Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Sonu görünməyən müharibə

Sonu görünməyən müharibə

08.03.2023 [11:20]

Ötən ilin fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi “ildırımsürətli müharibə” kimi planlaşdırılsa da, bu, baş vermədi. Arxada qalan bir ildə Rusiya nisbi üstünlük qazansa da və müəyyən istiqamətlərdə irəliləməyə nail olsa da, Ukrayna müqaviməti davam etdirir, hətta bir sıra pozisiyalarda başlanğıcda itirilmiş yaşayış məntəqələrini geri qaytarmağa nail olub.

Müharibə nə vaxt bitəcək?

Rusiya-Ukrayna müharibəsi iki dövlətin qarşdurması anlamından kənara çıxıb. Döyüşlər Ukrayna ərazisində getsə də, onun əks-sədası dünyanın dörd bir tərəfindən gəlir. Müharibə davam etdikcə beynəlxalq miqyasda ölkələrin enerji və ərzaq təhlükəsizliyinə təhdidlər artır. Hazırda qlobal iqtisadiyyat, maliyyə bazarları, nəqliyyat sektoru ağır şərtlər altında fəaliyyət göstərir. Bu kimi səbəblərə görə də indi dünyanın hər yerində “Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək” sualı çox tez-tez səslənir. Bu və ya digər formada müharibənin iştirakçılarına çevrilən supergüc dövlətlər və beynəlxalq təşkilatlar sualın cavabını tərəflərin öhdəsinə buraxdıqlarını bəyan etsələr də, görünən odur ki, indiki məqamda heç də bütün güc mərkəzləri qarşıdurmanın tez bir zamanda başa çatmasında maraqlı deyillər. Onlardan gələn  müharibənin dayandırılması çağırışları mücərrəd səciyyə daşıyır və bir qayda olaraq hansısa bir tərəfin ittiham olunması, kiminsə daha çox məsuliyyət yükü daşıdığı və yaxud günahkar olduğu barədə ittihamlarla müşayiət olunur.

Ən çətin döyüşlər

Hazırda Rusiya-Ukrayna müharibəsinin ən qaynar nöqtəsi Donetsk vilayətinin Baxmut şəhəridir, desək, yanılmarıq. Buradan ziddiyyətli məlumatlar alınır. Təqdim olunan videolardan şəhərin raket zərbələri yağışına tutulduğu məlum olur. Bir neçə gün bundan əvvəl Baxmutda küçə döyüşlərinin getdiyi, hətta Ukrayna ordusunun buradan tamamilə çıxardığı barədə məlumatlar yayıldı. Ancaq Ukrayna tərəfi Rusiya ordusunun Baxmut şəhərinə nəzarəti tam ələ aldığı barədə xəbərləri təkzib edib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib ki, Baxmutun yaxınlığında Priqojinin “Vaqner” terror təşkilatı və silahlı qüvvələri, desant qüvvələri cəmləşib. Qarşı tərəfin bütün qüvvələri uzun müddətdir ordadır, lakin heç nə edə bilmirlər. “Bizim üçün istənilən ərazi son dərəcə vacibdir və biz əlimizdən gələni edəcəyik, mümkün olan hər şeyi edəcəyik”, - deyə Oleksiy Danilov əlavə edib. .

Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatınin sözlərinə görə, Ukrayna qoşunlarının şəhərdən kütləvi şəkildə çıxarılması məlumatı yalandır. “Baxmutda döyüşlər şəhərdən kənarda gedir və şəhərə Ukrayna Müdafiə Qüvvələri nəzarət edir: Ukrayna Silahlı Qüvvələri, Sərhəd Xidməti və Milli Qvardiya. Həmçinin Ukrayna qoşunlarının kütləvi şəkildə çıxarılması yoxdur”, - deyə o vurğulayıb.

Çerevatı əlavə edib ki, Ukrayna qoşunları Baxmutda mövqelərin nəzarətli, planlı rotasiyasını həyata keçirir.  O bildirib ki, 2023-cü il martın 4-ü şənbə günündən etibarən Baxmut ətrafında, şəhərin şimalındakı Vasyukovka və Dubovo-Vasilyevka kəndlərində, həmçinin onun qərbindəki İvanovskoye və Boqdanovka kəndlərində döyüşlər gedir.

Verilən məlumatlarda döyüş mövqeləri ilə yanaşı, yaşayış binalarının, mülki infrastrukturun da hədəfə alındığı bildirilir. Martın ilk günlərində Ukraynanın Zaporojye şəhərində çoxmərtəbəli binaya raket zərbəsi endirib. Bu zərbələr nəticəsində 10-dək mülki şəxs həlak olub. Bu barədə Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev teleqram səhifəsində yazıb.

“Ukrayna hərbçiləri indi Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini apar”. Bunu Ukrayna Prezidenti V.Zelenski martın 5-də xalqa müraciətində söyləyib. “Bu gün Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir”, - deyə V.Zelenski əlavə edib. Ukrayna Prezidenti Baxmut, Uqledar, Avdeyevski, Severski, Svatovski, Liman və Zaporojye istiqamətlərində döyüşən hərbçilərə təşəkkürünü bildirib.

Cəsədlərin mübadiləsi

On minlərlə insanın həyatına son qoyulması Rusiya-Ukrayna müharibəsinin ən acı nəticəsidir. İndiyədək Rusiyanın şəxsi heyət itkisinin  145 mindən artıq olduğu, Ukrayna tərəfində isə bu rəqəmin 257 minə çatdığı bildirilir. Hərbçilərlə yanaşı, mülki insanlar, o cümlədən uşaqlar da həyatlarını itirirlər. Verilən məlumatlarda döyüş mövqeləri ilə yanaşı, yaşayış binalarının, mülki infrastrukturun da hədəfə alındığı bildirilir. Martın ilk günlərində Ukraynanın Zaporojye şəhərində çoxmərtəbəli binaya raket zərbəsi endirilib. Zərbələr nəticəsində 10-dək mülki şəxs həlak olub. Binanın 92 sakininə və zərərçəkənlərin yaxınlarına psixoloji yardım göstərilib. Bu barədə Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev teleqram səhifəsində yazıb.

Martın 3-də isə Ukrayna və Rusiya arasında hərbçilərin cəsədlərinin növbəti mübadiləsi həyata keçirilib, Ukraynaya 17 meyit təhvil verilib. Ukraynanın Reinteqrasiya Nazirliyindən bildirlib ki, cəsədlərin olması ehtimal edilən yerlərin aşkarlanması üzrə işlər davam edir. Ümumilikdə, indiyədək 1426 ukraynalı hərbçinin meyiti qaytarılıb. Qeyd edək ki, bundan əvvəl, fevralın 2-də tərəflər arasında meyitlərin ən böyük mübadilə prosesi baş tutub. Ukrayna 150-yə yaxın müdafiəçisinin cəsədini qaytarmağa nail olub.

Kiyevə lazım gəldiyi qədər dəstək

Müharibə davam etdikcə kollektiv Qərb koalisiyası Rusiyaya qarşı sanksiyaların genişlənməsi fonunda Ukraynaya hərtərəfli dəstəyi artırır. Beynəlxalq tərəfdaşlar yanvar və fevral ayları ərzində Ukrayna büdcəsinə dəstək qismində Kiyevə 6,3 milyard dollar təqdim ediblər. Verilə? məlumatlara görə fevral ayında Ukrayna büdcəsinə beynəlxalq dəstəyin həcmi 75,6 milyard qrivna (2 milyard dollar) təşkil edib. O cümlədən Avropa İttifaqı Kiyevə 3,2 milyard, ABŞ 2,2 milyard, Böyük Britaniya isə 498 milyon dollar büdcə dəstəyi verib.

Paralel şəkildə, Ukraynaya hərbi dəstəyin miqyası genişlənir. Yaxın perspektivdə bu ölkəyə uzaq mənzilli silahların tədarük edilməsi gözlənilir. Yeni silahların verilməsi Ukraynanın müdafiə və əks-hücum imkanlarını artıracaq. “Qərb Ukrayna-Rusiya müharibəsində Kiyevi nə qədər lazımdırsa, bir o qədər dəstəkləyəcək”. Bu bəyanat Vaşinqtonda ABŞ prezidenti Cozef Baydenlə Almaniya kansleri Olaf Şolts arasında baş tutan görüşdə səsləndirilib. “Almaniya tarixi dəyişikliklərə imza atıb: Müdafiə xərclərini artırıb və Rusiya

resurslarından imtina edərək enerji mənbələrini şaxələndirib. Biz Ukraynaya artilleriya qurğuları, tanklar, hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının tədarükü üzərində birlikdə çalışırıq”, - deyə Cozef Bayden bildirib.

Daha bir vacib məqam ondan ibarətdir ki, martın 3-də Birləşmiş Ştatlar Kiyevə 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib. Bu paketə hərbi sursat, mühəndis texnikası, avadanlıq, ehtiyat hissələri və sair daxildir.

Eyni zamanda, Almaniyanın “Rheinmetall” silah istehsalı konserni Ukraynada tank zavodu tikmək niyyətindədir. Artıq bununla bağlı danışıqlar gedir. Şirkət rəsmisi KİV-ə müsahibəsində bildirib ki, “Rheinmetall” təxminən 200 milyon avroya Ukraynada ildə 400-dək “Pantera” tankı istehsal edəcək zavod tikə bilər. Mütəxəssislərin qənaətinə görə, müharibədə qalib gəlmək üçün Ukraynaya 600-dən 800-ə qədər tank lazımdır və bu ehtiyacı ödəmək üçün istehsal dərhal qurulmalıdır.

Taxıl sazişi uzadılacaqmı?

Bu arada Ukrayna martın ortalarında başa çatacaq taxıl sazişinin uzadılması ilə bağlı BMT və Türkiyəyə təklif göndərib. “Biz sövdələşmənin uzadılması məsələsini həll etməyə başlamaq üçün məktub göndərmişik, lakin hələlik heç bir cavab almamışıq”, - deyə Ukrayna hökumətindəki mənbə bildirib.

Öz növbəsində Türkiyə rəsmilərindən  taxıl sazişinin müddətinin uzadılması istiqamətində fəal çalışmaların aparılmasına dair açıqlamalar gəlib.  “Türkiyə Qara dənizdə martın 18-də başa çatacaq “taxıl dəhlizi”nə dair sazişin uzadılması üzərində işləyir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərdə BMT-nin konfransında çıxışı zamanı deyib. “Biz Qara dənizdə “taxıl sazişi”nin problemsiz icrası və daha da uzadılması üzərində çox çalışırıq”, - deyə Çavuşoğlu söyləyib.  Çavuşoğlu, həmçinin qeyd edib ki, o, BMT-nin Baş katibi Antonio Quterreşlə Ukrayna ərzaq məhsullarının ixracına dair sazişin müddətinin uzadılmasını müzakirə edib.

Xatırladaq ki, Ukraynadan ərzaq ixracına dair müqavilələr 2022-ci il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb. 2022-ci ilin noyabrında taxıl müqaviləsi daha 120 gün uzadılıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30