Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / İran ABŞ-a qarşı əsas silahını işə salır

İran ABŞ-a qarşı əsas silahını işə salır

21.12.2022 [10:48]

Fars körfəzində toqquşan maraqlar

Mübariz ABDULLAYEV

Dünyada və regionda cərəyan edən proseslər fonunda İran-ABŞ və yaxud İran-kollektiv Qərb ziddiyyətləri xüsusilə diqqət çəkir. Xatırladaq ki, İranın nüvə proqramına nəzarət edilməsi ilə bağlı Tehranla BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkə (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa) və Almaniya arasında 15 iyul 2015-ci ildə birgə fəaliyyət planı imzalandıqdan sonra ehtimal olunurdu ki, bu qarşıdurma xətti aradan qalxacaq. Ancaq ziddiyyətlərin zəiflədilməsi istiqamətində müəyyən addımlar atılsa da, gözləntilər özünü bütünlüklə doğrultmadı. Bu gün tərəflərin ritorikasına istinadən deyə bilərik ki, İran-ABŞ-Qərb münasibətlərində gərginlik yeni fazaya daxil olmaqdadır.

Köhnə rəqiblərin yeni savaşı

İranla kollektiv Qərb arasındakı bugünkü münasibətləri köhnə rəqiblərin yeni savaşı kimi səciyyələndirə bilərik. Qərb İranı cəzalandırmaqda qətiyyətli görünür. Bunun üçün kifayət qədər dəlil-sübutlar da təqdim olunur. Belə ki, İran yuxarıda xatırlatdığımız nüvə razılaşmasını açıq və yaxud gizli şəkildə pozmaqda ittiham olunur. Son iki ayda İranda baş verən hadisələr də Qərbin bu ölkəyə qarşı hərəkətə keçməsinə təsir göstərib. ABŞ başda olmaqla Qərb koalisiyası İranı insanların azadlıqlarını təzyiqlərlə, edamlarla, polis zorakılıqları ilə boğmaqda ittiham edir. Qərbin İrana qarşı yeni revanş almasını şərtləndirən ən mühüm səbəblərdən biri isə bu ölkənin Rusiyaya pilotsuz uçuş aparatları satmasıdır. İran Rusiyaya sözügedən silahları tədarük etmədiyini bildirsə də, əlahəzrət faktlar ortadadır. Ukrayna səmasında İran istehsalı olan PUA-lar vurulub və yaxud hərbi qənimət kimi ələ keçirilib.

ABŞ və onun Avropadakı müttəfiqləri qeyd olunan üç mühüm səbəbi - İran tərəfindən nüvə razılaşmasının pozulmasını, demokratiyanın boğulmasını və Rusiyaya silah satışının həyata keçirilməsini özləri üçün “qırmızı xətt” kimi dəyərləndirərək bu ölkəyə öz yerini göstərmək qərarında israrlı olduqlarını bildirirlər. Prezident Co Bayden ABŞ-ın tezliklə “İranı azad edəcəyini” deyib və əlavə edib ki, bu ölkənin sakinləri “özlərini azad edəcəklər”.

İrana qarşı verilən siyasi bəyanatlar iqtisadi məzmunlu sanksiyalarla müşayiət olunur. Sanksiyaların tətbiqi istiqamətində ilk addımı ABŞ atıb. Bu ölkə İranın ayrı-ayrı şirkətlərini sanksiyalar siyahısına daxil edib. Bunlar İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri, Mohajer-6 PUA istehsal edən Kuds Aerospace Industries və Rusiya qüvvələrinin Kiyev, Odessa və Xarkov vilayətlərinə son hücumlarda istifadə etdiyi Şahed-136 Kamikadze PUA-ları buraxan Şahed Aviasiya Sənayesi Araşdırma Mərkəzidir.

Avropa İttifaqı isə İrana qarşı sanksiyaları mərhələlərlə reallaşdırır. Bundan əvvəl Aİ İranda etirazların yatırılmasına görə 11 şəxs və 4 təşkilata qarşı sanksiya tətbiq etmişdi. Xüsusilə də, İranın əxlaq polisi Aİ-nin sanksiyalarına məruz qalıb. Aİ-nin cənub qonşumuza qarşı hazırladığı yeni sanksiyalar paketinin əhatə dairəsi isə daha genişdir. İrana qarşı sanksiyalar həm Aİ tərəfindən, həm də ayrı-ayrı ölkələr tərəfindən fərdi qaydada hazırlanıb.  Verilən məlumatlarda Avropa İttifaqının İranın Rusiyaya PUA verməkdə şübhəli bilinən dörd şirkətini “qara siyahı”ya saldığı qeyd edilib. Yeni sanksiyalar İranda etiraz aksiyalarının yatırılmasında iştirak etdiyinə görə 21 fiziki və hüquqi şəxsə şamil ediləcək, daha 10 nəfər Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı məhdudiyyətlərə məruz qalacaq.

İranın ABŞ-a əzələ nümayişi

Hazırda İran tarixinin ən çətin dövlərindən birini yaşayır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Uzunmüddətli sanksiyalar səbəbindən milli iqtisadiyyat daralıb. Ölkə kəskin maliyyə sıxıntıları yaşayır və ən mühüm layihələrin icrasını belə dayandırıb. FED-in dolların uçot dərəcəsini yenidən artırması İranın milli valyutasına sarsıdıcı təsir göstərib. Belə ki, İranın açıq bazarında dolların qiyməti dekabrın 20-də yenidən artaraq 39 min 760 tümən təşkil edib. Bundan əlavə, Britaniya funt-sterlinqinin paritet məzənnəsi 48 min 145 tümən, bir avro isə 42 min 85 tümən təşkil edib.

Bütün bunların üstünə iki aydan çoxdur ki, davam edən daxili etirazları da əlavə edək. Etirazçılar indiki İran rejiminin əsas rəmzlərini belə tonqallarda yandırmaqdan çəkinmirlər, qadınların küçələrə, mitinqlərə başı açıq halda çıxmaları adi hala çevrilib. Küçələrdə, meydanlarda ən radikal şüarlar səsləndirilir.

Bütün bunların fonunda düşünmək olardı ki, İran ABŞ-a qarşı sərt siyasətini bir qədər yumşaldacaq. Ancaq bu baş vermir. Əksinə, bu ölkənin rəsmilərindən okeanın o tayına ünvanlanan sərt mesajların sayı artır. İran Rusiya-Ukrayna müharibəsinin əsas günahkarı qismində NATO-nu gördüyünü açıq şəkildə bəyan edir.  Bu ölkədə bəyan edirlər ki, NATO əslində ABŞ-ın diktəsi ilə idarə olunur. Rejimin rəsmiləri o qənaətdədirlər ki, ABŞ qurumun Rusiya sərhədlərinə yaxınlaşmasında israr edib, təxribatlara rəvac verib və bütün bunlar da müharibə ilə sonuclanıb.

İran rejimi ölkədəki gərginliyin də ABŞ-ın drijor çubuğu ilə idarə edildiyi qənaətindədir. Rejim təmsilçiləri iddia edirlər ki, iğtişaşların ssenarisi okeanın o tayında hazırlanıb, bu, ölkəyə ixrac olunan və hakimiyyəti devirməyə hesablanan təxribatlardır.

Bir qədər bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi İranı insan haqlarını kobud formada pozmaqda, siyasi həbslərdə ittiham edib. Fransa XİN buna görə İrana beynəlxalq sanksiyaların sərtləşdirilməsinə çağırış edib. İran rejimi Fransa XİN-in ABŞ-ın ağzı ilə danışdığını bildirir.  “Fransa Prezidenti Emmanuel Makron ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) aşağı səviyyəli əməkdaşı tərəfindən idarə olunur”. Bu fikri İranın kəşfiyyat naziri Seyid İsmayıl Xatib ifadə edib. “Avropa ölkələrinin bəzi liderləri öz ölkələrinin ABŞ-dan müstəqilliyinə həssas yanaşırlar. İndi bu durumu Fransa Prezidenti Makronla müqayisə edək. ABŞ prezidentinin gəlib ona nə edəcəyini söyləməsinə belə ehtiyac yoxdur. Çünki Mərkəzi Kəşfiyyat İdarəsinin aşağı səviyyəli əməkdaşı onun yanına gedib nə deməli və necə davranmalı olduğunu diktə edir”, - Xətib bildirib.

İran rəsmiləri qətiyyətlə bildirirlər ki, ölkə ABŞ-ın təzyiqləri qarşısında heç vaxt geri çəkilməyəcək və okeanın o tayından gələn təhdidlərə adekvat cavablar veriləcək.

Fars körfəzi İranı cəsarətləndirən amil kimi

Əlbəttə, İran rejimi hər bir vasitə ilə, o cümlədən ABŞ-a qarşı ittihamlar səsləndirməklə diqqəti daxili gərginlikdən yayındırmaq istəyir. Qürub dövrünü yaşayan rejim daxili auditoriyaya onu təbliğ etməyə çalışır ki, indiki halda İranın düşmənləri fəallığı artıraraq ölkəni çökdürməyə çalışırlar və buna görə də həmrəylik göstərib qüvvələri onlara qarşı birləşdirmək lazımdır.

İran rejiminin ABŞ-a və kollektiv Qərbə qarşı dirəniş göstərməsinin ən mühüm səbəbi isə, heç şübhəsiz ki, bu ölkənin özünü Fars körfəzində külli-ixtiyar sahibi hesab etməsi ilə bağlıdır. Fars körfəzi Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Körfəzin sahəsi - 239 000 kv. km, uzunluğu - 926 km, eni - 180-320 km, orta dərinliyi -50 metrdən az, maksimal dərinliyi - 102 metrdir. Körfəzin sahillərində Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qatar, Bəhreyn, Küveyt, İraq və İran yerləşir.

Körfəz çoxsaylı ölkələrlə əhatələnsə də, İran onu bir növ özününküləşdirməyə çalışır. Rejiminin təmsilçiləri körfəzdə ən çox səlahiyyətin məhz İrana məxsus olduğu barədə iddialar səsləndirirlər. Cənub qonşumuzun iştahası o qədər böyükdür ki, hətta bütün dünya miqyasında “İran körfəzi” terminini qəbul etdirməyə davamlı səylər göstərir. Ötən əsrin altmışıncı illərindən etibarən sahilətrafı ölkələrdə bir sıra hallarda “Fars körfəzi”, “Ərəb körfəzi” kimi adlandırılmağa başlandı.  Son dövrlərdə körfəzin “Fars körfəzi”, yaxud “Ərəb körfəzi” adlandırılması bəzi ərəb ölkələri ilə İran rejimi arasında ciddi mübahisə mövzusuna çevrilib.

Fars körfəzi ABŞ başda olmaqla kollektiv Qərb üçün böyük önəm daşıyır. Bu körfəz Hörmüz boğazı ilə birlikdə dünya ticarətində, xüsusilə də qitələrarası neft daşınmasında əvəzsiz rola malikdir. Buna görə də Qərb heç bir halda bu strateji məntəqənin İranın daha güclü nəzarətində qalmasına imkan verməməyə çalışır. Bundan başqa, ABŞ-ın və Qərbin sahilyanı ölkələrdə böyük siyasi maraqları var. İran rejimi o qənaətdədir ki, Fars körfəzinə daha çox sahiblənməklə, kollektiv Qərbin regionda iqtisadi və siyasi maraqlarına ciddi zərbə vura bilər. Biz son vaxtlarda İranın körfəz sularında tez-tez hərbi təlimlər keçirdiyinin, bu təlimlərdə yeni silahlarını nümayiş etdirdiyinin şahidi oluruq. İranın belə əzələ nümayişinin hövzə ölkələrində güclü dayaqları olan ABŞ-ın gözünü qorxudacağına inanmaq isə sadəlövhlük olardı.

Paylaş:
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31