Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Münhendə erməni saxtakarlığı

Münhendə erməni saxtakarlığı

21.02.2023 [10:24]

“Kokeyşn büro” deməsə də, tarix dərsindən yenə 2 aldı...

Məğlub Ermənistanın baş naziri Nikol Paşinyan mövqeyində ardıcıl olmayan, sözünü tez-tez dəyişən, yalanları ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışan qeyri-ciddi imicə malik bir siyasətçi kimi tanınır. O, özünün pis ənənəsini fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda da davam etdirdi. Üç Cənubi Qafqaz dövlətinin liderlərinin qatıldığı bu tədbirdə N.Paşinyan yenə də faktları, proseslərin mahiyyətini təhrif etməyə, postmüharibə dövrünün reallıqlarını beynəlxalq auditoriyanın diqqətinə əyri güzgüdən çatdırmağa cəhdlər göstərdi.

Tarixi görüşə Ermənistanın xələl gətirməsi

Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət üçtərəfli platformanın yaradılması ideyası artıq xeyli müddətdir ki, təşviq olunur. Bu təşəbbüs Prezident İlham Əliyevdən gəlib. Dövlətimizin başçısı bununla bağlı fikirlərini Praqada, eləcə də ötən ilin sonlarında  Gürcüstana səfəri çərçivəsində ifadə edib. Prezident İlham Əliyev bu məsələyə, həmçinin yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bir daha qayıdıb.

Hər üç Cənubi Qafqaz dövlətinin liderləri Münhendə bir araya gəlmələrini tarixi görüş kimi səciyyələndirdilər. İlk dəfə idi ki, arzulanan üçtərəfli platformada görüş baş tutmuşdu. Bu görüş Cənubi Qafqazda nəhayət müharibə səhifəsinin bağlanmasına, sülhyaratma prosesinə yeni bir təkan verə bilərdi. Panel iclasında Prezident İlham Əliyev Azərbaycanın istəyinin nədən ibarət olduğunu bir daha açıq mətnlə, səmimi şəkildə diqqətə çatdırdı: “Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq”.

Panel iclasında Ermənistan lideri Nikol Paşinyanın suallara cavabları isə səmimiyyətdən və xoş niyyətdən çox uzaq idi. Onun səsləndirdiyi fikirlər başdan ayağadək faktların təhrifi üzərində qurulmuşdu. Bununla da deyə bilərik ki, Ermənistan tərəfi üç ölkənin liderləri arasında ilk dəfə baş tutan tarixi görüşə xəyanət etmiş oldu.

Ermənistanın Rusiyaya xəyanəti

Ermənistanın iqtisadiyyatı, enerji təhlükəsizliyi böyük dərəcədə Rusiyadan asılıdır. Şimal qonşumuz Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın silah-sursat təchizatında mühüm rol oynayıb. Rusiyadan Ermənistana silahlar bir çox hallarda pulsuz və yaxud çox aşağı qiymətlərlə göndərilirdi.  Digər tərəfdən, postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçilik missiyasını həyata keçirən ölkələrdən biri Rusiyadır. Ermənistanın Türkiyə və İranla sərhədlərini də Rusiya hərbçiləri qoruyur. Bu ölkədə şimal qonşumuzun 102-ci hərbi bazası dislokasiya olunub. Bütün bu kimi faktlar onu deməyə əsas verir ki, Ermənistan indiyədək bir dövlət kimi mövcudluğuna görə məhz Rusiyaya borcludur.

Ancaq belə görünür ki, Ermənistan üçün dost ölkələri dəyişmək, başqa çətir altına sığınmaq su içmək qədər asandır. Hazırda məlum səbəblərdən Rusiya ətrafında geosiyasi vəziyyət dəyişib. Ermənistan isə bunu Qərbə qucaq açmaq üçün bir fürsət kimi dəyərləndirir. Son vaxtlarda bu ölkə Rusiyadan qopmaq istiqamətində ardıcıl addımlar atır. Ermənistan lideri bu xüsusda mövqeyini növbəti dəfə Münhendə ortaya qoyub. “Biz açıq və şəffaf şəkildə ifadə etmişik ki, KTMT ilə bağlı bəzi narahatlıqlarımız var. Biz bu məsələləri tərəfdaşlarımız qarşısında qaldırmışıq, mövqeyimizi ictimai səviyyədə ifadə etmişik. Bu məsələ üzərində işləyirik. Narahatlıqlarımız olduğu kimi qalmaqdadır”.

Ermənistan liderinin panel iclasında belə fikirlər ifadə etməsinin əslində Rusiyaya qarşı yönəldiyi hər kəsə bəllidir. Xatırladaq ki, ötən ilin noyabrında İrəvanda keçirilən KTMT-nin sammitində Nikol Paşinyan yekun sənədi imzalamaqdan imtina etdi. Bundan başqa, bu ilin yanvarında Ermənistanda KTMT təlimləri keçirilməli idi. N. Paşinyan iddialar sərgiləyərək buna icazə vermədi. Ermənistan rəsmiləri istəyirlər ki, Azərbaycana qarşı revanşist iddialarını KTMT vasitəsilə həyata keçirsinlər. Ancaq unudurlar ki, KTMT-də təmsil olunan ölkələrdə Azərbaycanın hörməti və nüfuzu quruma üzv dövlət olan Ermənistanınkından qat-qat yüksəkdir. Bu  və digər səbəblərə görədir ki, qurum Ermənistanın istəyinə bir qayda olaraq “yox” deyir. KTMT-dən əli üzülən Ermənistan “böyük bacısı” Fransanın yer aldığı Qərbə üz tutub. Artıq Avropa İttifaqı Ermənistana  iki illik missiya göndərməyə qərar verib. Həmin missiyanın tərkibinə həmçinin Fransa jandarmeriyasının70 nəfərdən ibarət heyəti də yer alır. Bütün bunlarla yanaşı, Ermənistanın lideri N.Paşinyan Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərinə BMT qüvvələrinin cəlb edilməsi iddiasını irəli sürüb. Bütün bunlar Rusiyanın vasitəçilik səylərinə kölgə salır. Açıq-aydın görünür ki, Rusiyaya arxa çevirən Ermənistan Qərbin maraqlarının təmin olunmasında alət qismində çıxış edir.

Ermənistan üçtərəfli Bəyanata sadiqdirmi?

Ermənistan lideri panel iclasında tez-tez ölkəsinin üçtərəfli Bəyanata “sadiq” qaldığını təkrarladı. Üçtərəfli Bəyanatda konkret müddəalar öz əksini tapıb. Ancaq Ermənistanın lideri həmin müddəaları sırf ölkəsinin məhdud maraqları kontekstində şərh edir.

Postmüharibə dövründə Azərbaycanın və Ermənistanın davranışları arasında paralellər apardıqda hansı tərəfin bəhs olunan sənədə sadiqlik göstərdiyi barədə konkret təsəvvür yaranar. Azərbaycan postmüharibə dövründə dəfələrlə qarşı tərəfə sülh sazişinin mümkün qədər tez imzalanmasını, sərhədlərin tarixi xəritələr əsasında demarkasiya və delimitasiya olunmasını təklif edib, xoş məram ortaya qoyaraq erməni əsirləri qarşı tərəfə təhvil verib. Ermənistan liderinin iddialarından isə məğlub ölkənin üçtərəfli Bəyanatda əksini tapan müddəaları yerinə yetirmək kimi bir öhdəliyinin olmadığı qənaəti yaranır. Bir baxın, N.Paşinyan üçtərəfli Bəyanata sadiqlikdən danışır, ancaq Azərbaycanın Qarabağ iqtisadi rayonundan erməni hərbi birləşmələrini tam şəkildə çıxartmağa tələsmir. Sülhün zəruriliyindən danışan N.Paşinyan postmüharibə dövründə ölkəsində tez-tez səslənən revanşist çağırışlardan, iki ölkə arasındakı şərti sərhədlər boyunca  və Qarabağda erməni hərbçilərinin törətdikləri təxribatlar barədə söhbət açmağa lüzum görmür. Azərbaycanın Ermənistan tərəfinə beş bənddən ibarət sülh paketi təqdim etməsindən xeyli vaxt ötür. Ermənistanın müvafiq qurumları cavabı aylarla gecikdirdilər və həm də qeyri-adekvat olan şərtlər irəli sürdülər. N.Paşinyan panel iclasında ölkəsinin hansısa “nəticələri hədəfləyən istəyindən və yaxud fəaliyyətindən” bəhs edib. Əgər Ermənistan tərəfdən sülhə təhdidlər yaradan revanşist çağırışlar edilirsə, erməni hərbi birləşmələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərindən çıxarılmırsa, mina terroru davam etdirilirsə, hansı nəticələrdən danışmaq mümkündür?

Laçın dəhlizi bağlanıbmı?

Panel iclasında Ermənistan liderinin dilə gətirdiyi yalanlardan və yaxud təhriflərdən biri Laçın dəhlizi ilə bağlı oldu. N.Paşinyan iddia edir ki, Azərbaycan Laçın dəhlizini bağlayıb və bu səbəbdən də Dağlıq Qarabağda böhran yaşanır. Əvvəla, Prezident İlham Əliyevin də bildirdiyi kimi, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. İkincisi, Azərbaycan Laçın dəhlizini blokadaya almaq kimi bir niyyətdən uzaqdır. Ölkəmizin üçtərəfli Bəyanata sadiq qalaraq Laçın dəhlizinin yeni marşrutunu qısa müddətdə inşa edərək nəzərdə tutulan vaxtdan tez istifadəyə verməsi bunu bir daha təsdiqləyir. O başqa, məsələdir ki, bu dəhliz Azərbaycan ərazilərində cinayətkar fəaliyyət, silah-sursat daşınması, arzuolunmaz şəxslərin Xankəndiyə gəlib getmələri və bu kimi digər çirkin məqsədlər üçün nəzərdə tutulmayıb. N.Paşinyan Laçın dəhlizinin “blokada”sından bəhs edir. Gərək, nə qədər kor və kar olasan ki, Xankəndi-Laçın yolunun bağlı olduğunu iddia edəsən. Xankəndi-Laçın yolunda iki aydan çoxdur ki, davam edən aksiyanın hansı səbəbdən keçirildiyi dəfələrlə izah olunub. Ermənilər Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarını həyata keçirirdilər. Ekologiyaya ziyan vururdular. Laçın dəhlizindən minalar, digər silah-sursat daşınırdı. N.Paşinyana sual edirik: Suveren Azərbaycan bütün bunlara seyrçimi qalmalı idi? Aksiya keçirən ekofəallar və vətəndaş cəmiyyətinin təmsilçiləri də məhz bu kimi qeyri-qanuni əməllərin qarşısının alınmasını istəyirlər. Laçın dəhlizindən hər gün Rusiya sülhməramlılarının, Qırmızı Xaç Komitəsinin çoxlu sayda avtomobilləri keçir, humanitar yüklərin daşınmasına hansısa bir əngəl törədilmir. Belə olan halda Ermənistanın lideri hansı “blokada”dan danışır? N.Paşinyana daha bir sual: Bəs o, Laçın dəhlizindəki vəziyyətə görə narahatlığını ifadə edərkən niyə Azərbaycanın əsas hissəsi ilə blokadada olan Naxçıvan arasında maneəsiz keçidin təmin edilməsi istiqamətində Ermənistanın hələ də hansısa bir addım atmadığını yada salmır? N.Paşinyan niyə etiraf etmək istəmir ki, öhdəliklər yalnız Azərbaycana deyil, həm də Ermənistana aiddir.

Tarixi abidələri kim dağıdıb?

Ermənistan liderinin panel iclasında ölkəsinin üç onillik ərzində öz nəzarəti altında saxladığı Azərbaycan ərazilərində törətdiyi müharibə cinayətlərini gizlətməyə çalışması da diqqətdən kənarda qalmadı. Həmin ərazilərdən çəkilən foto və video materiallar erməni vandalizmi barədə aydın təsəvvür yaradır və ermənilərin uydurduqları “mədəni xalq” mifini darmadağın edir. İşğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan, meşələrimizi qıran, çaylarımızı zəhərləyən erməni vandalları həm də tarixi mədəni-dini irsimizə böyük ziyan vurublar. Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə 67 dini abidələrimizdən 65-nin dağıldığı məlum olub. N.Paşinyan isə mötəbər auditoriya qarşısında məsuliyyətini unudaraq keçmiş sovet dövrünü yada salır və iddia edir ki, məscidlərin dağıdılması həmin dövrdə də baş verib. Ermənistan baş naziri unudur ki, sovet dönəmindəki quruluşun ideologiyası ateizmi dəstəkləyirdi, dini abidələrin dağıdılması o vaxtkı rejimin siyasəti ilə uyğun gəlirdi. Beləliklə də, Paşinyan növbəti dəfə tarix dərsinə yaxşı hazırlaşmadığını nümayiş etdirdi. N.Paşinyan işğala məruz qalan ərazilərdə azərbaycanlıların uyuduqları qəbiristanlıqları, məscidləri, mədəni irsimizi məhz ermənilərin hansı məqsədlərlə dağıtdıqlarını, təhqirlərə məruz qoyduqlarını, müqəddəs yerlərə donuz, it bağladıqlarını yaxşı bilir. Onun özü zamanında azərbaycanlılar üçün çox əziz olan bir məkanda-Cıdır düzündə sərxoş halda yallı gedirdi. Bütün bunlara rəğmən, Ermənistan liderinin məqsədli şəkildə təhriflərə əl atması erməni riyakarlığının təzahürüdür.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30