Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-İran münasibətlərində yeni səhifə

Azərbaycan-İran münasibətlərində yeni səhifə

17.07.2024 [10:00]

Ölkələrin uğurlu inkişafını şərtləndirən fundamental amillər sırasında qonşu dövlətlərlə yaxşı münasibətlərin qurulması mühüm yer tutur. Ölkələr üçün qonşuları seçmək şansı yoxdur, bu, bir tale qismətidir. Qarşılıqlı ehtirama və xoş niyyətə əsaslanan siyasət həyata keçirən dövlətlərlə  qonşu olmaq isə hər bir ölkənin böyük xoşbəxtliyidir. Bu mənada Azərbaycan-İran münasibətləri də xüsusi diqqət çəkir. Böyük sərhədlərə malik bu ölkələr arasındakı münasibətlər həm ikitərəfli, həm də regional əməkdaşlıq kontekstində mühüm əhəmiyyət daşıyır.

Səfirliyin fəaliyyətinin bərpası ilə ikitərəfli münasibətlərdə qaranlıq səhifə bağlanıb

Azərbaycanın və İranın yerləşdiyi coğrafiya kifayət qədər həssas regiondur. Kommunikasiyalar və digər parametrlər baxımından son dərəcə əlverişli mövqedə yerləşməsi, həmçinin resurslarla zəngin olması səbəbindən regionda ayrı-ayrı güc mərkəzlərinin maraqları kəsişir. Gizlətmək lazım deyil ki, həmin güclər öz maraqlarını təmin etməkdən ötrü zaman-zaman məkrli ssenarilər hazırlayaraq həyata keçirməyə çalışırlar. Tarixin müxtəlif dönəmlərində Azərbaycan-İran münasibətləri də belə qərəzli yanaşmaların hədəfinə çevrilib. Ötən ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyində törədilən qanlı terror aktı buna son nümunələrdən biridir. Tehrandaşı səfirliyimizə silahlı hücum təşkil edən qüvvələr bununla Azərbaycan-İran münasibətlərinə xələl gətirməyi qarşıya məqsəd qoymuşdular.

Ancaq artıq həmin qaranlıq səhifə bağlanıb. Belə ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən ölkəmizin İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.

İran tərəfi akkreditasiya ölkəsi kimi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib.

Hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək.

Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir.

Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icrası işinə töhfə verəcək.

“Səfirliyimizin fəaliyyətinin yeni ünvanda bərpası ilə xidmətimizi davam etdirmək üçün bu gün (dünən - red) Tehrana qayıtdıq.” Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə öz şəxsi “Facebook” hesabında yazıb. “İnanıram ki, birgə səylərimizlə qarşılıqlı hörmətə, dostluğa və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin daha da möhkəmlənməsinə, əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq”, - deyə səfir bildirib.

Tarixi bağlara əsaslanan qonşuluq münasibətləri

Azərbaycanın və İranın dostluğu keçici maraqlardan yaranmayıb. İki ölkə arasında yaxşı qonşuluq münasibətləri bir sıra mühüm amillərə əsaslanır. Hər şeydən əvvəl Azərbaycanla İranın coğrafi bağlılığı var. Respublikamızın ən uzun dövlət sərhədi 765 kilometr olmaqla məhz bu ölkə ilədir. Bu amil də iki ölkə arasında əlaqələrin qurulmasını asanlaşdırır, daşımalarda xərcləri azaldır, vaxtı qısaldır, təhlükəsizliyi təmin edir. 

Azərbaycanla İranın yaxşı qonşuluğunu, dostluğunu şərtləndirən digər bir mühüm amil tarixi köklərlə bağlıdır. Coğrafiya yaxın olduğu kimi, Azərbaycan və İran xalqlarının keçdikləri yolda da oxşarlıqlar çoxdur. Tarixi əlaqələr, etiqad birliyi, mədəni köklər, milli-mənəvi dəyərlər, xalqların həyat tərzindəki oxşarlıqlar və bu kimi digər cəhətlər dostluğumuzun möhkəm və etibarlı olmasına, necə deyərlər, təbii təminatlar verir.

İran həm də o dövlətdir ki, dünya üzrə müstəqil Azərbaycanın hüdudlarından kənarda ən çox azərbaycanlı məhz burada yaşayır. Onlar ta qədimdən İran tarixinin formalaşmasında, bu dövlətin  inkişafında mühüm rol oynayıblar. Bu gün də İranın ictimai-siyasi və mədəni həyatında soydaşlarımızın rolu böyükdür.

İndiki mərkələdə ikitərəfli münasibətlərin irəliləməsində günümüzün reallıqları  bir növ şərt qismində çıxış edir. İki qonşu dövlət səylərini birləşdirməklə regionda mövcudluqlarını təmin etmək istəyən güc mərkəzlərinə qarşı daha səmərəli şəkildə mübarizə apara bilərlər. Yaxşı haldır ki, həm İran, həm də Azərbaycan regional əməkdaşlıq formatına böyük dəyər verirlər. Azərbaycan Prezidenti İlham Əliyev dost İranla əməkdaşlıq əlaqələrinin genişləndirlməsinin vacibliyini dəfələrlə diqqətə çatdırıb. Eyni zamanda, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian da oxşar mövqeni bölüşür. Yeri gəlmişkən, Prezident İlham Əliyev iyulun 9-da İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Dövlətimizin başçısı Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçıları ölkələrimiz arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. 

Nəqliyyat sahəsində birlikdə reallaşdırılan layihələr

Dost ölkələr arasında getdikcə dərinləşən ikitərəfli münasibətlərdən söhbət açarkən birlikdə reallaşdırılan layihələrin önəmini xüsusi qeyd etmək lazımdır. İndiyədək nəqliyyat sahəsində reallaşdırılan birgə layihələr əməkdaşlığa yaxşı nümunədir.  Hər iki ölkə Şimal-Cənub Dəhlizində öz səylərini birləşdirib. Beynəlxalq ekspertlərin hesablamalarına görə, yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi trilyonlarla dollar həcmində ölçüləcək. Bu böyük məbləğ dəyərindəki yüklər də milyardlarla ton həcmində ölçüləcək. İki qitə arasında daşınacaq yüklərin 15 faizi bu dəhliz vasitəsilə həyata keçirilsə, Azərbaycanla İran külli miqdarda gəlir əldə etmək imkanı qazanacaqlar. Hazırda iki dost ölkə Şimal-Cənub Dəhlizinin funksionallığının artırılmasına böyük səy göstərir. O cümlədən indiyədək respublikamız bu marşrut üzrə öz ərazisində böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb. Hazırda Azərbaycan Dövlət Dəmir Yolları QSC İranın Astara şəhərində yük terminalının tikintisini davam etdirir. 

Hazırda, eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Körpü Şimal-Cənub Dəhlizi ilə yanaşı, həm də, Şərq-Qərb Nəqliyyat Dəhlizlərinin bir hissəsi olacaq.  Bütövlükdə, Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit bağlantılarından birinə çevriləcək. Buradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur.

Hər iki ölkənin mənafeyi naminə inşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının inşası ilə ikitərəfli münasibətlərdə yeni bir səhifə açılıb. Ölkələrimiz arasında xoş niyyətə əsaslanan münasibətlərin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.

“Xudafərin” və “Qız Qalası” layihələri hər iki ölkənin mənafeyi naminə inşa olunub. Bundan həm İran, həm də Azərbaycan böyük iqtisadi dividentlər qazanacaqlar. İnfrastruktur obyektlərinin texniki parametrləri kifayət qədər genişdir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 559 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31