Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İkitərəfli münasibətlərin inkişafı, qlobal təhlükəsizliyə töhfə

İkitərəfli münasibətlərin inkişafı, qlobal təhlükəsizliyə töhfə

22.05.2024 [10:00]

ABŞ - Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur 

Müstəqil Azərbaycan dövlətinin milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursu Cənubi Qafqazın sabit və çoxşaxəli inkişafı üçün mühüm zəmin formalaşdırır. Ölkəmizin regional sabitləşdirici faktor olaraq mühüm bir coğrafiyada oynadığı rol, iqtisadi-ticari əlaqələrin inkişafına verdiyi dəstək, siyasi-hərbi reallıqlara qazandırdığı töhfələr diqqətlə izlənir. Təsadüfi deyil ki, son bir ayda ölkəmizdə səfərdə olan dövlət və hökumət başçıları, beynəlxalq təsisatların nümayəndələri bu faktı xüsusi olaraq önə çəkirlər - Azərbaycan yerləşdiyi bölgənin ümumi inkişaf tendensiyasının ən ön sıralara çıxması üçün bütün səylərini ortaya qoyur. Nəticələr isə göz önündədir: artıq Mərkəzi Asiya - Cənubi Qafqaz xətti üzrə yeni geostrateji iqtisadi-siyasi məkan formalaşıb. Bu isə dünya üçün yeni iqtisadi münasibələr sistemi yaradır ki, yeni baxışda Şərq-Qərb tranzitinin əhəmiyyəti məhz bu xətt üzrə təhlil olunur. 

Vurğulandığı kimi, Azərbaycanın bu müsbətyönlü cəhdləri beynəlxalq aləm tərəfindən diqqətlə izlənir və müsbət qarşılanır. Bunun nəticəsidir ki, Azərbaycan bütün platformalarda yaxın tərəfdaş, inamlı əməkdaş kimi qəbul edilir. Eyni zamanda, ölkəmiz dünyada meydana çıxan yeni çağırışlar fonunda beynəlxalq həmrəyliyin güclənməsinə davamlı töhfələr verir. Ölkəmizin xoş mərama əsaslanaraq irəli sürdüyü təşəbbüslər dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar arasında körpülərin yaradılmasına, etimad mühitinin möhkəmlənməsinə, əlaqələrin intensivləşməsinə, sülhün və beynəlxalq təhlükəsizliyin daha da dərinləşməsinə xidmət edir. Hər zaman ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu çoxşaxəli fəaliyyəti dünyanın aparıcı dövlətləri tərəfindən də təqdir olunur. Bu gün dünyanın aparıcı dövlətlərinin rəsmi Bakı ilə strateji təmasların gücləndirilməsi istiqamətində atdığı addımlar bunu təsdiqləyir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu məsələ güc mərkəzlərinin də gündəliklərində ən aktual prioritet kimi göstərilir. Dünyanın aparıcı güc mərkəzi kimi xarakterizə olunan ölkələr Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını irəli sürürlər. Azərbaycan da bu münasibətin qarşılığında hər zaman dostluq və işgüzar əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi üçün səy göstərir.

Əlaqələrin gələcək inkişaf perspektivləri...

ABŞ-ın Azərbaycanın regionda oynadığı əsaslı rolu dəyərləndirməsi son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlığın genişlənməsi üçün üfüqlər açır. Dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biri sayılan rəsmi Vaşinqton nəhəng iqtisadiyyata, siyasi çəkiyə malik dövlətlərdəndir. Son proseslərdə Cənubi Qafqaza, xüsusilə Azərbaycana diqqətin artırılması isə bir sıra mətləblərdən xəbər verir - bu, ABŞ-ın Azərbaycanla əməkdaşlığında yeni bir səhifənin başlanğıcı kimi də qeyd edilə bilər. Təsadüfi deyil ki, ötən həftə ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi  Hikmət Hacıyev   dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşlərində də ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub. Hikmət Hacıyev  Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da görüşüb. Bu barədə Hikmət Hacıyev X Platformasında yazıb: “Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla çox məzmunlu görüş baş tutdu və biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı və əlaqələrimizin gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional və qlobal məsələlər də müzakirə edilib. Biz həmçinin regionda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq”. 

Bundan başqa, Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib: “Hörmətli iştirakçılarla Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlər və tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi, Azərbaycan üçün COP29 kimi daha qlobal və yeni xarici siyasət baxışı, iqlim və yaşıl həmrəylik gündəliyi, Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi məkan kimi və regional əməkdaşlığın gücləndirilməsi, Orta dəhliz, Xəzər-Qara dəniz bərpa olunan enerji dəhlizi layihəsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh gündəliyinin təşviqi, Cənubi Qafqaz regionunun transformasiyası və inteqrasiyası ilə bağlı geniş fikir mübadiləsi apardıq”.

Regionun əsas dövləti...

Göründüyü kimi, Azərbaycanın müasir çağırışların reallaşmasında oynadığı rol, sülh və sabitliyin, iqtisadi əlaqələndirmənin gücləndirilməsi istiqamətində atdığı addımlar rəsmi Vaşinqton tərəfindən də yüksək dəyərləndirilir. Bunun nəticəsidir ki, regionla bağlı perspektivə yönəlik planlar və strateji müzakirələr məhz Azərbaycanla aparılır. Bu da təsadüfi deyil - Azərbaycan artıq Mərkəzi Asiya, Cənubi Qafqaz, hətta Körfəz ölkələrinin Qərblə əlaqlərində mühüm koordinatorluq məsuliyyətini üzərinə götürür. Cəmisi 4 il öncə ərazi bütövlüyünü təmin etmiş, ötən ilin sentyabrında isə qondarma xuntanı ləğv etməklə bölgədə separatizmin sonunu gətirmiş Azərbaycan yeni iqtisadi-siyasi xəritə təqdim edir - burada təhlükəsizliyin təmini, iqtisadi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, yeni platformaların təşkili və çoxşaxəli münasibətlərin qurulması öncül yerləri tutur. Azərbaycan böyük bir kommunikasiya xəttinin əsas stansiyalarını təyin edir - Şərq ilə Qərbi birləşdirəcək yolların şaxələndirilməsi istiqamətində addımlar atır, Şərq-Qərb yeni enerji xəttini formalaşdırır, yaşıl dəhliz yaradır. Ən əsası qətiyyətli iradə nümayiş etdirir. 

Ümumiyyətlə, ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir və ölkəmizin böyük bir coğrafiyada stabilləşdirici mövqedən çıxış etdiyini ortaya qoyur. Bu isə həm də ABŞ-ın Azərbaycanla münasibətlərdə yeni mərhələ başlatmaq istəyini ortaya qoyur - indiki dövrdə yaranan mühüm perspektivlər də göz önündədir. Belə ki:

- Azərbaycanın apardığı siyasət ABŞ-ın ölkəmizə olan diqqətinin artmasında əhəmiyyətli rol oynayır;

- Azərbaycan qlobal səviyyədə təhlükəsizlik, terrorizmlə mübarizə kimi məsələlərdə ardıcıl siyasət yürüdür - bu fakt hər zaman rəsmi Vaşinqton tərəfindən etiraf olunur;

- Enerji və iqtisadi mövzularda, qaçaqmalçılıqla, kibercinayətkarlıqla, iqtisadi cinayətkarlıqla mübarizədə iki dövlətin fikirləri paralellik daşıyır;

- Qarşıdakı perspektivdə regionda sülhün formalaşması yeni iqtisadi mühitin formalaşmasına yol açacaq ki, ABŞ bu əməkdaşlıq mühitində real oyunçulardan birinə çevrilmə perspektivinə malikdir. 

Yaranan situasiya sülhü zəruri edir

Beləliklə, Azərbaycanın uğurlu iqtisadi-siyasi addımları real nəticələr üçün zəmin formalaşdırır. İllərlə erməni lobbisinin Azərbaycanla bağlı apardığı çirkin siyasi kampaniyalar iflasa uğrayır - Azərbaycanın uğurlarına kölgə salmaq cəhdləri boşa çıxır. ABŞ Azərbaycanın hərtərəfli inkişaf üçün səy göstərdiyini - sabitlik və iqtisadi seqmentin güclənməsi üçün mübarizə apardığını, ortaya qoyduğu müstəqil siyasətin konturlarının bölgənin güclənməsinə yönəltdiyini, sülhlə bağlı real addımlar atmaqla regionda yeni situasiya formalaşdırdığını görür. Təbii ki, yaranan bu situasiya regionda sülhü zəruri edir - həm Ermənistan, həm də Azərbaycan sülhlə bağlı mühüm danışıqlar prosesini həyata keçirir. Artıq vasitəçisiz təmaslar reallaşır ki, bu görüşlər mühüm nəticələr yaradır. Artıq demək olar ki, şərtlər mütləq şəkildə razılaşdırılıb. Belə bir halda sülhün və sabitliyin daha da gücləndirilməsi üçün əməkdaşlığın inkişaf etdirilməsi zərurətə çevrilir. Xüsusilə, Azərbaycanın bu məsələdə oynadığı əsaslı rol yüksək dəyərləndirilməlidir. Bizim apardığımız siyasi kurs, yürütdüyümüz siyasi xətt şəffaf və ortadadır - Azərbaycan hər zaman ədalətin və haqqın tərəfdarı kimi çıxış edir. Bütün addımlarımızda da haqqa və beynəlxalq hüquqa istinad edirik - bunu rəsmi Vaşinqton da görür və keçirilən görüşlərin mahiyyətində görünən odur ki, yeni mərhələdə mühüm əməkdaşlıq niyyətini ortaya qoyur. Artıq bütün tərəflər, siyasi güclər qəbul edir ki, Azərbaycan regionun əsas siyasi-iqisadi oyunçusudur. Yeni iqtisadi münasibətlər sisteminin ana arteriyası sayılan İpək Yolu xətti birmənalı şəkildə bu və ya digər yollarla da olsa Azərbaycandan keçir. Başqa sözlə, Azərbaycan olmadan Cənubi Qafqaz - Mərkəzi Asiya iqtisadi arteriyası real perspektiv sayıla bilməz. 

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31