Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistanı nə gözləyir?

Ermənistanı nə gözləyir?

11.01.2023 [10:44]

Paşinyan özünü hədəfdən çıxarmaq üçün çırpınır

Son dövrlərdə Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsinin artması mühüm məqamlardan xəbər verir. Belə ki, Gümrüdə Rusiya əleyhinə keçirilən mitinqlər, ondan öncə isə ABŞ-ın Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin İrəvan səfəri zamanı Rusiya əleyhinə etiraz aksiyaları artıq bütün kartları açır.

Qeyd etmək yerinə düşər ki, 2020-ci il Vətən müharibəsi ilə başa çatan Qarabağ münaqişəsi regionda yeni siyasi reallıqlar formalaşdırıb - 30 ilə yaxın davam etmiş işğal faktı Cənubi Qafqazı beynəlxalq diqqətdən kənarda saxlamışdı. İşğal faktının yekunlaşması ilə region yenidən diqqət mərkəzinə düşüb. Azərbaycanın təşəbbüsü ilə başlanan əməkdaşlıq platformaları üzrə müzakirələrə dünyanın bir sıra gücləri də qatılmaq niyyətini ortaya qoyur. Qeyd edilən amillər  həm də regiondakı maraq mübarizəsini aktuallaşdırıb.

Bölgədə Qərb ilə Rusiya arasında üstünlük qazanmaq istiqamətində gedən yarışda əsas “alət” rolunda Ermənistan çıxış edir. Ölkədə güclü dövlət idarəçiliyi institutunun olmaması, xalqın etirazları, ağır sosial vəziyyət, o cümlədən, ortadakı məğlub durum Ermənistanı hər iki gücün əlində oyuncağa çevirib. Son hadisələr bir reallığı da ortaya çıxarıb - Vardanyan ilə Paşinyanın “dueli” Qərb ilə Rusiya arasında gedən savaşın görünməyən tərəfidir. Son dövrlərdə baş verənlər - Rusiya əleyhinə etirazlar, sülhməramlılarla bağlı açıq narazılıqlar Ermənistanda yeni siyasi proseslər yarada bilərmi? Başqa sözlə, 2023-cü ildə Ermənistanda hansısa hakimiyyət dəyişikliyi real görünə bilərmi?

Klanlararası savaş yenidən gündəmə gəlir

İlk növbədə qeyd edilməlidir ki, Ermənistanda “hakimiyyət dəyişikliyi” prosesi adət edilmiş bir haldır. Bu ölkədə oturuşmuş dövlət idarəçiliyi institutlarının tam formalaşmaması, ən əsası isə milli güc aspektinə önəm verilməməsi, xarici amillərin hakimiyyət dəyişiklikliyinə nail olmasına imkan yaradır. Levon Ter-Petrosyanın “qərbyönümlü” damğası ilə hakimiyyətdən əl çəkdirildiyi yaddaşlardan silinməyib. Onu hakimiyyətdə əvəz edən Robert Koçaryan isə Qarabağ klanının nümayəndəsi olaraq “hakimiyyət olimpinə” çıxarılmışdı. 2018-ci ilə qədər hakimiyyətdə qalmağı bacaran Qarabağ klanı sonradan öz yerini yenidən Qərbin gücü ilə hakimiyyətə yiyələnən Paşinyana “təhvil vermişdi”. Yəni, ölkədə milli gücün, xalqın iradəsinin əsas söz sahibi olmaması hakimiyyətin bu kimi əl dəyişməsi proseslərini adət halına salıb.

İndiki halda da bu addımlar real görünə bilər. Çünki ölkədə yenə də açıq “qarşıdurma” başlayıb - Qərb dairələrinin əlinə baxanlar və digər qruplaşmalar arasında gərgin mübarizə gedir. Hətta Qərb dairələrinin nüfuzunda olan hakimiyyət partiyası bəzən o qədər isterikaya qapılır ki, ağılagəlməz səhvlər belə edir. Məsələn, beynəlxalq təşkilatların nümayəndələri, Qərb ölkələrinin İrəvandakı bir neçə səfiri Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasına etiraz notası veriblər. Buna səbəb isə hakim partiya funksionerlərinin paytaxt İrəvanın Ağsaqqallar Şurasına (İrəvan Şəhər Bələdiyyəsi) keçiriləcək seçkilərlə bağlı səsləndirdikləri bəyanatlardır. Diplomatlar qeyd ediblər ki, seçkilərin hələ keçirilməməsinə baxmayaraq, “Mülki Müqavilə” Partiyası qələbə qazanacaqlarına dair inamlı fikirlər səsləndirirlər. Məlumata görə, bir müddət əvvəl Ermənistanın hakim partiyasının İdarə Heyətinə seçkilər keçirilib və nəticələri saxtalaşdırılıb. Qərb ölkələrinin səfirləri vəziyyətdən narazı qalıblar və bundan sonra “Mülki Müqavilə” Partiyasına etiraz notası göndəriblər. Erməni KİV-lərinin gəldiyi qənaətə görə, Qərbin Ermənistandakı seçki proseslərinə etimadsızlığı hakim partiyadakı saxtakarlıqlardan sonra başlayıb.

Göründüyü kimi, artıq Qərb də prosesə fərqli rakursdan yanaşır - onun sözünə baxmayacaq bir hakimiyyətin və ya partiyanın iqtidarda qalmaq imkanlarının nə qədər aşağı olduğunu nümayiş etdirir. Bəlkə də Qərb artıq əvəzedici də müəyyənləşdirib...

Ermənistan cəmiyyətini düşündürən sual...

Son dövrlərdə istər Ermənistan KİV-ində, istərsə də cəmiyyətdə maraqlı bir xətt müşahidə olunur - “artsax bizə lazımdırmı”? Bu suala erməni mediasında tez-tez rast gəlinir. Cəmiyyətin fikrincə:

- 30 ilə yaxın Ermənistanı inkişafdan saxlayan;

- Regiona inteqrasiyasına imkan verməyən;

- Mühüm qlobal laiyhələrdən kənarda qoyan;

- Milli dövlət anlayışının oturuşmasına şərait yaratmayan;

- Ən əsası isə, Ermənistanın “yedək ölkə” statusundan qurtulmasına imkan verməyən məhz Qarabağ problemi olub.

Beləliklə, cəmiyyət artıq yaşamaq uğrunda mübarizəsini dünya gücləri arasındakı “seçim”lə müəyyənləşdirmək istəmir. Başqa sözlə, yorulduğunu ortaya qoyur. Yalnız ələbaxımlılıq prinsipi, “ianə büdcə”, dotasiya kimi sədəqələrlə yaşamaq istəmədiyini göstərir - beləliklə, problemin həllini arzuladığını ortaya qoyur. Beləliklə, “sosial tələb” kimi ortaya çıxan yeni situasiyadan istifadə etmək hazırda bir çox siyasi qüvvənin ən mühüm prioritetinə çevrilə bilər. Bu yolda isə hansı xarici güclə anlaşmaq lazım gəlməsi o qədər də böyük əhəmiyyət kəsb etmir. Əsas olan həmin gücün maraqlarını ifadə etmək bacarığıdır...

Paşinyanın yeganə rəqibi Vardanyan ola bilər

Və... Ermənistanda hakimiyyətdəki qüvvələr prosesin birtərəfli inkişafından çox çəkinir - Vardanyanı regiona göndərən qüvvələrin hədəfinin Xankəndi deyil, İrəvan olması ehtimalı günü-gündən güclənir. Çünki Ruben Vardanyan və ya onun komandası Qarabağdakı situasiyanı dəyişmək iqtidarında deyil. Azərbaycanın qəti mövqeyi hər kəsə bəllidir. Bunu dəqiq bilən Paşinyan isə özünün ətrafında oynanılan oyunları da görür. Ard-arda Qərbə etdiyi səfərlər, KTMT-dən çıxış uğrunda “apardığı mübarizə” və ən əsası sülh prosesini yekunlaşdırmaq arzusu onun da sonunu gətirə bilər. Prosesi təhlil etdikdə bir fakt aydın görünür - Paşinyan bütün “rəqiblərini” unudub - gücünü Vardanyanın fiaskosuna yönəldib. Təsadüfi deyil ki, bu iki şəxs arasında gedən qarşılıqlı mübarizə bütün çılpaqlığı ilə ortadadır. Məsələn, cəmiyyəti Qarabağ “ideyasından” uzaqlaşdırmağa niyyətlənən Paşinyanın kartlarını Vardanyan açır - o, Ermənistanın, bu ölkənin siyasi rəhbərliyinin Qarabağdakı erməniləri unutduğunu “göstərməyə” çalışır. Paşinyan bütün dünyaya separatçılarla hər hansı bir əlaqəsinin olmadığını, onları tanımadığını nümayiş etdirməyə səy göstərir. Onun ard-arda atdığı addımlar, verdiyi bəyanatlar bunu deməyə əsas verir. Məsələn, ötən ilin oktyabrın 6-da Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Paşinyan bir ay keçməmiş, dekabrın 3-də Xankəndidən (separatçıların olduğu ərazilərdən) ağır hərbi texnikanın böyük partiyasını çıxarmağı tapşırmışdı”. Bu barədə Qarabağ klanının və onun havadarlarının əlinə işləyən erməni mediası isə yazırdı ki, “Paşinyan çalışıb ki, Xankəndini tərksilah etdiyini göstərsin. Lakin bu alçaldıcı addım Paşinyanı xilas edə bilmədi. Cəmi bir neçə həftə sonra Laçın dəhlizində aksiya keçirən azərbaycanlılar yolu bağladılar”.

Beləliklə, qarşıdakı dövrdə Ermənistanda hakimiyyət uğrunda savaşın bu kimi şəxsin timsalında iki fərqli qütb arasında gedəcəyinin konturları bəlli olur...

Regiondakı qüvvələr “tarazlığı”nı Azərbaycan müəyyənləşdirir

Nəticə etibarı ilə, Vardanyanın İrəvana “köklənməsi” artıq realdır. Son etirazların motivləri bunu deməyə əsas verir. Ermənistanı Qərbə güzəştə getmək istəməyən Rusiyanın isə bu etirazları eşitməməsi mümkün deyil. Beləliklə, ya Qərb təmayülünün prosesə nəzarətinin üstündən sükutla keçilməli, ya da açıq gündəliklə regiona göndərilən Vardanyanla bağlı “B” planı işə salınmalıdır. Azərbaycan üçün prosesin inkişaf istiqamətləri əhəmiyyətli deyil. Hər bir halda ölkəmiz öz hədəflərinə çatacaq. Çünki regiondakı qüvvələr “tarazlığı”nı məhz Azərbaycan müəyyənləşdirir...

P.SADAYOĞLU 

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28