluqçuları etiraz dalğasının əyalətlərə gedib çıxmasının qarşısını almaq məqsədilə Aylar Həqqinin öz doğma kəndində dəfn olunmasına belə icazə vermirlər. Tələbə qızın Təbrizdə dəfni günü bir gün əvvəlki etiraz mitinqləri zamanı qətlə yetirilmiş bir neçə nəfərin də dəfn mərasimi baş tutur. Onların arasında axşam saatlarında güllələnib öldürülən on yaşlı Kəan Pirfalak da vardı. Valideynlərinin söylədiyinə görə, Kəan böyüyəndə ixtiraçı alim olmaq arzusundaymış. On yaşlı uşağın yaxınları rejim nümayəndələrinin meyiti oğurlayıb qeyri-müəyyən yerdə dəfn edəcəyindən ehtiyatlanaraq onun cəsədini gizlədirlər. Bütün bu əzabları yaşayan valideynlər uşağın cəsədini çətinliklə əldə etdikləri xüsusi buzla örtürlər ki, rejim nümayəndələri dəfnə icazə verənə qədər meyit çürüməsin.

İranlı hüquq müdafiəçilərinin noyabrın 16-na olan məlumatına görə, etirazlar başlanandan, yəni, sentyabrın ortalarından bəri ölkədə hökumətyönlü qüvvələrin əliylə 43 nəfəri azyaşlı olmaqla ən azı 350 nəfər qətlə yetirilib. Daha 5 nəfər barəsində isə ölüm hökmü çıxarılıb. Digər mənbələrə görə, İrandakı etiraz mitinqləri zamanı ən azı 370 nəfər həlak olub.

Tehran suçlu axtarışında

Noyabrın 17-də rəsmi Tehran İsrail və Qərb kəşfiyyat agentliklərini İranda vətəndaş müharibəsi başlatmaq planına görə ittiham edib. Bu arada İran 1979-cu il inqilabından bəri ən güclü anti-hökumət və anti-klerikal etirazlarla aşıb-daşır. Ölkədəki internet məhdudiyyətinə, rejimin yalan informasiyalarına və təhlükəsizlik qüvvələrinin hədsiz qəddarlığına baxmayaraq etirazlar bir an belə səngimək bilmir. Hamının bildiyi kimi, İranda “əxlaq polisi” adı ilə tanınan İrşad patrulları tərəfindən döyülüb öldürülən 22 yaşlı Məhsa Əmininin ölümündən bu tərəfə başlanan etirazlar günü-gündən alovlanmaqdadır. Gənc Məhsanın qəddarcasına qətli dünyanın bütün ictimai fəalları arasında çox böyük əks-səda doğurub. Lakin İran rəsmiləri etirazçıların səsləndirdiyi tələbləri hələlik qulaq ardına vuraraq heç bir islahata getmək fikrində deyillər, üstəlik, öz etirazçı vətəndaşlarını xarici dövlətlərin agenti adlandırmaqdan da çəkinmirlər. Çox sayda insanın həlak olmasına səbəb olan hadisələrə görə ABŞ-ın məsuliyyət daşıdığını deyən İran prezidenti Rəisi televiziya çıxışı zamanı belə söyləyib: “Düşmən bu gün milli birliyimizi, təhlükəsizliyimizi, sülhümüzü və gücümüzü hədəf alıb. Biz ayıq və tədbirli olmalıyıq. Bu gün üsyana qalxan hər kəs düşmənin strategiyasına uyğun hərəkət edir”.

Bu gün İran rəsmilərinin hər biri buna bənzər fikirlər söyləyir, xalqın etiraz səbəbini öyrənmək, yaxud eşitmək belə istəmirlər. Əlbəttə, rejim yaxşı bilir ki, XXI əsrin türk, yaxud fars gənci quldarlıq quruluşunun qaydaları ilə yaşamaq istəmir. Ancaq hələlik mollalar bu primitiv rejimin buxovunu boşaltmaq barədə düşünmürlər. Buyurun, bu da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın öz tvitter hesabında yazdıqları: “İranı vətəndaş müharibəsi ilə məhv edib parçalamaq planı quran müxtəlif təhlükəsizlik agentlikləri, əsas da İsrail və bəzi Qərb siyasətçiləri bilməlidirlər ki, İran Liviya, yaxud da Sudan deyil!”

Hələlik vəziyyət belədir, molla rejimi özündən başqa bütün dövlətləri və siyasi qüvvələri suçlu çıxarmaqla məşğuldur.

Qadınlar öndə

Deyildiyi kimi, İrandakı sonuncu xalq üsyanı başındakı hicabı bir az açıq bağladığına görə sentyabrın 16-da “əxlaq polisi” tərəfindən döyülüb qətlə yetirilən kürd qızı Məhsa Əmininin ölümündən sonra başlayıb. Elə buna görə də qadınlar etirazın aparıcı qüvvəsinə çevriliblər. Onlar həyatlarını zülmətə çevirmiş mollaları küçədə görcək atılıb əmmamələrini başlarından yerə salır, hələlik beləcə yüngül etiraz trendini yaşadırlar. Lakin bir çox siyasi ekspertlərin fikrincə, molla rejimi köklü islahatlara getməsə, ölkə gənclərinin müasirlik şərtləri təmin edilməsə, tezliklə demokratik yumşalmalar baş verməsə, bu cür yüngül trendlərin silahlı üsyana çevrilməsi də qaçılmaz olacaq.

Hazırda isə əliyalın etirazçılar ölkənin hər yerində yanğın törətməklə üsyanı alovlandırmağa çalışırlar. Məsələn, noyabrın 16-dan 17-nə keçən gecə İranın bir çox şəhərində etirazlar güclənib, aksiya təşkilatçıları yanacağın bahalaşmasına qarşı etirazlar zamanı yüzlərlə iranlının öldürüldüyü 2019-cu ilin “qanlı noyabr” hadisəsini xatırlamaq üçün xalqı üç günlük mitinqə çağırıblar. Həmin mitinqlərdə baş verən qarşıdurmada 9 yaşlı uşaq qarışıq on beş nəfər həlak olub. Xalq üsyanını yatırmaq üçün camaatın üstünə motosikllərlə hücuma keçən silahlı “Bəsic”çilər maşında atası ilə sakitcə oturmuş 9 yaşlı uşağı da gülləyə tutublar. Müşahidəçilərin fikrincə, molla rejimi kompromisə getməsə, gündəmə etirazçıların silahlanma planı gələ və qorxulu vətəndaş müharibəsi başlaya bilər. 

Bu günlərdə sosial şəbəkədə İran polisinin metro stansiyasında insanlara atəş açdığı videogörüntülər də yayılıb. Bu kadrlarda sərnişinlərin çıxışa qaçdıqları görünür, bir çoxu polisin platformaya atəş açmasından sonra yerə sərilir. Həmin videoda polis əməkdaşlarının metronun “qadın vaqonu”na girərək oradakı qadınları dəyənəklə döyməsi də əks olunub.

Aydın görünür ki, İran təhlükəsizlik qüvvələri qadınlara və azyaşlı qızlara qarşı amansız davranır. Məsələn, 16 yaşlı məktəbli Əsra Pənahi digər orta məktəb şagirdləri ilə birlikdə məcburi rəsmi tədbirdə iştirak etməkdən və təbliğat mahnısı oxumaqdan imtina etdiyi üçün döyülərək öldürülüb. Hadisə İranın şimal-qərbində, əsas əhalisini etnik azərbaycanlıların təşkil etdiyi Ərdəbil şəhərində baş verib. Tədbirdəki qızlar mahnı oxumaqdan imtina edərək “Qadınlara həyat, qadınlara azadlıq!” şüarları səsləndiriblər.

Qızların etirazına cavab olaraq rəhbərlik təhlükəsizlik qüvvələrini məktəbə çağırıb. Rejimin cəza dəstəsi mülki geyimdə məktəb binasına soxularaq məktəbli qızları vəhşicəsinə döyməyə başlayıb. Bəzi gizlin mənbələrin İrandan ötürdüyü xəbərə görə, həmin şiddətdən sonra 10 nəfərə qədər orta məktəb şagirdi həbs edilib, daha 12 nəfər isə xəstəxanaya aparılıb. Əsra Pənahi də, məhz həmin gün aldığı xəsarətdən xəstəxanadaca dünyasını dəyişib.

Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, 16 yaşlı bloger Zərinə İsmayılzadə sentyabrın 23-də təhlükəsizlik qüvvələri tərəfindən döyülərək öldürülüb. Az sonra nümayişlərin birində çadrasını yandıran 16 yaşlı Nika Şakaraminin vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı xəbər yayılıb. İran rəsmiləri valideynlərinə Nikanın cəsədinin guya on gün sonra tapıldığını deyiblər, onlara qızın hündürlükdən yıxılaraq tələf olduğu bildirilib. Təhlükəsizlik nümayəndələri ölən qızın cəsədini valideynlərinə yalnız şəxsiyyətini müəyyənləşdirmək məqsədilə cəmi bir neçə saniyə göstəriblər. Nikanın xalasının dediyinə görə, məktəbli qızın üzündə şiddətli döyülmə izləri olub və onun burnunun sındırıldığı da dərhal nəzərə çarpıb. Sonradan məlum olub ki, lisey şagirdi İslam İnqilabı Keşikçiləri Korpusu kompleksində bir həftəyə yaxın dindirilib. Daha sonra balaca Nika bir müddət sistematik işgəncə və zorlamaların tətbiq olunduğu Evin həbsxanasında olub.

İrandan gələn ən son məlumatlarda deyilir ki, etirazçılara dəstək vermək məqsədilə ictimaiyyət qarşısına başıaçıq çıxdıqlarına görə ötən bazar günü Hengame Qaziani və Katayun Riahi adlı iki məşhur aktrisa saxlanıb. Müxtəlif nüfuzlu mükafatlarla təltif olunmuş həmin qadınlar hazırda hökumət əleyhinə fəaliyyətdə ittiham olunurlar. Xanım Hengame məxfi şöbəyə aparılmazdan əvvəl öz tvitter səhifəsində belə yazıb: “Nəyin bahasına olursa-olsun, mən həmişə İran xalqının yanında olacağam. Ola bilsin, bu, mənim sonuncu yazımdır”.

Bütün bunlara görə İrandakı molla rejimini orta əsrlərdə katolik kilsəsinin qurduğu inkvizisiya məhkəmələri ilə müqayisə etmək yerinə düşər.

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31