Azərbaycan Prezidenti İlham Əliyev Ucar və Göyçay rayonlarına səfər edib
07.10.2015 [09:59]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov abidənin ətrafında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da “Ucar Aqro” MMC-nin quş kəsimi və broyler fabriklərinin fəaliyyəti ilə tanış olub.
Prezident İlham Əliyev fabrikin işçiləri ilə görüşüb söhbət edib.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra dövlətimizin başçısı quşların yetişdirildiyi müəssisəyə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfəri çərçivəsində “Fermer” yol-istirahət mərkəzində yaradılan şəraitlə də tanış olub.
Prezident İlham Əliyev həmçinin Ucar rayon Mərkəzi Xəstəxanasının yeni binasının, Ucar Gənclər Mərkəzinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının və Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak edib.
Prezident İlham Əliyev idarənin binasında yaradılmış şəraitlə tanış olub, şəbəkəyə suyun verilməsini bildirən düyməni basıb.
Daha sonra Ucar ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlətimizin başçısı İlham Əliyev deyib: “Ucar rayonunda olmağımdan çox məmnunam. Şadam ki, Ucar rayonu uğurla, sürətlə inkişaf edir. Bir neçə il bundan əvvəl burada bir sıra açılışda iştirak etmişəm, o cümlədən Heydər Əliyev Mərkəzinin açılışında. O vaxtdan bu günə qədər rayon çox sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır, binalar tikilir, parklar salınır. Bu, məni çox sevindirir. Çünki mən çox istəyirəm ki, Azərbaycanın hər bir rayonu abad, gözəl olsun, şəhərlər gözəlləşsin, insanlar üçün bütün lazımi şərait yaradılsın. Şadam ki, Ucar rayonunun siması sürətlə dəyişir və gözəlləşir.
Eyni zamanda, rayonun bütün sosial və infrastruktur layihələri də uğurla icra edilir. Onların arasında, əlbəttə, içməli su layihəsi birinci yerdədir. Çünki təmiz içməli su insan sağlamlığı üçün əsas şərtdir. Bildiyiniz kimi, içməli su və kanalizasiya layihələrinin icrası ölkəmizdə çox geniş vüsət almışdır. Bir neçə il bundan əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, hər bir şəhərimizin içməli su və kanalizasiya problemi həll olunsun. Artıq bir müddətdir ki, Ucar şəhərinin içməli su problemi öz həllini tapıb. Gözəl, təmiz su mənbəyindən su verilir. Mənə verilən məlumata görə, bütün evlərin su təminatı artıq təşkil edilibdir. Bu, böyük tarixi nailiyyətdir. Çünki Azərbaycanda bütün dövrlərdə içməli su problemi çox ciddi problem olaraq qalmışdır. Sovet dövründə müəyyən işlər görülmüşdür. Ancaq biz bu məsələni tam şəkildə həll edə bilməmişdik. Siz də yaxşı bilirsiniz ki, vaxtilə fasilələrlə, sutkada bir neçə saat su verilirdi, ya verilmirdi. İndi isə bu problem aradan götürülüb. Əminəm ki, 2-3 il ərzində bütün başqa rayonlarda da bu məsələ öz həllini tapacaq. Çünki bir çox rayonlarda artıq bu, həll olunubdur. Ucar rayonunda təkcə şəhərə deyil, eyni zamanda, 15 yaşayış məntəqəsinə də, kəndlərə də su verilir. Kanalizasiya layihəsi isə 2017-ci ildə başa çatacaq və beləliklə, bu məsələ tamamilə aradan götürüləcəkdir.
Digər infrastruktur layihələri icra edilir. Bu ilin sonuna qədər qazlaşdırma tam şəkildə təmin ediləcəkdir, təxminən 90 faizə çatacaqdır. Bu da böyük nailiyyətdir. Çünki əvvəlki illərdə qazlaşdırma çox aşağı səviyyədə idi, hətta rayon mərkəzinin özü qazsız qalmışdı. Bu gün isə demək olar ki, bütün kəndlərə qaz xətləri çəkilir və bu da böyük nailiyyətdir. Çünki bu, həm insanlara rahatlıq verir, həm də qazdan istifadə etmək iqtisadi cəhətdən daha səmərəlidir.
Elektrik enerjisi layihələri, xüsusilə “Azərişıq” təşkil olunandan sonra daha da sürətlə aparılır. Kənd yolları tikilir. İndi Bakı-Ucar magistral yolu tikilir, az hissəsi - Kürdəmir-Ucar hissəsi qalıb ki, o da yaxın zamanlarda başa çatacaq. Göyçay-Ucar avtomobil yolu bu gün istifadəyə veriləcək.
Ucar rayonunda sosial obyektlər yaradılır, Gənclər Mərkəzi tikilib, parklar salınır. Yəni, Azərbaycan belə inkişaf etməlidir, hər bir yerdə quruculuq, abadlıq aparılmalı və sosial inkişaf olmalıdır. Sosial sahə insanları ən çox maraqlandıran və bəzi hallarda narahat edən bir sahədir. Bu gün yeni Rayon Mərkəzi Xəstəxanasının açılışını da qeyd etdik. Xəstəxana göz oxşayır, ən yüksək dünya standartlarına cavab verir. Burada şərait də, avadanlıq da ən yüksək səviyyədədir.
Bax, bizim yanaşmamız bundan ibarətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı üçün nə lazımdırsa, o da olmalıdır. Amma buna nail olmaq üçün əlbəttə ki, iqtisadiyyatımız daha da güclü olmalıdır, daha da sürətlə inkişaf etməlidir. Regionların inkişaf proqramının məqsədi məhz bundan ibarətdir ki, bölgələrdə, kəndlərdə, qəsəbələrdə, rayon mərkəzlərində lazımi şərait yaradılsın, insanlar rahat yaşasınlar, iş yerləri açılsın, yaxşı məvacib alsınlar, biznes imkanları genişlənsin. Deyə bilərəm ki, bizim bu əsas prioritet istiqamətlər Ucar rayonunun timsalında öz əksini tapır.
Bu gün quşçuluq fabriki ilə tanış oldum. Çox müasir bir sənaye müəssisəsidir. Həm iş yerlərinin yaradılması, həm yerli istehsalın gücləndirilməsi və ən əsası odur ki, biz indi özümüzü ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Bu fabrik işə düşəndən sonra biz özümüzü quş əti ilə 100 faiz təmin edirik. Amma 10 il bundan əvvəl heç özümüzü 50 faiz də təmin etmirdik. Xaricdən asılı idi, idxaldan asılı idi, xaricə pul ödənilirdi. İndi pul Azərbaycanda qalır, yerli sahibkarlar işləyir, pul qazanır, işçilərə əmək haqqı verirlər. Özü də bu fabrikdə işləyənlərin əksəriyyəti qadınlardır. Bu da qadınlar üçün iş yerləridir. Bax, düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır.
Biz Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq, sığortalayaq və buna nail oluruq. Nəyə görə? Çünki xalqla iqtidar arasındakı birlik bunu şərtləndirir. Ona görə ki, Azərbaycan iqtisadi sahədə, beynəlxalq aləmdə müstəqil, düşünülmüş siyasət aparır. Bizi ancaq Azərbaycan xalqının maraqları maraqlandırır. Azərbaycan xalqının marağında nə varsa, o da olacaq. Əgər maraqlarımızın kənarlarında hər hansı bir təşəbbüs göstərilirsə, biz o təşəbbüsə qoşulmuruq. Ona görə, bəzi hallarda təzyiqlərə də məruz qalırıq. Ancaq biz əsas məqsədi təmin edirik - Azərbaycanın təhlükəsizliyi, inkişafı, insanların rifahı və xoşbəxtliyi.
Bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur. Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə, heç kimdən asılı deyilik. Ona görə, özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq.
Bununla bərabər, hamımız yaxşı bilirik ki, hələ görüləsi işlər çoxdur, həm mərkəzdə - Bakıda, həm bütün bölgələrdə quruculuq, abadlıq, inkişaf, islahat və sosial ədalət - bütün bu məsələlər daim diqqət mərkəzindədir. Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biri də odur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək. Bax, biz bu yolla gedirik və əminəm ki, yaxın bir neçə il ərzində ölkə qarşısında duran bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaq.
Bax, Ucar rayonunda içməli su problemi həll olundu. Qazlaşdırma bu ilin sonuna qədər demək olar ki, tam həll olunacaqdır. Kənd yolları tikilibdir. Ancaq hələ ki, ehtiyac var, yenə də tikiləcək. Çoxmənzilli binaların təmiri əlbəttə ki, təşkil edilməlidir. Biz bu məqsədlə əlavə tədbirlər görəcəyik. Sahibkarlığın inkişafı daha da sürətlə getməlidir. Yeni müəssisələr yaradılmalıdır. İnfrastruktur layihələri başa çatandan sonra bizim diqqət mərkəzində olan əsas məsələlər kənd təsərrüfatı, sənaye istehsalıdır.
Bu gün quşçuluq fabriki ilə tanış olarkən mənə, ümumiyyətlə, Aran iqtisadi rayonunda və Ucar rayonunda gedən proseslər, ayrılmış kreditlər haqqında məlumat verildi. Dövlət öz tərəfindən sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir, texnika, gübrə ilə təmin edir, şərait yaradır, siyasi dəstək də var. Sahibkar da gərək işləsin. Yerli icra orqanları da kömək etsin, mane olmasın. Onda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Mən demişəm, bir daha demək istəyirəm, iqtisadiyyatımız elə işləməlidir ki, biz neftin qiymətindən asılı olmayaq. Hələ ki, asılıyıq. Bax, neftin qiyməti iki dəfədən çox düşüb, gəlirlərimiz azalıb. Ancaq biz qeyri-neft sektorumuzu daha da sürətlə inkişaf etdirsək, onda neftin qiyməti düşdü, ya qalxdı o qədər də əhəmiyyət daşımayacaq. Bax, bu, əsas istiqamətlərdir və bu istiqamətlər prioritet təşkil edir.
Əminəm ki, Ucar rayonu bundan sonra daha da gözəlləşəcək. Çünki siz burada belə gözəl şərait yaratmısınız. Mən buna çox sevinirəm. Mən son dəfə burada 2011-ci ildə olmuşam, çox böyük dəyişikliklər var. Dəyişikliklər münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram”.
* * *
Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Sakin: Xoş gəlmisiniz, cənab Prezident. Bu gün xalqımız üçün çox böyük xeyirxah işlər görürsünüz. Onların biri də bu gün rayonumuza çəkilən yeni su xəttidir. Ona görə bütün ucarlılar adından Sizə təşəkkür edirəm. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun. Bu gün Gənclər Mərkəzi də açılıb. Çox gözəl, funksional mərkəzdir, gənclər istifadə etməlidir. Orada həm intellektual, həm əyləncə yerləri var, stolüstü oyunlar, müxtəlif tədbirlər keçirilə bilər. İndi hər bir şəhərdə gənclər mərkəzləri yaradılır. Bu da mənim göstərişimlə həll olunan məsələdir. Çünki indi gənclərin bir mərkəzi olmalıdır ki, orada yığışsınlar, danışsınlar, asudə vaxtlarını mənalı keçirsinlər. İndi Ucarda da Gənclər Mərkəzi var.
Sakin: Biz Sizin qayğınızı daim üzərimizdə hiss edirik. Buna görə çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Cənab Prezident, işığımız, suyumuz, qazımız, asfalt döşənmiş küçələrimiz var. Hər cür şəraitimiz var. Mən deyə bilərəm ki, bəlkə də dünyada ən yaxşı yaşayan xalqlardan biri bizik. Bunu mən cəsarətlə deyirəm. Allaha şükür, Sizin sayənizdə hər şey var. Bax, burada dayanan sadə insanlar Sizinlə görüşürlər. Bu sadə insanların adından deyirəm ki, Allah Sizi qorusun. Bizim əmin-amanlığımızın təminatçısı Sizsiniz. Bu əmin-amanlığı qoruyun. Biz Sizdən bunu xahiş edirik. Sizin arxanızda dağ kimi xalq dayanıb. Siz buna 100 faiz əmin ola bilərsiniz. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucara səfərini başa çatdıraraq Göyçay rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.
Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Daha sonra Prezident İlham Əliyev Göyçaya səfəri çərçivəsində Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub.
Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Göyçaya səfəri çərçivəsində rayon mərkəzinə təmiz içməli suyun verilməsinə başlanılıb.
Dövlətimizin başçısı əvvəlcə “Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi ilə tanış olub.
Prezident İlham Əliyev Göyçay şəhərinə təmiz içməli suyun verilməsini bildirən düyməni basıb.
Sonra xatirə şəkli çəkdirilib.
Oktyabrın 6-da dövlətimizin başçısı Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yeni inzibati binasının, Şahmat Məktəbinin açılışında iştirak edib və Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Xəstəxana ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev deyib: “Xoş gördük. Bu gözəl xəstəxana ilə tanış olarkən ürəkdən sevinirəm. Çünki Göyçayda belə gözəl tibb mərkəzi yaradılıb, ən müasir avadanlıqla təchiz edilib, yüksək şərait var. Bu, ilk növbədə ölkəmizin qüdrətini göstərir. Çünki bu gün Azərbaycanın hər yerində gözəl tibb mərkəzləri yaradılır və bu mərkəzlər dünyanın ən yüksək standartlarına cavab verir. Dünyanın ən qabaqcıl tibb mərkəzlərində hansı avadanlıq varsa, burada da var. Belə də olmalıdır.
On il bundan əvvəl birinci regional inkişaf proqramı icra olunanda demişdim ki, hər bir şəhərdə ən müasir standartlara cavab verən xəstəxana, ya diaqnostika mərkəzi, tibb ocağı olmalıdır. İndi nəinki Bakıda, hər bir rayonda belə gözəl tibb mərkəzləri var.
Bu gün Ucarda rayon xəstəxanasının açılışında iştirak etdim, indi isə Göyçayda. Demək olar, elə bir şəhər yoxdur ki, orada müasir tibb ocağı olmasın. Mənə verilən məlumata görə, burada yüzlərlə tibb işçisi çalışır. Bu da iş yerləri deməkdir. Əminəm ki, xəstələrə gözəl xidmət göstəriləcək. Müalicə almaq üçün Bakıya getməyə ehtiyac qalmır. Əminəm ki, siz həkimlər xəstələrə yaxşı baxacaqsınız və onlar burada şəfa tapacaqlar.
Xüsusilə doğum şöbəsi məni çox sevindirir. Çünki son vaxtlar bu sahəyə çox böyük diqqət göstərilir. Aparılan islahatlar nəticəsində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşüb, ana ölümü də həmçinin. Ona görə müasir doğum evlərinin, doğum şöbələrinin yaradılması bu sahədə işimizi daha da qabağa aparacaq. Çünki hələ sovet dövründə Azərbaycanda uşaq ölümünün səviyyəsi digər respublikalarla müqayisədə yüksək idi. Biz isə son illər ərzində bu statistikanı kəskin şəkildə aşağı salmışıq. Növbəti illərdə biz inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmalıyıq. Çünki buna nail olmaq üçün bütün imkanlar var. İlk növbədə, səhiyyənin maddi-texniki bazası yaradılıb. Demək olar ki, sıfırdan yaradılıb, Bakıda və bütün bölgələrdə.
İndi həkimlər öz peşəkarlıqlarını artırırlar, təkmilləşmə prosesi gedir, müasir avadanlıq var. Azərbaycanda səhiyyə sahəsində əldə edilmiş nəticələrin əsaslı səbəbləri var. Bu da maddi-texniki bazanın möhkəmləndirilməsi və səhiyyənin keyfiyyətcə yeni pilləyə qalxmasıdır.
İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var. Ancaq insan sağlamlığı üçün təkcə tibbi xidmət kifayət etməz. Digər şərtlər də olmalıdır. O şərtlər də artıq var.
Bu gün biz Göyçayda içməli su layihəsinin açılışını qeyd etdik. Təmiz içməli su artıq bir müddətdir ki, əhaliyə verilir. Bütün şəhər şəbəkəyə qoşulmuşdur. Uzun illər ciddi problem kimi qalan içməli su problemi artıq aradan götürülüb. Digər bölgələrdə olduğu kimi, bu gün biz Ucar şəhərində də içməli su layihəsinin açılışını qeyd etdik.
Bildiyiniz kimi, son aylar ərzində görülmüş tədbirlər nəticəsində dərman preparatları bazarında da müsbətə doğru çox ciddi dönüş yaranmışdır. İnsanlar artıq bunu gündəlik həyatlarında hiss etməyə başlamışlar. Bəzi dərmanların qiymətləri bir neçə dəfə aşağı düşmüşdür. Eyni zamanda, keyfiyyətə də böyük diqqət göstərilir. Bu məsələ tədricən öz həllini tapır. Əminəm ki, ilin sonuna qədər əksər dərman preparatlarının qiymətləri aşağı düşəcək. Çünki dövlət bu sahəni öz nəzarətinə götürüb.
Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və açıq bazar hər şeyi tənzimləyir, o cümlədən qiymətləri. Ancaq biz gördük ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Başladıq bu məsələni araşdırmağa, gördük ki, burada çox böyük boşluqlar var, həm qaydalarda, həm tənzimləmə mexanizmlərində. Ona görə indi dövlət bu missiyanı öz üzərinə götürüb. Bütün dərmanların qiyməti hər bir satış məntəqəsində eyni olacaq. Keyfiyyət də yüksək səviyyədə olacaq. Bu, çox ciddi sosial təşəbbüsdür. Eyni zamanda, insanların sağlamlığına, xüsusilə yaşlı nəslin sağlamlığına bunun bilavasitə böyük təsiri var.
Beləliklə, Azərbaycanda sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər. Çünki həm bazar iqtisadiyyatı, həm də sosial məsələlər paralel şəkildə həll olunur. Sosial sahə nə deməkdir? İnsanları narahat edən, onları maraqlandıran, problemlərini həll edən bir sahədir. Baxmayaraq ki, 2015-ci il iqtisadi cəhətdən ağır il olmuşdur, - il artıq başa çatır, - heç bir sosial proqramda yubanma olmamışdır. Əksinə, hətta iqtisadiyyat üçün ağır olan 2015-ci ildə belə gözəl xəstəxanalar açılır.
Bu yaxınlarda mən Ağsu rayonunda səfərdə idim. Gördüm ki, vaxtilə orada mənim təşəbbüsümlə başlanmış xəstəxana binasının tikintisi yarımçıq qalıb. Maraqlandım, dedilər, vəsait problemdir, yəni, yoxdur. Bakıya qayıdan kimi dərhal Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 10 milyon manat vəsait ayrıldı ki, orada o işlər başa çatsın. Yəni, güclü iradə olan yerdə hər şey etmək mümkündür. Xəstəxanalar, məktəblər, uşaq bağçaları, digər sosial obyektlər, təbii ki, infrastruktur layihələri, içməli su, qazlaşdırma - budur insanların normal həyatı üçün lazım olan əsas amillər.
İndi mənə verilən məlumata görə, Göyçayda ilin sonuna qədər qazlaşdırma 96 faizə çatacaq. Heç Azərbaycan üzrə qazlaşdırma 96 faizə çatmayıb. Hazırda təxminən 60 faiz səviyyəsindədir, 96 faizə çatacaq.
Kənd yolları tikilir. Bu gün Ucar-Göyçay avtomobil yolunun açılışını qeyd etdik. Siz də yəqin ki, tez-tez o yoldan istifadə edirsiniz, indi o fərqi görürsünüz. Bütün bunlar böyük vəsait tələb edən layihələrdir. İnfrastruktur sektoruna qoyulan vəsaitin büdcəyə qayıtma ehtimalı çox azdır, demək olar ki, sıfıra bərabərdir. Biz bunu nə üçün edirik? İlk növbədə insanlar üçün. Digər tərəfdən, ölkəmizin inkişafı üçün. Ona görə regional inkişaf proqramı əgər 2004-cü ildə qəbul olunmasaydı, bəlkə də bu işlərin böyük əksəriyyəti heç görülməzdi. Çünki biz bütün işləri planlı şəkildə aparırıq. Birinci regional inkişaf proqramında əsas məsələlər öz əksini tapmışdı. Bu proqram artıqlaması ilə icra edildi. İkinci proqram 2009-cu ildə qəbul edildi, icra olundu. Üçüncü proqram artıq icradadır, 2018-ci ildə başa çatacaq. O vaxta qədər bütün infrastruktur məsələləri, sosial məsələlər artıq başa çatacaq. Yəni, normal inkişaf üçün əsas şərtlər artıq təmin edilir.
Əlbəttə, biz gələcəyə baxırıq. 2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq. Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq.
Bu gün dünyada gedən prosesləri biz hamımız izləyirik. Görürük ki, bizim bölgədə hansı faciəli, dəhşətli hadisələr baş verir. Azərbaycanda sabitlik, inkişaf, rifah, təhlükəsizlik təmin edilir. Hər şey müqayisədə müəyyən olunur. Yaxşı vaxtlarda adama elə gələ bilərdi ki, elə hər yerdə yaxşıdır. Ancaq bu gün baxın, bizim region, Orta Şərq, Avropa böhran içindədir. İndi bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. O ölkələr bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Ancaq bizim bəyan etdiyimiz dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq, sosial-iqtisadi inkişaf və öz gücümüzə güvənməyimiz bizim inkişafımızı şərtləndirən əsas amillərdir.
Göyçay rayonunda gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Mən sonuncu dəfə beş il bundan əvvəl Göyçayda olmuşam. Buna baxmayaraq, buradakı işlər daim diqqət mərkəzində olubdur. Ancaq burada gördüklərim məni çox sevindirir. Şəhər daha da gözəlləşir, abadlaşır. Göyçay çox gözəl şəhərdir. Tarixən də belə olub. Əsası da möhkəm qoyulub. Burada şəhərsalma prinsipləri qorunub. Demək istəyirəm ki, Göyçayda olan şəhərsalma mexanizmləri, prinsipləri heç də hər şəhərdə yoxdur. Şəhər çox gözəldir, yaşıllıq boldur. İndi aparılan təmir-bərpa işləri, parkların salınması, ictimai yerlərin yaradılması şəhəri daha da gözəlləşdirir.
Göyçay bu gün Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu, məni çox sevindirir. Mən sizi bu münasibətlə ürəkdən təbrik edirəm. Sizə deyə bilərəm ki, biz rayonun və şəhərin inkişafı üçün böyük işlər görəcəyik. Sizi mərkəzi xəstəxananın açılışı münasibətilə bir daha təbrik edirəm”.
Sakin: Möhtərəm cənab Prezident, görülən bütün işlər Sizin diqqət və qayğınızın nəticəsidir. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk, “Çox sağ olun” deyirik. Daim var olun, Allah daim Sizi qorusun, Azərbaycan xalqına Sizi çox görməsin.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Hörmətli cənab Prezident, Sizi bu çinarlı, gözəl Göyçayımızda görməkdən qürur duyuruq. Vaxt tapıb Göyçaya gəldiyinizə görə Sizə minnətdarıq.
Bu gün Siz bir çox obyektlərin açılışında olmusunuz. Xüsusən də bu səhiyyə ocağının açılışına görə Sizə çox minnətdarlıq edirik. Bu, Sizin qayğınızın nəticəsidir. Biz də çalışacağıq ki, bu etimadı doğruldaq, əhaliyə gözəl tibbi xidmət göstərək.
Prezident İlham Əliyev: Çox yaxşı, çox sağ olun.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da “Göyçay” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Prezident İlham Əliyev stansiyanı işə salıb.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

