Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ukrayna mədəni terrorla üz-üzə

Ukrayna mədəni terrorla üz-üzə

30.12.2022 [11:20]

Ukraynanı qıcıqlandıran səbəb: Avropada rus mədəniyyətinə heyranlıq artır?

Müasir müharibələrdə işlədilən modern silahlar şəhərlərin, binaların, insanların başına göylərdən gələn bəla kimi enir. Rusiyanın ötən ilin fevralından başlatdığı müharibə təkcə Ukrayna şəhərlərinin dağıdılması, ekoloji və insan fəlakətləri ilə deyil, həm də qədim Ukrayna mədəni irsinin məhv edilməsi ilə müşayiət olunur. UNESCO-nun məlumatına görə, bir il ərzində  Ukraynada 200-dən çox tarixi obyekt, tikili və abidə ciddi şəkildə zədələnib, yaxud tamamilə məhv edilib. Ukrayna Mədəniyyət Nazirliyinin hesablamalarına görə isə Rusiyanın ölkəyə hücumu nəticəsində 800-ə qədər tarixi abidə dağıdılıb, minlərlə qiymətli artefakt talan edilərək ölkədən çıxarılıb.

Ən son kütləvi talan hadisələrində rus qoşunları noyabrın əvvəlində şəhəri tərk etməmişdən Xerson Tarix-Diyarşünaslıq muzeyini və rəsm qalereyasını dağıdıblar. Onlar Rusiyanın nəzarətində olan Krıma 18-ci əsrdə yaşamış iki rus komandanının heykəli ilə birlikdə naməlum sayda rəsm əsəri və artefakt daşıyıblar.

Mədəniyyətlə savaşmaq  

Rusiyanın işğal etdiyi ərazilərdə yerli mədəniyyətlə savaşı tarixdə ilk deyil. Keçmişə nəzər salsaq, görərik ki, 1828-1829-cu illərdə Osmanlı imperiyası ilə savaşan ruslar Ədirnə, Qars, Ərdahan və Ərzurum vilayətlərini ələ keçirdikdən sonra bu ərazilərdəki yüzlərlə sənət nümunəsini, son dərəcə qiymətli əsərləri talan edərək öz ölkələrinə daşımışdılar.

Son 30 il ərzində Qarabağın Ermənistan tərəfindən işğalı ilə Azərbaycan da bu cür ağır mədəni və ekoloji terrora məruz qalmışdı. Ermənilər azərbaycanlılara məxsus qədim yaşayış məskənlərini, mağaraları, muzeyləri, tarixi abidələri yandırıb məhv etmiş, artefaktların üzərindəki yazıları mümkün qədər dəyişdirərək Ermənistana aparmışdılar.

Hazırda Ukrayna da bu şəkildə mədəni terrorla üz-üzədir. Ukrayna ziyalıları bu cür oğurluq və dağıntı faktlarını ölkə tarixini yaddaşlardan silmək, onu Rusiya tarixinin bir hissəsi kimi yenidən yazmaq üçün müstəmləkəçilik siyasətinin davamı kimi qiymətləndirirlər.

Muzey işçilərinin fədakarlığı

Ukrayna muzeylərinin əməkdaşları nadir hallarda sənət əsərlərini xilas edə biliblər. Xalq rəssamı Mariya Primaçenko Kiyevin şimalında yerləşən İvankovo şəhərindəki muzey rəsmlərinin mart ayında raket atəşi nəticəsində məhv edildiyi barədə məlumat yayıb. Mariupol, Melitopol və Xerson kimi  şəhərlərdə isə rus əsgərlərinin bu cür talançılıq cəhdləri uğursuzluqla nəticələnmişdi, muzey i??iləri və mədəniyyət sahəsində çalışan insanlar maddi və mədəni sənət nümunələrini atəş altından çıxararaq xilas etmişdilər.

“Oğurlamırıq, qoruyuruq...”

Ukrayna mədəniyyətinin məhv edilməsi ilə bağlı ittihamlara münasibət bildirən Rusiya rəsmiləri isə işğal olunmuş ərazilərdən mədəni sərvətlərin daşınmasının onların qorunması məqsədilə həyata keçirildiyini bildirirlər. Lakin məlumdur ki, Rusiya əsrlərdir öz müstəmləkəsi saydığı  torpaqlardan əldə etdiyi incəsənət nümunələrini, arxeoloji tapıntıları Moskva və Sankt-Peterburqun mərkəzi muzeylərinə daşıyır. Bu da, necə deyərlər, hələ hamısı deyil. Ukraynalı mədəniyyət xadimlərinin mətbuatda yer alan fikirlərinə görə, orijinal Ukrayna dilinə məxsus qədim frazeologiya, bədii dil ifadələri əvvəllər Rusiya imperiyası, daha sonra isə Sovet İttifaqı rejimi tərəfindən daim sıxışdırılaraq təzyiqlərə məruz qalıb. Slavyan dilinin ən qədim, koloritli qatını özündə yaşadan ukrayna dilinin yaddaşlardan silinməsinə çalışan ruslar zaman-zaman bu istiqamətdə məqsədyönlü iş aparıblar. Bu repressiya dönəminin ən faciəli tarixi  1937-ci ildə “güllələnmiş intibah” kimi tanınan Ukrayna rəssam və yazıçılarının bütöv bir nəslinin qırğını ilə bağlıdır. Belə ki, öz yaradıcılığında qədim ukrayna sözləri işlədən yazıçı və şairləri millətçi damğası altında sürgün etmiş, ya da güllələmişdilər. Yeri gəlmişkən, Sovet İttifaqı qurulandan bu günə qədər Belarus respublikasında belarus dilində bir dənə də olsun orta məktəb yoxdur. Buna görə də belarus dili yalnız əyalətlərdə məişət səviyyəsində yaşamağa məhkum olub.

2014-cü ildə Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqı və Ukraynanın şərqinin işğal edilməsi bu ölkədə mədəni irsin  qorunması baxımından növbəti həyəcan siqnalı oldu. Ukrayna İnstitutunun baş direktor müavini Alim Aliyevin sözlərinə görə, son səkkiz il ərzində Rusiya Krımda əksər mədəni obyektləri dağıdıb, artefaktları isə talan edib. Ötən ilin fevral ayında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində bu barbarlıq daha da şiddətlənərək geniş miqyas alıb.

“Rus müəllifləri qadağan edilsin”

Ukrayna mədəniyyətinə qarşı görünməmiş hücuma cavab olaraq ukraynalılar da öz növbələrində dünya ictimaiyyətini rus mədəniyyətini boykot etməyə çağırırlar. Aleksandr Tkaçenko bu çağırışı belə izah edir:

“Rusiya Ukraynada qanlı işğalını dayandırana qədər bütün dünyada onların mədəni sənət əsərlərinin nümayişinin dayandırılması zəruridir. Çünki Rusiya tərəfindən başladılan müharibənin hədəfi təkcə torpaqlarımızın işğalı deyil, bu, həm də bizim mədəniyyətimizi və milli yaddaşımızı məhv etməyə yönələn bir sivilizasiya savaşıdır”.

Əlbəttə, Ukrayna Mədəniyyət Nazirliyinin sözügedən çağırışı Milad bayramı ərəfəsində, ənənəvi olaraq Nyu-Yorkdan Londona qədər dünya teatrlarının səhnələrində “Düyməcik” baletinin nümayiş etdirildiyi zaman səslənməsi təsadüfi deyil. Rusiya hakim dairələrinin “rus mədəniyyətinin Qərbdə kütləvi şəkildə ləğv edildiyi” barədə bəyanatlarına baxmayaraq, əslində Qərbin mədəniyyət qurumları ukraynalıların bu cür çağırışlarına qulaq asmağa tələsmir.

Qərb boykot çağırışlarını “eşitmir”

İtaliyanın məşhur opera teatrı “La Skala” bu həftə yeni mövsümü rus operası “Boris Qodunov”la açıb. Qala-premyerada İtaliyanın baş naziri Corc Meloni, prezident Sercio Mattarelle və Avropa Komissiyasının sədri Ursula fon der Leyen, eləcə də İtaliyanın tanınmış biznes, mədəniyyət və siyasət xadimləri iştirak ediblər. “Associated Press”in məlumatına görə, operanın sonunda tamaşaçılar aktyorları 13 dəqiqə alqışlayıblar. Avropa ölkəsində rus operasının səhnəyə qoyulmasından narahat olan 30-a yaxın ukraynalı teatr binasının qarşısına toplaşaraq öz etirazlarını bildiriblər. Ursula fon der Leyen böyük rus yazıçı və bəstəkarları, o cümlədən “Boris Qodunov”un müəllifi Modest Musorqski haqqında danışarkən, eyni zamanda, ukraynalı etirazçılara da cavab olaraq belə deyib: “Biz imkan verməməliyik ki, Putin rus mədəniyyətini və incəsənəti məhv etsin”.

Avropa Komissiyasının sədri çıxışına davam edərək söyləyib: “Düyməcik” kimi klassik əsərlərin təqdimatı, Çaykovski kimi dahilərin yaradıcılığı ümumbəşəri xarakter daşıyır. Sənət həmişə militarist siyasətə müxalifdir. Sözsüz ki, rus klassikası bu gün Kreml tərəfindən təbliğ edilən “mədəniyyətə millətçi baxışın” əleyhinədir. Truppanın Ukrayna müharibəsi ilə bağlı hazırkı siyasəti Rusiyanın “Bolşoy Teatr” kimi mədəni strukturları ilə işbirliyinə getməməkdən, habelə, Putin rejimi ilə açıq-aşkar əlaqəli olan şəxslərlə işləməməkdən ibarətdir”.

Milad bayramı ərəfəsində məşhur rus bəstəkarı Çaykovskinin “Düyməcik” əsərini səhnələşdirən “İngiltərə Milli Baleti”nin sözçüsü isə bunları deyib: “Teatr komandası Rusiyanın təcavüzündən əziyyət çəkən bütün ukraynalılara dəstək nümayiş etdirir, lakin teatrın proqramı dəyişdirilə bilməz”.

Almaniyada rusiyalı bəstəkarlar Stravinski və Raxmaninovun əsərlərini ifa edən London Simfonik Orkestrinin icraçı direktoru Ketrin Makdauell isə deyib: “Biz klassik rus musiqisini ifa etməyə davam edirik”. O, habelə orkestrin “rus sənətçiləri ilə də işləməyə davam etdiyini” bildirib.

Beləliklə, Qərb ölkələri siyasətdə və hərbdə olduğu kimi mədəniyyət savaşında da Ukraynaya soyuqqanlı, laqeyd münasibət bəsləməkdə davam edirlər. Avropanın məşhur opera və balet teatrlarının rus müəlliflərin əsərlərini repertuardan çıxarmaması Qərb dairələrinin Ukraynadakı mədəni terrora sakit tamaşa etməsinə dair əyani sübutlardan biri sayıla bilər.Murad Köhnəqala

Paylaş:
Baxılıb: 178 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28