Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan - Mərkəzi Asiya dövlətləri: Möhkəm təməllər üzərində yeni əməkdaşlıq perspektivləri

Azərbaycan - Mərkəzi Asiya dövlətləri: Möhkəm təməllər üzərində yeni əməkdaşlıq perspektivləri

13.08.2024 [10:10]

Son illərdə Azərbaycanın beynəlxalq miqyasda ölkəmizə və onun Liderinə böyük nüfuz qazandıran multiregional xarici siyasət kursunun əsas prioritetlərindən biri Türkdilli dövlətlərlə daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasından, müxtəlif istiqamətlərdə koordinasiyalı fəaliyyətlərin həyata keçirilməsindən ibarətdir. Bu kontekstdə respublikamızla Mərkəzi Asiyada yerləşən Türk dövlətləri arasında qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi xüsusi diqqət çəkir. O cümlədən əlaqələrdəki yeni istiqamətlər daha uğurlu perspektivlər vəd edir. 
Təqdirəlayiq haldır ki, Azərbaycanda və bəhs olunan coğrafiyada yerləşən ölkələrdə əlaqələrin intensivləşməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, həm də buna cəmiyyətlərdə böyük istək var. Prezident İlham Əliyev avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında ökələrimiz arasında əlaqələrin genişlənməsini şərtləndirən amillərə diqqət çəkib. “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. 
Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir”, - deyə dövlətimizin başçısı qeyd edib.

Mütəmadi səfərlər ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir

Hazırda dünya miqyasında dövlət başçıları arasında formalaşan dostluq münasibətləri bütövlükdə ölkələrin siyasətinə müsbət təsir göstərən  bir trendə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən əksər ölkələrin rəhbərləri ilə dostluq əlaqələri qurması da təqdirəlayiq haldır. Dövlətimizin başçısının son illərdə Mərkəzi Asiya ölkələrində keçirilən yüksəksəviyyəli tədbirlərə fəxri qonaq qismində dəvətlər alması gözəl bir ənənəyə çevrilib. Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Məsələn, təkcə son bir neçə ildə dövlətimizin başçısının Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı ölkəmizə və onun Liderinə göstərilən inamın ifadəsidir. 

Eyni zamanda, dövlət başçılarının ikitərəfli qaydada səfərləri də intensivləşib. Son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin rəhbərləri isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı prezidentlər əziz qonaqlar kimi qarşılanır və onlar özlərini evlərindəki kimi rahat hiss edirlər. Öz növbəsində bu səfərlər əsnasında imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Qarşılıqlı səfərlərin statistikasından məmnunluğunu bildirən Prezident İlham Əliyev “Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı, ümumilikdə, 15 dəfə ziyarət ediblər”, - deyə vurğulayıb.

Ötən ilin noyabr ayında Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin yüksək səviyyəsini əks etdirən daha bir hadisəyə şahidlik etdik. Belə ki, respublikamız  BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünə evsahibliyini məmnuniyyətlə öz üzərinə götürdü. Liderlərin də qatıldıqları bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür. “Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş  Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm”, - deyə dövlətimizin başçısı vurğulayıb. 

Qarşıdan isə COP29 tədbiri gəlir. Dost ölkələrin liderlərinin növbəti görüş yeri yenə də Bakı olacaq. Artıq Prezident İlham Əliyev tərəfindən Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərilib və şübhə yoxdur ki, onlar bu dəvəti qəbul edəcəklər. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.

Azərbaycanın haqq işinə dəstək

Bəhs olunan tədbirdə Prezident İlham Əliyev minnətdarlıq hissi ilə bildirib ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır. O cümlədən Mərkəzi Asiya ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Xatırladaq ki, 2023-cü il avqustun 23-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.  

2024-cü il martın 12-də isə Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Növbəti təşəbbüs isə Qırğız Respublikasından gəlib. Dost ölkə Ağdamın Xıdırlı kəndində yeni orta məktəb binasının inşasına start verib. Dost ölkələrin qardaşlıq dəstəyini yüksək dəyərləndirən Prezident İlham Əliyev bildirib: “Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm”.

Çoxvektorlu əməkdaşlığın mühüm istiqamətlərindən biri - nəqliyyat-logistika sahəsi

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən əməkdaşlıq əlaqələri qurulub və yeni sahələr üzrə də potensial imkanlar araşdırılır. Məsələn, Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq lazımdır. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.

Bərpaolunan enerji sektoru ölkələrimiz arasında yeni əməkdaşlıq istiqaməti ola bilər. Həm Azərbaycanın, həm də Mərkəzi Asiya dövlətlərinin bərpaolunan enerji potensialı kifayət qədər böyükdür və tərəflər birgə əməkdaşlıq şəraitində bu potensialdan maksimum səmərə ilə istifadə etmək əzmindədirlər. Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu “yaşıl enerji” sahəsində əməkdaşlığımızda ilk addımdır.

Eləcə də, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək.

Çoxvektorlu qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Azərbaycan və Mərkəzi Asiya dövlətləri hazırkı geosiyasi reallıqlar şəraitində aktuallığı əhəmiyyətli dərəcədə artan Transxəzər marşrutunun (Orta Dəhliz) mühüm iştirakçılarıdırlar. Son illərdə dost ölkələrin koordinasiyalı fəaliyyətlərinin nəticəsi olaraq bu dəhlizin funksionallığı getdikcə artır. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində vaxtında görülən tədbirlər sayəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları həmçinin Mərkəzi Asiya coğrafiyasında yerləşən Türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək. Reallaşdırılan layihələrin önəmini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır”. 

Daha bir mühüm məqam barədə bəhs etmək yerinə düşər. 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və gələcəkdə bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək. 


Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28