Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Türk xalqının qəhrəmanlıq dastanı - 15 İyul...

Türk xalqının qəhrəmanlıq dastanı - 15 İyul...

16.07.2024 [09:50]

2016-cı ildə baş verən dövlət çevrilişi cəhdindən səkkiz il ötür

Terror elə bir bəşəri bəladır ki, onun qanlı izlərinə dünyanın bütün nöqtələrində rast gəlmək mümkündür.  Qardaş Türkiyə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə dəhşətli terror hadisəsi ilə silkələndi. Qeyd olunan tarixdən bizi artıq səkkiz illik zaman məsafəsi ayırır. Bu günlərdə Prezident İlham Əliyev həmin hadisələrin növbəti ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.  Dövlətimizin başçısı 15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdiyini, ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verdiyini vurğulayıb. 

Din pərdəsi altında gizlənən FETÖ

Baş verənlərin isti izlərlə araşdırılması nəticəsində terror hadisələrinin FETÖ tərərfindən törədildiyi müəyyənləşdirildi. FETÖ-nün təmsilçiləri isə uzun müddət din pərdəsi altında gizlənməyi və təşkilatlanmış şəbəkə qurmağı bacarmışdılar. Ancaq şəbəkənin üvləri özlərini müxtəlif adlar altında dini-ideoloji cərəyan nümayəndələri kimi təqdim etsələr də, bu cərəyanın və yaxud qurumun İslam dininə hansısa bir bağlılığı olmayıb. Söhbət yalnız müqəddəs dini dəyərlərdən alət, çətir kimi istifadə etməklə çirkin məqsədlərin həyata keçirilməsindən gedirdi.  Qeyd edək ki, FETÖ Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında qardaş Türkiyənin İzmir şəhərində təşəkkül tapıb, sonradan gülənçilər fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlayıblar. 

Bütövlükdə, FETÖ-nün dinə bağlılığı yalnız zahiri olub.  Reallıq ondan ibarətdir ki, bu təşkilat fərqli ideologiya və məqsədlər əsasında yaradılaraq fəaliyyət göstərib. Fəaliyyət istiqamətlərini ümumiləşdirdikdə bəlli olur ki, bu qurum bütünlüklə siyasiləşib və okeanın o tayından gələn təlimatları həyata keçirməklə məşğul olub. Gülənçilər siyasi məsələlərə müdaxilə etməkdən çəkinmirdilər. Klassik din terroru qınayaraq onu inkar edir. İslamla azca tanışlığı olan hər kəsə məlumdur ki, bu dində, ümumiyyətlə, zorakılığa yer yoxdur. Məhəmməd peyğəmbərin (s) müharibə qanunlarına nəzər salsaq, müharibədə ələ keçirilmiş ərazilərdə qadınları, uşaqları, yaşlıları, xəstələri, din adamlarını, təslim olanları, heyvanları öldürməyi, ağacları kəsməyi, əsirlərlə pis rəftar etməyi, ibadət yerlərini dağıtmağı, meyitlərə ziyan vurmağı qadağan etdiyini görərik. FETÖ camaatına isə son məqsədə çatmaq üçün bütün vasitələrə əl atmaq, hətta öldürməkdən çəkinməmək təlimatları aşılanıb.  Bu da soyuq müharibədən sonra Qərbdə İslamın timsalında yeni bir düşmən obrazının yaradılması ilə bağlıdır. İslamofob dairələrin əlində alətə çevrilən FETÖ terror əməllərinə sövq edilməklə həm də müqəddəs dinimizin gözdən salınmasına xidmət etmiş oldu. Əgər bir sıra qanlı terror əməllərinin altında FETÖ-nün imzası dayanırdısa, bəlli dairələrdən  ötrü İslama qarşı hücuma keçmək, bu dinin daşıyıcılarını diskriminasiyaya məruz qoymaq üçün bundan yaxşı bir fürsət ola bilərdimi? 

Türkiyənin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd

Səkkiz il bundan əvvəl qardaş Türkiyədə baş verənlər dövlət terroruna cəhd idi. Prezident İlham Əliyev məktubunda vurğulayıb ki, qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş həmin gecədə baş vermiş mənfur çevriliş cəhdi ölkəninin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi. 

İslamofob dairələr tərəfindən istiqamətləndirilən və tamamilə siyasiləşmiş FETÖ-nün məlum terror hadisələrini törətməkdə məqsədi radikal şəriət qanunları ilə idarə olunan dövlət qurmaq olub. FETÖ illər boyu Türkiyədə və bir sıra digər ölkələrdə paralel hökumətlər, dövlət içində dövlət qurmağa doğru irəliləyib. Gülənçilər bunu öz aralarında “demokratik yolla hakimiyyətə gəlmək” formulu kimi də dəyərləndirirdilər. Əvvəlcə qeyri-hökumət təsisatları vasitəsilə cəmiyyətlərdə tərəfdaşların sayı artırılır, sonra həmin tərəfdaşların müxtəlif idarəetmə strukturlarında vəzifə piramidalarında yüksəlişi təmin edilirdi.  Bunu biz Türkiyənin timsalında da izlədik. Qadaş ölkədə gülən camaatının dövlətə nüfuz etməsi o həddə çatmışdı ki, hətta FETÖ təmsilçiləri orduda da özlərinə yer edərək şəbəkələşmişdilər. Şoranlıq ərazilərdə qrunt suları qəfil üzə çıxdığı kimi, Türkiyədə də gülənçilər dövlət hakimiyyətində elə üzə çıxacaq və hakimiyyəti ələ aldıqlarını bəyan edəcəkdilər.

Hadisələr zamanı daha əvvəl orduda yerləşdirilmiş gülənçilər və FETÖ-yə bağlı olan qüvvələr legitim hakimiyyəti hərbi yolla ələ keçirmək məqsədi güdürdülər. Əslində, FETÖ-nün əli ilə törədilən bu hadisələrin ssenarisi imperialist güc mərkəzlərinin mətbəxində hazırlanmışdı. Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyətləri və onun rəhbərliyi ilə Türkiyənin özünün milli maraqlarını qətiyyətlə qoruması, ədalət prinsipinin hər yerdə bərqərar olmasına güclü səy göstərməsi təkqütblü dünya formalaşdırmağa çalışan güc mərkəzlərini qane etmir. Həmin güc mərkəzləri qardaş ölkənin bu və digər uğularını sinirə bilmirlər. Qarşılarında sözəbaxan, idarəolunan Türkiyə görmək istəyən həmin qüvvələr Türkiyəni inkişafdan, demokratiyadan geri döndərmək üçün müxtəlif planlar qurur, ssenarilər hazırlayırlar. Səkkiz il bundan əvvəl qardaş ölkədə baş verənlər bunu növbəti dəfə təsdiqlədi.

Türkiyə xalqının müdrik seçimi

Lakin FETÖ və digər satqın qüvvələrlə birləşən imperialist güc mərkəzlərinin qurduqları dövlət terroru planları 15 iyul 2016-cı il tarixində növbəti dəfə iflasa uğradı.  Milyonlarla insan dövləti xilas etmək, Prezident R.T.Ərdoğanla həmrəylik nümayiş etdirmək üçün ayağa qalxdı. Bu böyük gücün qarşısında FETÖ, ona himayədarlıq edən qüvvələr dayana bilmədilər və məğlubiyyətə uğradılar.  “Müdrik və mərd Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda qətiyyətlə mübarizə apararaq və sinəsini sipər edərək növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu hadisələr ilə əlaqədar təsis edilmiş 15 İyul - “Demokratiya və Milli Birlik Günü” mətin xalqınızın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacaq və əsrlər ötdükcə daha böyük qürurla xatırlanacaqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mənfur dövlət çevrilişinin planlarını hazırlayanların əsas məqsədlərindən biri Türkiyəni lidersizləşdirmək, Rəcəb Tayyib Ərdoğanı fiziki cəhətdən məhv etmək idi. Bacarmadılar. Elə terror aktının qısa müddətdə dəf edilməsində əsas amillərdən biri qismində də Rəcəb Tayyib Ərdoğanın liderliyi çıxış etdi. R.T.Ərdoğan Türkiyədə ümumxalq məhəbbət qazanan bir Liderə çevrilib. Türkiyə cəmiyyətinin Ona rəğbəti getdikcə artır. Buna görə də insanlar həmin qanlı gecədə R.T.Ərdoğanın çağırışına səs verərək terrorçulara qarşı dirəniş göstərdilər. Məktubunda diqqəti Türkiyə Prezidentinin liderliyinə çəkən Prezident İlham Əliyev vurğulayıb: “Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş bu çevriliş cəhdinin dəf olunmasında və bununla da ölkənizi böyük faciələrdən xilas edilməsində şəxsən Sizin gördüyünüz təxirəsalınmaz qəti addımların və liderliyinizin xüsusi rolu olmuşdur. Xalqınız Sizin ətrafınızda sıx birləşərək dövlətinə, azadlığına və demokratiyasına sahib çıxmaqla dünyaya milli qürurunu, gücünü və sarsılmaz iradəsini bir daha sübut etdi”.

Bəli, 2016-cı il iyulun 15-də baş verənlər həqiqətən də qəhrəmanlıq dastanı idi. Terrorçular qarşılarında heç vaxt duruş gətirə bilməyəcək qüvvə ilə - türk xalqı ilə qarşılaşdılar. Öz liderinin - Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra küçə və meydanlara axışan türk xalqı terror təşkilatının dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı və demokratiyaya sadiqliyini nümayiş etdirdi. Həmin gecə Türkiyə terrorla mübarizədə 251 şəhid verdi. 2016-cı il 15 iyul gecəsi Türkiyə və dünya tarixində mühüm yeri olan hadisədir.

Qardaş dəstəyi...

Dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. Bizi birləşdirən bir çox amillər var. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərirlər. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətləri rəsmən təsdiqlənib. İki qardaş ölkənin indiki liderləri ulu öndər Heydər Əliyevin, böyük Mustafa Kamal Atatürkün ənənələrini eyni ardıcıllıqla davam etdirərək daha da zənginləşdirirlər. Rəcəb Tayyib Ərdoğan ölkəmizə xitabən həmişə “Can Azərbaycan” ifadəsini işlədir. Prezident İlham Əliyev isə Azərbaycan-Türkiyə münasibətlərini “bir yumruq” kimi səciyyələndirib. Xatırladaq ki, artıq tarixdə qalan Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək verib. Bu dəstək 44 günlük Vətən müharibəsi dövründə də davam etdi. Müharibənin ilk günündən başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə rəsmilərinin verdikləri bəyanatlar Azərbaycanın özünə inam hissini artırdı. Eyni həmrəyliyi Azərbaycan da dəfələrlə qardaş Türkiyəyə münasibətdə sərgiləyib. Türkiyədə baş verən dəhşətli zəlzələnin elə ilk saatlarından respublikamızdan qardaş ölkəyə dəstək göstərildi və bu dəstək indi də davam edir. 

Təbii ki, həmin gecə Azərbaycan xalqının da ürəyi qardaş Türkiyə ilə döyünürdü. Dövlət çevrilişinə cəhd hadisələri Azərbaycanın siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə qınanıldı və Türkiyənin qanuni hakimiyyətinə həmrəylik nümayiş etdirildi. “Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti şiddətlə qınamış və həmişə olduğu kimi qardaş Türkiyə dövlətinin və xalqının yanında yer almışdı. Bu bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi”, - deyə Prezident İlham Əliyev bildirib.

Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, o gərgin günlərdə də Türkiyə xalqına və onun qanuni hakimiyyətinə öz dəstəyini ifadə edən ilk dövlət məhz Azərbaycan oldu. Türkiyədə baş verənlərə rəsmi Bakı əsl qardaşlıq, müttəfiqlik və strateji tərəfdaşlıq mövqeyindən yanaşdı - Prezident İlham Əliyev Türkiyə rəhbərliyinə dəstəyini ifadə edən xüsusi mesaj göndərdi. Beləliklə də, hər zaman qardaş ölkənin milli mənafeyini əsas götürən, öz dəstəyini əsirgəməyən Azərbaycan bu dəfə də - bir daha və yenə də Türkiyənin yanında yer aldı, dostluq və qardaşlıq örnəyi nümayiş etdirdi. 

MÜBARİZ

Paylaş:
Baxılıb: 502 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31