Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Analitik / İran bizə niyə asiləşdi?

İran bizə niyə asiləşdi?

04.02.2023 [10:40]

Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursunda regional əməkdaşlığın gücləndirilməsi, o cümlədən də qonşularla münasibətlərin xoş məram əsasında inkişaf etdirilməsi xətti xüsusi yer tutur. Prezident İlham Əliyev belə bir tezisi dəfələrlə diqqətə çatdırıb ki, hər bir dövlət qonşu ölkələrlə əməkdaşlıq, sağlam münasibətlər şəraitində daha böyük uğurlar qazana və imkanlarını daha geniş şəkildə təqdim edə bilər. Ancaq qonşular da dostluğa və əməkdaşlığa uzanan əlləri səmimi şəkildə sıxmağa hazır olmalıdırlar. Belə səmimilik yoxdursa, ortaq sərhədlər qonşu dövlətləri heç vaxt birləşdirməyəcək, əksinə onları bir-birindən uzaq salacaq. Son vaxtlarda cənub qonşumuz İranın Azərbaycana qarşı sərgilədiyi anlaşılmaz münasibət bu fikri bir daha doğrulayır.

İranın xoş niyyətdən uzaq olan qonşuluğu

Müstəqil Azərbaycanın qonşu İrana münasibəti həmişə xoş mərama əsaslanıb. Ölkəmiz cənub qonşumuzla əlaqələrə həmişə xüsusi həssaslıqla yanaşıb və inkişaf etdirməyə çalışıb ki, bu da təsadüfi deyil. Burada çoxlu paralellər apara bilərik. Hər şeydən əvvəl İran tarixi-mənəvi ənənələri və dəyərləri ilə bizə yaxın olan bir ölkədir. İran islam dövlətidir. Eyni zamanda, Azərbaycanın əhalisinin mütləq əksəriyyəti eyni dinə etiqad bəsləyir. Azərbaycanı İranla xoş münasibətlərə sövq edən ən mühüm amil isə, heç şübhəsiz ki, burada təxminən 40 milyon azərbaycanlının yaşamasıdır. Zamanında məkrli imperiya mərkəzlərinin maraqları səbəbindən böyük keçmişi olan eyni xalq iki yerə bölünüb, xan Araz bizi ayıran xəttə çevrilib. Ancaq aradan tikanlı məftillər çəkilsə də Arazın o tayında və bu tayında yaşayan milyonlarla insanın ürəyi bir döyünür. Onların bizə, bizim də onlara sevdamız heç vaxt tükənmir və bundan sonra da tük?nməyəcək. Qəlbimizdə sərhədlər yoxdur. Şimalda və Cənubda yaşayan azərbaycanlılar qəti əmindirlər ki, indi bizi ayıran tikanlı çəpərlərin əbədi olaraq söküləcəyi tarix mütləq gələcək. Bizim qarşılıqlı istəyimiz və iradəmiz o günü daha da yaxınlaşdıracaq.

Tarixi, mənəvi-dini bağlılığı nəzərə aldıqda, düşünmək olardı ki, İran dövləti də Azərbaycana eyni səmimiyyətlə yanaşacaq və qarşılıqlı münasibətləri möhkəmlətmək üçün hər şeyi etməyə çalışacaq. Ancaq Azərbaycanın işğal faktı ilə üzləşdiyi son 30 ildə qonşu İran tərəfindən bu səmimiyyəti əsla görmədik. İran nə etdi? İslam həmrəyliyindən uzaq düşdü. Ölkədə 40 milyon azərbaycanlının yaşaması amilini nəzərə almadı. Bu ölkənin İslam dininə aid məscidlərin təyinatını xüsusi məqsədə dəyişərək tövləyə çevirən,  burada donuz saxlayan, it bağlayan, din qardaşları olan insanları ev-eşiyindən didərgin salan, qətlə yetirən ermənilərə qucaq açmasının səbəbini hansı məntiqlə izah edəsən? İnsanlıq əleyhinə cinayətlərə əl atan, müqəddəs İslam dinini təhqir edən ermənilərə İslam dövlətinin hərtərəfli dəstək verməsinin hansısa bir izahı ola bilməz. Həm də İranın işğalçı Ermənistana 30 il ərzində göstərdiyi dəstək yalnız humanitar xarakterli olmayıb. Cənub qonşumuz investisiyalar yönəldərək işğalçı ölkədə iqtisadi layihələr həyata keçirib, infrastruktur quruculuğuna qatılıb. İranın işğalçı Ermənistana silah-sursat yardımı göstərməsi təsdiqlənmiş faktdır. Bu ölkə Ermənistana silahlar tədarük etməklə yanaşı, həm də öz zabitlərini burada hərbi təlimlər keçməyə göndərir. Bir qədər bundan əvvəl İran Ermənistanın Qafan şəhərində tələm-tələsik konsulluq açdı. Halbuki, buna hər hansı bir iqtisadi-siyasi zərurət yox idi. Bu yaxınlarda İrəvanla Tehranın qardaşlaşdığı bəyan edildi. Ermənistanın baş nazirinin xanımı İranda keçirilən tədbirə xüsusi dəvət aldı və İslam ölkəsində məscidləri gəzdi. Kiçik İrəvan meqapolis sayılan Tehrana nə verə bilər? Başqa bir sual: Özünü regional güc mərkəzi kimi təqdim edən ölkə, İslam ideoloqları Anna Akopyanın təbliğatınamı, xüsusi pozlar verməsinəmi, dodaqaltı qımışmasınamı möhtac qalıblar?

İranın Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirən Ermənistanla əlaqələrini genişləndirmək cəhdlərinə aid belə nümunələrin sayı-hesabı yoxdur. Bütün bunlar cənub qonşumuzun Azərbaycana asi çıxmasını təsdiqləyən faktlardır. Sual yaranır: Bəs İranı ölkəmizlə münasibətdə asilik nümayiş etdirməyə çəkən səbəblər hansılardır?

Böyük Qələbəni sinirə bilməyən İran

İran iddialar sərgiləyən bir dövlətdir. Mollakratiya rejimi bu ölkəni regional güc kimi qəbul etdirmək ambisiyasından çıxış edir. Belə rejimlər bir qayda olaraq qonşuluqdakı dövlətlərin güclənməsini arzulamırlar və buna kəskin qısqanclıqla yanaşırlar. Ermənistanla vəziyyət başadüşüləndir. Bu ölkə forpost vəziyyətdədir, iqtisadi-siyasi müstəqilliyi yoxdur, investisiya cəlbediciliyini itirib və bütün regional layihələrdən kənarda qalıb.

Azərbaycanın timsalında isə İran iqtisadi və siyasi müstəqilliyini tam təmin edən, heç kimdən asılı olmayan, milli maraqlarını heç kimə güzəştə getməyən, davamlı şəkildə gücünü artıran, qlobal miqyasda nüfuzlu  aktora çevrilən, bütün regional layihələrin əsas moderatoru qismində çıxış edən bir ölkə görür. Deyə bilərik ki, Azərbaycanın getdikcə artan müsbət reallıqları molla rejiminin qorxulu röyasına çevrilib. Nə qədər ki, Ermənistan havadarlarının köməyi ilə ərazilərimizi işğal alt?nda saxlayırdı, İran Azərbaycana qarşı düşmənçiliyini açıq müstəviyə keçirtməyə tələsmirdi. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibədə  Azərbaycan öz gücünü Ermənistanın havadarlarına , o cümlədən də İrana göstərdi. Ölkəmiz sözün bütün mənalarında yeni məzmunlu müharibə apardı və qazandığı böyük Qələbə sayəsində düşməni diz çökdürərək özünün ərazi bütövlüyünü təmin etdi. Məhz bu Qələbədən sonra İran rəsmiləri ölkəmizə qarşı qısqanclıq münasibətlərini və əsassız iddialarını açıq şəkildə ifadə etməyə başladılar. Xüsusi olaraq qeyd etmək istərdik ki, Azərbaycanın Qələbəsini həzm edə bilməyən İran postmüharibə mərhələsində Ermənistana hərbi dəstəyini daha da artırıb. Açıq şəkildə müşahidə edilir ki, bu ölkə məğlub Ermənistanda revanşizm meyllərini gücləndirməyə çalışır.

Zəngəzur dəhlizinə görə yaranan xof

Postmüharibə mərhələsində İranı əndişəyə salan və ölkəmizə qarşı asiliyə sövq edən əsas səbəblərdən biri üçtərəfli Bəyanatda nəzərdə tutulan Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvan arasında maneəsiz kommunikasiya əlaqəsinin yaradılmasının nəzərdə tutulmasıdır. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi adlandırdığı və sonradan beynəlxalq səviyyədə bu terminlə qəbul edilən kommunikasiya marşrutunun tezliklə istifadəyə verilməsi Azərbaycanın gündəliyində dayanan əsas məsələlərdən biridir. Bu dəhlizin yaradılması ölkəmizin milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Respublikamız müharibədən sonrakı mərhələdə yeni dəhlizin yaradılması ilə bağlı danışıqların səmərəliliyinin artırılması və praktiki müstəvidə işlərin sürətləndirilməsi istiqamətində israrlı yanaşma sərgiləyir. Prezident İlham Əliyev bildirib ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Qısa müddətdə ölkəmizin ərazisində yeni dəhlizin avtomobil yolu seqmenti üzrə işlərin 70 faizi, dəmiryolu seqmenti üzrə isə 40 faizi tamamlanıb.

Zəngəzur dəhlizinin yardılması əslində Orta Dəhlizin inkişaf etdirilməsi anlamına gəlir. Hazırda Avrasiyada bu dəhlizə böyük maraq yaranıb. İranda Zəngəzur dəhlizi ilə bağlı böyük xof yaranması iki amillə bağlıdır. Birincisi, yeni dəhliz Azərbaycanın Avrasiyada tranzit ölkə kimi rolunu və üstünlüklərini daha da artıracaq. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və  respublikamız perspektivdə etibarlı tranzit ölkə kimi bundan böyük həcmlərdə gəlirlər əldə edəcək. Öz ərazisində Şimal-Cənub marşrutunun inkişafına çalışan İran Azərbaycanın yeni üstünlüklər qazanmasını istəmir.

Zəngəzur dəhlizinin yaradılmasında İranı xofa salan ikinci məqam isə Türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların yaranması ilə bağlıdır. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Perspektivdə Zəngəzur dəhlizi üzrə çəkilən həm dəmir, həm də avtomobil yolları Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq. Beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Eyni zamanda, Mərkəzi Asiyadakı Türkdilli dövlətlər də Zəngəzur dəhlizi vasitəsilə Türkiyə ilə birləşəcəklər. İran tarix boyunca Türkdilli ölkələrin inteqrasiyasına qarşı yönələn məkrli ssenarilərdə yer alıb. Belə görünür ki, bu ölkə böyük Türk dünyası ilə ədavətinə heç vaxt son qoymayacaq.

Narkotrafikin bağlanmasına görə məyusluq

Təxminən otuz ili əhatə edən işğal dövründə İranla Ermənistanı həm də çirkin korporativ maraqlar bir-birinə bağlayıb. İşğal dövründə Azərbaycan İranla olan 130 kilometr uzunluğunda sərhədinə nəzarət etmək imkanından məhrum qalmışdı. Belə nəzarətsiz bir şəraitdə Ermənistan və İran işğal altında qalan ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olurdular və sərvətlərimizi talayırdılar. Eyni zamanda, burada gizli narkotrafik yaradılmışdı. İrandan başlayan bu narkotrafik Ermənistandan keçməklə Avropaya uzanırdı. Belə çirkin fəaliyyətdən Ermənistan və İran rejimləri böyük gəlirlər əldə edirdilər. Bu barədə ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev uca səslə danışdı. Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında vurğulayıb ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. “Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”, - deyə Azərbaycan Prezidenti bildirib.

Əlavə şərhə ehtiyac yoxdur. Azərbaycan Vətən müharibəsində İranla olan sərhədlərinə çıxdı və orada nəzarətini bərpa etdi. Postmüharibə dövründə Azərbaycan öz nəzarətini bərpa etdiyi bütün sərhədləri boyunca möhkəmlənib. Burada hər cür müasir texnika ilə təchiz edilmiş sərhəd zastavaları yaradılıb. Belə görünür ki, İran rejiminin təmsilçiləri narkotrafikdən əldə etdikləri gəlirlərin xəyalları ilə yaşayırlar.

Azərbaycanın İsraildə səfirliyinin açılması

Azərbaycanla İsrailin yaxınlaşması da İranın qorxulu yuxuları sırasındadır. İsrail keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycanın haqlı mövqeyinə dəstək verib. Açıq deyək ki, bu dəstək yalnız siyasi bəyanatlarla məhdudlaşmayıb. Bu ölkənin şirkətləri Azərbaycan Ordusunun müasir silahlarla təchizatında da fəal iştirak edirlər. Dost İsrail dövləti Vətən müharibəsində  respublikamızın yanında oldu. İndiki reallıqlar fonunda Azərbaycanla İsrailin daha da yaxınlaşması, bu ölkədə səfirliyimizin açılması bir növ zərurətə çevrilmişdi. Nəhayət, ötən ilin noyabrında Milli Məclisdə Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı tarixi qərar qəbul olundu. Belə qərarın verilməsi həm İsraildə, həm də Azərbaycanda yüksək səviyyədə dəstəklənir. Prezident İlham Əliyev bildirib ki,  İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir.

İsraildə səfirlik açılmasına qərar verilməsi ölkəmizin tam müstəqil xarici siyasət kursu həyata keçirdiyini bir daha təsdiqləyir. Burada sırf ölkəmizin milli maraqları əsas götürülüb. Bəs görəsən müstəqil bir dövlətin müstəqil xarici siyasət kursu həyata keçirməsini İran niyə həzm edə bilmir? Buradan o qənaət hasil olur ki, İran rejiminin ölkədə cərəyan edən proseslərin fonunda gələcək taleyinə inamı sarsılıb və qonşularının xarici əlaqələrini genişləndirməsini özünə qarşı təhdid kimi dəyərləndirir.

Diqqəti daxildəki gərginlikdən yayındırmaq cəhdi

Bu, bir həqiqətdir ki, İran inqilabından ötən 43 il ərzində sosial-iqtisadi sahədə uğurlar qazana bilməyən İran rejimi öz mövcudluğunu bir tərəfdən qadağaları sərtləşdirməklə, digər tərəfdən də ideoloji təbliğatı gücləndirməklə qorumağa çalışıb. 13 sentyabr 2022-ci il isə İranın tarixində yeni bir səhifənin açıldığı gün kimi qalacaq. Həmin tarixdə İranın əxlaq polisi hicab qaydalarını pozma ittihamı ilə gənc  Məhsa Əminini həbsə aldı. Əxlaq polisi indiyədək saysız-hesabsız  belə həbslər həyata keçirmişdi. 22 yaşlı gəncin həbsi də heç nə ilə diqqəti çəkməyəcəkdi. Ancaq bu həbs İranın molla rejimi üçün bir əcəl həbsinə çevrildi. Məhsa Əmini həbsə alınandan üç gün sonra dünyasını dəyişdi. Hakimiyyət ciddi-cəhdlə təkzib etsə də, cəmiyyət “gənc qadının fiziki zorakılığın qurbanına çevrildiyi” qənaəti ilə etirazlara başladı. Artıq həmin tarixdən dörd aydan çox vaxt ötsə də, etirazlar səngimək bilmir. Etirazlar dalğası ölkənin əksər bölgələrini bürüyüb, bu gün bütün İran çalxalanır. İğtişaşlar sübut edir ki, həyatları ağırlaşan insanlar qadağalardan qorxmurlar. Eyni zamanda, dini zəmində ideoloji təbliğatın da  daha bir işə yaramadığını müşahidə edirik. İğtişaşlar zamanı etirazçıların rejimin banilərinin və ideoloqlarının portretlərini yandırılmaları, təhqir edilmələri ondan xəbər verir ki, artıq İranda mollakratiya yaşamaq qabiliyyətini tamam itirib. Rejimin ümid bəslədiyi kultlar belə nifrət ünvanına çevrilib.

Belə olan halda İranın siyasi hakimiyyəti mühafizəkar rejimlər üçün xarakterik olan üsullara əl atır. Məsələn, mollakratiya müstəqil Azərbaycanın timsalında ölkə hüdudlarından kənarda “düşmən dövlət” obrazı yaratmağa cəhdlər göstərir. Burada rejimin əsas məqsədi insanların diqqətini daxili problemlərdən xarici “təhdidlərə” yönəltməklə onları küçələrdən yığışdırmaq və sabitliyə nail olmaqdır. Necə deyərlər, suda batan saman çöpündən yapışar. Ancaq bu cür çirkin vasitə ilə İran rejiminin özünü xilas etmək, siyasi ömrünü uzatmaq cəhdinin hansısa bir səmərə verəcəyi inandırıcı görünmür.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31