Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Cəbrayıldan dünyaya...

Cəbrayıldan dünyaya...

08.10.2024 [09:24]

İlham Əliyev: Dayandırın bu təhlükəli oyunları!

Son 35 il ərzində dünyada baş verən siyasi-hərbi prosesləri təhlil edərkən bir fakt diqqəti cəlb edir - bu və ya digər şəkildə həmin proseslərin “iştirakçısına” çevrilən Qərbin nə yanaşması, nə fəlsəfəsi, nə də davranışları birrəng olmayıb. Tam əksinə, regiona, ölkəyə və ya xalqa münasibətdə, lokal maraqlar əsasında formalaşan “hüquqi yanaşmalar”da ikili və daha çoxölçülü standartları əks etdirib. Bu kimi fərqli standarta məruz qalan ?egionlardan və ölkələrdən biri də məhz Azərbaycan olub. 1990-cı illərin əvvəlində işğala, təcavüzə məruz qalan Azərbaycana kollektiv Qərb tərəfindən nəinki heç bir dəstək verilməyib, tam əksinə, korporativ maraqların əsirinə çevrilmiş bu “irrasional qruplaşma” bəzi hallarda işğalçıya və işğala haqq qazandırıb. Adını “demokratik dünya” qoyan Qərbin davranışı isə demokratiyanın heç bir predmeti ilə üst-üstə düşmür.

Qərb erməni vəhşiliyi qarşısında kar və kor olur...

2020-ci il Vətən müharibəsi erməni işğalına və paralel olaraq 30 ildən artıq davam etmiş haqsızlığa, ədalətsizliyə və hüquqsuzluğa son qoydu. Azərbaycan öz qətiyyəti, gücü və iradəsi ilə torpaqlarını işğaldan azad etdi. İşğaldan azad edilən ərazilərdəki mənzərə isə yalnız bir mətləbdən xəbər verirdi: erməni vəhşiliyi, erməni vandalizmi, erməni barbarlığı. Tarixi abidələr dağıdılmış, dini abidələr təhqir olunmuş, ekogen vəziyyət pisləşmişdi. Ayrı-ayrı rayon və şəhərlərin timsalında tarixin ən ağır və dəhşətli mənzərələri göz önündə canlanırdı. Azərbaycan dövləti bütün dünya ölkələrinə, beynəlxalq təşkilatlara müraciətlər edir, mövcud vəziyyətlə yerində tanış olmalarını istəiyrdi. Amma Qərb hər zaman olduğu kimi, bu dəfə də gözlərini və qulağını qapadı, real faktları görməzdən gəldi. Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında bildirib ki, ərazilərimizin böyük əksəriyyətinin dağıntılar içində olduğunu bilirdik, amma bu dərəcədə vəhşiliyi, qeyri-insani hərəkətləri təsəvvür etmək mümkün deyildi. Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdi: “Qalan bütün şəhər, bax, bu cürdür və bunu görmək istəməyən, Ermənistana bu gün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar. Görürlər, amma görməzliyə vururlar. Bizi ittiham edirlər, bizə qarşı sanksiyalar tətbiq edilir. Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr”.

30 ilə yaxın işğalçı Ermənistana bu və ya digər yollarla işğalı uzatmağa kömək edən Qərb bü gün də qeyri-hüquqi davranışlarını fərqli istiqamətlər üzrə davam etdirir. Ermənistanı silahlandıranlar unudurlar ki, bu ölkə BMT TŞ-nin 4 qətnaməsinə 30 məhəl qoymayıblar. Amma bu 30 il ərzində BMT TŞ üzvləri ən azından öz nüfuzlarını qorumaq üçün Ermənistana heç bir təsir etməyiblər - 2020-ci ildə Azərbaycan öz ərazilərini işğaldan azad etməklə həm də BMT TŞ üzvlərinin nüfuzunu xilas etmişdi.  Artıq tarixə qovuşmuş “Qarabağ münaqişəsi”nin həlli ilə bağlı vasitəçi rolunda çıxış etməli olan ATƏT-in Minsk qrupu münaqişənin tənzimləməsinə ən böyük maneəyə çevrilmişdi. Dövlət başçısı çıxışında vurğulayıb ki, Ermənistan hətta dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymurdular: “Kimsə 2020-ci ilə qədər onlara bir söz dedi ki, sən o torpaqları işğal etmisən, oradan çıxmalısan? Xeyr. Minsk qrupu nə ilə məşğul idi - ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və bizi alçaldıcı sülhə təhrik etməklə. Minsk qrupunun fəaliyyəti bundan ibarət idi. Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın. Bax, bütün bunları biz eşitmişik, həm rəsmi çıxışlarda, həm bağlı qapılar arxasındakı təmas əsnasında. Bizim isə mövqeyimiz birmənalı, qətiyyətli idi və dəyişməz idi: bir qarış torpaq işğal altında qala bilməz!”.

Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni əsirgəmədliər...

Ermənistanı açıq kontekstdə dəstəkləyən Qərbin ötən 30 ildəki vəzifəsi Azərbaycanı “məğlubiyyətə” razılaşdırmaq olmuşdu. Qərb üzdə neytral “hakimlik” etməli, vasitəçi kimi tənzimləməyə çalışmalı olduğu halda birtərəfli mövqe tuturdu - onlar Ermənistanı “qalib” elan etmişdilər və torpaqları işğaldan azad etmək əvəzinə bunun manipulyasiyasına xidmət edəcək “variantlar” düşünməklə məşğul idilər. Başda Fransa olmaqla bir sıra ölkələr Azərbaycana dolayısı ilə təzyiqlər göstərməyə cəhd edirdilər - hətta Azərabaycanın torpaqlarını özləri istədikləri kimi “bölüşdürmək” arzusuna düşənlər belə tapılırdı. Paralel olaraq Qərb özü üçün Qarabağ kartı ilə regiona, Azərbaycana təsir imkanları müəyyənləşdirmişdi. Separatizmi açıq-gizli dəstəkləyən Qərb bu yolla bölgədə özünün nüfuz dairəsini yaratmaq niyyətində idi.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Bu ədalətsizliyin dərəcəsinə baxın ki, bizim torpaqlarımızı Ermənistana bağışlamaq istəyən ölkələr bu münaqişənin guya həlli ilə məşğul olurdular: “Onların əsl niyyəti bizi daim təzyiq altında saxlamaq və bu torpaqları Ermənistana bağışlamaq idi. Onların təklifləri nədən ibarət idi? Ondan ibarət idi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə müstəqillik verilsin. Axı, bu riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?! Bu gün Rusiya-Ukrayna müharibəsinə baxın, Qərb dövlətləri, Fransa, Amerika, o birilər nə deyirlər? Deyirlər, Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir, Ukrayna silahdan istifadə etməlidir. Bütün növ silahları Ukraynaya verirlər. Yaxşı, bəs bizim işğal altında olan torpaqlarımıza niyə münasibət fərqli idi? Axı, bizim də ərazi bütövlüyümüz pozulmuşdu. Bizim insanlar - 1 milyon insan evsiz-eşiksiz qalmışdır. Kim bizə kömək edirdi? Vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, çadırlarda 1 milyon insan yaşayanda niyə bu dərəcədə ikiüzlülük göstərilirdi? Bu suallara cavab tələb edirik”.

Qərbin fərqli standartı bu gün Avropanın mərkəzində davam edən münaqişənin fonunda daha aydın görünür - Ukraynanın ərazi bütövlüyünün pozulması ilə “barışmayan” Qərb nə üçün Ermənistana qarşı da bu cür reaksiya vermirdi? Niyə kollektiv Qərb İrəvanı işğal etdiyi ərazilərdən çıxarmırdı? Səbəb bəllidir - yenə də ikili standart. Qərb Ermənitan kimi alətlər vasitəsilə özünün regional hegemoqniyasını formalaşdırmağa çalışır. 

Müraciətin müəllifi də, ünvanı da birdir...

1992-ci ildə ABŞ konqresi tərəfindən qəbul edilən ədalətsiz “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinə düzəliş hələ də öz qüvvəsindədir - bu, ABŞ-ın qeyri-hüquqi davranışının ən böyük nümunəsidir. İşğala məruz qalana deyil, işğalçıya yardım etmək əslində, işğalı stimullaşdırmaqdır. Vaşinqton bu kimi qeyri-standart addımlarını yenə də davam etdirir - son günlərdə 60 ermənipərəst deputatın “müraciəti” bunu deməyə əsas verir. Yalan və böhtanla silahlanaraq Azərbaycana təsir etməyə çalışan bu qüvvələrin əsl məqsədi işğalçıları, separatçıları müdafiə etmək, onları məsuliyyətdən yayındırmaq, sülh prosesini ləngitmək, bölgədə sabitliyin bərqərar olmasına mane olmaqdır. ABŞ Dövlət Departamenti bu kimi “kargüzarlıq” fəaliyyəti ilə görüntü yaratmağa çalışır - guya hansısa “qrup” bu “mövqeni” irəli sürür. Halbuki, bu kimi müraciətlər elə Dövlət departamentinin, dövlət katibliyinin “mətbəxində” hazırlanır. ABŞ hakimiyyətinin qurduğu siyasi oyunlar isə primitiv və gülünc xarakter daşıdığı qədər də, demokratiyadan uzaq, hüquq müstəvisindən kənardır.

Prezident İlham Əliyev Cəbrayıl rayonunda çıxışı zamanı bildirib ki, həmin müraciətin müəllifi də, ünvanı da birdir: “Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik. Burada erməni yaşayıb? Yox, siz - Cəbrayılın sakinləri”.

Xəbərdarlıq edirəm...

Qərbin siyasi anatomiyası bundan ibarətdir - ikiüzlülük, riyakarlıq, yalan və böhtan kampaniyaları. Qərb bütün prosesləri özünün baxış bucağından dəyərləndirir - özünə gərəkli olduğu zaman həmin ölkələri özünün “tərəfdaşı” elan edir. Korporativ maraqları olmadıqda isə “tərəzinin gözü əyilir” - haqsızlıq, ədalətsizlik və ikili standartlar yenidən aktuallaşır. Yuxarıda bəhs açdığımız 907-ci düzəliş 1992-ci ildən 2001-ci ilə qədər tətbiq edilmişdi - 2001-ci ildə isə aradan qaldırıldı. Amma “işləri bitən kimi” yenidən bu sanksiyaya “geridönüş” etdilər - demək ki, Qərb üçün heç bir ülvi dəyər və ya səmimi dostluq adlı bir nəsnə yoxdur - onlar üçün yalnız və yalnız lokal maraqlar və bu maraqların üzərində qurulan siyasət var. Onlar “Qarabağ kartı” kimi mühüm bir alətin əllərindən çıxmasını həzm edə bilmirlər - separatizm vaistəsilə bu və ya digər şəkildə regiona təsir mexanizmləri əllərindən çıxıb. Azərbaycanın qətiyyəti və gücü Qərbi düşünməyə vadar edib - bu gün üzdə “dostluq” təklif edənlər alt qatda Ermənistanı silahlandırır, sülhdən yayındırır. Təssüfləndirici haldır ki, Ermənistan Qərbin bu oyununda alət olur - II Qarabağ müharibəsindən nümunə götürməyən İrəvan yenə də qeyri-adekvat mövqe sərgiləyir, sülhdən yayınır. Amma Ermənistan anlamalıdır ki, heç bir Qərb dövləti və ya bir başqası İrəvanın arxasında sona qədər dayanmayacaq - bunun onlarla əyani misalı var. “Müttəfiqi” elan etdiyi ölkələri belə satan qərb üçün Ermənistan heç bir məna kəsb etmir. İrəvan yol yaxın ikən düşünməli və sülh şərtlərin? qəbul edərək regionda əbədi sabitliyin mövcudluğunu dəstəkləməlidir.

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında bildirib ki, mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: “Dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni, dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 352 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31