Aİ-postsovet məkanı: geosiyasi dəyişikliklər fonunda problemlər
06.02.2015 [09:35]
I hissə
Avropa İttifaqı son 25 ildə genişlənmə istiqamətində müəyyən addımlar atıb ki, bu da bir sıra problemlər meydana gətirib. Yuqoslaviyanın bölünməsində Aİ birbaşa iştirak edib. Təşkilatın genişlənmə siyasəti son nəticədə Ukrayna böhranına gətirib çıxarıb. Afrikanın şimalında, Misir, Suriya, İraq və Liviyada baş verən proseslərdə Aİ-nin öz rolu vardır. Sürix protokollarının imzalanmasında, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində bu təşkilatın canfəşanlığı yaddan çıxmayıb. Brüssel həmin məsələdə Türkiyəyə xeyli təzyiqlər edib. Bütün bunlar onu təsdiqləyir ki, Aİ üçün digər istiqamətlərlə yanaşı, postsovet məkanının da əhəmiyyəti artıb. Təşkilatın bu istiqamətdə yeritdiyi siyasətin mütəxəssislərin diqqət mərkəzində olması da elə məhz bununla izah olunur. Təhlillər göstərir ki, buradakı mənzərə heç də tam aydın deyil. Aİ-nin yol verdiyi səhvlər və bir çox digər amillər vəziyyəti xeyli mürəkkəbləşdirib. Bu faktorların prizmasından Brüsselin nə kimi addımlar atacağı maraq doğurur.
Seçim: normativ, yaxud sərt güc?
Avropa İttifaqı nə qədər güclü olsa da, onun ciddi çətinliklərlə qarşılaşdığı faktdır. Bu təşkilatın dünyanın müxtəlif regionlarında reallaşdırmaq istədiyi planların boşa çıxmasını inkar etmək olmaz. Lakin məsələnin bu tərəfinə Aİ rəsmiləri, nədənsə, diqqət yetirmirlər. Bu isə öz növbəsində köhnə səhvlərin təkrarlanmasına gətirib çıxarır. Problemin konseptual aspekti düşündürücüdür.
Aİ-nin bir təşkilat kimi geosiyasi gələcəyi haqqında müxtəlif proqnozlar verilir. Onun yeniləşməsi istiqamətləri dəqiq müəyyənləşməyib. Bunların kökündə iki yanaşma dayanır. Birincisi Aİ-nin “normativ güc” modelini saxlamasını ifadə edir. İkincisi isə təşkilatın “bir dünya gücü” olmasını nəzərdə tutur. Bir-birindən məzmun və strateji məqsədlərə görə fərqlənən həmin modellər Avropanın dünyadakı yeri və rolunu müəyyənləşdirməlidir (bax: Cengiz Dinç. Sivil Güç - Realist Oyuncu İkileminde Avrupa Birliği’nin Küresel Konumu Üzerine Tartışmalar / “Uluslararası Hukuk ve Politika”, Cilt 7, Sayı: 28, ss.89-124, 2011).
Aİ daxilində meyarları müəyyənləşən “normativ güc” tərəfdarları təşkilatın sərhədlərindən kənarda “hərbi qüvvə və zor tətbiq edərək sabitliyi saxlamağa və ya maraqlarını qorumağa çalışmağın onun öz təməl fəlsəfəsinə xəyanət olduğunu düşünürlər (bax: əvvəlki mənbəyə, s.89). Bu, maraqlı qiymətləndirmədir, çünki faktiki olaraq Aİ-nin yaradılması fəlsəfəsinin prinsiplərini önə çəkir.
Ancaq ikinci yanaşmanın tərəfdarları hesab edirlər ki, “dünyada hələ realist bir nizam var” və “Aİ özünü sanki bunu görmədiyi kimi apara bilməz” (bax: əvvəlki mənbəyə). Müxtəlif regionlarda cərəyan edən geosiyasi proseslər qlobal miqyasda ciddi dəyişikliklərdən xəbər verir. Belə şəraitdə Aİ kimi bir təşkilat necə özünə qapana bilər? O, söykəndiyi təməl prinsipləri (dəyərləri) qorumaq üçün ətraf aləmdən təcrid olunmamalıdır. Deməli, ikinci yanaşmanın tərəfdarlarına görə, Aİ dünya miqyasında təsirli siyasət yeritməyə məcburdur.
Maraqlıdır ki, bunların fonunda son vaxtlar Almaniyanın Avropa və dünya siyasətində oynaya biləcəyi rola daha çox diqqət yetirilir. Mövcud fikirlərə görə, Berlinin zəifləməsi bütövlükdə Aİ-nin siyasətinə ciddi təsir göstərə bilər. Çünki Almaniya indi Avropa sistemini, transatlantik məkanda geosiyasi proseslərin dinamikasını və liberal dünya nizamının inkişafını uyğunlaşdıra bilər (bax: Ulrich Speck. Power and Purpose: German Foreign Policy at a Crossroads / Carnegie Endowment for International Peace, 3 November 2014).
Hələlik təşkilat daxilində həmin modellərin mübarizəsi gedir. İngiltərə və Fransa “sərt dünya gücü” tərəfdarıdırlarsa, Almaniya, İspaniya və Hollandiya “normativ güc”ə üstünlük verirlər (bax: Cengiz Dinç. Sivil Güç - Realist Oyuncu İkileminde Avrupa Birliği’nin Küresel Konumu ÜzerineTartışmalar / “Uluslararası Hukuk ve Politika”, Cilt 7, Sayı: 28, 2011, s.91). Müşahidə edilən bu fikir ayrılığı müəyyən dərəcədə Aİ-nin xarici siyasətinin məzmununa da təsir göstərir. Belə ki, məsələn, bu, postsovet məkanında təşkilatın fəaliyyətində, özü də bir sıra hallarda ziddiyyətli şəkildə özünü büruzə verir. Müəyyən məqamlarda isə “ikili standartlar” siyasətinin əlamətləri özünü göstərir. Bütövlükdə Aİ-nin bu istiqamətdə apardığı siyasi kursun təhlili böyük aktuallıq kəsb edir.
Mütəxəssislər vurğulayırlar ki, “diqqətin hakimiyyətin yuxarı pilləsində olan bir fiqur üzərində cəmləşdirilməsi Qərb siyasətçilərini doğru yoldan yayındırıb” (bax: Samuel Charap, Jeremy Shapiro. How to Avoid a New Cold War / “Current History”, 2014, Volume: 113, Issue: 765, p.: 265). Bunu S.Hüseyn, M.Qəzzafi və B.Əsədlə bağlı atılan addımlar təsdiq edir. Sanki bu xətt Rusiya istiqamətində indi də davam edir. Və həmin məqamın üzərində düşünmək olar. Bir sıra hallarda bu tendensiya o qədər geniş vüsət alıb ki, ekspertlər “dağılan dünya nizamı” ifadəsini işlətməkdən çəkinməyiblər. Məsələn, Riçard Haas xüsusi qeyd edir ki, “xaosun mənbəyi... prinsipial razılaşmaları inkar edənlərdir...” (bax: Richard N. Haass. The Unraveling: How to Respond to a Disordered World?/ “Foreign Affairs”, November/December 2014, Volume 93, Number 6, pp.70-74).
Məsələnin bu aspektinə daha geniş nəzər salmazdan öncə, Aİ-nin Lissabon müqaviləsindən (2007) başlayan islahatlarının bir sıra məqamlarına diqqət yetirməyə ehtiyac görürük. Lissabon islahatları, heç şübhəsiz, təşkilatın qlobal geosiyasi oyunçu kimi mövqelərini möhkəmləndirdi. Aİ beynəlxalq hüququn subyekti kimi tanındı. Xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndə postu müəyyən edildi. Mütəşəkkil cinayətkarlığa qarşı Aİ strukturlarının rolu gücləndirildi. Bunlar öz xarici siyasətini formalaşdırmaq üçün Aİ-nin imkanlarını daha da yaxşılaşdırmaq və “dünya miqyasında “bir səslə” danışmaq naminə düşünülmüşdü” (bax: Olğqa Potemkina. Evropeyskiy soöz kak iqrok na mejdunarodnoy arene / Rossiyskiy sovet po mejdunarodnım delam, 23 oktəbrə 2012).
Təsadüfi deyil ki, 2012-ci il sentyabrın 12-də Avropa Parlamentinin plenar iclasında Avropa Komissiyasının sədri J.M.Barrozo bəyan etmişdi ki, “Aİ əsl iqtisadi və valyuta ittifaqına can atmalıdır. Bu, xarici siyasətlə təhlükəsizlik siyasətini geniş şəkildə uyğunlaşdırmağı tələb edir” (bax: Benjamin Fox. Barroso envisages ‘federation of nation states’ / “EUobserver”, 13 September 2012).
Bu kursun həyata keçirilməsinə maliyyə-iqtisadi sahədə və avro zonasında müşahidə edilən böhran öz təsirini göstərdi. Postlissabon mərhələsində Brüssel həmin faktorları, sadəcə, nəzərə almağa məhkumdur. O cümlədən, bank sahəsində təşkilatın inteqrasiyaya ehtiyacı yaranıb. Təcrübə göstərir ki, bu, siyasi və təhlükəsizlik aspektlərində vahid mövqe formalaşdırmadan mümkün deyil. Bununla Aİ real olaraq yeni və daha səmərəli fəaliyyət formasına keçid etmək zərurəti ilə üzləşib.
Etiraf etmək lazımdır ki, onun bu problemi həll etdiyini hələlik demək çətindir. Lakin müəyyən istiqamətlər üzrə konkret məqamları dəqiqləşdirmək mümkündür. Həmçinin Aİ-nin postsovet məkanı siyasətinin mərkəzində Rusiya məsələsinin dayandığını qəbul etmək gərəkdir.
Rusiya faktoru: strateji tərəfdaşlıq?
Avropa İttifaqı özünün ənənəvi strateji tərəfdaşı kimi ABŞ, Çin və Rusiyanı görür. Lakin burada bir incə məqam vardır. Aİ Rusiya və Çinə ABŞ-dan fərqli məqsədlə yanaşır. Belə ki, o, Rusiyanı həm postsovet məkanının ən böyük dövləti olaraq qəbul edir, həm də BRİKS təşkilatının aparıcı dövləti kimi onu öz dəyərlərinə yaxınlaşdırmağa çalışır.
Bunun üçün Aİ Braziliya, Hindistan və CAR-dan istifadə etməyə cəhd göstərir. Məsələn, Braziliya və Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması təklifini dəstəkləyir. Qərb analitikləri bu məqamı Rusiya və Çinin “Avropa dəyərləri”nə yaxınlaşdırılması planının tərkib hissəsi adlandırırlar (bax: məs., Michael Emerson. Implications of the Eurozone Crisis for EU Foreign Policy: Costs and Opportunities / The Centre for European Policy Studies, “CEPS Commentaries”, 1 June 2012. P.2).
Moskva isə bunu birtərəfli yanaşma hesab edir. Çünki onun postsovet məkanında geosiyasi maraqları prinsipial əhəmiyyət kəsb edir ki, bunu nümayiş etdirən isə Kremlin öz inteqrasiya modelini reallaşdırmağa çalışmasıdır. Deməli, Rusiya Aİ ilə əməkdaşlığın yeni strateji məqsədlərinin müəyyənləşdirilməsində maraqlıdır. Tərəflər arasında hələ də ixtilaflara səbəb olan əsas faktorlardan biri də məhz budur. Avropa İttifaqı və Rusiya “Lissabondan Vladivostoka qədər harmonik iqtisadi sistem” yaratmağı lazım bilir, ancaq onun reallaşdırılması mexanizmi məsələsində tamamilə fərqli modellərə üstünlük verirlər. Bu ziddiyyət Aİ-nin bütövlükdə postsovet məkanında yeritdiyi siyasətin məzmununda da bu və ya digər dərəcədə öz əksini tapır.
Lakin burada Aİ-nin yol verdiyi bir yanlışlığı mütləq vurğulamaq gərəkdir. Mütəxəssislərin fikrincə, SSRİ dağılandan sonra Rusiyanın zəifləməsi Qərb siyasətçilərini aldatdı. Onlara elə gəldi ki, “zəiflik həm də mövqe dəyişikliyidir” (bax: Ivan Krastev, Mark Leonard. The New European Disorder / European Council on Foreign Relations, ESFR/117, November 2014). Bu məqam Brüsselin Moskvaya qarşı qeyri-real addımlar atmasına təkan verdi. O cümlədən, genişlənmə siyasətinin üzərində inad etmək yanlış bir davranış idi. Bunlara baxmayaraq, Aİ-Rusiya münasibətlərinin iqtisadi aspekti inkişaf edirdi.
Onu vurğulayaq ki, 2011-ci ildə Aİ və Rusiya ticarət dövriyyəsini üçdəbirə qədər artıraraq 307 milyard avro həcminə yüksəltmişdilər. Həmin ildə Rusiyanın valyuta ehtiyatının 41%-i avro ilə nominallaşmışdı (bax: Vladimir Çijov. Strateqiçeskoe partnerstvo Rossiə-ES: evrokrizis - ne povod dlə peredışki / “Mejdunarodnaə jiznğ”, 2012.-№6.-c.22-34). Bundan başqa, Avropa İttifaqı ilə Rusiya iqtisadi əməkdaşlığın 2050-ci ilə qədər “yol xəritəsi”ni intensiv surətdə işləyib hazırlayırdılar.
Bunlara əsasən tərəflərin əməkdaşlığı yüksələn xətlə inkişaf etdirəcəklərini gözləmək olardı. Ancaq Yaxın Şərq və Ukrayna böhranları meydana çıxdı. Digər tərəfdən, Moskvanın postsovet məkanı ölkələrini əhatə edən Avrasiya İqtisadi İttifaqı (Aİİ) təşəbbüsü üzərində daha qətiyyətli dayanması münasibətlərə öz təsirini göstərdi. İndi Aİ-Rusiya əlaqələrinə həmin faktorlar kontekstində baxmaq lazımdır. Mütəxəssislər həmin əsasda qeyd edirlər ki, “postsovet məkanında ön plana nüfuz uğrunda rəqabət və energetika sferasındakı ziddiyyətlər çıxır, əməkdaşlığın başqa istiqamətləri isə arxa plana atılır” (bax: Evropeyskiy Soöz v XXI veke: vremə ispıtaniy. Pod red. O.Ö. Potemkinoy. M.: İzdatelğstvo “Vesğ Mir”, 2012, 656 s.).
Diqqəti bu məqamların üzərində cəmləşdirən bəzi mütəxəssislər Aİ ilə Rusiyanın “real strateji tərəfdaş” olmadığı qənaətinə gəlirlər. Onlar tərəflərin müxtəlif sahələr üzrə əməkdaşlığı inkişaf etdirə biləcəklərini istisna etməsələr də, münasibətlərin əsl strateji əlaqələr səviyyəsinə yüksəldilməsi üçün bunların yetərli olmadığını vurğulayır, tərəflərin daha çox “əməkdaşlığa məcbur qonşular” kimi davranacaqlarını bildirirlər (bax: məs., Galym Zhussipbek. Avrupa Birliği İle Rusya Federasyonu Arasındaki “Stratejik Ortaklığın” Analizi / “Uluslararası Hukuk ve Politika”, Cilt 7, Sayı: 25, ss.47-85, 2011).
Hazırda Ukrayna böhranı yuxarıda baxılan kontekstdə ciddi əhəmiyyət kəsb edir. Aİ ilə Rusiya arasındakı münasibətlər, demək olar ki, Kiyev uğrunda mübarizə taktikası və strategiyasından asılı vəziyyətə düşüb. Almaniyanın kansleri A.Merkel Rusiya Federasiyasına tətbiq olunan sanksiyaları nəzərdə tutaraq jurnalistlərə deyib: “Mən əminəm ki, Rusiyanın hərəkətlərinə ümumilikdə Avropanın reaksiyası düzgün idi” (bax: Merkel says sanctions against Russia remain unavoidable / ‘’Reuters’’, 18 December 2014).
Bu cür vəziyyətin yaranmasının kökündə Ukrayna, Moldova və Gürcüstanın Aİ ilə assosiativ üzvlük haqqında saziş imzalaması durur. Rəsmi Moskva dəfələrlə xəbərdar etmişdi ki, həmin addım Rusiya üçün müəyyən sosial-iqtisadi problemlər yaradacaq. Brüssel isə bu arqumentləri qəbul etmədi. Rusiyanın Krımı nəzarətə götürməsindən sonra Aİ vəziyyətin nə dərəcədə ciddi olduğunun fərqinə vardı. Ancaq bu dəfə Kreml dayanmaq istəmədi və Ukraynanın şərq əyalətlərində proseslərə dəstək verdi.
İndi Ukraynada ağır situasiya meydana gəlib. Ölkənin ərazi bütövlüyü təhlükə altındadır. Aİ bunlara görə Rusiyaya qarşı sanksiyalar tətbiq edir və hətta onu gücləndirmək barədə düşünür. Eyni zamanda, məsələ ilə bağlı ziddiyyətli informasiyalar da yayılır. KİV Fransa prezidenti F.Ollandla V.Putinin Ukrayna böhranının həlli ilə bağlı ortaq fikrə gələ biləcəklərindən yazır. F.Olland A.Merkel ilə telefon danışığında “böhranın həll edilməsində meydana çıxan perspektivi müzakirə ediblər” (bax: məs., Olland i Merkelğ obsudili proqress v razreşenii krizisa na Ukraine / ‘’RİA Novosti’’, 7 dekabrə 2014).
Bu cür informasiyaların yayılması fonunda Ukraynanın şərq əyalətlərində hərbi əməliyyatların davam etməsi müəyyən şübhələr yaradır. Hiss olunur ki, bu problem Aİ-Rusiya münasibətlərinə uzun müddət öz mənfi təsirini göstərəcəkdir. Əslində, bir çox ekspert də bu fikri irəli sürür. Onlar hətta Aİ-nin xarici siyasətdə Ukraynanın üzərindən bir “strateji test” həyata keçirdiyini də deyirlər. Çünki Brüssel sözdə ifadə etdiklərini praktikada reallaşdırmır (bax: Fatma Yılmaz-Elmas. Ukrayna Krizi: AB’nin Yeni Aktörlük Sınavı / Uluslararası Stratejik Araştırmalar Kurumu, 20 Mart 2014).
Artıq bu, Şərqi Avropanın və postsovet məkanının təhlükəsizliyi aspektində qorxulu bir əlamətdir. Əgər həmin tezis əsaslıdırsa, Aİ-nin xarici siyasətinin bütövlükdə yenidən qiymətləndirilməsinə ehtiyac duyulur. Çünki Brüsselin “geosiyasi testləri” böyük bir məkanda bütöv xalqların faciəsinə səbəb ola bilər. Hərçənd, son hadisələr göstərir ki, Aİ Ukrayna məsələsində ehtiyatlı, ancaq inadlı davranmağa çalışır. Böhranın aradan qaldırılmasının dəqiq vaxtı bəlli olmasa da, Brüssel təşəbbüsü əks tərəfə vermək istəmir.
Görünür, burada postsovet məkanı ilə bağlı Aİ-nin inteqrasiya modellərinin olmasını nəzərə almaq lazım gəlir. Rusiyanın da öz layihələri olduğundan avtomatik rəqabət meydana gəlir. Prinsipial məsələ postsovet ölkələrinin hansı modelə üstünlük verməsində - Avropanınmı, yoxsa Rusiyanınmı təklifini qəbul etməsindədir.
Həmin ölkələri daha çox öz standartlarına uyğunlaşdırmaq şərti ilə Aİ onların Moskva ilə əməkdaşlığına etiraz etmir, Kreml isə bunun əksini həyata keçirməyə çalışır. Nəticədə, “postsovet məkanı ölkələrinə yalnız əməkdaşlıq modeli deyil, həm də inkişaf kursu təklif edilir” (bax: Lödmila Babınina. ES i Rossiə: konkurenüiə za postsovetskoe prostranstvo? / Rossiyskiy sovet po mejdunarodnım delam, 29 maə 2013).
Belə çıxır ki, Aİ-Rusiya münasibətlərində Ukrayna faktoru ciddi rol oynayır. Ekspertlərin fikrincə, Rusiyanın Krımı zəbt etməsi, əslində, Aİ və NATO-nun genişlənməsinə bir cavab idi. Kreml bu məsələni obrazlı olaraq “bütün səbəblərin kökü” adlandırır (bax: John J. Mearsheimer. Why the Ukraine Crisis Is the West’s Fault / “Foreign Affairs”, September/October 2014, Volume 93, Number 5, pp. 1-12). Göründüyü kimi, Aİ-nin illər boyu həyata keçirmək istədiyi xarici siyasətdə ciddi boşluqlar var. Ukrayna istiqamətində bunu aydın hiss edirik.
Lakin o, bütün məqamları əhatə etmir. Burada Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri amilini də diqqətə almaq gərəkdir. Etiraf etmək lazımdır ki, məsələnin bu cür qoyuluşunda mövcud vəziyyət kifayət qədər mürəkkəb təsir bağışlayır. Ancaq reallığı inkar etmək də çıxış yolu deyildir.
Kamal ADIGÖZƏLOV
Xəbər lenti
Hamısına baxSosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47

