Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın kolonializmə qarşı mübarizədəki aktiv rolu

Azərbaycanın kolonializmə qarşı mübarizədəki aktiv rolu

18.07.2024 [10:00]

Ölkəmiz beynəlxalq hüquq normalarından və ədalət prinsipindən çıxış edir 

Keçmişin bir sıra qalıqları Yer üzündən birdəfəlik silinməlidir. Bu sırada, heç şübhəsiz ki, müstəmləkəçilik ön sırada dayanır. Kolonializmin hansısa bir formada mövcudluğu müasir dünyanın reallıqları və çağırışları ilə qətiyyən bir araya sığmır. Bəşəriyyətin yüksək inkişaf səviyyəsinə çatdığı, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının önə çıxdığı indiki dövrdə bir ölkənin, bir xalqın başqa bir ölkənin və xalqın üzərində hegemonluq etməsi, onun sərvətlərini talaması, qul əməyinə və sümürmə siyasətinə rəvac verməsi dözülməzdir. Kolonializmə qarşı mübarizə cəbhəsi genişləndirilməli, bütün dövlətlər bu prosesə qoşulmalı və həmrəylik göstərməlidirlər.

Afrikada, dənizaşırı ərazilərdə kolonializmin kədərli izləri

Dünya üzrə müstəmləkəçiliyə qarşı mübarizə dalğası xüsusilə birinci dünya müharibəsindən sonra əkəmiyyətli dərəcədə genişlənib. Nəticədə, ayrı-ayrı dövlətlər müstəmləkəçilik siyasətlərindən əl çəkmək və əvvəllər ağır şərtlər altında idarə etdikləri ərazilərdən çıxmaq, ölkələrin, xalqların müstəqilliyini tanımaq məcburiyyətində qalıblar. Ancaq elə dövlətlər də var ki, bu üzqarası siyasətlərindən heç bir vəchlə əl çəkmək istəmirlər. Fransa buna ən tipik nümunədir. Hazırda bu ölkə sümürmə siyasətindən bəhrələnən dövlətlər sıyahısında antirekord göstəricilərə malikdir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bu gün Afrikada, dənizaşırı ərazilərdə Fransa kolonializminin çoxsaylı kədərli izlərini görmək mümkündür.

Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də,  üzqarası siyasətinin mahiyyəti dəyişməyib.  Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır. 

XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilib. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqları tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməlidir və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir.

Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilib, bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir.

Fransa keçmiş müstəmləkələrində kolonializmin yeni üsullarını, o cümlədən iqtisadi asılılıq vasitələrini işə salmaqla yanaşı, tez-tez hərbi müdaxilələrdən də çəkinmir. Son illərdə Yelisey Sarayı Burkino-Faso, Mərkəzi Afrika Respublikası, Çad və Malidə bu vasitəyə əl atıb. Ümumiyyətlə, Fransa 1960-cı ildən 1990-cı illərin ortalarınadək 122 dəfə Afrika ölkələrinə hərbi müdaxilə edib. Sonuncu dəfə rəsmi Paris bir qədər bundan əvvəl bədnam “konstitusiya islahatlarına” qarşı çıxan yerli kanak xalqının etirazlarını yatırtmaq üçün Yeni Kalidoniyaya hərbi qüvvələr gəndərdi. Hərbi müdaxilə insan faciələri ilə nəticələnsə də, kanak xalqı milli kimliyini qorumaq naminə mücadilədən geri çəkilmədi və Makron “islahatları” müvəqqəti qaydada dayandırmaq məcburiyyətində qaldı. Həmin “islahatların” gerçək mahiyyəti isə aboregen xalqın seçki hüquqlarının məhdudlaşdırılması, Yeni Kaledoniyada Yelisey Sarayının təsir imkanlarını mütləq mənada genişləndirmək idi. 

Faktların siyahısı çox uzundur. Lakin sadalanan azsaylı nümunələr də Fransanın müstəmləkə cinayətləri barədə konkret təsəvvür yaradır. Yelisey Sarayı bunlardan nəticə çıxartmalı və üzqarası siyasətindən birdəfəlik geri çəkilməlidir.

Azərbaycanın qətiyyətli mövqeyi

Azərbaycan hər zaman öz siyasətində beynəlxalq hüquq normalarından və ədalət prinsipindən çıxış edir. Fransanın indiki dövrdə müstəmləkəçilk siyasətini davam etdirməsi isə nə bu ölkənin bəyan etdiyi dəyərlərə, nə beynəlxalq hüquqa, nə də ədalət prinsipinə sığır. Azərbaycan qətiyyəli mövqe sərgiləyərək Fransanın ən ağır şərtlər altında həyata keçirdiyi kolonializm siyasətini pisləyir və azadlıq mübarizəsinə qalxan xalqlara dəstək verir. Deyə bilərik ki, respublikamız bu sahədə bütün dünyaya cəsarət nümunəsi göstərir və kolonializmə qarşı mübarizənin önündə gedir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyev bu problemi beynəlxalq səviyyədə bir neçə dəfə müzakirələrə çıxarıb. Dövlətimizin başçısı Fransanın müstəmləkə siyasətini tənqid edərək deyib ki, bu ölkə öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Azərbaycanın təklifləri əsasında Bakı Təşəbbüs Qrupunun yaradılması da məhz Frasanın müstəmləkəçilik siyasətinə qarşı mübarizəyə qalxan xalaqlara dəstək verməkdir. 2023-cü ildən fəaliyyətə başlayan Bakı Təşəbbüs Qrupu artıq beynəlxalq platformaya çevrilib. Təsisat müstəmləkəçilik və neokolonializmlə mübarizənin ardıcıl şəkildə dəstəklənməsi çərçivəsində Cenevrə və İstanbulu da əhatə etməklə Bakıdan Nyu-Yorka qədər 10-a yaxın beynəlxalq konfrans təşkil edib. Son zamanlar Bakı Təşəbbüs Qrupunun fəaliyyəti hökumətlərarası səviyyədə vurğulanıb. Təşkil edilən bütün beynəlxalq tədbirlərdə Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında məşğulluq, mənzil təminatı sahələrində ayrı-seçkilik halları, təbii sərvətlərin istismarı barədə ətraflı məlumat verilib, Fransa hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya faktları diqqətə çatdırılıb. 

Məlumdur ki, son vaxtlarda Fransız Polineziyası müstəqillik əldə etmək üçün son və qəti mübarizəyə qalxıb. Bu mübarizədə Bakı Təşəbbüs Qrupu aborogen xalqın, Fransanın təzyiqlərinə baxmayaraq mücadiləni davam etdirən siyasi partiyaların yanındadır. Qurumun icraçı direktoru Abbas Abbasovun məlumatına görə, artıq Bakı Təşəbbüs Qrupu ilə Fransız Polineziyasının “Tavini Huiraatira” Partiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bir qədər bundan əvvəl Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda  “Tavini Huiraatira” partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu diqqətə çatdırıb ki, 40 il əvvəl müstəqillik uğrunda mübarizədə onlar kiçik bir qrup idilər. Bu kiçik qrupla və məhdud imkanlarla torpaqlarını onların əllərindən alan böyük qüvvəyə qarşı mübarizə aparırdılar. Bu mübarizə indi də qətiyyətlə davam etdirlir. 

Bakı Təşəbbüs Qrupu həmçinin Yelisey Sarayının bədnam  “konstitusiya islahatlarına” qarşı sərt müqavimət göstərən Yeni Kaledoniyaya dəstək verir. Təsisat Yeni Kaledoniya hadisələri ilə bağlı xüsusi bəyanat yayıb. 

Bu günlərdə isə paytaxtımızda Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə birinci qurultay keçirilir. Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Onlar Azərbaycana ümid yeri kimi baxırlar.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31