Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dünyaya Azərbaycan nümunəsi

Dünyaya Azərbaycan nümunəsi

04.06.2026 [12:19]

İlham Əliyev: Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq

Hazırda dünyada izlənilən proseslər kədərli təəssüratlar yaradır. Ayrı-ayrı milli dövlətlər təzyiqlərlə üzləşirlər. Bəzi ölkələr dərin sosial-iqtisadi böhran içindədirlər və ictimai-siyasi sabitliyin pozulmasından ciddi əziyyət çəkirlər. Yaxın Şərq, Şərqi Avropa isə müharibə alovuna bürünüb, iş yerləri, mülki infrastruktur dağıdılır, insanlar doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalırlar.

Dünyadakı belə təzadlı mənzərə fonunda Azərbaycan sabitlik və inkişaf adası kimi fərqlənir. Ölkəmiz ümummilli məqsədlərinə doğru inamla irəliləyir, cəmiyyətin, xalqın daha firəvan gələcəyə böyük inamı var. Artıq uzun illərdiir ki, respublikada möhkəm iqtidar-xalq birliyi hökm sürür və milli güc inkişaf naminə səfərbər edilir.  Azərbaycanın inkişafı, sosial, iqtisadi, hərbi, xarici siyasəti nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə edilən zaman onlar bir çox üstünlüklərə yol aça bilər. Ölkəmizin son 30 ildə keçdiyi yol eyni problemlərdən əziyyət çəkən ölkələr üçün bir örnəkdir.

Azərbaycanın qısa müstəqillik tarixində qazandığı uğurların təməlində dayanan əsas amil isə aparılan ardıcıl və məqsədyönlü siyasətdir. Prezident İlham Əliyev  “Bakı Enerji Həftəsi”nin açılış tədbirindəki çıxışında öz qənaətlərini ifadə edərək bildirib ki,  Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız. “Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycanın inkişafının bünövrəsi uğurlu enerji siyasəti ilə qoyulub

Bəhs olunan çıxışında Prezident İlham Əliyev Azərbaycanın inkişafının bünövrəsinin uğurlu enerji startegiyası ilə qoyulduğuna xüsusi diqqət çəkib. Dünyada neft-qaz resursları ilə zəngin olan dövlərtlərin sayı çoxdur.. Lakin onların hamısı inkişafa nail ola biliblərmi? Təəssüf ki, yox!. Dünya təcrübəsindən də göründüyü kimi, karbohidrogen ehtiyatlarının zənginliyi heç də bütün hallarda sərvət sahibi olan ölkələrin xalqları üçün xoşbəxtlik, firəvan həyat tərzi anlamına gəlmir. Buradan da o nəticə hasil olur ki, əsas məsələ yerin təkində, dənizin dibində sərvətlərə sahib olmaq yox, həmin sərvətlərdən necə istifadə etməkdədir.

Bu baxımdan Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu enerji siyasəti təqdirəlayiqdir. Prezident İlham Əliyev çıxışında müstəqilliyimizin ilk illərinə ekskurs edib. Ölkədə sosial-iqtisadi vəziyyət ağır idi. Gündəlikdə dayanan problemlərin həllinə vəsait tapılmırdı. Həmin çətin dönəmdə Rezident İlham Əliyevin bildirdiyi kimi, neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. O dövrdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün uğurla davam etdirilən yeni neft strategiyasının əsasında ölkəmizin və xalqımızın milli maraqları dayanır. Eyni zamanda, ölkəmizin reallaşdırdığı enerji siyasəti ədalət prinsipinə əsaslanır. Məhz bu iki məqam respublikamızın enerji siyasətində böyük uğurlar qazanmasını şərtləndirir. Bir tərəfdən  neft gəlirləri ölkədə strateji önəm daşıyan layihələrin reallaşdırılmasına, insan kapitalının formalaşmasına, sosial rifahın yaxşılaşdırılmasına yönəldilir, digər tərəfdən də etibarlı tərəfdaş, məsuliyyətli və ləyaqətli dövlət kimi Azərbaycanın müsbət beynəlxalq imici möhkəmlənir.

Ulu öndər Heydər Əliyevin böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin yeni enerji siyasəti üçün başlanğıc oldu. Həmin müqavilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsini əhatə edirdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. Kontraktın texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1,072 milyard ton həcmində müəyyən edilib. “Əsrin müqaviləsi” sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə daha 30-dan çox sazişin imzalanması üçün yol açdı.

Hazırda Azərbaycan neft bumunun ikinci fazasını yaşayır. Belə ki, bir çox şirkətlər ölkəmizdə yeni layihələrə qoşulurlar. 2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzaldılıb. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Bəhs olunan Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faiz qaldırılıb, razılaşmaya əsasən, tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəməyi öz öhdələrinə götürüblər.

Azərbaycanın müasir çağırışlar və reallıqlar nəzərə alınmaqla hazırlanan yeni neft strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Marşrutların şaxələndirilməsi bu gün Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir.

Bu gün ölkənin iqtisadi fəaliyyəti çox müsbətdir

“Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirdə göstərilən hədəflərin hər biri bu gün real həyatda öz əksini tapıb. İlham Əliyevin andiçmə mərasimində verdiyi vədlər məzmunca taleyüklü olduğu kimi, ötən dövrdə keçilən yol da qərinələrə bərabərdir, Azərbaycan xalqı Ona bəslənən etimadın yüksək səviyyədə doğrulduğuna şahidlik edir və bundan qürur duyur. Prezident İlham Əliyevin vəd verdiyi kimi, Ulu Öndərin əsasını qoyduğu siyasətə sadiq qalması Azərbaycanın ən böyük uğuru və xalqımızın ən böyük xoşbəxtliyidir. Siyasi varisliyin təmin edilməsi ölkəmizi bəzi dövlətlərin timsalında müşahidə etdiyimiz pis nümunələrdən - geri dönmələrdən qoruyub və davamlı inkişafa istiqamətləndirib.

Hər bir dövlətin gücünü və siyasi müstəqilliyini şərtləndirən əsas amil qismində onun iqtisaddi potensialı çıxış edir. Hazırda Azərbaycan beynəlxalq arenada real siyasi müstəqilliyə malik olan dövlət kimi qəbul edilir və böyük hörmət bəslənilir. Bir sıra ölkələrdən fərqli olaraq respublikamızın siyasətinin istiqamətləri hansısa paytaxtlarda deyil, məhz Bakıda, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirlir. Bunun təminatnı isə ölkənin iqtisadi müstəqilliyi verir. Hazırda Azərbaycan heç bir güc mərkəzindən, beynəlxalq maliyyə qurumundan asılı deyil, öz problemlərini iqtisadi gücünə əsaslanmaqla özü həll edir. Prezident İlham Əliyev məmnunluq hissi ilə bildirib ki, bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir.

Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri 2004-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas qayəsini təşkil edib. Ötən dövrdə dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi ilə geniş əhatə dairəsinə malik olan islahatlar reallaşdırılıb, ölkədə iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Bu illər ərzində transmilli şirkətlərlə imzalanan müqavilələr üzrə ölkəmizə gələn gəlirlərin müəyyən bir hissəsi məqsədyönlü şəkildə sosial və iqtisadi önəm daşıyan infrastruktur layihələrinin icrasına, qeyri-neft sektorunun inkişafına yönəldilib. Respublikamızda sahibkarlıq mühiti davamlı olaraq optimallaşdırılıb, yerli istehsal və ixrac təşviq edilib, respublikamızın investisiya cəlbediciliyi artırılıb. Azərbaycan iqtisadiyyatının 4 dəfədən çox genişlənməsi kifayət qədər böyük uğurdur. Bəhs olunan dövrdə ölkənin strateji valyuta ehtiyatları isə təxminən 2 milyard dollardan 80 milyard dollara qədər artıb. Güclü iqtisadi potensial və geniş maliyyə imkanları Azərbaycanın manevr imkanlarını qat-qat artırır.

Qürurverici haldır ki, bu gün respublikamız dünya üzrə xarici borcu aşağı səviyyədə olan ölkələr sırasında yer alır.  Müstəqilliyimizin ilk illərində respublikamız beynəlxalq maliyyə qurumlarından borc almaq məcburiyyətində idi. Sonradan vəziyyət dəyişdi və ölkəmiz artan imkanlarına əsaslanmaqla xarici borclarını azaltmaq siyasətinə keçdi. Hazırda Azərbaycan sərmayə cəlbediciliyini yüksək səviyyədə saxlamaqla yanaşı, həm də özü respublikanın hüdudlarından kənarda genişmiqyaslı investisiya fəaliyyəti həyata keçirir. “Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.

Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Qarşıda duran istənilən vəzifəni yerinə yetirməyə qadir olan güclü ordu quruculuğu

Azərbaycanın qarşısında duran istənilən vəzifəni yerinə yetirməyə qadir olan güclü və müasir ordu qurması da neft-qaz gəlirlərindən milli mənafe naminə səmərəli şəkildə istifadə edilməsinə yaxşı bir nümunədir. Bunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik”

İşğalçı Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini o zaman müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda AXC-”Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş verən mənfi proseslərdən, hakimiyyət boşluğundan, hərc-mərclikdən, həmrəyliyin təmin olunmamasından istifadə etməklə və havadarlarının dəstəyindən bəhrələnməklə işğal etmişdi. Mənfur düşmən beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizi zor tətbiq etməklə işğal altına alanda və sonrakı mərhələdə ağır müharibə cinayətlərinə əl atdı. Belə ki, bu işğal nəticəsində  soydaşlarımız doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Qaçqın və məcburi köçkünlərin sayı bir milyonu ötmüşdü və bu, ölkəmiz üçün böyük humanitar fəlakət idi.

Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Dövlət başçısı seçildiyi vaxtdan Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsini Azərbaycanın gündəliyinin mərkəzində saxladı. Dövlətimizin başçısı yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırır, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Beləliklə də, özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan, həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu.

Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və ərazi bütövlüyünü, suverenliyini tam təmin etməyə nail oldu. Qürur mənbəyimiz olan şanlı zəfərlərimiz tarixdə əbədi qalacaq. “Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30