Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Antiterror əməliyyatını əsaslandıran şərtlər...

Antiterror əməliyyatını əsaslandıran şərtlər...

06.01.2023 [10:19]

Azərbaycan hər an bu hüququndan istifadə edə bilər

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi 2023-ü ilə qədəm qoydu. İndiki halda Ermənistanın davranışları qarşıdakı yaxın gələcək üçün birmənalı proqnozlar səsləndirməyə imkan vermir - bu ölkənin sülh prosesi ətrafında əl atdığı siyasi manipulyasiyalar bəllidir. Hətta bəzən elə məqamlar olur ki, Ermənistanın siyasi rəhbərliyinin apardığı siyasət sülhlə uzlaşmır - tam əksinə, regionun təhdid altında saxlanmasına xidmət göstərir ki, bu da yolverilməzdir. Təbii ki, bu kimi hallar Azərbaycanın maraqlarına uyğun deyil və yenidən antiterror məsələsini aktuallaşdırır. Rəsmi Bakının mövqeyi hər kəsə bəllidir - Qarabağ Azərbaycan torpağıdır və orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Sadəcə, sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsi ilə tanınan hüququndan hələlik istifadə etmir. Bəlli olduğu kimi, BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da BMT üzvü olaraq bu hüquqa malikdir. Və ən əsası, Azərbaycanın buna həm hərbi gücü, həm də qətiyyəti çatır. Bundan əvvəlki antiterror əməliyyatları da buna misaldır. İndiki dövrdə bu kimi antiterror əməliyyatlarını aktuallaşdıran mühüm səbəblər mövcuddur.

Ermənistan üçtərəfli razılaşmaya əməl etmir - 4 cü bənd, təxribatlar...

Ermənistanın 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi regionda yeni situasiya formalaşdırıb. Belə ki, Rusiyanın sülhməramlı kontingentinin müvafiq ərazilərə yerləşdirilməsinin ardından erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyib, tam əksinə, yeni təxribatyönümlü fəaliyyətlərlə məşğul olmaqdadır. Başqa sözlə, 10 noyabr razılaşmasının 4-cü bəndi icra edilməyib. Razılaşmanın müvafiq bəndində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Amma rusiyalı sülhməramlıların fəaliyyət müddətinin bitməsinə az zaman qalmasına baxmayaraq, hələ də erməni silahlıları Azərbaycan torpaqlarını tərk etməyiblər. Üstəlik, bu silahlı birləşmələr Azərbaycana qarşı təxribatlar törətməkdə də davam edir. Buna ən bariz sübut isə 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan ərazisində Ermənistanda istehsal olunmuş 2700-dən çox minanın aşkarlanmasıdır. Həmin minaların istehsal tarixi 2021-ci il göstərildiyindən bu hərbi sursatın məhz 10 noyabr razılaşmasından sonra basdırılması inkaredilməzdir.

Təbii ki, erməni silahlılarının, daha doğrusu, separatçı tör-töküntülərin həyata keçirməyə çalışdıqları bu hərbi təxribatların səbəbləri və məqsədi bəllidir:

- Bu hərbi təxribatların kökündə siyasi məqsədlər dayanır;

- Bu kimi təxribatlarla separatçı rejim “tərəf” statusunda Azərbaycanla danışıqlar aparmaq niyyətini güdür.

- Azərbaycanın hərbi gücünə yaxından bələd olan separatçı rejim anlayır ki, bununla nəyəsə nail ola bilməz - sadəcə diqqəti cəlb etmək istəyirlər.

Azərbaycanın isə mövqeyi qəti və bəllidir. Separatçı rejimlə heç bir danışıq aparılmayacaq. Bu mənada, qarşıdakı dövrdə həmin silahlı tör-töküntünün zərərsizləşdirilməsi istiqamətində tədbirlər aktuallıq daşımaqdadır. Bunun üçün Azərbaycanın kifayət qədər siyasi və hərbi əsasları mövcuddur...

Ekoloji terror, sərvətlərin talan edilməsi - Azərbaycan qəti addımın bir astanasında...

Ötən ilin sonunda Azərbaycanın Qarabağ ərazisindəki yeraltı sərvətlərinin xarici şirkətlərin əli ilə erməni separatçıları tərəfindən talanması faktları açıqlandı - daşımanın İsveçrədə yerləşən “Vallex Group” QSC-yə daxil olan və həm işğal illərində Kəlbəcər, Zəngilan, həm də hazırkı dövrdə, sülhməramlıların nəzarəti altında qalan Ağdərədə qiymətli metalların talanması ilə məşğul olan “Base Metals” şirkəti tərəfindən həyata keçirildiyi bildirilirdi. Azərbaycanın təbii sərvətlərinin soyğunçuluq yolu ilə talan edilməsi isə inanılmaz gəlirlərlə müşayiət olunurdu - 2019-cu ildə “Base Metals” şirkəti separatçıların “büdcəsinə” 38 mln. dollar ödəməklə ən böyük “vergi ödəyicisi” adını alıbmış.

Bu məsələ ilə bağlı Azərbaycan dövləti Rusiya sül?məramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinq qərarı verdi. Sülhməramlı kontingentinin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da, Qarabağdakı qanunsuz erməni dəstələrinin təxribatı buna imkan vermədi. Nümayəndə heyəti Rusiya sülhməramlılarının müşayiəti ilə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşdilər. Heyətin yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədildi, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərlə qarşılaşdılar. Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti Ruben Vardanyanla təmasa keçməkdən imtina edib və Şuşa şəhərinə qayıtdı. Beləliklə, dekabrın 12-dən etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam etməkdədir. Artıq bir aya yaxındır ki, davam edən bu aksiya Azərbaycanın beynəlxalq hüquqlarının tanınmasına istiqamətlənib - separatçı rejimin ölkə sərvətlərini talamasına yol verilməməsi tələb edilir. Beləliklə, erməni separatçıları həm də bu istiqamətdə Azərbaycanın beynəlxalq müstəvidə tanınan və qəbul edilən hüquqlarını pozur. Bu isə, yenidən antiterror əməliyyatlarını qaçılmaz edə bilər. Başqa sözlə, Azərbaycan özünün qanuni hüqüqlarını təmin etmək üçün bu addımı atmaqda tam haqlıdır...

Vardanyanın terrora çağırışları - Azərbaycan hüquqi ölçü götürə bilər... 

Antiterror əməliyyatlarını aktuallaşdıran digər əsas səbəb isə, 2022-ci ilin sonunda Qarabağda “peyda olan” keçmiş Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan və onun terrora əsaslanan fikirləridir. Əslində Vardanyanın kim olması, onun hansı məqsədlərlə Qarabağa gəlməsi və ya gətirilməsi hər kəsə bəllidir. Amma ortada bəzi suallar var ki, onlar hələ də açıq qalır. Məsələn:

- 1968-ci ildə Ermənistan SSR-nin Yerevan şəhərində doğulmuş Vardanyanı Qarabağla “bağlayan” nədir?

- Vardanyanın Qarabağ “iddiası” hansı “əsaslarla” arqumentləşdirilir?

- Müharibənin bitməsi və Ermənistanın kapitulyasiya imzalamasının ardından Vardanyan Qarabağda hansı “müharibə ritorikasını” açmağa çalışır?

Bəli, bu kimi suallar hələ də maraq doğurur. Qeyd edildiyi kimi, Vardanyan Ermənistanda doğulub və onu Qarabağla bağlayan heç bir “bağ” yoxdur. Demək ki, Vardanyan həqiqətən də Qarabağa çox aydın gündəliklə göndərilib. Ən əsası isə, onun Qarabağa çatmamış müharibədən dəm vurması, “revanşizm dili”ndən danışması, terror çağırışları səsləndirməsi Azərbaycan üçün mühüm arqumentlər yaradır. Xatırladaq ki, dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra Vardanyanın Qarabağı tərk etməsini tələb edərək onun fəaliyyətinin kriminal avantürist xarakter daşıdığını deyib.

Beləliklə, “avantürizm xəstəliyindən” əziyyət çəkən Vardanyan erməniləri “döyüşməyə” çağırsa da, anlayır ki, absurd fikirlərinin həyata keçməsi üçün heç bir şans yoxdur. Azərbaycan isə Vardanyanı terrora çağırış əsasında hüquqi müstəvidə məsuliyyətə cəlb edə bilər. Çünki bu şəxs separatizmə dəstək axtarışındadır. Azərbaycan dövləti Vardanyanın terror çağırışlarını nəzərə alaraq onun haqqında qanuni şəkildə hüquqi müstəvidə ölçü götürmək hüququna malikdir.  Vardanyanı hüquqi müstəvidə zərərsizləşdirmək üçün isə kifayət qədər imkanlarımız var. Məhz bu imkanlardan biri də antiterror əməliyyatıdır ki, bu şəxsin terror, qarşıdurma ilə bağlı çağırışlar etməsi, onun istəyi və mahiyyəti tam şəkildə buna əsas verir.

Dəmir yumruq yerindədir...Azərbaycan mövqeyində qətidir - separatçılarla heç bir məsələ müzakirə predmeti ola bilməz. Əksinə, bu məsələdə israr edənlər Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. Prezident, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək: “Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 361 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30