Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Krım uğrunda döyüş olacaqmı?

Krım uğrunda döyüş olacaqmı?

21.02.2023 [10:56]

Bir il bundan əvvəl başlayan Rusiya-Ukrayna müharibəsi uzandıqca onun perspektivləri ilə bağlı mülahizələr də artır. Müharibə nə vaxt bitəcək? Kollektiv Qərbin Ukraynaya yeni hərbi təchizat planları proseslərin gedişini hansı istiqamətdə dəyişəcək? Yeni cəbhələrin açılması mümkündürmü? İndi bu kimi suallar çoxlarını düşündürür. Krım uğrunda həlledici döyüşlərin başlayacağı ilə bağlı ehtimallar da səngimir. Xüsusilə də son vaxtlarda Rusiyadan, Ukraynadan və kollektiv Qərbin drijoru sayılan Amerika Birləşmiş Ştatlarından (ABŞ) gələn bəyanatlar Krım uğrunda həlledici döyüşlərin olacağı ehtimallarını gücləndirir. Bu döyüşlərin nə vaxt başlayacağını indidən söyləmək çətindir. Ancaq bir məsələ aydındır ki, Krım cəbhəsinin açılacağı təqdirdə müharibə tamam fərqli ssenari üzrə davam edəcək.

Müharibə Krımda başlayıb, Krımda da bitəcək

Belə görünür ki, tarix boyunca çox səhnələrə şahidlik etmiş, zaman-zaman hüquqi tabeçiliyini dəyişmiş Krım hazırda müharibə tərəfləri olan Ukrayna və Rusiya üçün qırmızı xəttdir.  Rusiya öz mövqeyini burada 2014-cü il 16 mart tarixində keçirilmiş referendumun nəticələrinə əsasən müəyyənləşdirib. Referenduma iki sual çıxarılmışdı: “Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı?” və “Siz Krım Respublikasının 1992-ci il Konstitusiyasının bərpasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?” Rusiya tərəfinin bildirdiyinə görə, referendumda iştirak edənlərin 93 faizi regionun Ukraynadan ayrılaraq Rusiyanın tərkibinə keçməsinin lehinə səs verib.

Ancaq bu nəticələr Ukraynada qəbul olunmur. Ukrayna rəsmiləri referendumun saxtakarlıqla və təzyiqlər altında keçirildiyini bildirirlər. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı (BMT) və müharibədə Ukraynanın tərəfindən çıxış edən kollektiv Qərb referendumun nəticələrini tanımayıb.

Məlum olduğu kimi, müharibə başlayandan bəri ayrı-ayrı ölkələrdən və müxtəlif  beynəlxalq təşkilatlardan Rusiyaya və Ukraynaya danışıqlar masası ətrafında əyləşmək təklifləri gəlib. Ukrayna sülh prosesinə hazır olduğunu bildirsə də, bir sıra şərtlər irəli sürür. Ölkənin danışıqlar prosesinin başlaması üçün irəli sürdüyü şərtlər sırasında isə Krım üzərində Ukraynanın nəzarətinin de-fakto təmin edilməsi tələbi xüsusi yer tutur. Bu xüsusda Ukrayna prezidenti Volodimir Zelenski çoxsaylı bəyanatlar səsləndirib.  V.Zelenski ölkəsindəki müharibənin Krım ilə başladığını deyib: “Biz Krımdan heç vaxt əl çəkməyəcəyik. Rusiya-Ukrayna müharibəsi Krımdan başlayıb və Krımın azad edilməsi ilə bitməlidir”.

Krım məsələsində yeni gəlişmə

2014-cü ildən bəri Krımla bağlı müzakirələr həmişə aparılıb. Son günlərdə isə kollektiv Qərbin Ukraynaya yeni, daha çox da uzaqmənzilli silah tədarükü planını bəyan etməsi fonunda bu məsələ ətrafında yeni gəlişmə meydana çıxıb. İddia olunur ki, həmin silahların bir qismi hazırda Ukraynanın nəzarət etdiyi ərazilərdən Krımdakı Rusiya bazalarının vurulması məqsədilə istifadə olunacaq. Ukraynaya yeni keyfiyyətli silahların tədarükünün Krım uğrunda həlledici döyüşlərə hazırlığın tərkib hissəsi kimi dəyərləndirilir. Xatırladaq ki, kollektiv Qərb Krımı Ukraynanın ərazisi kimi qəbul edir. Bununla bağlı Avropa İttifaqının rəsmiləri çoxsaylı bəyanatlar səsləndiriblər. Kollektiv Qərbin Ukraynaya yeni silah tədarükü planı isə həqiqətən çox genişdir. Hazırda Amerikanın müxtəlif silahlarından istifadə imkanları Ukrayna tərəfi ilə müzakirə edilir . Yeni hərbi dəstək paketinə  HIMARS (ing. “High Mobility Artillery Rocket System” - Yüksək Mobilli Raket-Artilleriya Sistemi) raket sistemlərindən tutmuş “Bradley” döyüş maşınlarına, yeni nəsil tanklaradək çox şey daxildir. Məqsəd Ukrayna ordusunun hücum imkanlarını artırmaqdır.

Bu günlərdə okeanın o tayından gələn açıqlamalardan bəlli olur ki, ABŞ Ukraynanın Krıma zərbələr endirməsində qərarlıdır və Kiyevi buna yaxınlaşmağa hazırlayır. Məlumdur ki, əvvəllər Pentaqon Ukraynanın Krıma zərbələr endirməsinə müəyyən tərəddüdlərlə yanaşırdı. Bu, müharibənin miqyasının genişlənməsinin və daha aqressiv forma almasının arzulanmaması ilə əlaqələndirilirdi. ABŞ ondan ehtiyatlanırdı ki, Rusiya üçün qırmızı xəttin keçilməsi - Krımın vurulması nüvə müharibəsinin başlaması üçün əsas ola bilər. Ancaq indiki mərhələdə ABŞ-da Rusiya-Ukrayna müharibəsində yeni səhifənin açılmasının məqamının yetişdiyi qənaəti möhkəmlənib. ABŞ hərbçiləri bildirirlər ki, indiyədək bu ölkə Kiyevin uzaqmənzilli silahlarla təchizatından imtina edib. Ukrayna rəsmiləri ilə aylarla davam edən müzakirələrdən sonra Bayden administrasiyası etiraf etməyə başlayıb ki, Krıma zərbələr endirmək üçün Kiyevə güc lazım ola bilər, hətta belə bir addım eskalasiya riskini artırsa belə. Bayden administrasiyası o qənaətə gəlib ki, əgər Ukrayna hərbçiləri Rusiyaya Krım üzərində nəzarətinin təhlükə altına düşə biləcəyini göstərə bilsələr, bu, istənilən gələcək danışıqlarda Kiyevin mövqeyini gücləndirəcək.

Bunlar qanuni hədəflərdir

“Ukrayna Krımın demilitarizasiyası olmadan heç vaxt təhlükəsiz qalmayacaq”. Bu fikri ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bəyanatında ifadə edib. Onun sözlərinə görə, Vaşinqton Kiyevin Krımdakı hərbi obyektlərə zərbələr endirməsini dəstəkləyir. Xanım Nuland deyib ki, Krımda Rusiyanın mühüm logistik məntəqələrə çevirdiyi nəhəng hərbi obyektlər var.  “Bunlar qanuni hədəflərdir, Ukrayna onları vurur və biz bunu dəstəkləyirik”, - deyə ABŞ rəsmisi qeyd edib.

Eyni zamanda, kollektiv Qərbi təmsil edən digər dövlətlər də Ukraynanın hücum imkanlarının artırılması və Krımın hədəf götürülməsi planlarına müsbət yanaşma ortaya qoyurlar. Son günlərdə qoca qitənin bir sıra aparıcı dövlətləri Ukraynaya yeni silah tədarükünün zəruriliyinə çağırış ediblər və prosesə start veriblər. Bu addımlar hökumətlərin rəsmilərindən gələn bəyanatlarla da dəstəklənir.  Böyük Britaniyanın müdafiə nazirliyindən belə bir əminlik ifadə olunub ki, əgər Ukrayna Zaporojye vilayətinin cənub hissəsini geri almağa köklənsə, o zaman ilkin zərbələr Krımda hədəflərin vurulması ola bilər. İndi Bayden administrasiyası getdikcə daha çox əmindir ki, Rusiyanın arxa xətlərinə zərbələr Moskvanın irəliləmək bacarığını ciddi şəkildə sarsıdacaq.

Zərbələr olsa, danışıqlar olmayacaq

Gözlənildiyi kimi, kollektiv Qərbin və Ukraynanın Krımla bağlı hazırlıqlarına Kremldən münasibət kifayət qədər sərt oub. “Ukraynanın Krıma zərbələr endirəcəyi təqdirdə, danışıqlar olmayacaq. Yalnız Kiyevin nəzarətində olan bütün ərazilərə qisas zərbələri endiriləcək”. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. “Bu halda heç bir danışıqlar olmayacaq, yalnız qisas zərbələri olacaq. Kiyevin nəzarəti altında qalan bütün Ukrayna yanacaq. Bizim cavabımız hər şey ola bilər. Bu barədə Rusiya prezidenti qəti şəkildə mövqeyini bildirib”, - deyə Medvedev Krıma zərbələr endirilməklə Rusiyanın Ukrayna ilə danışıqlara məcbur olub-olmayacağı ilə bağlı suala cavabında deyib.

Medvedev izah edib ki, Rusiya özünə heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq doktrinal sənədlərə, o cümlədən nüvə təhlükəsinin qarşısının alınmasının əsaslarına uyğun olaraq bütün növ silahlardan istifadə etməyə hazırdır. “Sizi əmin edə bilərəm: cavab tez, sərt və inandırıcı olacaq”, - deyə Kreml rəsmisi əlavə edib.

MÜBARİZ FEYİZLİ

Paylaş:
Baxılıb: 252 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30