Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Şuşa ruhlu, şüşə qəlbli...

Şuşa ruhlu, şüşə qəlbli...

21.08.2024 [15:06]

RƏŞAD MƏCİDİN 60 İLLİK YUBİLEYİNƏ

Bilirəm, ürəkdən inanıram, indi də çox yaxşı görürəm ki, günlərdir, yox, hətta aylardır əli qələm, dili söz tutan bütün tanışlar, doğmalar, yadlar, ömründən bircə dəfə də olsun “Rəşad Məcid” adı keçən hər kəs bu günə - onun 60 illik yubileyinə söz sovqatını hazırlayır. Artıq 21 avqust tarixinə günlər qalandan sosial şəbəkələrdə Rəşad Məcidin şəkilləri, haqqında statuslar, məqalələr paylaşılır, qəzetlər, saytlar “Rəşad Məcid-60” ünvanlı səhifələr həsr edirlər.

İlahi, doğrudanmı hamımızın hər zaman şən, cavan, həyat dolu, gənc ruhlu, şaqraq, dinamik, hərarətli, nikbin, gülərüz görməyə alışdığımız, hətta bəzən öz nəsildaşımız kimi ürəklə, ərklə söhbətlər etdiyimiz adamın bu gün 60 yaşı tamam olur? Olsun! Rəşad Məcid kimi adamların bu dünyada 60 illik varlığı hələ çox azdır, lap azdır. Elə 60 yaş onun gənclik yaşı, cavanlıq dövrüdür! O məşhur mahnıda deyildiyi kimi: “60 yaş nədir hələ?!”

Hə, onu deyirdim axı… Hamı Rəşad Məcidin 60 illik yubileyi münasibəti ilə onun yaradıcılığı, şəxsiyyəti haqqında yazılar yazır, öz ürək sözlərini paylaşır. Eh… Rəşad müəllimdən yazmağa nə var? Böyüklə böyük, kiçiklə kiçik olan, hər kəsi öz dilində danışdırmağı bacaran, hər kəsə müsbət enerji ötürən, şadlığından, mehribanlığından, nikbinliyindən qalmayan, ünsiyyətdə olduğu insanları da bu notlara kökləyən birindən, əlbəttə, danışacaqlar, deyəcəklər… Heç kimə, heç Rəşad Məcidin özünə də sirr deyil ki, onu sevənlərlə yanaşı sevməyənlər, haqqında hədyan danışanlar da var. Şükür ki, onların sayı sevənlərdən xeyli azdır. Çünki Rəşad müəllimlə bircə dəfə ünsiyyətdə olan insanın ona qarşı fikirləri mütləq dəyişir. Az görməmişik onunla bağlı mənfi fikirdə olub, sonra fikir dəyişdirənləri, hətta onunla dost olanları… Qəribəsi budur ki, onun haqqında müsbət də, mənfi də danışanların hamısı ürəklə, şövqlə, səmimiyyətlə, sanki onu ən dərindən tanıyırmış kimi danışırlar. Bugünkü təbriklər, paylaşımlar da çox ürəklə və səmimiyyətlə yazılır. Yəqin ona görə maraqlı və dəyərlidir. Özü də təkcə yubilyar üçün yox, həm də onu sevənlər, onu yaxından tanımaq şansı əldə edə bilən bizlər üçün…

İndi mən də yazıram… Amma Rəşad Məcid haqqında yox, onun ən dərin, ən səmimi məhəbbəti haqqında - Şuşa sevgisi haqqında!

Rəşad Məcid 60 il öncə 21 avqust tarixində Laçında - Ağoğlanda doğulub, Ağcabədidə böyüyüb, müəyyən müddət Ağdamda təhsil alıb, Bakıda ömür sürür. Amma məndən soruşsanız, "Rəşad Məcid haralıdır?", düşünmədən deyərəm: "Şuşalıdır!" Rəşad Məcid başdan ayağa, təpədən dırnağa, nəfəsdən cana qədər şuşalıdır, Şuşadır! Onunla Şuşanı bir-birinə bağlayan ayrı, apayrı bir bağ var. Elə bir bağ ki, Rəşad Məcidi bütün dünyadan təcrid edib Şuşanın dolanbac yollarına, sıx meşələrinə, buz bulaqlarına, isti nəfəsinə təhkim edə bilər. Heç “uf” da deməz!

Dünən, bu gün yaranmayıb bu sevgi. Bu sevginin heç 30 illik işğalla da əlaqəsi yoxdur. Bu sevgi fitrətdən, yaradılışdan gəlir. Bu bağlılıq Şuşa ilə bir yaranıb, Rəşad Məcidlə birgə doğulub. Əgər üzümüzü bir azca arxaya çevirsək, gənc şair Rəşadın yaradıcılığının ilk zamanlarına nəzər salsaq, bizi orada çox duyğulu bir “Cıdır düzü” şeiri qarşılayacaq. 1979-cu ildə 15 yaşlı şair qələmindən çıxan şeir bir gənc qəlbin Şuşa, Cıdır düzü qarşısındakı həyəcanını, təbiətin möcüzəsi önündəki heyrətini dilə gətirir. Bu sevgi, bu heyrət o qədər təbidir ki, üstündən 45 il keçəndən sonra bu gün Şuşaya ilk dəfə qədəm basan biz gənclərin heyrəti, həyəcanı ilə səsləşir:

Deyirəm, dünyada sevgi tapılmaz,

Övladın torpağa sevgisi kimi.

Bu yurd yaddaşımda qalacaq mənim,

Tarixin möcüzə sərgisi kimi.

Bu şeirin üstündən 40 ildən çox zaman keçdikdən sonra artıq böyümüş, Şuşanın, Ağdamın, Laçının - Vətənin işğalını, yurd həsrətini yaşamış, sonra isə bu həsrətin ən möhtəşəm vüsalına qovuşmuş müəllifin qəlbi yenidən o sevgini hayqırmaq ehtiyacı duyur və deyir:

Ciyərdə nəfəsdir, damarda qandır,

Ruha qanad verən sirli məkandır,

Bilib eşidəndir, güc artırandır,

Qoşundur, əsgərdir, ordudur Şuşa.

İl 2020… 8 noyabr günü… Cənab Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Şəhidlər Xiyabanından xalqa səslənir və o möhtəşəm xəbəri çatdırır: Şuşa azaddır! Şuşa yenidən bizimdir!

Rəşad müəllimi tanıdığım ilk gündən onun dilindən Şuşa adı heç zaman düşməyib. Hər zaman onun Şuşa sevgisini, həsrətini ən dərindən duymuşam, hiss etmişəm. 44 günlük Vətən müharibəsi zamanı da o vaxtlar çalışdığım və Rəşad müəllimin rəhbərlik etdiyi “525-ci qəzet”in redaksiyasına gedib-gələrkən azad olunan hər torpağın adı açıqlananda Rəşad müəllimlə bənzər dialoqlar keçirdi aramızda: “Görəsən, Şuşa da azad olunacaqmı?” Elə bir neçə gün öncə də bu səpkidə söhbətimiz oldu və mən Rəşad Məcidin o günə qədər gözlərinin dərinliklərində gördüyüm həsrətin şöləsində bir ümid və inam da gördüm. Rəşad müəllim həmin inamla dilləndi: “Şuşanı azad etmək heç asan deyil, oranın relyefi çox çətindir, amma bilirəm ki, ordumuz oranı da azad edəcək!”

Həmin an - cənab Prezidentin dilindən Şuşanın azadlıq xəbəri çıxar-çıxmaz heç düşünmədən zəng edib (hərçənd, onun telefon zənglərindən nə qədər acığı gəldiyini, mesaj olan yerdə zəng edilməyin mənasız olduğunu düşündüyünü də bilirəm. Amma bu sevinc, bu fərəh mesaja sığmazdı!) gözaydınlığı verdiyim ilk və tək adam oldu Rəşad Məcid. Mən bilirdim və bu gün də inanıram ki, mənim ətrafımda bu gözaydınlığını sonuna qədər haqq edən tək insan da elə Rəşad Məcid, onun saf, səmimi Şuşa sevgisi idi.

Bu gün o sevginin ən gözəl təzahürü olan “Şuşa dəftəri”ni oxuyarkən yenə də həmin unudulmaz anları xatırlayır, doğrusu, içimdə Şuşaya ilk və tək səfərimi müəyyən səbəblərdən Rəşad Məcidsiz etməyin buruqluğunu yaşayıram. Niyə? Çünki onun Şuşa ilə illər sonrakı görüşünü, qovuşmasını öz gözlərimlə görməyi, o xoşbəxt anların xoşbəxt şahidi olmağı çox istərdim. Heyf ki, Şuşanı Rəşad Məciddə nə qədər çox görsəm də, hələ Rəşad Məcidi Şuşada görmək qismət olmayıb. Hər ikimiz ayrı-ayrı zamanlarda getmişik Şuşaya. Rəşad müəllim bu gedişi təsvir də edib hətta özünün “Şuşa dəftəri”ndə:

Xarıbülbül sevdasına tutuşmaqdımı?

Saf havayla, nur yağışla qatışmaqdımı?

Yaradanın dərgahına yetişməkdimi,

Ya cənnətə səyahətdi Şuşaya getmək?

Yuxarıda telefon zəngindən danışdım və Rəşad müəllimin telefon zənglərindən nə qədər acığı gəldiyini də vurğuladım. Haqlıdır. İşlə əlaqədar o qədər zənglər olur ki ona. Bu da yaradıcı adam üçün əsl faciədir. Elə özü də etiraf edir:

Üç gün telefonu söndürə bilsəm,

"Laçın çələngi"ni hörərdim qəşəng,

"Şuşa dəftəri"ni tamamlayardım!

“Şuşa dəftəri” hələ tam tamamlanmasa da, yazıldığı ilk vaxtlardan səs salmağı, özünə diqqət çəkməyi bacarıb. Bu günlərdə şair Vaqif Bəhmənlinin bu silsiləylə bağlı qısa, amma maraqlı yazısını oxudum. Orada Vaqif müəllim bir nüansı o qədər dəqiq sezmiş və o qədər gözəl ifadə etmişdi ki: “Bu şeirlər qıraqdan baxanlara hədsiz xoşbəxt görünən, başına bəxtəvərlik oxunan bir şairin qəlbinin dərinliklərindəki qədim kədərdən, heç zaman silinməyən nisgildən söz açır; körpəlikdən valideynlərin iş ünvanlarına uyğun olaraq və yaxud təhsil pillələriylə bağlı Laçında, Ağdamda, Ağcabədidə, Bakıda ömrün gənclik çağlarını yaşayan şair, əslində, didərgin imiş; nə yazıq ki, şeirlər bunu da deyir, Rəşad müəllim!”

Bəli, o şair Şuşasız didərgin imiş. Amma bu gün Şuşa ilə təzə, təptəzə bir adam olub. Özünün də dediyi kimi:

Dörd yanına çəkər sehr səddini,

Başın üstdə dumanı dam eyləyər.

Sevə-sevə cilalayar qəddini,

Şuşa səni təzə adam eyləyər!

Çünki Şuşada adamlar başqalaşır, gözəlləşir, saflaşır, durulur. Hər zaman laqeydliyindən, soyuqluğundan gileyləndiyimiz adamlar Şuşada ən isti, ən mehriban adama çevrilir. O xoşbəxtlik insanların ayaqlarını yerdən kəsir, donuq üzlərə nur, sevinc bəxş edir:

Kim kimi görürsə, nə xoşdu, - deyir,

Adam uca boylu, inadlı olur.

Yolları enişdi, yoxuşdu deyin

Şuşada qonaqlar qanadlı olur!

Məşhur mahnını xatırlayırsınızmı: “Ölüb elə bu yerlərdə qalardım”… Rəşad Məcid isə Şuşada keçirdiyi günləri, yaşadığı xoşbəxtliyi daha fərqli və daha gözəl ifadə edir:

Sərərəm yamacına

tül ömrü, pərdə ömrü,

Dönüb bir ağacına

tapşırıb mərdə ömrü

Vursam bu yerdə ömrü

Başa da... darıxmaram…

Yox! Ömrü hələ başa vurmaq üçün tezdir, çox tezdir, Rəşad müəllim! Siz yenə də gedin Şuşaya, yenə də gəzin o dolanbacları, çıxın o Cıdır düzünə, seyr edin aşiqi olduğunuz şəhəri. Heç darıxmayın da… Amma yenidən, təzələnmiş şəkildə qayıdın bizlərə, yenə durun mətbuatımızın, ədəbiyyatımızın başında. Biz yenə də başımız dara düşəndə, müşküldə qalanda, ya da elə-belə darıxanda qaçaq yanınıza, “ay Rəşad müəllim” deyib başlayaq sözə. Siz yenə də bizi səbrlə, üzünüzdəki xoş təbəssümlə dinləyin, əvəzsiz məsləhətlərinizdən verin. Hələ neçə yubileylərinizi sağlam canla, ən az indiki kimi gənc ruhla qarşılayın. Biz də sizə olan sevgimizi, arzumuzu məqalələrdə, yazılarda, sətirlərdə dilə gətirək. Bu yazını oxuyanda üzünüzə yayılan təbəssümünüzü görər kimiyəm! Bax o təbəssüm üzünüzdən, bu yubiley günündə yaşadığınız fərəh qəlbinizdən əskik olmasın!

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Dünya

Dünya

YAP xəbərləri

Separatizmə son qoyuldu

12 Sentyabr 14:09

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30