Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Hadrut necə azad olundu?

Hadrut necə azad olundu?

09.10.2026 [09:42]

Azərbaycan xalqı torpaqlarımızın işğaldan  azad olunması ilə yekunlaşan Vətən müharibəsinin altıncı ildönümünü yaşayır. Məhz bu müharibədə əldə etdiyi tarixi qələbə ilə  Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Eyni zamanda, Vətən müharibəsinin öz təqvimində də dövlətimizin, xalqımızın tarixinə ən şərəfli günlər olaraq əbədi həkk olmuş günlər var. Onlardan biri də mühüm strateji mövqedə yerləşən  Hadrut qəsəbəsinin azad edilməsi uğrunda oktyabrın 7-də hərbi əməliyyata başlanmasıdır. Belə ki, oktyabrın 7-dən etibarən Azərbaycan Silahlı Qüvvələri Hadrut istiqamətində həlledici döyüşlərə start verərək ilk növbədə qəsəbə ətrafındakı strateji dağlar və yüksəklikləri (o cümlədən Ərgünəş dağı) nəzarətə götürdü.

Hadrut əməliyyatı Şuşaya yol açdı

Hər günü bir qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi təqvimə qara rənglə yazılan işğal günlərini qırmızı rəngli azad olunma tarixləri ilə əvəzlədi. Rəşadətli Ordumuz canı, qanı bahasına addım-addım ərazilərimizi düşmən tapdağından xilas edir, hər gün döyüş meydanlarından şad xəbərlər gəlirdi.

2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək növbəti dəfə şanlı uğur əldə etdi. Erməni işğalı altında qalan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən tapdağından xilas edildi. Həmin gün 44 günlük Zəfər tarixinin ən şanlı səhifəsindən biri - Hadrutun azadlığa qovuşması xəbəri Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırıldı. Hadrutun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də bölmələrimizin döyüş meydanındakı uğurlarını daha da artırdı, böyük Zəfərə gedən yolda strateji üstünlük qazandırdı. Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə heç cür barışa bilmirdilər. Qəsəbə azad edilsə də, ətraf ərazilərdəki təmizləmə əməliyyatları və düşmənin əks-hücum cəhdlərinin qarşısının alınması oktyabrın 15-nə qədər davam etmişdi.

Düşmən anlayırdı ki, Ordumuz Şuşaya da nəzarəti ələ keçirəcək. Belə də oldu. Hadrut zəfərindən sonra əsgər və zabitlərimizin həmin şəhərə yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edildi.

Hadrutun azad edilməsində Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrinin (XTQ) müstəsna xidmətləri var. XTQ-nin azsaylı qüvvəsi düşmənin müdafiə xəttinə sızmaqla həmin qəsəbənin arxa tərəfindəki yüksəkliklərdə yerləşib, sonradan isə motoatıcı hissə və birliklərin artilleriya atəşini nizamlamışdı. Düşmən mövqeləri zəiflədikdən sonra XTQ mənsubları həm ön, həm də arxa tərəfdən ərazidəki düşmənləri tamamilə təmizləmişdi. Azərbaycan Ordusunun Hadrutu azad etməsi Füzuli və Cəbrayıl istiqamətlərindəki hərbi hissələrin idarə edilməsi və təchizatı baxımından da böyük əhəmiyyətə malik idi. Qəsəbənin azad olunması işğalçıların digər istiqamətlərdə müqavimətinin zəifləməsinə, Ermənistan ordusunda fərari sayının artmasına səbəb oldu. Nəticədə, Azərbaycan Ordusunun daha az itki və daha yüksək hücum tempi ilə ərazilərimizi düşmən tapdağından təmizləməsi üçün əlverişli imkan yarandı. Hadrutun azad edilməsi ondan xəbər verirdi ki, Ordumuz yalnız Qarabağ ətrafındakı rayonları deyil, paralel olaraq onun dağlıq hissəsini də işğaldan azad etməkdə qərarlıdır.

Zəfərdən sonra canlanan Hadrut

2021-ci ilin iyununda Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi ucaldıldı. Bu abidənin üzərində Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgəri və dronlar da təsvir edildi. Bu, Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gün ərzində işğalçı Ermənistanın ağır məğlubiyyətə uğradıldığını və kapitulyasiya aktını imzalamağa məcbur olduğunu əks etdirir.

İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində davamlı addımlar atılır, yeni komando bölmələri yaradılır. 2021-ci il dekabrın 24-də Prezident, Ali Baş Komandan İlham Əliyev məhz Hadrutda hərbi hissənin açılışında Komando Briqadasının yaradılmasının əhəmiyyətindən danışaraq deyib: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim Ordumuzun gücünü böyük dərəcədə artıracaq”.

Digər azad edilmiş ərazilərdə olduğu kimi Hadrutda da tikinti işləri sürətlə davam etdirilir, genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunur.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31