Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan və Gürcüstan qlobal əhəmiyyət kəsb edən çoxlu ikitərəfli mühüm məsələləri həll edib

Azərbaycan və Gürcüstan qlobal əhəmiyyət kəsb edən çoxlu ikitərəfli mühüm məsələləri həll edib

21.05.2009 [10:40]

Gürcüstanın Prezidenti Mixeil Saakaşvili Azərbaycana rəsmi səfərə gəlib
Dünən Gürcüstanın Prezidenti Mixeil Saakaşvili ölkəmizə rəsmi səfərə gəlib. Səfər çərçivəsində Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Hörmətli cənab Prezident!
Əziz dostlar!
Sizi salamlamağa çox şadam, Azərbaycana xoş gəlmisiniz.
Biz sizi görməyə həmişə şadıq. Bu, mühüm məsələləri müzakirə etmək üçün həmişə yaxşı imkandır. Biz bu gün ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə etdik. Bizim aramızda tam qarşılıqlı anlaşma, irəliləmək, bütün sahələrdə əməkdaşlığı genişləndirmək arzusu var və əlbəttə, dövlət başçıları səviyyəsində əlaqələr xüsusi əhəmiyyət kəsb edir.
Müxtəlif beynəlxalq tədbirlərdə və forumlarda tez-tez görüşmək imkanımız olsa da, həll edilməli məsələləri bu gün Sizin rəsmi səfəriniz çərçivəsində yenidən müzakirə etməyimiz çox vacibdir. Bizim birgə işlədiyimiz illər ərzində Gürcüstan və Azərbaycan bir-birinə daha da yaxınlaşmışdır, biz həm də qlobal əhəmiyyət kəsb edən çoxlu ikitərəfli mühüm məsələləri həll etmişik. Əminəm ki, qarşıdakı illərdə də əməkdaşlığı eyni fəallıqla və bu cür dostluq ruhunda davam etdirəcəyik. Bir daha xoş gəlmisiniz”.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili səmimi qəbul üçün təşəkkür edərək deyib: “Biz Sizinlə birlikdə, dostlarımız arasında olmağa görə çox şadıq və özümüzü xoşbəxt hiss edirik. Məncə, bizim əməkdaşlığımız çox dinamik inkişaf edir. Bu əməkdaşlıq başqa ölkələr arasında olduğu kimi sadəcə xoş arzulara və yaxşı niyyətlərə yox, konkret planlara və həmin planların həyata keçirilməsinə dair konkret qərara əsaslanır.
Biz görürük ki, İlham Heydər oğlu və onun komandasının üzvləri sadəcə vədlər vermir, öz vədlərini həmişə yerinə yetirirlər. Bizim aramızda qardaşlıq münasibətləri var və mən həmişə demişəm ki, biz əslində qeyri-formal konfederasiya yaradırıq. Əlbəttə, biz iki müstəqil dövlətik, lakin bizim münasibətlərimiz əslində qardaşcasına konfederativ münasibətlərdir. Gürcüstanla Azərbaycanı birləşdirməyən, onları bir-birindən ayıran məsələlər yoxdur. Bizim tezliklə həll edə bilməyəcəyimiz məsələlər yoxdur. Demək istəyirəm ki, bizim bir neçə il bundan əvvəl həyata keçirməyə başladığımız bütün böyük planların çoxu artıq həyata keçmişdir. Qarşıda bizim daha geniş planlarımız var”.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə Azərbaycan-Gürcüstan sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”ə dəyişiklik edilməsi haqqında Protokol”u Azərbaycan tərəfdən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov, Gürcüstan tərəfdən iqtisadi inkişaf naziri Laşa Jvaniya, “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında azad ticarət haqqında 1996-cı il tarixli Saziş”ə dəyişiklik edilməsinə dair Protokol”u Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Gürcüstan tərəfdən iqtisadi inkişaf naziri Laşa Jvaniya, “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycan tərəfdən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Gürcüstan tərəfdən iqtisadi inkişaf naziri Laşa Jvaniya imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Gürcüstan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib: “Bu gün biz Sizinlə geniş müzakirələr apardıq, ikitərəfli münasibətlər təhlil edildi, regional məsələlərə münasibətimizi bildirdik. Gürcüstan-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Bu əlaqələrin çox böyük tarixi var. Bu tarix bizi daha da sıx birləşdirir. İki müstəqil dövlət öz əlaqələrini bu möhkəm tarixi əsaslar üzərində qurubdur və bu əlaqələr sürətlə irəli gedir. Səfər çərçivəsində apardığımız danışıqlar və etdiyimiz söhbətlər, əminəm ki, Gürcüstan-Azərbaycan münasibətlərinin gələcək inkişafına çox müsbət təkan verəcəkdir, bunun çox böyük rolu olacaqdır və beləliklə, biz bölgədə ənənəvi dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcəyik. Regional məsələlərə gəldikdə, Gürcüstan və Azərbaycan tərəfindən birgə icra olunan layihələr region üçün çox mühüm əhəmiyyət daşıyır və daha geniş mənada isə beynəlxalq münasibətlərə müsbət təsirini göstərir. Bu gün müzakirə etdiyimiz məsələlər müxtəlifdir. Energetika sahəsində əldə olunmuş uğurlar bir daha təhlil edildi və biz gələcək birgə layihələr haqqında fikir mübadiləsi apardıq. Gürcüstan və Azərbaycan bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinə daim böyük diqqət göstərmişdir və birgə səylərimiz nəticəsində bu gün bölgədə tamamilə yeni vəziyyət yaranmışdır. Əlbəttə, çox vacibdir ki, əldə edilmiş bu uğurlarla kifayətlənməyək, gələcəkdə daha önəmli və böyük layihələri birlikdə icra edək. Bu gün, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə edildi. Bu yaxınlarda “Cənub dəhlizi” ilə əlaqədar keçirilmiş tədbirdə Sizinlə bərabər iştirak etdik və bizim mövqeyimiz də birmənalıdır. Biz həm öz maraqlarımızı müdafiə edirik, həm də bütün tərəfdaşlarımızla energetika sahəsində çox səmərəli əməkdaşlıq edirik. Nəqliyyat sahəsində əməkdaşlıq uğurla davam edir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla gedir. Bu gün, eyni zamanda, biz bu layihənin gələcək icrası haqqında geniş fikir mübadiləsi apardıq və müvafiq göstərişlər verdik. Biz ənənəvi olaraq beynəlxalq təşkilatlarda bir-birimizi müdafiə edirik, bir-birimizi dəstəkləyirik və mən əminəm ki, bu qarşılıqlı dəstək gələcəkdə də davam etdiriləcəkdir. Gürcüstan-Azərbaycan münasibətlərinin bölgədə çox böyük əhəmiyyəti vardır. Dostluq və qardaşlıq əlaqələrimizin inkişafı həm xalqlarımız üçün, ölkələrimiz üçün vacibdir, həm də bölgədə sülhün, sabitliyin təmin edilməsi üçün böyük əhəmiyyət daşıyır. Mən apardığımız danışıqların mahiyyəti haqqında fikirlərimi söyləmişəm. Hesab edirəm ki, bu danışıqlar və gələcək birgə fəaliyyət ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaqdır. Bir daha Sizi ürəkdən salamlayıram və Sizə, bütün Gürcüstan xalqına xoşbəxtlik və uğurlar arzulayıram”.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. “Bu, Azərbaycan ilə münasibətlərimizin ən gözəl təzahürüdür”, - deyən dövlət başçısı, Azərbaycanın demokratik ölkə kimi inkişaf etdiyini bildirib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xatırladan Mixeil Saakaşvili deyib ki, ulu öndər Azərbaycanın inkişafında müstəsna rol oynayıb.
Mixeil Saakaşvili bildirib ki, ölkələrimiz arasında əməkdaşlığın ən vacib istiqamətlərindən biri də iqtisadiyyatdır. Gürcüstan Azərbaycan ilə qaz təchizatı haqqında beş illik müqavilə imzalayıb. Bu isə o deməkdir ki, gələn beş il ərzində gürcü xalqı elektrik enerjisini və digər enerji daşıyıcılarını Azərbaycandan alacaq.
ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayan M.Saakaşvili, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Mixeil Saakaşvili ölkələrimiz arasında enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələrin əhəmiyyətindən də danışıb. “Biz strateji layihələri həyata keçiririk”, - deyən Gürcüstan dövlətinin başçısı bildirib ki, mayın 21-də Bakı-Batumi hava reysinin açılması münasibətilə təyyarə ilə ora gedəcək. Bu yaxınlarda Batumidə böyük inşaat layihəsinin icrasına da başlanılacaq. Bütün bunlar isə xalqlarımız və ölkələrimiz arasında inkişaf edən əməkdaşlığın nəticəsidir.
Dövlətlərimiz arasında münasibətlərin bünövrəsinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən Gürcüstan Prezidenti, bu gün Prezident İlham Əliyevin qarşılıqlı əməkdaşlığı uğurla davam etdirdiyini qeyd edib.
Sonda Gürcüstan Prezidenti ona və nümayəndə heyətinə göstərilən diqqətə görə bir daha minnətdarlıq edib.
*  *  *
Dünən “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin şərəfinə rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
*  *  *
Gürcüstan Prezidenti Mixeil Saakaşvili dünən Fəxri Xiyabana gəlib. Gürcüstan Prezidenti xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.
Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzüb.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili dünən Şəhidlər Xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Mixeil Saakaşvili Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının məzarları üstünə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Gürcüstanın və Azərbaycanın dövlət himnləri səslənib.
Ali qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Prezident Mixeil Saakaşvili buradan Azərbaycan paytaxtının mənzərəsini seyr edib. Gürcüstan Prezidentini Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər müşayiət ediblər.

Paylaş:
Baxılıb: 1183 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31