Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Analitik / Aİ-nin “mülki missiyası”nın görünməyən tərəfləri...

Aİ-nin “mülki missiyası”nın görünməyən tərəfləri...

28.01.2023 [10:10]

Kontingent daha çox hərbi xarakter daşıyır

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası ilə bağlı bəzi “pərdələr” qalxdıqca, məqsəd və məramlar ortaya çıxır - bu missiyanın mülki deyil, hərbi kontingentə bənzəməsi daha çox gözə çarpır. Yeri gəlmişkən. “Caliber.az”-ın yazdığına görə, Aİ-nin rəsmi saytında yerləşdirilən 32023D0162 nömrəli sənədin, yəni Şuranın Avropa İttifaqının Ermənistandakı missiyası haqqında 23 yanvar 2023-cü il tarixli 2023/162 nömrəli qərarının mətninə diqqətlə baxdıqda missiyanın mülkidən çox hərbi missiyaya bənzəməsinin şahidi oluruq.

Aİ məsələni qarışdırır -işğalçı Ermənistandır!!!

“Caliber.az”ın sənədin mətnindən verdiyi bəzi seçmələrə baxdıqda çox məqamların şahidi olmaq mümkündür. Məsələn: “Strateji məqsəd Ermənistanın münaqişə yaşanan və sərhəd ərazilərində insidentlərin sayının azalmasına kömək etmək, belə ərazilərdə yaşayan əhali üçün risk səviyyəsini azaltmaqdır”; “Təhlükəsizlik vəziyyəti haqqında ətraflı məlumat əldə etmək”; “Mülki əməliyyat komandiri”; “Missiya rəhbərinə missiyanın təhlükəsizlik üzrə əməkdaşı kömək edəcək” və s.

Aİ-nin missiyası deyəsən, məsələni qarışdırır - 30 ilə yaxın işğalçı siyasət aparan, təcavüzkarlıq edən Ermənistan olub. Eyni zamanda, hazırda bəlli olmayan sərhədlərdə də hərbi insidenti yaradan məhz erməni silahlı birləşmələridir.

2020-ci ilin 10 noyabr üçtərəfli bəyannaməsinin müddəalarına əməl etməyən, bu razılaşmanın 4-cü bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən Ermənistan Azərbaycan torpaqlarından çıxarmadığı silahlı qruplarla təxribatlar törədirlər.

Digər tərəfdən, əgər Aİ regionda təhlükəsizliyin təmin edilməsində maraqlıdırsa, problemin həllinə nail olsun - Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanmasını təmin etsin. Hazırki mövqe ədalətsiz olduğu qədər, həm də birtərəflidir. Çünki Ermənistanla Azərbaycan arasında sərhəd xətti bəlli deyil - delimitasiya və demarkasiya prosesi həyata keçirilməyib. Beləliklə, Aİ “missiyası”nın hansı risk səviyyəsində danışması da bəlli deyil.

Təhlükəsizlik vəziyyətinə gəldikdə isə, bunun təmin edilməsi üçün bölgəyə sülhməramlı qüvvələr yerləşdirilib. Aİ-nin narahatlıq keçirməsi əbəsdir...Cənubi Sudan, Gürcüstan, Kosova, Əfqanıstan...

Növbəti dayanacaq İrəvan?

Qeyd edək ki, missiyanın rəhbəri kimi 2020-ci ildən bu yana Ştutqart şəhərinin polis idarəsinin rəisi olan alman Markus Ritterin təyin edilməsi də təəccüb doğuracaq məqamlardandır. Ritterin “əmək fəaliyyəti” isə onun polisdən çox hərbçiyə bənzədiyini göstərir: o, Aİ-nin İraqdakı məsləhət missiyasına rəhbərlik edib, Aİ və BMT-nin Cənubi Sudan, Gürcüstan və Kosovadakı missiyalarında xidmət edib, eləcə də Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri olub. Amma almanın təyinatı faktı Berlin və Parisin razılaşdırılmış oyununun nəticəsidir, çünki bu mərhələdə Fransa kölgədə qalmaq istəyir. Halbuki Fransa nümayəndəsi Şarl Fris Aİ tərəfindən həyata keçirilən bütün əməliyyatların kuratorudur. Üstəlik, Aİ missiyasının alman komandirindən başqa, missiya əməkdaşlarının böyük əksəriyyəti də elit bölmələrin istefada olan hərbçiləri və müxtəlif Qərb ölkələrinin mövcud kəşfiyyatçılarıdır.

Bəli, yeni bir “fransız qurması” ilə üz-üzəyik. Ötən ilin sonunda BMT Təhlükəsizlik Şurası platformasında məğlub olan, daha sonra Avropa Parlamentinin qondarma və qərəzli “qətnaməsinin” qəbulu ilə özünə təsəlli verən rəsmi Paris proseslərə müdaxilə imkanlarını “genişləndirməyə” çalışır. Bunu isə Ermənistanın əli ilə həyata keçirməyə niyyətlənib. Görünən fakt odur ki, Avropa İttifaqı bu çirkin oyunla regionda nüfuz dairəsini genişləndirmək istəyir. Amma bu, yolverilməzdir. Bu addımla sanki Aİ prosesi sülhə doğru deyil, daha çox yeni qarşıdurmaya tərəf sürükləyir. Fransa və Almaniyanın bu şərik “oyunu” regiondakı balansı pozmağa yönəlib. Bu isə Qafqazı yeni siyasi-hərbi oyunlara daxil etmək “arzusundan” qaynaqlanır.

Aİ-nin “beşinci kolon” sirri - kim kimə xidmət edir?

“Caliber.az”ın məlumatında o da bildirilir ki, missiyaya xüsusilə rus dilində danışmağı bacaran polyaklar və Baltikyanı ölkələrin nümayəndələri cəlb olunurlar. Burada “Şuranın Avropa İttifaqının Ermənistandakı missiyası haqqında” sənədinin 6-cı maddəsini qeyd etmək lazımdır: “Tələb olunan funksiyalar üzv dövlətlərin ezam etdikləri işçilər tərəfindən həyata keçirilə bilmədiyi təqdirdə beynəlxalq və yerli personal müqavilə əsasında işə götürülə bilər”.

Missiyanın rəsmi olaraq “Avropa İttifaqının missiyası” hesab edilməsinə baxmayaraq, onun faktiki idarəçiliyi Avropada NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin ali komandanlığı ilə sıx əlaqədə həyata keçirilir. Komandanlığa isə ötən ildən ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Bosniya və Əfqanıstandakı missiyalarda işləmiş Kristofer Kavoli rəhbərlik edir. NATO ilə birbaşa əlaqə bu təşəbbüsdə ABŞ-ın rolu barədə düşünməyə məcbur edir, axı alyansda dominant rol məhz onlardadır. Bu rol yuxarıda göstərildiyi kimi, polyakların və Baltikyanı ölkələrin nümayəndələrinin cəlb edilməsi ilə təsdiqlənir. Çünki onlar Amerikanın maraqlarını Avropa maraqlarından ənənəvi olaraq daha üstün tutublar. Axı Baltikyanı ölkələrin ABŞ-ın Aİ və NATO-dakı beşinci kolonu olduğu məlumdur. Yeri gəlmişkən, kiçik bir ştrixi də qeyd edək - Kavoli ABŞ-ın Baş qərargah rəisləri komitəsinin Strateji siyasət və planlaşdırma idarəsində Rusiya istiqamətinin direktoru vəzifəsində çalışıb. Yəqin ki, artıq Rusiya Silahlı Qüvvələrinin Baş qərargahında narahatlıq və gərginlik yaranıb.

Yəni, Aİ missiyanı bu “vəziyyətə gətirməklə” ona yeni - hərbi obraz “bəxş edib”. Bu obrazda isə aparıcı elementlərin kimə məxsus olması sual yaradır? Ya, Aİ özü də bilmədən “iplərini” digər Qərb təşkilatlarına verib, ya da Aİ bilərəkdən bu məsələdə alətə çevrilib - ən azından, ermənipərəst dairələrin əlində...

Aİ missiya üzərindən daha böyük planlar axtarışındadır...

Missiyanın daha çox hərbi və kəşfiyyat xarakteri daşıyacağını həm də önümüzdəki həftələrdə Ermənistanda təmsil olunan əsas səfirliklərdə hərbi attaşelərin sayının artırılacağının (2-3 nəfərə çatdırılması), eləcə də kəşfiyyatçı-rezidentlərin (bir qayda olaraq, səfirliklərin birinci katibləri) sayının artırılacağının gözlənilməsi faktı təsdiqləyir. Missiyanın tərkibində məqsədi Ermənistanda Rusiya təsirini azaltmaq, Rusiyameyilli siyasətçilərə etimadı azaltmaq, anti-Rusiya əhvalını gücləndirmək olacaq İnformasiya və Psixoloji Əməliyyatlar Mərkəzinin fəaliyyət göstərəcəyi də çox şeydən xəbər verir. Bəlkə də qərarın 10-cu maddəsindəki məxfiliklə bağlı bəndin yer alması buna əsaslanır: “Missiya rəhbəri Şuranın 2013/488/EU saylı qərarına əsasən, Aİ-nin məxfi məlumatlarının müdafiəsini təmin etməlidir”.

Bu isə Aİ-nin Ermənistanı özünün “hərbi laboratoriya”sına çevirmək arzusundan xəbər verir. “Aİ missiyası” arxasında dayanan qüvvələr erməni hərbçiləri, o cümlədən Ermənistan xüsusi qüvvələri üçün hərbi təlim proqramları hazırlayıb. O cümlədən indi Ermənistan Xarici Kəşfiyyat Xidməti yanında yaradılmaqda olan xüsusi təyinatlılar üçün də ayrıca proqram nəzərdə tutulur. Yeri gəlmişkən, missiya müasir ən son texniki kəşfiyyat avadanlıqları, o cümlədən ABŞ istehsalı olan PUA-lar ilə təchiz ediləcək. Burada əsas kəşfiyyat hədəfi İran və Türkiyə olacaq.

Yəni, Aİ missiyasının yalnız Ermənistan-Azərbaycan arasındakı münasibətlərlə “bağlı” olması haqqındakı mif də artıq dağılmaq üzrədir. Aİ bu missiya üzərindən daha böyük planlar axtarışındadır. Bunu missiyanın büdcəsi də təsdiqləyir. “Aİ-nin Ermənistandakı missiyası haqqında Şuranın qərarları”nın

13-cü maddəsinə əsasən, bu qərarın qüvvəyə minməsindən sonra dörd ay ərzində missiya ilə əlaqəli xərcləri ödəmək üçün nəzərdə tutulmuş əsas maliyyə məbləği 8 103 590,82 avrodur. Yəni illik götürdükdə 24 milyon avrodan çoxdur. Mülki missiya üçün bu çox böyük məbləğdir. Amma yuxarıda qeyd edilənləri nəzər aldıqda, missiyanın mülkidən çox hərbi xarakter daşıması ortaya çıxır ki, bu da ayrılan “büdcə” ilə düz mütənasiblik daşıyır.Azərbaycanın ata biləcəyi addımlar çoxdur...

Amma Aİ və ya daha açıq şəkildə desək, bu “missiyanın” regiona gəlişini təşkil edən, bunda maraqlı olan qüvvələr bəzi məqamları unudurlar. Birincisi, həmin qüvvələr 2020-ci ilin noyabrında regionda yaranan yeni siyasi-hərbi reallıqları unudurlar. Bəlkə də, onlar hələ də ümidlidirlər ki, regiona tam şəkildə nüfuz edə və ya prosesləri idarə edə bilərlər. Amma bu belə deyil. Azərbaycan dövlətinin milli maraqları hər zaman siyasətimizin əsas prioriteti olub və bu davam etməkdədir. Digər tərəfdən, Azərbaycanın yaratdığı siyasi mənzərə

Aİ-nin özünü çıxılmaz vəziyyətdə qoya bilər:

- Azərbaycan Qoşulmama Hərəkatının aparıcı üzvü kimi mühüm siyasi statusdadır;

- Ölkəmiz Avroasiyanın mərkəzində Orta Dəhliz layihəsinin ən strateji ünvanına çevrilib - yeni iqtisadi nizamın formalaşmasında Azərbaycanın rolu yüksək qiymətləndirilir;

- Azərbaycan Avropanın enerji təchizatında əsaslı rol oynayır. Bu kimi addımlar qarşılıqlı əlaqələrə ziyan vurur;

- Və nəhayət... 2021-ci ildə bağlanmış “Şuşa bəyannaməsi” ilə Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir. Aİ-nin mülki ad altında hərbi missiyanı Ermənistana yerləşdirməsi Azərbaycanı da alternativ addımlar atmağa sövq edə bilər. Onsuz da Türkiyənin hərbi kontingenti Rusiya ilə birgə Monitorinq Mərkəzində təmsil olunur. Azərbaycana qarşı hər hansı bir “səhv” Aİ-ni çətin vəziyyətdə qoya bilər. Həm hərbi, həm siyasi... Həm də iqtisadi baxımdan...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31