Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistan addım-addım yeni müharibəyə sürüklənir...

Ermənistan addım-addım yeni müharibəyə sürüklənir...

07.01.2023 [10:18]

Qərb analitiklərinin qənaətlərinə görə, yeni müharibə bu ölkə üçün daha fəlakətli olacaq

 Postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi, sülh müqaviləsinin imzalanması, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi Cənubi Qafqazda davamlı sülhü və təhlükəsizliyi şərtləndirən əsas amillər kimi dəyərləndirilir. Təəssüf doğuran haldır ki, müharibənin başa çatmasını bildirən üçtərəfli Bəyanatın imzalanmasından iki ildən çox vaxt ötməsinə baxmayaraq, regionun sülhə yaxın olduğunu söyləmək çətindir. İndiki nə hərb, nə sülh reallığı fonunda perspektiv də bədbin dəyərləndirilir.  

Beyin mərkəzlərindən yeni müharibə xəbərdarlığı

Bu arada Qərbin bir sıra beyin mərkəzləri, nüfuzlu analitikləri və aparıcı nəşrləri Azərbaycanla Ermənistan arasında yeni müharibə gözləntilərinin kifayət qədər böyük olduğunun xəbərdarlıqlarını edirlər.  Məsələn, Amerikanın nüfuzlu “Foreign Policy”  nəşrində dərc olunan məqalədə Azərbaycan və Ermənistan arasında hələ də müəyyənləşdirilməmiş sərhədlərdəki  mövcud vəziyyət ətraflı şərh edilib. Amerikalı analitiklər “Dağlıq Qarabağ uğrunda müharibənin bitməsindən iki il sonra Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru irəliləyirlər” qənaətini ifadə ediblər. Onlar yeni müharibənin bir növ portretini də çəkiblər: İki ölkə arasında zərurət halına gələn yeni müharibə qısamüddətli, lakin 2020-ci ilin 44 günlük müharibəsindən heç də az dramatik olmayacaq. Nəşr xatırladır ki, 7000-dən çox əsgərin həyatına son qoyan İkinci Qarabağ müharibəsi Azərbaycanın qeyd-şərtsiz qələbəsi ilə başa çatıb - bu ölkənin silahlı qüvvələri Ermənistan ordusunu sözün əsl mənasında məğlub edib. Amerikalı analitiklərin fikrincə, Ermənistan ordusu böyük çətinliklər, xüsusən də silah çatışmazlığı yaşayır. Əksinə, Türkiyənin dəstəklədiyi Azərbaycan öz hərbi potensialını artırır. Bundan əlavə, Bakı  avropalıların Azərbaycan qazına artan tələbatından ruhlanır.

“Foreign Policy”nin məqaləsində Rusiya-Ukrayna müharibəsi xatırladılır. Bildirilir ki,  Rusiya ilə Ukrayna arasındakı müharibə Cənubi Qafqaza da özünün dolayı təsirini göstərib. Analitiklərin qənaətinə görə bu təsir həm də regionda qüvvələr balansının dəyişməsində ifadə olunur. Burada heç şübhəsiz ki, analitiklər Rusiyanın müharibə qayğılarına və bu səbəbdən də forpostu olan Ermənistana təsir imkanlarının azalmasına işarə edirlər. Deyilənlərdə həqiqət payı yox deyil. Üçtərəfli Bəyanatı əsas vasitəçi qismində məhz Rusiya imzalayıb. Bundan başqa, həmin sənədə əsasən, bu ölkənin sülhməramlı kontingenti Azərbaycan ərazilərində müvəqqəti xidmətə cəlb olunub. Bütün bunların fonunda Azərbaycanla Ermənistan arasında müharibə risklərinin artması üzərinə vasitəçilik öhdəliyi götürən Rusiyanın nüfuzuna xələl gətirir. Nəşr Ukraynadakı müharibə fonunda Rusiyanın Ermənistan-Azərbaycan sərhədində yeni eskalasiyanı dayandıra bilmədiyinə xüsusi diqqət çəkib.

Regionda müharibə risklərini artıran amillər

Qərb analitiklərinin və nüfuzlu nəşrlərin Cənubi Qafqazda yeni müharibə riskləri barədə proqnozları əslində postmüharibə dövrünün reallıqlarından qaynaqlanır. 44 günlük müharibə başa çatandan sonra gözlənilirdi ki, üç onillik ərzində regionda təhlükəsizliyə təhdidlər yaradan Ermənistan uğradığı acınacaqlı məğlubiyyətdən nəticə çıxardacaq və qonşuların ərazilərinə iddialar irəli sürmək xülyalarından birdəfəlik əl çəkəcək. Ortada üçtərəfli Bəyanat var və orada konkret müddəalar əks olunub. Postmüharibə mərhələsində qalib Azərbaycan üçtərəfli Bəyanata sadiqlik nümayiş etdirir və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Ölkəmiz müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq, Cənubi Qafqazı əməkdaşlıq və təhlükəsizlik məkanına çevirmək niyyətini ifadə edib. Bunun təsdiqi olaraq Azərbaycan qarşı tərəfə beş mühüm bənddən ibarət təkliflər paketi təqdim edib. Azərbaycanı fərqləndirən həm də o cəhətdir ki, müharibənin qalib tərəfi olmasına baxmayaraq, məğlub ölkəyə qarşı şərtlər irəli sürmür və özü üçün imtiyazlar istəmir. Məğlub Ermənistanın mövqeyi isə bundan kəskin şəkildə fərqlənir. Bu ölkə müxtəlif manipulyasiyalara əl atmaqla üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən yayınmağa çalışır. Biz dünya tarixində müharibələrin məğlub tərəflərinin sülh prosesində şərtlər diktə etmələrinin heç vaxt şahidi olmamışıq. Məğlub Ermənistan isə şərtlər diktə etməyə çalışır, revanşizm cəhdlərində bulunur və bu kimi digər neqativ davranışlar ortaya qoyur. Qərb analitikləri bildirirlər ki, Ermənistan müharibədə məğlubiyyətdən sonra Dağlıq Qarabağa xüsusi status verilməsi tələbindən imtina edib, lakin yenə də erməni əhalisinin hüquqlarının və təhlükəsizlik təminatının təmin edilməsində israrlıdır. Bakı da öz növbəsində Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının istifadə etdiyi hüquqları verməyə hazırdır. “Foreign Policy”nin məqaləsində də vurğulandığı kimi, Ermənistanın belə davranışları müharibə risklərini artırır. Nəşr “yeni müharibənin Ermənistan üçün daha böyükmiqyaslı fəlakət olacağı” qənaətini bölüşür. Beləliklə, Cənubi Qafqazda yeni müharibə riskləri yaradan amillərə diqqət yetirək. Bunları aşağıdakı kimi qruplaşdıra bilərik:

- Məğlub Ermənistanın üçtərəfli Bəyanatın şərtlərini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi,

- Müharibənin başa çatmasından iki il vaxt ötməsinə baxmayaraq, Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazilərindən hələ də çıxardılmaması,

- Ermənistanın Azərbaycan üçün strateji məqsədlərdən biri olan Zəngəzur dəhlizi ilə bağlı manipulyasiyalarını davam etdirməsi,

- Ermənistanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası  məsələlərini yubatması,

- Erməni hərbi birləşmələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina terrorunu davam etdirməsi, minalanmış ərazilərin xəritələrini gizlətməsi,

- Qondarma “DQR”də separatçı rejimin qeyri-qanuni fəaliyyətlə məşğul olması, Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanundankənar istismar edilməsi, ekologiyaya ziyan vurulması,

- Moskvanın xüsusi gündəliyi ilə Xankəndidə yerləşdirilən P.Vardanyanın Azərbaycan əleyhinə fikirlər səsləndirməsi və yerli erməni əhalisini respublikamızla mübarizə aparmağa səsləməsi.

Təxribatlar və xarici havadarların canfəşanlığı

Əlbəttə, yuxarıda sadalanan amillər yeni müharibə riskləri yaradan səbəblərin heç də tam siyahısı deyil. Bu siyahıya daha iki mühüm amili də xüsusi olaraq əlavə etmək istərdik.  “Foreign Policy”nin məqaləsində 2022-ci ildə iki ölkə arasındakı şərti sərhədlər boyunca baş verən hərbi toqquşmalardan da bəhs edilib. Analitiklər həmin hərbi toqquşmalar zamanı Azərbaycanın üstünlük qazandığını bildirirlər. Bu, həqiqətdir və Azərbaycan bunu heç vaxt gizlətmir. Ötən il həm Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı ərazilərdə, həm də iki ölkə arasındakı şərti sərhədlər boyunca baş verən hərbi toqquşmalarda Ordumuz öz gücünü düşmənə yenidən göstərdi və bir sıra strateji yüksəkliklərdə möhkəmləndi. Ancaq bu hərbi toqquşmalar məhz Ermənistanın hərbi birləmələrinin təxribatlarının nəticəsi olaraq baş vermişdi və Azərbaycan qətiyyətli cavab tədbirləri ilə düşmənin hücum cəhdlərinin qarşısını almağa nail olmuşdu. Düşmən bundan nəticə çıxarmalı və müharibə, revanşizm çağırışlarına son verməlidir.

Regionda yeni müharibə riskləri yaradan faktorlardan biri də Ermənistana havadarlıq edən bəzi ölkələrin, xüsusilə də Fransanın canfəşanlığıdır. Bu ölkənin prezidenti Emmanuel Makron özünü sülhyaratma prosesinə qatmağa çalışsa da, onun səslənmələri, çağırışları Ermənistanı açıq-aşkar müharibəyə ruhlandırır. Ötən il Brüsseldə və Soçidə baş tutan görüşlərədək Ermənistanın rəhbərliyinin sülhə doğru addım atmaq istəyi hiss olunurdu. Ancaq bəzi xarici ölkələrin rəsmilərinin, o cümlədən də E.Makronun məsuliyyətsiz açıqlamaları N.Paşinyanın və onun hökumətinin təmsilçilərinin mövqeyini əhəmiyyətli dərəcədə dəyişdi.

ABŞ-ın tərəfsizlik mövqeyi

Regionda müharibə risklərini artıran məğlub Ermənistan öz avantüralarına beynəlxalq miqyasda, necə deyərlər, şəriklər axtarır. Ancaq məğlub ölkənin bu istiqamətdə cəhdləri də iflasa uğrayır. Ötən il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın hərbi yardım istəyinə “yox” cavabı verdi. Bu ölkənin regiona Avropa İttifaqının missiyalarını cəlb etmək istəyinin də heç bir perspektivi yoxdur. Bunu regionda yeni müharibə proqnozları verən Qərb analitikləri də etiraf edirlər. 2022-ci ilin dekabrında Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qərəzli qətnamə qəbul edilməsi təşəbbüsü beynəlxalq birlik tərəfindən rədd edildi. Ermənistanı pəjmürdə edən növbəti açıqlama Vaşinqtondan gəlib. “Biz Cənubi Qafqazın təhlükəsiz, sabit, demokratik, firavan və sülhsevər region olması yönündə ən yaxşı perspektivlərə malik olduğuna inandığımız addımları atmağa davam edəcəyik. Təbii ki, biz tərəflərin özlərinin irəliləyiş əldə etməsini istəyirik. Konfliktin hərtərəfli həllinin nə olacağı bizim qərarımız deyil. Bu, tərəflərin özlərinin etməli olduğu ağır işdir”. Bu sitat ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Praysın Bakı və İrəvan arasında mümkün sülh müqaviləsi ilə bağlı yeni ildən sonrakı bəyanatındandır. Sitatdan da göründüyü kimi, Vaşinqton da İrəvana açıq mesaj göndərir ki, Amerika Azərbaycana təzyiq etməyəcək, bunu gözləməyin və özünüz Bakı ilə anlaşın.

ABŞ-ın tərəfsizlik mövqeyi ədalətli yanaşmadır. Qalib Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bitdiyi, artıq keçmişdə qaldığı qənaətindədir. Məğlub Ermənistanın nicatı da məhz bu reallığı qəbul etməsindən asılıdır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28