Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstana qarşı təhdidlər artır...

Gürcüstana qarşı təhdidlər artır...

15.10.2024 [09:11]

Hakimiyyət isə parlament seçkilərinin demokratik keçiriləcəyinə təminat verir

Gürcüstan parlament seçkiləri ərəfəsində Qərbin ciddi təzyiqləri ilə üzləşib. Bu ilin yayında “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul olunduqdan sonra bu təzyiqlər xeyli güclənib. Qərb dairələri müxtəlif vasitələrlə  Gürcüstanda daxili gərginliyi dərinləşdirməyə çalışır.

Qeyd edək ki, bu ölkədə parlament seçkilərinə 19 siyasi partiya qatılıb.150 yerlik parlament proporsional sistem (partiya siyahıları üzrə) əsasında seçilir. Qanunverici orqana düşmək üçün siyasi partiyalardan etibarlı səslərin azı  5 faizini toplamaq tələb olunur. Hökuməti isə qanunverici orqanda ən azı 76 mandata malik partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası qalib gələrək hökumət qurub.

Rəy sorğularında hakim partiya öndədir

Hazırkı seçkilərlə də bağlı rəy sorğuları hakim partiyanın öndə olduğunu göstərir. Belə ki, bugünlərdə ictimai rəy üzrə ixtisaslaşan GORBİ Beynəlxalq Tədqiqat Mərkəzi Gürcüstanda keçirdiyi seçki sorğusunun nəticələrinə görə, respondentlərin 59,5 faizi oktyabrın 26-na təyin olunmuş parlament seçkisində “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasına səs verəcəklərini bildiriblər. Yeri gəlmişkən, hakim partiya seçki marafonuna “Xalqın Gücü” Partiyası ilə birlikdə qatılıb.

Üç müxalifət partiyasını birləşdirən “Birlik - Milli Hərəkat” koalisiyası isə rəy sorğusunda 13,6 faiz əldə edib. Bu koalisiyada əsas siyasi təşkilat sabiq prezident Mixail Saakaşviliyə bağlı “Vahid Milli Hərəkat” Partiyasıdır. “Yeniliklər” koalisiyasına isə respondentlərin 10,3 faizi dəstək ifadə edib. Bu koalisiyaya “Vahid Milli Hərəkat” Partiyasının sabiq üzvlərinin yaratdığı üç müxalif partiya daxildir. Qalan seçki iştirakçılarının heç birinin rəy sorğusunda 5 faizlik baryeri aşmadığı bildirilir.

Mərkəzi Seçki Komissiyasının əməkdaşları təhdid edilir

Qərbin artan təzyiqləri fonunda Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşlarının telefonlarına təhdid mesajları da gəlməyə başlayıb. Bu barədə MSK sədri Giorgi Kalandarişvili məlumat verib. Onun sözlərinə görə, MSK əməkdaşlarına gələn bütün mesajlarda ünvan sahibinin adı var ki, bu da mesajın müəllifinin həmkarlarımızın şəxsi məlumatlarını bildiyini təsdiqləyir. Kalandarişvili vurğulayıb ki, oxşar hallar əvvəllər də baş verib. MSK əməkdaşlarına rüşvət vermək, qorxutmaq və ya başqa tədbirlər görmək istəyiblər.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) adından da vətəndaşlara saxta bildirişlər göndərilir. DİN-in rəsmi səhifəsində deyilir ki, vətəndaşları məlumatlandırmaq üçün nazirlik tərəfindən heç bir mesaj göndərilməyib. DİN vətəndaşları yanılmamağa çağırıb və faktın araşdırılacağını bəyan edib.

İrakli Kobaxidze hüquq-mühafizə orqanlarını ayıq olmağa çağırıb

Bütün təzyiq və təhdidlərə rəğmən iqtidar seçkilərin demokratik keçiriləcəyinə təminat verir, eləcə də hakim partiya öz qələbəsinə inanır. Gürcüstanın Baş naziri, hakim partiyanın seçki qərargahının rəhbəri İrakli Kobaxidze söyləyib ki, Gürcüstan parlamentinə seçkilər azad, şəffaf, demokratik, rəqabətli olacaq və hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qələbəsi ilə başa çatacaq. Bununla belə o, müxalifətin təxribatlara hazırlaşdığını deyib.  Baş nazir bildirib ki, oktyabrın 26-na təyin edilən seçkilər ilk dəfə olaraq yalnız proporsional sistem üzrə  və geniş miqyasda elektron texnologiyalardan - səslərin yoxlanılması və hesablanması aparatlarından istifadə etməklə keçiriləcək.

İrakli Kobaxidze qeyd edib ki, müxalifət partiyalarının reytinqi  ilə tanışdır. “Hamı bilir ki, “Gürcü Arzusu”nun reytinqi 60 faizə yaxındır və kollektiv “Milli Hərəkat” seçkilərdə 9-cu ağır məğlubiyyətə məhkumdur. Müxalifətin reytinqi 20 faizdən çox deyil”, - deyən İ.Kobaxidze vurğulayıb ki, cəmiyyət radikal müxalifətin, baryeri aşacaq bütün “kollektiv Milli Hərəkat”ın ümumilikdə 20 faiz səs toplayacağına təəccüblənməməlidir. Baş nazir, eyni zamanda, hüquq-mühafizə orqanlarına müraciət edib və polisi seçkilər öncəsi son dərəcə ayıq-sayıq olmağa çağırıb.

Qərb dairələri isə bu ölkəyə qarşı təzyiqlərdən geri çəkilməyi hələ ki, düşünmür. Belə ki, Gürcüstan hökuməti Avropa İttifaqının (Aİ) 121 milyon avro məbləğində maliyyə yardımından məhrum olacaq. Aİ buna səbəb kimi Gürcüstan hökumətinin “demokratik standartlardan uzaqlaşmasını” göstərir. Aİ-nin Gürcüstandakı nümayəndəliyinin yaydığı məlumatda bildirilir ki, Avropa İttifaqı 2022, 2023 və 2024-cü illərdə Gürcüstan hökuməti üçün 121,3 milyon avro məbləğində illik vəsait ayırıb. Lakin bu vəsait 2024-cü ildə dayandırılacaq: “Buna səbəb Gürcüstan hökumətinin demokratik standartlardan uzaqlaşması, xüsusən də vətəndaş cəmiyyətinə qarşı yönəlmiş “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu olub. Gürcüstan təkcə bu yardımı deyil, digər yardımlardan da məhrum edilə bilər”. ABŞ tərəfindən də bu ölkəyə qarşı bir sıra  maliyyə yardımları dayandırılıb. Qərb düşünür ki, bu yolla Gürcüstandakı seçkilərə təsir göstərə biləcək. Bütün hallarda isə oktyabrın 26-da bu kimi məsələlərə aydınlıq gətiriləcək.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 473 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30