Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan - ŞKTR: Münasibətlərdə yeni dönəm

Azərbaycan - ŞKTR: Münasibətlərdə yeni dönəm

09.04.2024 [10:20]

Son vaxtlarda Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif istiqamətlərdə əlaqələr intensivləşib. Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması ilə ikitərəfli münasibətlərdə daha bir önəmli addım atılıb. Aprelin 6-da Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Ersin Tatar Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb. Dövlətimizin başçısı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini qeyd edib.

Müstəqillik yolunda inamlı mübarizə

Şimali Kipr Türk Respublikası Kipr adasının şimalında yerləşən de-fakto dövlətdir. Hələlik bu dövlət yalnız Türkiyə tərəfindən tanınır. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının  nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Ümumi sahəsi 3,355 kvadratkilometrdir. ŞKTR Kipr adasının 36,4 faizini tutur.  

Hazırda dünyada yaşanan ayrı-seçkiçilik, ikili standartlar  siyasətinin təzahürlərini həmçinin Şimali Kiprdə yaşayan türk əhali də öz üzərində hiss edib. Diskriminasiya siyasəti ilə barışmayan əhali ötən əsrin yetmişinci illərində müstəqillik uğrunda dönməz mübarizəyə başlayıb. Məlumat üçün bildirək ki, 1974-cü ildə başlanan Kipr hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib.

İndiyədək Şimali Kipr Türk Respublikasının dövlət təsisatları formalaşıb və uğurla fəaliyyət göstərir. Hazırkı dövlət başçısı Ersin Tatar 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olub və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində ada dövlətinin prezidenti  seçilib. “Bəzi fərqli düşüncələr ola bilər, “Kiprdə təkcə Kipr Respublikası var”, “Türklər separatçıdır” deyərək bizə qarşı ədalətsiz davranışlar sərgilədilər. Ancaq onlar bilməlidirlər ki, biz ayrı bir dövlətik. Dili, dini, irqi, keçmişi, mübarizəsi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə ayrıca bir millətik. Bu millət isə öz dövlətini qurub. O dövlət demokratik, müasir, Türkiyənin tanıdığı bir dövlətdir. Şimali Kipr xalqı üçün öz torpağında yaşaması vacib, həyati önəm kəsb edir. Əks halda, Şimali Kipr xalqı yox olar. Şimali Kipr Türk Cümhuriyyəti dediyimiz ərazidən 60 il əvvəl bizi silah gücü ilə çıxaranlara, bizə qarşı qətliam törədənlərə, bizi çadırlarda yaşamağa məcbur edənlərə qarşı mübarizə apararaq, Türkiyəmizin də dəstəyi ilə dövlət qurduq və 1974-cü ildə Kipr Sülh Hərəkatından sonra Kiprdə sülhə nail olunub. Bu sülhdən türklər də faydalanıblar, lakin yunanlar daha çox fayda görüblər. Çünki cənubda türk əsgəri sülh gətirdiyi üçün Cənubi Kipr dövləti bütün dünyanın da dəstəyi ilə iqtisadi cəhətdən çox faydalanıb və inkişaf edə bilib. Ancaq onlar bölgədə məhz sülh olduğu üçün inkişaf edə bildilər. Əgər müharibə olsaydı, heç vaxt bu qədər inkişaf olmazdı. 1974-cü ildə türk əsgərinin gəlişi ilə adada bərqərar olunan sülhün davam etdirilməsi çox vacibdir”, - deyə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ötən ilin oktyabrında  ölkəmizə səfəri çərçivəsində mətbuata verdiyi müsahibəsində vurğulayıb.

Azərbaycanın həssas münasibəti

Bütün Türk dünyasının inkişafına, daha sıx əlaqələr qurmasına çalışan və buna davamlı töhfələr verən Azərbaycan həmçinin öz mövcudluğunu de-fakto təsdiqləmiş Şimali Kipr Türk Respublikasına çox həssas münasibət bəsləyir. Ölkəmizdə ŞKTR-da baş verən proseslər diqqətlə izlənilir. Xüsusilə də dövlət başçısı İlham Əliyev ŞKTR-nın Türk Dövlətləri Təşkilatında daha geniş təmsilçiliyə malik olması təşəbbüsündən çıxış edib. TDT Türkdilli ölkələri birləşdirən bir ailədir. ŞKTR da bu ailədə yer almalıdır. Prezident İlham Əliyev cari ilin fevralında ölkəmizdə keçirilən son Prezident seçkilərindən sonra ənənəsinə uyğun olaraq qardaş Türkiyəyə etdiyi ilk sə?əri çərçivəsində mətbuata verdiyi Bəyanatında bu xüsusda fikirlərini bir daha bəyan edərək vurğulayıb: “Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.

Azərbaycanla ŞKTR arasında müxtəlif istiqamətlərdə əlaqələr artan dinamikaya malik olsa da, hələlik hər iki tərəfin arzuladığı səviyyəyə çatmayıb. Potensial daha böyükdür. Ölkəmizlə Şimali Kipr arasında turizm və tələbə mübadiləsi tərəfdaşlıq əlaqələrində əsas yer tutur. Uzun illər ərzində Azərbaycandan minlərlə tələbə Şimali Kiprdə təhsil alıb. Hazırda Şimali Kiprdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır və çoxlu sayda da azərbaycanlı müəllim işləyir. “Bizdə Azərbaycanla bağlı bir çox tədbirlər keçirilir və çoxlu sayda incəsənət xadimləri, rəssamlar Şimali Kiprə gəlib-gedirlər. Cənab İlham Əliyev söhbətimiz əsnasında mənə daha çox azərbaycanlı tələbənin Şimali Kiprdə təhsil almasını istədiyini bildirdi. Mən də bunu istəyirəm. Düşünürəm ki, bizdən də tələbələr buraya gəlib təhsil almalıdırlar. Tələbələrlə yanaşı, müəllim mübadiləsi də təşkil oluna bilər. Artıq Şimali Kipr daha əlçatandır. Türkiyənin istənilən hava limanından Şimali Kiprin “Ercan” hava limanına hər gün səfərlər təşkil olunur, yəni 3 saat ərzində bu yolu qət etmək mümkündür. Düşünürəm ki, siyasi təmaslar artdıqca turizm və təhsil sahələrində də əlaqələr, eləcə də aramızdakı bağlar daha da güclənəcək”, - deyə ŞKTR-nın Prezidenti KİV-ə verdiyi müsahibəsində bildirib.

Hazırda turizm sektoru da ikitərəfli münasibətlərdə ən cəlbedici istiqamətlərdən biri kimi dəyərləndirlir. Eyni zamanda, kənd təsərrüfatında əməkdaşlıq potensialı var. Aqrar sektor məhsullarının qarşlıqlı ticarətini təşkil etmək mümkündür. Ekspertlər bildirirlər ki, zamanla müxtəlif sahələrdə müştərək işlər görülə bilər.

Tarixi addım

ŞKTR-da idarəetmənin müxtəlif qollarında təsisatlanma, o cümlədən də Türk coğrafiyasında yerləşən ölkələrlə əlaqələrin qurulması istiqamətində inamlı addımlar atılır. Bundan əvvəl ada dövlətinin parlamentində Qırğızıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Azərbaycan parlamentləri ilə dostluq qruplarının yaradılması təklifi yekdilliklə qəbul edilib. Respublika Məclisinin ümumi iclasında KKTR ilə Qırğızıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Azərbaycan parlamentləri arasında dostluq qruplarının yaradılması təklifi səsə qoyularaq qəbul edilib. Qərarın qəbulu ilə ŞKTR-nın Məclisində 5 yeni dostluq qrupu yaradılıb.

Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Respublikası Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun yaradılması ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlanğıcıdır. Parlamentin növbədənkənar ümumi yığıncağında müzakirəyə çıxarılan Azərbaycan-ŞKTR Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun yaradılması haqqında qərar layihəsi ilk səsvermədə qəbul edilib.

Azərbaycan-ŞKTR Parlamentlərarası Əlaqələr İşçi Qrupunun sədri seçilən deputat Cavanşir Feyziyev sözügedən qərarı “tarixi addım” kimi qiymətləndirib.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 527 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31