Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistanın “ultimatumuna” Moskvadan xəbərdarlıq

Ermənistanın “ultimatumuna” Moskvadan xəbərdarlıq

14.01.2023 [11:09]

KTMT məsələsi müttəfiqləri üz-üzə qoydu

Ermənistan ilə Rusiya arasında son dövrlərdə yaranan ziddiyyət daha da dərinləşməkdədir. Baş nazir Nikol Paşinyanın açıq şəkildə Qərbə üz çevirməsi və keçmiş müttəfiqindən imtina etmək niyyəti hələlik rəsmi Kreml tərəfindən susqunluqla qarşılanır. Paşinyan və komandası isə öz fəaliyyətini günü-gündən daha da genişləndirir. Məsələn, yeni ilin əvvəlində Rusiya Müdafiə Nazirliyi KTMT sülhməramlı kontingentinin Ermənistan ərazisində “Sarsılmaz Qardaşlıq-2023” birgə təlimi keçirəcəyi ilə bağlı məlumat yaysa da, Ermənistan rəhbərliyi bunu təkzib etdi. Paşinyan son mətbuat konfransında bu təlimlərin keçirilməsini yersiz hesab etdiklərini bildirmiş və rəsmi İrəvanın bununla bağlı birləşdirilmiş qərargahı məlumatlandırdığını demişdi: “Ermənistanın müdafiə naziri (Suren Papikyan) artıq KTMT-nin Birgə Qərargahına məlumat verib ki, bu vəziyyətdə biz KTMT təlimlərinin (Ermənistan ərazisində) keçirilməsini yersiz hesab edirik və onlar bu il baş tutmayacaq”.

KTMT-nin məsələ ilə bağlı yaydığı məlumatda isə bildirilir ki, qurumun Katibliyinə İrəvandan “Sarsılmaz Qardaşlıq-2023” təlimlərinin ləğvi ilə bağlı rəsmi bildiriş daxil olmayıb. “Təlimlərin keçirilməsi zərurəti əvvəllər İrəvanda təsdiqlənib”, - deyə məlumatda deyilir.

Vurğulanmalıdır ki, Ermənistanın Rusiya əleyhinə bəzi ittihamları məsələni daha aydın şəkildə izah edir - Ermənistanın tanınmış hərbi eksperti David Camalyan “Erkir-media”nın canlı efirində İrəvanın KTMT-nin hərbi təlimlərindən imtinasının səbəbini belə izah edib ki, Rusiya hərbi təlimlərinə Quru Qoşunlarını və hərbi texnikasını gətirəcəkdi və hərbi təlimlərdən sonra bu hərbi arsenalı Ermənistanda saxlayacaqdı. Hərbi ekspertin deməyindən o anlaşılıb ki, bu, heç bir halda işğal kimi qiymətləndirilməyəcəkdi. Yəni, Ermənistanın KTMT-nin təlimlərindən imtinası Rusiyanın KTMT qoşunu adı altında işğalından ehtiyat edilib. Rusiyanın Gümrüdəki hərbi bazasının çıxarılması tələbi ilə aksiyanın Paşinyanın xeyir-duası ilə təşkil edildiyini də nəzərə alsaq, İrəvanın imtinasının səbəbi aydınlaşır. Belə görünür ki, Ermənistan faktiki KTMT-nin təlimlərinə əvvəl razılıq verib, sonra isə Rusiyanın işğalından ehtiyat etdiyi üçün imtina edib. Rusiyanın işğalla bağlı planı olması iddiası nə qədər real ola bilər?

KTMT incikliyi - Ermənistanın arzuları reallaşmır...

Qeyd edilməlidir ki, KTMT-nin ötən il Ermənistanın sədrliyi ilə keçirilən sonuncu iclası bir çox məqamları ilə diqqət çəkmişdi. Ümumiyyətlə, 2020-ci il Vətən müharibəsi dövründən başlayaraq Ermənistanın çoxsaylı səylərinə baxmayaraq təşkilatın Azərbaycana qarşı loyal münasibət bəsləməsi rəsmi İrəvanı incik salıb. Bu baxımdan, 2020-ci ildən indiyə qədər keçirilən bütün iclaslarda Ermənistan tərəfi KTMT-ni qınamaq, incikliyini dilə gətirmək, qurum üzvlərini Azərbaycana qarşı çevirmək yolunu tutub. Amma hər dəfəsində təşkilat üzvləri Ermənistanın bu mövqeyini bölüşmədiyini açıq şəkildə bildirir, onu yerində oturdur. Yeri gəlmişkən, artıq narazılığını açıq şəkildə ortaya qoyan Ermənistan son iclasda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina etmişdi. Çünki rəsmi İrəvanın guya Azərbaycanın Ermənistan torpaqlarına “təcavüz etməsi” görüntüsü yaratmaq və bununla da KTMT-ni ölkəmizə qarşı qoymaq cəhdləri boşa çıxmışdı.

Bu mənada, Paşinyanın xalqına Yeni il müraciətində ad çəkməsə də, sərhəd hadisələri zamanı KTMT-dəki müttəfiqlərini nəzərdə tutaraq onları müdafiə etmədiyini yenidən dilə gətirərək gileylənməsi əlinə düşən fürsətin dəyərləndirilməsi kimi qəbul edilə bilər.

Rusiya istədiyi an Ermənistanı “işğal” edə bilər... Amma...

Ermənistanın “Rusiya işğalı təhlükəsi” ilə bağlı səsləndirdiyi fikrə gəldikdə isə, bu ilk hal deyil. Bir müddət öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli İctimai Televiziyaya müsahibəsində Rusiyanın Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etmək üçün təzyiqlər göstərdiyini bildirmişdi. Buna cavab olaraq isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səslənən bəyanatları təxribat xarakterli hesab etmişdi. Qeyd edilməlidir ki, zaman-zaman səslənən və ya nümayiş etdirilən bu kimi ziddiyyətli davranışlar Ermənistanın şantaj dili ilə danışdığını bir daha təsdiqləyir. Nəzərə alsaq ki, Rusiyanın Ermənistanın Gümrü şəhərində hərbi bazası yerləşir - onda Rusiya işğal üçün KTMT qoşunlarına niyə ehtiyac duymalıdır? Və ya Paşinyanın və ətrafındakı komandanın açıq qərbyönümlü siyasətinə cavab olaraq Rusiya əlində olan digər resurslardan istifadə edə bilməzmi? Axı, Ermənistanın bütün strateji sahələri, qurumları birbaşa Rusiyanın nəzarətindədir və ya mülküdür. Demək ki, bu kimi “tryuklar” ermənilərin hər zaman əl atdıqları metodlardan biri kimi qəbul edilə bilər. Bu kimi şantajla isə Ermənistan Rusiyaya mesajlar verir:

- İlk növbədə, Paşinyan bir daha Qərbə “üz çevirəcəyini” deməyə çalışır;

- Müəyyən mənada Vardanyanın “əvəzedici” plana əsasən regiona gəlişindən xəbərdar olduğunu bildirir;

- KTMT ilə bağlı “hədəflərindən” əl çəkmədiklərini nümayiş etdirir.

Başqa sözlə, Ermənistan Rusiyaya bundan sonra Qərbin maraqları çərçivəsində hərəkət edəcəyi ilə bağlı “ultimatum” verir. Amma bu “hədə”nin özündə də bir qorxu hissinin olması ortadadır. Ermənistan anlayır ki, onun nə Qərb, nə də Rusiya üçün elə də mühüm əhəmiyyəti yoxdur. Tam əksinə, Azərbaycanla əlaqələri möhkəmləndirmək həm Qərbin, həm də Rusiyanın arzusudur. Ermənistan isə istifadə edilən alət kimi qəbul edilir. Belə olan təqdirdə rəsmi İrəvan siyasi manipulyasiyalarla özünün prosesdəki varlığını qorumağa çalışır...

Kremlin son sözü...

Rusiya isə İrəvanın təhdidlərini absurd adlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Rusiyanın guya Ermənistanın təhlükəsizliyinə təhdidlər törətməsi barədə bəyanatları absurddur. Onun sözlərinə görə, Rusiya və Ermənistan xalqlarını möhkəm dostluq əlaqələri bağlayır: “Biz həm ikitərəfli münasibətləri, həm də ümumi inteqrasiya birliklərində - KTMT, Aİİ, MDB-də qarşılıqlı fəaliyyəti hər formada gücləndirmək əzmindəyik. Bu fonda İrəvanın Rusiyanın mövcudluğunun Ermənistanın təhlükəsizliyinə müəyyən təhdidlər yaratdığı barədə bəyanatları absurddur”, - deyə o, bildirib.

Bu isə o deməkdir ki, Rusiya Ermənistana xəbərdarlıq edir. KTMT-dən çıxmaq, başqa sözlə, üzünü Qərbə tərəf tutmaq istəyi Ermənistan üçün mənzərəni yenidən “mürəkkəbləşdirir”. Kremlin hələ ötən ilin noyabr ayında qəti şəkildə İrəvanın KTMT-də qalacağı fikrini irəli sürməsi bu məsələdə iradənin Paşinyandan və ya Ermənistandan asılı olmadığını bir daha nümayiş etdirmişdi...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28